Düşüncə Jurnalı

header photo

Oğlumla Söhbət - Özümə Nəsihət

Canım oğul...

Gözlərimin nuru oğul... kim olduğunu, nə məna kəsb etdiyini yetərincə anlada bilmədiyim oğul.. can parçam..barmağına daş dəysə bağrım yarılan... özləmi gözlərimi dolduran,varlığı qoluma qüvvə olan...

Oğul... bu dörd hərfdən ibarət sözcüyün içində daşıdığı, fəxri, qüruru, sevgini necə izah edəsən özgələrinə...sözümün əvvəli axırı oğul...

Gün keçdikcə böyüyürsən... addımların böyüyür, sözlərin böyüyür, baxışların böyüyür, öyrəndiklərin böyüyür, öyrətdiklərin böyüyür, yaşatdıqların böyüyür... nə qədər şablon səslənsə də səni sevirəm oğul... sarib içimdə saxlayıb heç kimsələrə göstərməyəcək qədər sevirəm. Bəzən qısqanıram səsini, sözünü, özünü bütün dünya varlıqlarına... hər kəsdən səni məhrum edib bir tək özümə saxlamaq istəyirəm... sonra dur deyirəm. Bir dayan... oğlunu sevdikcə ona zərər vermə deyirəm... oğlunu sev, onu dünyadakı hər şeydən daha çox sev bu sənin analıq haqqındır deyirəm amma sevginlə oğlunun gələcəyini zəhərləmə... zəhərləmə ki, oğlun azad böyüsün, zəhərləmə ki, oğlun yaşıdları ilə, digərləri ilə ünsiyyətə girməkdə çətinlik çəkməsin. Elə sev ki, oğlunu deyirəm, oğlun öz məsuliyyətlərindən boyun qaçırıb, onu ona sevgi göstərənlərin boynuna yükləməsin.

Elə mülayim, elə həlimcə sev ki,onu  o da insanları həqiqətən sevə bilsin. Elə dəyər ver ki, ona o da insan dəyərini bilən şəxsiyyət olsun. Qoy yıxılsın, qoy əzilsin dizi azacıq, qoy əziyyət çəksin biraz, qoy varlığın dəyərini bilsin,ama yoxluq olanda da anlayış göstərsin. Qoy oğlun əşyalarının dəyərini bilsin, paltarının dəyərini bilsin, onun olanların dəyərini bilsin, asanlıqla qıran,parçalayan və israrla yenisini istəyən uşaq olmasın. Qoy həqiqətən istəməyin və istədiyinə nail olmağın o şirin duyğusunu yaşasın.

 Elə istifadə et ki bu müqəddəs analıq hüququndan oğlun gələcəyin anasından asılı “xəstəsinə” çevrilməsin, elə sev ki oğlunu oğlun sevginin müqəddəsliyini anlayaraq böyüsün, onu təhdit silahına çevirməsin.

Fəridə Şərifova

Narınc Uşaq Psixologiya Mərkəzinin

Təhsil-Tədqiqat Şöbəsinin müdiri,psixoloq

Go Back

Sorğu göndər