Düşüncə Jurnalı

header photo

"Onların normal bir vətəndaş kimi cəmiyyətə adaptasiya olmasına kömək edək. Bu hamının işi olmalıdır. Mənim də, sənin də, hamımızın da... "- TURAC AĞAYEVA

                                 

         Mən bu layihəni görənədək autizm barəsində çox cüzi  məlumatım var idi. Ümumiyyətlə, autizm sözünü eşitsəm də,  nə olduğunu bir o qədər dərk etmirdim.Müasir dünya internet əsridir. Autizm sözünü yazıb axtarışa verdim. Bir neçə video açıldı. Açılan videoların hər birinə baxdım. Düzünü desəm, heç layihədə iştirak etmək fikrim də yox idi, sadəcə , ötəri bir nəzər salıb autizmin nə olduğunu öyrənmək istəyirdim. Lakin gözəl,  fidan balaların belə xəstəliyə düçar olduğunu görüb necə də sakit dayanmaq olar? Necə də ötəri nəzər salıb keçmək olar? Bunun üçün daş qəlbli olmaq gərəkdir. Nələr vardı bu videoda , daha doğrusu, nələr gördüm bu videoda? Autizmə düçar olan uşaqların ictimai  həyatdan uzaqlaşdığını, ünsiyyətdən uzaq olduğunu, öz valideynləri ilə belə çətin ünsiyyətə girdiyini, nə məktəbə, nə bağçaya gedə bilmədiklərini gördüm. Belə uşaqlar nə özləri cəmiyyətlə ünsiyyətə girmək istəyir, nə də cəmiyyət onları qəbul edir. Əlbəttə ki, ürək ağrıdan bir haldır. Ən böyük acı isə bizə yad olan bu əcnəbi xəstəliyin müalicəsinin həlli yollarına hələ təzə-təzə başlamağımızdır.

Viktor Hüqo demişdir: “ Dünyada uşaq qığıltısından təntənəli himn yoxdur. ”Uşaqlar dövlətin gələcəyidir. Biz gərək gələcəyimizi sağlam təməllər üzərində quraq. Video çarxlarda  bu xəstəliyə düçar olmuş uşaqların analarını gördüm. Onların üzlərindəki kədəri, qüssəni, qəmi gördüm. Hər bir valideyn övladını sağlam görmək istəyir. Həmin analara səslənmək istəyirəm.  “ Səbrli olun, mübariz olun.” Müdriklərimizin çox gözəl kəlamı var: “Dərd varsa, dərmanı da var.” Çox şükürlər olsun ki, bu gün artıq autizmdən əziyyət çəkən övladlarımız üçün reabilitasiya mərkəzləri mövcuddur. Bu az bir nailiyyət deyil. Gəlin düşünək, özüm qarışıq hələ autizmin nə olduğunu yeni öyrənmiş oldum. Demək, cəmiyyət hələ məlumatlı deyil. Əgər məlumatlı deyilsə, autizmdən əziyyət çəkən hər bir kəsi cəmiyyətə qəbul etməyə də  hazır  olmayacaq.

Mən autizmdən əziyyət çəkən uşaqların sağalması üçün çalışan bütün mərkəzlərə minnətdarlıq hissi ilə yanaşıram. Çünki onlar hər bir uşağa fərdi yanaşır, hər bir uşaqla fərdi, məşğul olurlar. Bu mərkəzlər  bizim gələcəyimizin təminatçısı olan uşaqları sağlam həyata döndərmək, cəmiyyətə yararlı ,öz ayaqları üstündə durmağı bacaran bir vətəndaş yetişdirməyə çalışırlar. Bu çətin və şərəfli işdə onlara uğurlar arzulayıram. Qoy, onlar tez-tez autizmdən sağlam həyata dönmüş anaların sevinc hisslərini görsünlər. Bir insan üçün isə işinin uğurlu nəticəsindən sevincli heç nə ola bilməz.

                Gəlin ürəkdən arzu edək ki, autizmdən əziyyət çəkən bütün uşaqlar sağalıb normal həyata dönsünlər. Qoy onlar da bütün sağlam uşaqlar kimi müstəqil Azərbaycanımızın şad, bəxtəvər övladları kimi böyüsünlər.Məşhur bir şeirdə deyildiyi kimi:

                            Qoy həmişə səma olsun,

                            Qoy həmişə günəş olsun,

                            Qoy həmişə anam olsun,

                            Mən də olum həmişə.

         Maksim Qorki demişdir: “ Uşaqlar torpağın canlı çiçəkləridir. ” Bu çiçəkləri təhlükələrdən qorumaq, cəmiyyətin fəal, normal üzvü kimi yetişdirmək valideynlərin və tərbiyəçilərin işidir. Uşaq öz məhəbbətini yalnız o adama bağlayır ki, adam öz məhəbbətini uşağa işlə sübut etsin. Gəlin biz də işimizlə, məhəbbətimizlə autizmdən əziyyət çəkən uşaqlara arxa olaq, dayaq olaq. Onların normal bir vətəndaş kimi cəmiyyətə adaptasiya olmasına kömək edək. Bu hamının işi olmalıdır. Mənim də, sənin də, hamımızın da... 

        

                  Ağayeva Turac.  26 yaş

Orta məktəbdə müəllim

Go Back

Sorğu göndər