Çoxları elə düşünür ki, kondisioner ustası olmaq boş şeydir. Siz nə danışırsınız!? Həyatımın 32 ilini bu peşəyə sərf eləmişəm, əvvəllər zavodda işləmişəm, sonra bütün zavodları bir-bir bağladılar. İndi isə lap çətindir, yeni kondisionerlər istehsal olunur, köhnələrini isə alan yoxdur. Mən kondisioner ustası ola-ola insan həyatını xilas eləmişəm.
- "Deməli, neçə il bundan əvvəl gecə saat 11-də iş yerimin qapısını bağlayanda bir nəfər gəldi ki, kondisioneri xarab olub, düzəltmək lazımdır. Evlərinə daxil olanda gördüm ki, balaca bir otaqdır, pəncərə, nəfəslik də yoxdur və həyətda bir hamilə qadın oturub. Otaqda istidən nəfəs almaq mümkün deyildi, qadın evə girə bilmirdi. Buna göz yuma bilmədim, elə gecənin yarısı iş yerinə gəlib lazımi materialları götürüb o evə qayıtdım. Gecə artıq saat 1-2 olardı ki, kondisioneri artıq düzəltmişdim, hazır idi..."
Bu yaxınlarda isə yanında iki 13 yaşlarında uşaqlarla bir kişi mənə yaxınlaşdı və dedi: "Məni xatırladın? Gecə gəlib kondisionerimizi düzəltmişdin. Evdə hamilə qadın var idi, bax bu, həmin uşaqlardır". (Usta göz yaşlarını saxlaya bilmədi)
Mən kondisioner ustası olmağımla qürur duyuram və mənə qarşı nə qədər haqsızlıq olsa da həmişə çalışmışam ki, imkansız insanlar üçün təmiri pulsuz edim. Hər peşənin öz dəyəri var! ©
- İsrafil Qurbanov
facebook.com/humansofazerbaijan