Düşüncə Jurnalı

header photo

"Mənə o biri otaqdan səslənməyiniz əvəzinə, yanıma gəlin və sadə cümlələrlə mənimlə danışın" - NƏRGİZ ƏSƏDLİ

                           

           Autizm  ətraf  aləmin  dərketməsinin  və  digər insanlarla ünsiyyət qurmasının pozulması ilə xarakterizə olunan, həyatın ilk üç ili ərzində meydana çıxan  xəstəlikdir. Latın sözü olub “özü” deməkdir. Autizm özünəqapanma, real ətrafdan uzaqlaşma kimi təzahür edir. Erkən yaş dövründə başlayan, həyat boyu davam edən sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro psixoatrik bir pozuntudur.  Autizm pozuntusunu təsvir edən ilk həkimlər amerikalı uşaq psixiatrı  L.Konner və H.Asperger olmuşdur. Onlar  bu uşaqları “dünyadan təcrid olunmuş”uşaq kimi təsvir etmişlər  . 1938-ci ildə H.Asperger bu vəziyyəti autistik psixopatiya, 1943-cü ildə isə L.Kanner erkən infantil autizm adlandırmışdır. L.Kanner və H.Asperger müşahidə etdikləri uşaqlarda şizofreniya yox idi, sadəcə olaraq bu uşaqların “öz aləmində olduğuna” görə onların vəziyyətlərini təsvir etmək üçün autizm terminindən istifadə etmişdilər.

          Autizmin inkişafetmə səbəbləri tibbdə hələki dəqiq müəyyən edilməyib. Nitq və duyğulardan gələn məlumatların qiymətləndirilməsi ilə bağlı beyin hissəsində bir problem olduğu deyilir. Bəzi mütəxəssislər autizmin beyindəki neyronların az olması ilə bağlı olduğunu deyir. Autizmin yaranması genetik faktorlarla bağlıdır. Tək yumurta əkizləri genetik bir biri ilə eynidir. Əgər tək yumurta əkizlərindən biri autizmlidirsə  digərinin  autizmli  olma  riski 35-70%, fərqli yumurta əkizlərində isə bu risk 0-23%-ə bərabərdir. Ailənin ilk uşağı autizmlidirsə sonrakı uşağın autizmli olma riski 5-15%-dir. Ən real səbəb hamiləlik zamanı anada virus infeksiyanın olması sayılır. Hamiləlik zamanı qızılca, məxmərək, su çiçəyi keçirmiş anaların uşaqlarında inkişaf edir. Autizm uşaq ana bətnində ikən aşkar edilə bilən bir problem deyil.Autizmi olan insanların baş beynində müəyyən orqanik pozulmalar müşahidə olunur. Oğlanlarda qızlarla müqayisədə bu xəstəliyə daha tez-tez hallarda rast gəlinir.

         Ümumiyyətlə, autizmin beyin quruluşundakı və ya funksiyalarındakı anormallıqlardan qaynaqlandığı fikri qəbul edilməkdədir. Nevroloji sahədə aparılan araşdırmalar göstərir ki,  autist insanlarda beynin bir çox bölgələrində xüsusən alın bölgəsində beyincikdə və beyin yarımkürələrini elaqələndirən sinirlərdə funksiya opozuntusu muüahisə olunur. Belə ki, 2-14 yaü arasi autistlərlə aparılan tədqiqatlar göstərir ki, bu uşaqların beyinlərinin müəyyən bölgələrində xüsusən xarici qıcıqların analiz edildiyi yollar və bölgələrdə anormallıq müəyyənləşdirilib. Bu  da  autist  uşaqlarda  müşahidə olunan duyğu problemləri ilə əlaqələndirilir. Eyni zamanda autizmdə limbik sistemin də funksiyasının pozuntusu qeyd olunur . Bunun nəticəsində autist insanlarda sosiallaşma və emosional sahələrdə problemlər olur.

         Autizmin əvvəllər zənn edildiyi kimi sevgi məhrumluğu, ünsiyyət əksikliyi ya  da uşağın  keçmiş  yaşantısı  ilə  əlaqəli emosional problemlərlə bağlı olmadığı müəyyənləşib. Sindromun mənbəyi psixoloji deyil , beyin disfunksiyası ilə bağlıdır. Autizm  əslində fərdin sosial ətraf mühit ilə əlaqəni kəsərək  özünə  qapanması digər insanlarla qarşılıqlı əlaqələrini onlar kimi davam etdirə bilməməsidir. Autizm doğuşdan gələn və bütün ömür boyu davam edən haldır. Autizm sindromunun bir neçə növü var: atipik autizm, ret sindromu, asperger sindromu, tipik autizm və s. Autizm sindromunu diaqnozunu uşağa yalnız uşaq psixiatoru qoya bilər. Autizm sindromlu uşaqları digər uşaqlardan kliniki cəhətdən əsas üç xüsusiyətinə gərə fərqləndirmək olar. Sosiallaşma, təsəvvürlərin olmaması, stereotiplərin olması.

        Autizm sindromlu uşaqlarda rast gəlinən nitq problemləri: ikinci və üçüncü şəxsin dilindən danışmaq, exolaliya (eksolunma), semantik cəhətdən düzgün olmayan  ünsiyyət. Autizm sindromlu  uşaqlarda  əsasən kəkələmə, alaliya, dislaliya, afaziya, dizartriya  kimi  nitq  qüsurları  olur.Nitqdən ünsiyyət üçün istifadə olunmur. Mərkəzi nitq aparatında broka və ya vernika hissələrinin zədələnməsi nəticəsində uşağa alaliya nitq qüsurunu qoymaq olar. Bu isə sözsüz aparat vasitəsilə müəyyən olunur. Bəzən autist sindromlu uşağa alaliya diaqnozu qoyulur. Çünki autiklər eşidirlər amma danışmırlar. Alaliklər də eşidirlər, danışmırlar, lakin fərq bundadır ki, autiklərin bu problemi neyropsixoloji pozuntudur. Alaliklərin isə mərkəzi nitq aparatı əlaqəlidir. Əgər autizm sindromlu uşaqda  orqanik  pozuntu  aşkarlanarsa və bu zaman mərkəzi nitq aparatı zədələnərsə alaliya nitq qüsurunu qoymaq olar. Autizm uşaqların 30%-i danışmır. Autizm sindromlu uşaqlar üçün çoxlu sayda proqramlar var. ABA terapiya, TEACH, PEACH, Hipoterapiya, delfinlərlə terapiya və s.

        Autist  uşaqlar  ətraf  mühitdən  alan  informasiyaya  başqa  cür  reaksiya verir, öz “kiçik dünyalarına” qapanmış olurlar. Bu patalogiyanın ilk əlamətlərini hətta ilk aylardan görmək mümkündür. Autizmin tipik xüsusiyyətləri aşağıdakılardır:

  1. Uşaq çox çətinliklə ananın əllərinə və qucağına alışır, daim gərgindir, hətta qidalanma zamanı rahat bir vəziyyət tapa bilmir. Və ya tam əksinə - körpə çox süstdür.
  2. Autik uşaqlar baxışlarını anaya yönəltmir  və ya gözlərini dərhal ayırırlar,göz kantaktı qura bilmirlər.
  3.  Yaxınlaşan anaya bu cür uşaqlar əllərini uzatmırlar.
  4.  Sağlam uşaq üç ayında ətrafdakı əhvala cavab verir, gülür. Autist uşaq ətrafa heç bir reaksiya vermir, ya da reaksiyası adekvat olmur.
  5. Bütün uşaqlar, əsasən beş yaşına qədər analarına çox bağlıdırlar. Autik uşaqlarda bu bağlılıq ya çox güclüdür, ya  da  bu cür uşaqlar tam laqeyddirlər.
  6. Bir yaşlı uşaqlar normal inkişaf zamanı sözləri tələffüs edə bilirlər. Auztim zamanı uşaq ya hec danışa bilmir, yada danışığı monotondur, aid etmək olmayandşr, “rəngsizdir”.
  7. Autistlər xirdaliqlara cox fikir verir- rejimidə movqeyində calıçır eyni olsun: oyuncaqlar əşyalar hərəkətlər. Məhz bununla onların nitqində olan monotonluq izah olunur.
  8. Autist uşaqlarda əqli inkişafın geriliyi müşahidə oluna bilər və ya əqli qabiliyyətin güclənməsi. Bəzən belə uşaqlar alim kimi danışırlar lakin adi söhbətdə çətinlik çəkirlər.
  9. Belə uşaqlar adətən onlara toxunuşu sevmirlər, ağrıya qarşı laqeyddirlər.

Aparılan tədqiqatlar autizmli uşaqların 75%-dən böyük bir hissəsinin zəka geriliyi olduğunu, ancaq 10%-ə kimi kiçik bir hissənin normal zəkaya sahib olduğunu vurğulamaqdadırlar.

İcmal olaraq:

  • Nitqin pozulması
  • İnsanlarla emosional əlaqənin olmaması
  • Sosiallaşmada problemlər
  • Təcavüz (aqressiv) tutmalar
  • Oyuncaqlara zəif maraq
  • Dəyişiklik qorxusu
  • Davranışın monotonluğu

Tanınmış “Yağış adamı” (Rain) filmində əsas qəhrəmanlardan biri auztimdən əziyyət çəkən insandır. Bu filmdə autizm, onun simptomları və təzahürü çox dəqiqliklə əks etdirilib. Bundan başqa “Mənim adım Xan”(My name is Khan) filmində baş roldakı oğlan Asperger sindromlu insandır. Həmçinin  “Hər uşaq özəldir” şüarı altında “Yerdəki ulduzlar” adlı çox maraqlı bir film çəkilmişdir.

 Autizm psixoloji problem olduğundan dərmanlarla müalicəsi yoxdur. Onlar nevroloji müalicə olunmalı və məşğələlər aparılmalıdır. Psixoloqlar, loqopedlər bu işə cəlb olunmalıdır. Əgər müalicə olunmazsa, arzuolunmaz nəticələri ola bilər. Uşaq daha çox özünə qapanacaq, ya oliqofreniya, ya da köhnə üsullarla desək şizofreniya əlamətləri müşahidə olunacaq. Ölkəmizdə birbaşa autizmlə bağlı məktəblər yoxdur. Həmin uşaqlar başqa nevroloji problemləri olanlarla birgə təhsil alırlar. Lakin bu heç də düzgün deyil, cünki hər bir xəstəliyin fərqli əlamətləri var. Onlarin hər biri üçün xüsusi məktəb olmalıdır. Buna görə də ata-ananın birgə əməkdaşlığı lazımdır,ilk yaşlarında övladlarına qarşı diqqətli olmalıdırlar.

      Və ən nəhayət... Məqaləmi bir autizmli uşağın dilindən deyilən və bizim hər birimizə ünvanlanan monoloqu ilə bitirmək istəyirəm.

 “Mən autizmli bir uşağam. Autistik deyiləm. Siz düşüncələri, duyğuları, bacarıqları olan birisiniz. Lakin mənim duyğusal qavrayışlarım pozulub. Gündəlik həyatda sizin çoxunuzun fərqinə varmadığınız qoxular, səslər, görüntülər mənim üçün bir kabusdur. Yanımdan keçərkən mənə qarşı dediyiniz sözləri eşitmədiyimi düşünməyin. Siz mənim səssiz qışqırıqlarımın fərqində deyilsiniz. Mənə o biri otaqdan səslənməyiniz əvəzinə, yanıma gəlin və sadə cümlələrlə mənimlə danışın.  Çünki buna ehtiyacım var. Bacaracağım işləri verin mənə və bunun üzərində çalışın. Sosiallaşmağıma kömək olun, uşaqlarla oynamağıma dəstək olun. Və məni səbəbsiz sevin. Unutmayın ki, autizm mənim seçimim deyil, bu vəziyyəti mən yaşayıram, siz deyil. Sizin dəstəyiniz olmadan uğurlu həyat yaşamaq ehtimalım çox az... söz verirəm mən buna dəyərəm.  Sadəcə səbir. Autizmə bir xəstəlik kimi deyil, fərqlilik kimi baxın.”

 

Əsədli Nərgiz

Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinin III kurs tələbəsi,

 

Go Back

Sorğu göndər