Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "GERÇƏK HƏYAT HEKAYƏLƏRİ"

Real həyat hekayəsi

 

Mart ayı gəlmişdi, amma qızım hələ də oxumağa başlamamışdı. Ev tapşırıqlarını etməmək üçün min cür bəhanə tapırdı. Əlimdən gəldiyi qədər ona kömək edir, oxumağa həvəsini artırmağa çalışırdım. 

Ancaq heç bir irəliləmə olmurdu ki olmurdu. Elə bil prinsipə düşüb oxuma-yazma öyrənməməyə and içmişdi. Müəlliməliyin qazandırdığı təcrübəmdən hər tərəfli istifadə etməyə çalışırdım, amma heç birinin faydası olmadığı üçün daha da qorxuya düşürdüm.

Qızımdan bir yaş kiçik oğlum və hələ yeddi aylıq olan övladıma ayırdığım vaxtlardan oğurlayıb, qızıma daha çox vaxt ayırırdım, ancaq hər dəfə müəllimi ilə danışdıqdan sonra qanadlarım qırılırdı elə bil. «Bəlkə qızımın beyin inkişafı geri qalır?» kimi düşüncələrə qapılır və bu səbəbdən də yaranan baş ağrılarını sakitləşdirmək üçün hər gün 2-3 ədəd dərman qəbul edirdim.  
O soyuq mart axşamı sönmək istəyən sobanın yanında qızıma heca-heca oxumaq öyrətməyə çalışarkən, onun bivecliyi olan-qalan səbrimi də tükətdi. Qollarından tutub silkələdim və bapbalaca yanağına hələ də yadııma düşəndə utandığım bir sillə vurdum. Yanağı qıpqırmızı oldu. Çaşqın, amma çox hirsli baxdı üzümə. Ağlamamaq üçün kiçik dodaqlarını tez-tez büzür, baxışları qəlbimin dərinliklərinə doğru ox kimi irəliləyirdi. 

Səssizliyi mən pozdum. «Niyə? Nazlı, qızım, axı niyə? Niyə oxumağı öyrənməyə cəhd etmirsən?»
Bir anlıq dayandı, sonra səsini bütün kin və gücüylə "Çünki mən oxumaq istəmirəm" — deyə bağırdı. Eşitdiklərimə inana bilmirdim. Yüksək səviyyəli təhsil alıb, gözəl bir gələcəyə sahib olacağını düşündüyüm qızım, mənim, mən müəllimə Əminə Özgəncin qızı «Oxumaq istəmirəm» deyə qışqırırdı.
Çaşbaş qaldım və ümidsizcəsinə «Niyə axı?» — soruşdum.

"Çünki, mən sənin kimi oxuyub, müəllimə olub, uşaqlarımı evdə tək qoyub işə getməyəcəm, işləməyəcəyəm. Mən sadəcə ana olacam."
Qızım danışmırdı, elə bil məni sillələyirdi. Başım fırlanır, gözüm qaralır, bu sözlərin doğurdanmı öz qızıma aid olduğunu başa düşməyə çalışırdım. Bəli, bu sözləri mənə 7 yaşındakı qızım deyirdi. "İnsan indi ölməz, bəs nə vaxt ölər?" — deyə düşündüm. 

Sanki birdən gözlərimin qarşısında film pərdəsi açıldı və kədərli bir kino lenti fırlanmağa başladı. Yozqatın Noxudlu Təpəsində, hər ora dırmaşanda bu yolun heç qurtarmayacağını düşündüyüm yoxuşun başındakı heç zaman isidə bilmədiyim evi xatırladım. 
12 sentyabrdan sonra həyat yoldaşımın (bir çox insanlarən başına gəldiyi kimi) heç başa düşə bilmədiyim şəkildə və nə  səbəblə tutulub həbsə salınması. Aylarla həbsdə olmağına baxmayaraq məhkəmənin başlanmaması.

İllərlə uzanan və mənim, həmçinin həyat yoldaşımın hətta bəraət aldıqdan sonra da niyə həbs olunduğunu bilmədiyimiz məhkəmələr. Baxa bilmədiyim üçün 9 aylıq oğlumu Samsunda, anamın yanında qoymağım. Baxıcı və baxça xərclərini ödəyə bilmədiyim üçün iki yaşındakı qızımı hər gün işlədiyim məktəbə aparmağım...
 

Qızımın müəllimlər otağında kresloda yatışı. Yuxusunun ən dərin vaxtında tənəffüs zəngi ilə bir yerdə dik atılıb, yenidən kresloda oturuşu. Sonra müdürün məni çağırıb, «Baxın, Əminə xanım, bilirəm çətin vaxtlar keçirirsiniz, amma səni görən hər kəs uşağını məktəbə gətirməyə başladı. Bura baxça deyil axı. Bir daha qızını məktəbə gətirmə» — deyişi. 

O gündən sonra iki yaş yarımlıq qızımı o böyük, soyuq evdə təkcə qoyub, qayıdana qədər qızımı qoruması üçün Allaha yalvarışlarım. Yemək istəyər, susayar deyə, evin hər tərəfinə qoyduğum su stəkanları və yeməklər. Hər axşam evə qayıdanda övladımı bir bucaqda yorğana bürüşmüş halda tapmağım.

«Qızım, necəsən? Qorxmusan?» — soruşanda, «Qorxdum, ağladım, ağladım, yoruldum, susdum, sonra yen ağladım» — deyərək boynuma sarılması. Bir film kimi keçirdi gözlərimin önündən. Quirtarmaq bilmirdi bu film.

Aprel ayının sonları idi… Nahar vaxtı evə gəlmiş və zəngi basmağa məcbur olmuşdum. Həmin gün evdən tələsik çıxdığım üçün açarları evdə qoymuşdum. «Qayıdanda qızım açar» — deyə düşünmüşdüm. Amma açmadı. Açmadığı bir yana var gücüylə «Ana» qışqırıb ağlayırdı. «Qızım, mənəm, anandı, aç qapını» — dedikcə, o, «yox, sən anam deyilsən, Sən qurdsan. Məni yeyəcəksən» — deyib fəryad qoparırdı. Güman ki, ona danışdığım nağıldan təsirlənmişdi. Körpə balam qorxur, ağlayırdı. Yarım saat əlləşsəm də onu inandıra bilməmişdim.

Edə biləcəyim bir şey qalmışdı. Necə olursa olsun evə girmək. Amma necə? Qapını qırmağa gücüm yox idi. Noxudlu Təpəsində çilingər də yox idi. Qapını açan qonşuma bir tərəfdən hadisəni başa salır, bir tərəfdən də eyvana doğru qaçırdım. Bir stul götürüb, eyvana qoydum və üstdəki evimin eyvanına çata bildim. Mən, 153 sm-lik arıq bir qadın, bir stulun köməyi ilə necə oldu ki, 3 metrlik məsafəni dırmaşdım, hələ də dərk edə bilmirəm. 

Sanki görünməyən bir əl məni yuxarı dartdı. Eyvanın qapısı zəif bağlandığı üçün asanca aça bildim və içəri şığıdım. Qızım qapının dibində oturmuş, başını ayaqları arasına salaraq ağlayırdı. Sarıldım, sarıldım,
sarıldım… Göz yaşlarım onun göz yaşlarına qarıştı. Qoynuma qısıldı, sadəcə «Ana, ay ana, qurd məni yeyəcəkdi» — deyə bilirdi. Həmin gün nahardan sonrakı ilk dərsimə getmədim. Müdürün etirazına baxmadan qızımı sinifdə oturtdum. Əvvəl müdür müavini, sonra müdür tərəfindən azarlandım. Amma heç birinə cavab vermədim. Sadəcə gözlərimdən iki damla yaş süzüldü. Və o yaşlar birdən-birə müdürün susub üzr istəməsinə səbəb oldu. 

Bəli, bu kədərli film qurtarana oxşamırdı. Qızımın səsinə ayıldım. «Mən oxumayacam, ana olacam» — deyə fəryad edirdi. Fəryad etmir, elə bil məni döyürdü. Ona yaxşı ana ola bilmədiyimi və onun üçün qəlbində bəslədiyi narazılığını bu sözlərlə hayqırırdı üzümə. Həyatımın heç bir anında belə zülm çəkməmişdim. Heç bir söz ürəyimi bu qədər yaralamamışdı. 

Qızımın şabalıdı rəngli saçlarını sığğalladım. Sillədən qızaran yanağını öpdüm. Başını sinəmə qoydum. Onun yaddaşında yer alan bütün kədərli anları silmək istəyirdim. Ən doğru, ən təsirli sözləri tapmalı idim. Amma necə? Bu qarmaqarışıq beyinlə necə edim?...

Bu vəziyyətdə nə qədər oturduq bilmirəm. Bir an danışacaq güc gəldi mənə. «Qızım, hər oxuyan qadın işləmək məcburiyyətində deyil ki. Sən yaxşı bir ana olmaq istəyirsən. Mən də sənin yaxşı ana olmanı istəyirəm. Ancaq oxusan, elmli olsan, yaxşı ana ola bilərsən. İstəmərsən işləmərsən. Evdə övladlarına baxar, onlara oxuma-yazma öyrədərsən.» — şəklində davam edən bir çox cümlə sıraladım ard-arda. Qızım razı olmuş kimi görünürdü. Səhəri gün işdən gələndə onu stolda Cin Əli kitabını oxuyarkən gördüm. Qızım oxuma-yazmağı aylar əvvəl öyrənmiş, ancaq hər kəsdən gizlətmişdi.
Müəllim heyrət içində idi. «Necə olur axı, uçaq bir gündə bu qədər şeyi öyrənə bilir?» — deyə soruşurdu. Bu sualın cavabı elə uzun və başa düşülməsi elə çətin idi ki… O an susmaq ən gözəl cavab idi, çünki o sualın cavabını ancaq mən və Nazlı başa düşə bilərdi.

İndi qızım Qazi Universitetində müəssisə iqtisadiyyatı fakültəsində oxuyur. Ana dilini çox gözəl bildiyi qədər də, ingilis dilini bilir. Ən gözəli isə hər fürsətdə «Canım anam» — deyə sarılıb yanaqlarımdan öpür. Mən də onun o utandığım sillə ilə qızartdığım yanağından öpürəm...

Kayzen.az

 

Go Back

BAĞIŞLA ATA - Həyat hekayəsi

Evləndikdən sonra onlarla birgə qalan atası üzündən tez-tez həyat yoldaşı ilə mübahisələri olurdu.Həyat yoldaşı onun atasını istəmir və evdə artıq biri olduğunu düşünürdü.Bu mübahisələr bəzən çox həddini aşırdı. Yenə belə mübahisələrdən birində həyat yoldaşı onu çox çətin seçim qarşısında qoyur. “Ya mən gedirəm ya da atan bu evdə qalmayacaq”  deyir.

Həyat yoldaşını itirə bilməzdi. Atası üzündən yaranmış bu mübahisələri nəzərə almasaq onun xoşbəxt bir ailəsi, sevdiyi və onu sevən həyat yoldaşı, uşaqları vardı. Həyat yoldaşı ilə ailə qurmaq üçün çox çətinliklərdən keçmişdi. Onun ailəsini özünə  inandırmaq üçün çox çalışmış ve problemlərlə qarşılaşmışdır.Hələ də onu çox sevirdi. Çarəsizlik içində çox düşündü və nəhayət düz qərar verdiyi qənaətinə gəldi. Bir neçə il öncə ovçuluğa olan böyük marağı sahəsində tikdirdiyi dağ evinə aparacaqdı atasını.Həftədə bir dəfə yanına gedəcək nəyə ehtiyacı varsa, öyrənəcək həm də öz həyat yoldaşı ilə olan problemi də həll olunmuş olacaq. Atasına lazım olan bütün əşyaları yığdıqdan sonra yataq xəstəsi olan atasını yataqdan qaldırıb maşına apardı. Oğlu Can “ata mən də səninlə getmək istəyirəm” deyə israr etdikdə onu da maşına mindirib yola düşdülər.

Sərt qışın tam ortaları idi və hava çox soyuq idi. Qar çox yağdığından yolu çətinliklə seçirdilər.Balaca Can tez-tez atasından “Ata hara gedirik?” deyə soruşurdu lakin, atası heç bir cavab vermirdi. Digər tərəfdən isə hara aparıldığını artıq anlamış yaşlı adam göz yaşlarını oğlu və nəvəsindən gizlətməyə çalışırdı. Bir neçə saatdan sonra nəhayət dağ evinə çatdılar. Çoxdandır bura gəlməmişdi. Ev artıq çürüməyə başlamış, tavanından su damcılayırdı. Evin bir küncünü təmizləyib özü ilə gətirdiyi yataq əşyalarını ora qoydu. Sonra digər əşyaları gətirdi və ən sonda atasını kürəyinə alaraq onun üçün hazırladığı yatağa uzatdı.Çarəsiz halda atasına baxırdı. Indidən əsməyə başlamışdı. Sabah yenə gəlib qalın yorğan gətirərəm deyə fikirləşdi. Elə kədərli idi ki, ona elə gəlirdi dünya ətrafında fırlanır. O bu halda ikən atası ürəyindən bıçaqla vurulmuş kimi idi. Illərdi böyütdüyü  həyatını həsr etdiyi oğlu tərəfindən bu dağ evinə gətirilmişdi. Qüruru sınmışdı, içi yanırdı, amma, hiss etdirməməyə çalışırdı. Balaca Can isə olanları başa düşmürdü. Babasından ayrılacağı üçün  çox üzgün idi, amma, bunun niyə baş verdiyini bilmirdi. Artıq getmək vaxtı gəlmişdi. Atasının yatağına əyilib əllərini və üzünü bir neçə defə öpdü. Sanki, “Məni bağışla”  deyə-deyə onu qucaqladı, qoxusunu içine çəkdi. Artıq ikisi də özünü ələ ala bilmiyib ağlayırdı. Öz baxışları ilə atasına buna məcbur idim demək istəyir və Canın əlindən tutub iri addımlarla cəld otağı tərk edir.

Maşına mindilər. Yola düşdüklərindən Can hey ağlayırdı. “Niyə babamı o soyuq yerdə qoydun?” deyirdi. Verəcək heç bir cavabı yox idi, anan belə istədi deyə bilmirdi.  Can “ata sən də yaşlananda mən də səni bura gətirəcəm?” deyə  soruşanda qurduğu və yaşadığı dünyası bir cümlə ilə başına uçdu. O, sualın verilməsindən bir neçə saniyə keçməmiş  maşını dəli kimi geri döndərdi. Dağ evinə çatanda “məni bağışla” deyə atasını bərk –bərk qucaqladı. Ata və oğul bir-birini möhkəm qucaqlayıb uşaq kimi hıçqıra-hıçqıra ağlayırdılar.  Oğlu “ata məni bağışla, bütün bunaları sənə yaşatdığım üçün məni bağışla” deyə öz səhvini etiraf etməyə çalışırdı. Ata isə oğluna belə cavab verir;

 GERİ QAYIDACAĞINI BİLİRDİM OĞLUM. MƏN AXI ÖZ ATAMI DAĞA ATMAMIŞDIM Kİ, SƏN DƏ MƏNI ATASAN. MəNİ BURDA QOYUB GETMİYƏCƏYİNİ BİLİRDİM.

   SEÇMEHİKAYELER.COM

TƏRCÜMƏ ETDİ: Turanə Rzayeva

Go Back

Dünyanın ən zövq verən işi

Həmişə bir iş qadını olmaq istədim.  Klassik geyimlər geyinmək, yeni layihələr irəli sürmək, çıxışlarımın  insanlar tərəfindən izlənib alqışlanmasını istədim... Bir işə sahibi olsam başqa heç bir şeyin məni xoşbəxt edə bilməyəcəyini düşünürdüm. Ta ki, o sevincli xəbəri alana qədər bu fikirdəydim...

Oğluma hamilə qalmışdım. Onun dünyaya gəlməsini çox səbrsizliklə gözüyürdüm. Qonşular, qohumlar, özəl şirkətdə birlikdə işlədiyim yoldaşlarım məni gördüklərində məndən əvvəl oğlumla maraqlanırdılar. Oğlum içimdə böyüdükcə daha da səbrsizlənirdim. Həkimə getməyi sevməyən mən, oğluma görə yoxlanışa gedəcəyimiz günü çox sevinirdim.  Nə də olsa oğlumu görəcəkdim...

Nəhayət, o gün çatdı. Oğlum dünyamıza gəldi... Xırdaca əlləri, dodaqları elə şirin görsənirdi. Ayxanıma aşiqmi olmuşdum?

 Ayxan 28 günlük imişkən onu anamgildə qoyub işə getmək məcburiyyətinə idim. Hələ oğlumun 40 çıxmamışdı... İşə getsəm də, içim yanırdı. O hər ağlayanda, hər acanda bağrım yanırdı mənim... Sağıb evdə qoyduğum süd də bəzən bəs eləmirdi.

İlk 6 ay oğlumla işim arasında qaldım. Sonda oğlumun məndən soyuduğunu gördüm. Günün çox hissəsi onunla birlikdə olan nənəsi ilə daha yaxşı vaxt keçirdiyindən mənə yad biri kimi davranırdı... Və mən onda başa düşdüm ki, oğlum  məndən uzaqlaşır... Bir ana kimi bu mənə çox pis təsir etdi. Oğlumun dünyaya gəlişi 6 aydır, məndən indidən uzaqlaşırsa 6 il sonra mənə nə münasibət bəsləyəcək... Çox deyil, oğlum 10 aylığında mən işdən ayrıldım. Bəli, gec olmuşdu,  süddən kəsilsə də onu böyüdən mən olmalı idim. Çünki o, bir dəfə böyüyəcəkdir və onun hər anını görüb ölümsüzləşdirməli idim ... İlk addımlarını görməli, ilk sözlərini eşitməli idim. Yıxılıb dizini qanadanda “qorxa oğlum” deyib onu mən qucaqlamalı idim.  Niyyətim də elə oldu. İş və karyeramı buraxdım, amma oğlumun hər anında mən yanında olurdum... Bəzi xanımlar deyər ki, “uşağa da baxaram, karyeramı da quraram”. Məncə bu mümkün deyil. Birindən əl çəkmədiyiniz müddətcə bu proses  həyata keçə bilmir.

Oğlumun “ana” deyərək mənə tərəf qaçaraq gəlib qucaqlaması, öpməsi, hər ilk kəşfində onun yanında durub bitib tükənməyən suallarına cavab vermək nəyə desəm dəyər... Bu iş və karyera olsa da belə...

Mənbə: anneoluncaanladim.com

Tərcümə edən: Əminə İsrafilzadə,

ADPU-nun Pedaqogika və Psixologiya fakültəsinin magistrı

Go Back

Karl Marksın öz xanımına yazdığı məktub

Ürəkdən sevdiyim;

Yenə sənə yazıram, çünki tənhayam və beynimdə daxilən sənlə danışdığım zaman sənin bunu bilə bilməməyinə yaxud da, mənə qarşılıq verə bilməməyinə dözə bilmirəm. Qısamüddətli ayrılıqlar yaxşıdır, çünki hər zaman birlikdə olduğumuz zaman hər şey ayırd edilə bilməyəcək qədər oxşarlaşmağa başlayır. Yanbayan dayandıqda qüllələr belə balacalaşsa ...da, adi və kiçik şeylər yaxından baxıldıqda nəhəngləşir. Xırda narahatlıqlar onlara səbəb olan şeylər aradan qaldırılan zaman yox ola bilərlər. Yanaşı olduqlarına görə adiləşən ehtiraslar da məsafənin sehrindən böyüyüb təbii vəziyyətlərinə dönərlər. Sevgim də belədir...

Zamanın sevgimi günəş və yağışın bitkiləri böyütdüyü kimi böyütdüyünü anlamağım üçün sənin bircə an, röyada belə olsa məndən ayrılmağın yetərlidir. Səndən ayrılan kimi sənə olan sevgim bütün gerçəkliyi ilə özünü büruzə verir: o, ruhumun bütün enerjisi ilə ürəyimin bütün xarakterini birləşdirən bir nəhəngdir. Beləcə , mən yenidən insan olduğumu hiss edirəm , çünki içim ehtiraslarla dolur. Araşdırma və müasir təhsilin bizi ağuşuna atdığı qeyri-müəyyənli klər və bütün obyektiv və subyektiv təəssüratlarımızda qüsur tapmağa vadar edən skeptiklik bizi kiçildir , zəiflədir və deyingənləşdirir. Lakin sevgi- Feyerbaxvari sevgi, varlığa olan sevgi, proletariata sevgi yox, sevdiyinə qarşı duyduğun eşq, yəni,- sənə olan sevgim insanı yenidən insanlaşdırır...

Dünyada çox qadın var, bəziləri çox gözəldir, lakin mən hər bir cizgisi , hətta, hər bir qırışı mənə həyatımın ən böyük və ən şirin anlarını xatırladan bir üzü bir də harda tapa bilərəm? Sənin şirin simanda sonsuz iztirablarımı , əvəz olunmaz itkilərimi belə oxuya bilirəm və sənin üzündən öpdüyüm zaman kədəri öpürəm... Salamat qal, əzizim. Səni və uşaqları min dəfələrlə öpürəm...

Sənin Karlın.

Mançester. 21iyun, 1865-ci il.

Go Back

Bir uğur hekayəsi - ÇOX TƏSİRLƏNƏCƏKSİNİZ

1983-cü ilin 4 dekabrı Avstaliyanın Brisben şəhərinin xəstəxanaların birində bir oğlan uşağı dünyaya gəlir. O doğulanda həkimlər təşvişə düşmüşdülər. Bu xəbəri valideyninə necə çatdıracaqlarını düşünürdülər. Doğuş stolunda olan ananın hələ ki, heç nədən xəbəri yox idi. Həkimlər atanı çağırıb hər şeyi dedilər və uşağı ona göstərdilər. Şoka düşən ata arvadına nə deyəcəyini düşünürdü. Onun yanına gəldi. Gözlərinə baxmağa cəsarət etmədən yalnız bir söz deməyə gücü çatdı: «Bizim oğlumuz çox gözəldir...»

Nik adını qoyduqları bu oğlanı gənc ana dörd ay qucağına ala bilmir, əmizdirməkdən imtina edir. Ancaq uşaq böyüdükcə həyata «dördəlli» sarılırdı. Hətta yeriməyə cəhd edirdi. Sadəcə bir balaca dayaq rolunu oynayan ayağı sayəsində. Sonralar o, bu ayağını əl kimi istifadə edir, hətta hovuzda belə üzə bilirdi. Nikin bu inkişafı ailəsinin onunla bağlı ümidsizliklərini tamamilə unutdururdu. Evdəki bir çox texnikalar, hamamda tuş, demək olar ki, hər şey Nikin onlardan rahat istifadə edəcəyi vəziyyətdə quraşdırılmışdı. O, yazmağı bacarır, kompüterdən istifadə edir, ağlı ilə hamını heyrətləndirirdi.

Ancaq məktəbdə hər şey o qədər də asan olmadı. Nik uşaqlarla dil tapmaq, onlara özünü qəbul etdirmək üçün çalışırdı. Təbii ki, bir gün ümidləri tükəndi. Və bu dünyada hamıya yük olduğu qərarına gəldi. Vannada çimərkən suyun altına girib, özünü boğmağa cəhd etdi. Amma son anda fikrindən daşındı. Axı atası, anası, bacısı, qardaşı onu çox sevirdilər. Onlara bu acını yaşatmağa dəyərmi?!
Məhz bundan sonra o, gələcəyi barədə düşünməyə başladı. 

Günlərin bir günü, Niki universitetlərin birinə tələbələrin qarşısında çıxış üçün dəvət etdilər. Bütün tələbələr onun söhbətlərini heyrət və göz yaşları içində dinlədi.

«Bir vaxtlar mən həyatımı kənardan seyr edib düşünürdüm ki, məndə heç nə alınmayacaq. Və başladım nəyi istəyib, nəyi istəməyəcəyim barədə seçimlər etməyə… İlk olaraq, onu dərk etdim ki, hər şeyə görə minnətdarlıq etməyi bacarmalıyam. Təbii ki, bu, çətin idi. Amma mən həyatı sevirəm. Hər kəs təəccüb edir ki, mən necə bu qədər gülə bilirəm. Sadəcə səbirli olmaq lazımdır».

Sonda gənc qızlardan biri ağlayaraq, onu qucaqlamaq istədiyini bildirdi. Nik ilk dəfə hansısa bir xanımın onu belə sevgiylə qucaqladığını gördü. Bundan sonra səsi-sorağı yayılan Niki müxtəlif yerlərə çıxış etmək üçün dəvət edirlər. O, insanlara ibrətamiz hekayələr danışır, onları həyatı sevməyə səsləyir, hətta tamaşaçılarını məzəli söhbətləri ilə əyləndirməyi də bacarırdı. Beləcə, Nik professional oratora çevrilir. 

Dəvətlərin sayı-hesabı yox idi. Yüzlərlə televiziya kanalına, radiolara müsahibə verir. Dünyanın 40-dan çox ölkəsində böyük tribunlarda çıxışlar edir. Bu, onu həm də maddi baxımdan gücləndirir. O, iki ayaq barmağının köməyi ilə hətta öz həyatından bəhs edən kitab yazır.
Nik hamını sevməyə, aşiq olmağa səsləyirdi. Özü də aşiq olurdu. Amma qarşılıq görməyəcəyini bilirdi.

"Ən çətini isə budur. Mən anladım ki, kişi birinci qadının əlindən tutur. Məhz bundan sonra ürəyinə yol tapır. Mənə isə ürəyin qapısını açmaq üçün əl lazım deyil..."

Deyəsən, vəziyyət Nikin sandığı qədər acınacaqlı deyilmiş. Çünki günlərin bir günü ona aşiq olan qadın tapılır. Bütün fiziki məhdudiyyətlərinə rəğmən Kanae Miaxara Nikə ürəkdən bağlanır. 2010-cu il fevralın 10-da onların möhtəşəm toyu olur. Hətta cütlük haqda film çəkilir. 
Evliliklərindən bir ildən sonra onların oğlu doğulur. Uşağın əllərini və ayaqlarını görən Nik sevindiyindən qışqıra-qışqıra ağlamağa başlayır.

Nik düşünür ki, insanlar iki əsas həyat qaydasını bilməlidirlər.
Birinci: nə vaxt ağrısan, bil ki, səni sevənlər var. İkinci: «hər şey yaxşı olacaq» deyə yaşamaq lazımdır...

kayzen.az

Go Back

“20 yanvar” faciəsi şahidlərin dili ilə

 Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, hadisələr eyni ağrı, həmçinin qürurla anılır. ANS PRESS olaraq, qanlı tarixi elə hadisə şahidlərindən öyrənmək istədik:

“20 yanvar” hadisəsinin şahidi, həmin günlərdə fotoçəkilişlər aparan fotoqraf Tahir Cəfərov:

“Əslində 20 yanvar günü 1990-cı il 19 yanvardan başlayıb. Baxmayaraq ki, Bakıda komendat saatı elan olunmuşdu, mən fotokamera ilə küçələrdə çəkilişlər aparırdım. Şəhərdə patrullar gəzirdilər. Çalışırdım ki, onlar kameranı görməsinlər. Mən rus əsgərlərindən biri ilə söhbət etməyə çalışdım, lakin bu elə də asan məsələ deyildi. Onlar əlisilahlı, üzü tüklə örtülmüş, insanlıqdan kənar şəxslər idi. 19 yanvar idi, hələ axşam düşməmişdi. Avtomatlılardan birilə birtəhər danışa bildim. Onlar xüsusi hazırlanmış desantlar idi, Krasnodar tərəfdən idilər. Artıq 19-dan 20-nə keçən zaman atəş səsləri eşidilməyə başladı. 

Bakıda ən dəhşətli mənzərələrdən biri indiki “20 yanvar” metrosu yaxınlığında baş verdi. Orada meyitləri çəkəndə keçirdiyim hissləri heç sözlə demək olmaz. Çəkiliş apardığım zaman güllələr yanımdan vıyıldayıb keçirdi. O zaman qorxu hiss keçirtmirdim. 

Orada bir şəkil çəkmişdim, bu heç vaxt yadımdan çıxmayacaq. Əvvəlcə iki insan meyiti sandığım cənazələrin sonradan bir neçə insana məxsus olduğunu anladım. Bədənlər tanınmaz vəziyyətdə idi. Tankın altında əzilən cəsədlərdən 4 əl deyil, 6-7 əl görünürdü.

Mənimlə birgə bir çox çəkiliş aparanlar vardı. Vaxtı ilə "KVN" iştirakçısı olmuş Ənvər Mansurov da kamera ilə çəkiliş aparırdı. Onun atası məndən xahiş etdi ki, Ənvəri oradan çıxarım. Gördüm gəlmir, axırda Ənvərə dedim ki, atanı yaralayıblar. O inandı və məcbur olub evə qayıtdı.

Artıq 20 yanvarın səhəri əhali “Təzə pir” məscidinə şəhidlərini gətirirdi. Səhər tezdən təxminən 50-yə yaxın adamın meyitini tapdıq. Onların ailə üzvləri gəldi, lakin elə meyitlər vardı ki, sahibsiz qalmışdı".

Hadisə şahidi, II dərəcəli “20 yanvar” əlili, “20 yanvar” Cəmiyyətinin sədri Soltan Əzimzadə:

"Bir neçə gün öncədən qoşunların Bakıya gəlməsi haqqında məlumatlar vardı. Yanvarın 16-dan Biləcəridən Bakı şəhərinə gələn yolda, o zamankı “İskra” zavodunun qarşısında piket qurulmuşdu. Qoşunların şəhərə gəlməyinin qarşısını almaq istəyirdik. 4 gün növbəlilik əsasında piketlər davam etdi. 19-dan 20-nə keçən gecə qoşunların axşam saatlarında şəhərə girməsi gözlənilirdi. Tanklar birinci Salyan kazarması tərəfdən hücuma keçdi. Bir tank indiki 20 yanvar (Suvorov) küçəsilə Tbilisi prospektinin kəsişdiyi yerdən tramvay xəttinin üzərindən gəldi. İnsanların dağılması üçün bir zabit danışmaq istədi. Camaat onlardan geri dönməyi tələb etdikdə, mübahisə yarandı. 5-6 dəqiqəlik mübahisədən sonra tankdan başımızın üstündən qarşıdakı binaya atəş açdılar.

Hərbçilər adi əsgərlər deyildi. Çoxu Stavropol vilayətindən gəlmişdi. Camaat tankların qarşısında oturdu. Onlar bizə qaz bombaları (şaşkaları) atdılar. Ətrafı tüstü bürüdü. Qazdan boğulduğumuza görə, yerimizdən qalxıb dağılışmaq istədik. Lakin hərbçilər bizə arxadan atəş açdı. Tbilisi prospektinə kimi silahsız onların qarşısını bir neçə dəfə alsaq da, artıq mənim kimi çoxu güllə ilə yaralanmış, bəziləri isə həlak olmuşdu. Mən qarın nahiyəsindən yaralandım. 21 ildir, güllələrdən biri hələ də bədənimdədir. Mən yaralanana qədər artıq bir neçə nəfərin öldüyünü gördüm. Sonra isə huşum özümdə olmadı”.

Hadisə şahidi, “20 yanvar” əlili Akif Nəsirov :

“Həmin ərəfədə biz küçələrdə otururduq. İnanırdıq ki, canla-başla xidmət etdiyimiz XXI Qızıl Ordu bizə silah çəkməz. Lakin yanıldıq. Düzdür, əvvəlcə onlar şəhərə daxil olmaq üçün camaatla danışıqlar apardılar. Amma xoşluqla buna nail ola bilməyəcəklərini görüb, havaya atəş açdılar. Daha sonra Azərbaycan xalqının əzmini qırmaq üçün əliyalın insanları gülləyə tutdular. İnsanların çoxu indiki “20 yanvar” metrosuna tərəf qaçdı ki, keçidə girsinlər. Lakin tanklar buna imkan vermədi. Qaranlıqda, ağacların arxasında, hətta ağaca çıxaraq gizlənən insanları projektorlar vasitəsilə tapıb güllələyirdilər. Yanımda iki nəfər qətlə yetirildi. Məni də yaraladılar. Yaralıları tankların altından çıxartmaq istəyən zaman qarnımda nəyinsə yandığını hiss etdim. Ağrıya baxmayaraq bir nəfəri yolun ortasından çıxartdım. Lakin sonradan huşumu itirdim. Ayılan zaman özümü qanlı xərəkdə uzanan, yanımda isə ağxalatlıların çalışdığını gördüm. Kiçik otaq idi. Mənim yanımda isə iki meyit də vardı”. 

20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı, hadisə şahidi Elxan Allahverdiyev:

“20 yanvar 1988-ci ildə xalq hərəkatının, müstəqillik uğrunda başlamış savaşın kluminasiya nöqtəsi idi. Yanvarın 18-dən Biləcəri yolu bağlanmışdı. Evimiz II Alatavada idi. 19 yanvarda hava çox soyuq idi. Camaat küçədə növbə çəkirdi. Biz Sovet ordusunda xidmət etmişdik deyə beynizimdə şanlı Sovet ordusu kimi ifadələr qalmışdı. Mən heç vaxt inanmazdım ki, qulluğunda durduğum Sovet ordusu öz süngüsünü, güllələrini xalqına qarşı çevirər. Amma yanılmışdıq. 19-dan 20-nə keçən gecə saat 1-ə işləmiş Biləcəri tərəfdən 20 yanvar istiqamətinə iki tank gəldi. Göyə 2 fişəng buraxdılar. Daha sonra 2 güllə atdılar. Yanımda oğlan dayanmışdı. 

Gördük ki, tanklar maşınları əzib keçdilər. Yanımda dayanan Vaqif adlı oğlanın qanı axır. Oradakı cavanlar başladılar hərbçilərə daş atmağa. Onlar da başladılar gülləborana. İlham əvvəl yanımda olsa da, sonradan onu tapmadım. Mənə dedilər ki, Salyanski kazarma yaxınlığında tanklar camaatı yarıb keçib. Ora kömək lazımdır. Ona görə də İlham və yanındakı adamlar ora gedib. Sonradan dedilər ki, əliyalın camaatla birgə İlham keçmiş XXI Qızıl Ordu meydanında tanklarla qarşılaşıb. İlham əllərini qaldıraraq tankların üstünə gedib və deyib: “Soldatı ne vstrlyayte, lyudi bez orujii”. Amma onlar İlhamı vurublar. Bir güllə onun ciyərinə dəyib və ciyərini parçalamışdı.

Mən o zaman əsgərlərə yaxınlaşıb dedim ki atmayın. Oradakı desantlardan biri mənə dedi ki, “U nas prikaz”. Gözümün qabağımda, indiki Alov zavodunun yanında 4 tank bir “VAZ 2106” markalı maşını qovdu və ona çataraq əzdilər. Daha sonra həmin tanklar bizə tərəf atəş açdılar. Orada hündür binanın üstündən bir oğlan yanan butulkaları tankların üstünə atırdı. Oranı gülləboran etdilər. 

Yanvarın 20-si səhər küçədə İlhamı və digər uşaqları gözləyirdim. Yerdə oturmuşdum və demə mürgüləmişəm. Birdən qulağıma İlhamın səsi gəldi. Tez durdum, İlhamı soruşdum. Dedilər İlham yoxdur. Sonradan öyrəndim ki, İlham o anda xəstəxanada can verirmiş. Anamla birgə xəstəxanaya getdik. Qapının ağzında, stolun üstündə İlhamın şərfini gördük. Həkim məni otağa çağırdı və İlhamın həlak olduğunu dedi. Sonra mən anamı evə qoydum və getdim morqa. Otağa girən kimi ölü uzatmışdılar. Mən tez onu qucaqladım. Amma gördüm ki, onun bığı yoxdur. Diqqət yetirdim, gördüm ki, o deyil. Həmin insanın bud nahiyəsi yox idi. Sonra digər otağa girdim və İlhamı gördüm. (ağlayır). Qarnı kəsilmiş, bağırsaqları sallanırdı. Damcı-damcı qan sızırdı ...

Əvvəlcə İlhamı Xırdalandakı qəbiristanlıqda dəfn etdik. Sonradan onu Şəhidlər Xiyabanına köçürtdülər. İndi onun Xırdalandakı boş qalmış qəbrinin yerində oğlum Əjdər dəfn edilib. İlham Əjdəri çox istəyirdi. Ona görə də o öləndə onu orada basdırdıq”. 

“20 yanvar” şəhidi İlham Allahverdiyevin anası, hadisə şahidi Ofeliya İbrahimova:

“Qızım Rəsmiyə gəldi ki, evimiz yıxılıb, İlham həlak olub. O anı xatırlamıram. Özümdən getmişəm. Ayılanda gördüm meyiti gətiriblər. Həmin anlar ən pis hisləri Fərizə keçirirdi. Fərizə biləndə ki, İlham həlak olub, ağlamadı. 

İlhamın məclisi idi, dedilər ki, Fərizə özünü yandırmaq istəyir. Üstünə neft töküb. Elxan ona yalvardı ki, özünü yandırma. Fərizənin atası, anası, bütün qohumlar ona yalvarmağa başladıq. Bizə dedi ki, mən bu evə cüt gəlmişdim, cüt də gedəcəyəm. Yanvarın 22-i gecə idi. Mən hələ də özümdə deyildim. Bir də gördüm ki, evdən qışqırtı səsi gəlir. Ayağa qalxdıq, gördük Fərizə sirkə turşusu içib. Semaşko xəstəxanasına çatanda artıq canını tapşırmışdı”.

“20 yanvar” şəhidi Eldar Məmmədovun anası, hadisə şahidi Bacıxanım Məmmədova:

“19 yanvardan 20 yanvara keçən gecə saat 1-ə işləmiş Eldar evdən çıxıb getdi. Gedəndə dedi ki, “səhər görüşərik”. Gecə saat 3 idi. Qapı döyüldü. Gördüm ki, atasının dayısı arvadı və bacım idi. Bacımın üzü cırılmışdı. Anam xəstə idi. Fikirləşdim ki, yəqin o ölüb. Amam bacım dedi ki, Eldarın qulağı cırılıb. Eldar İdman İnstitutuna girmək üçün pul yığırdı, bankada pulları vardı. Uşağın pul yığdığı bankanı sındırdım və pulları götürdüm. Fikirləşdim ki, Eldarın qulağını tikdirməyə pul lazım olar. Apardılar məni anam yaşayan evə. Mənə dedilər ki, bacımın oğlunu vurublar. Eldarı soruşdum, cavab verən olmadı. Hamı mənə birtəhər baxırdı. Səhərə qədər Eldardan xəbərsiz qaldım. Səhər 9 olanda qaynımın maşınına mindim, getdik köhnə Çəmbərəkənddəki təcili yardım stansiyasına. Mən maşında oturdum, qaynım girdi içəri. Birdə gördüm ki, qaynım başına döyə-döyə gəlir. Dili də tutulmuşdu. Mən içəri girdim, Eldarı gördüm ...

Eldar evdən çıxandan sonra demə gedib nənəsinin evinə. Orada hamama girib çimib. Təmiz paltarlar geyinərək oradan çıxıb. Çıxanda da son sözü bu olub: “Adam meydana təmiz gedər”. Onun son sözləri bu olub. Onun bu sözləri mənə yadigar qaldı. Eldar 1966-cı ildə doğulmuşdu, ölən zaman 23 yaşı vardı”

anspress.com

Go Back

Ana Bətnində Olan Körpənin Məktubu

 

Salam ana necəsən?

Nə yaxşıki yaxşısan anacan.

Artıq 3-4 gündür ki sənin bətnindəyəm.

Mən çox sevinirəm ki,sən mənim anam olacaqsan.

Ona görədə mən əminəm ki,dünyanın ən xoşbəxt uşaği olacağam.

Biz artıq 2 aydır ki,bir yerdəyik.bilirəmki mən hələ sənin kimi gözəl deyiləm anacan.Amma sən mənə biraz vaxt ver.

Mən xoşbəxtəm anacan.

Məni narahat edən yeganə bir şey var.Mən hiss edirəm ki,sən axır vaxtlar çox fikir çəkirsən.Narahat olma anacan hər şey yaxşı olacaq.Sən sadəcə buna inan.Inamını itirmə.Mən axı səni çox sevirəm mənim gözəl anam.

Anacan artıq 2,5 ay keçib.mən çox sevinirəmki mənim əllərim çıxdı.

Səbirsizliklə gözləyirəmki haçan onlarla oynaya biləcəm.

Ama mən ən çox sənə toxunmaq istəyirəm.

-Anacan,xahiş edirəm başa sal nə olub?!

Niyə sən gecələr aglayırsan?

Niyə atamla tez-tez dalaşırsız?nə olub axı sizə?

Bəlkə siz artıq məni istəmirsiniz?

Artıq 3 ay keçdi.

Hiss edirəmki,sən çox qəmginsən.

Anlamıram sənə nə oldu axı?!

Bu gün biz həkimdə idik.mən özümü əla hiss edirəm.Anacan sən xəstələnmisən?niyə görə sabah yenə həkimə gedirik?

Artıq günortadı.Mən heç yatmaq istəmirəm.

Əllərimlə oynuyuram.o qədər xoşuma gəlir ki,əllərimlə oynamaq.

Biz yenədə həkimdəyik.

Anacan,məni çox incidir həkim.Nə olar anacan qoyma məni incitsinlər.

Siz niyə bunu edirsiz axı?

Mən indi ağlayacam.

Anacan mənim ayaqlarımı qırırlar.Sən mənim əzablarımı görmürsən??

Anacan mənə kömək elə.

Anacan onlara denən dayansınlar.Mən söz verirəm özümü yaxşı aparacagam..

Bu necə ola bilərki insan məne bu cürə əzab verir sən.Anacan,mənə kömək elə.

Artıq 4 il keçdi.

Anacan mən göydən görürəm sənin peşmançıliqlarını,verdiyin qərara görə.

Ağlama anacan xahiş edirəm.Bilki mən səni çox sevirəm.Mən səni burda gözləyəcəm.

Səni sevən körpən.

 

qadinlar.biz

Go Back

Səmimiyyət

Corc Dantzig izah edi: California Universiteti Riyaziyyat fakültəsi tələbəsi idim. Həmişəki kimi sinifə gec girdim və lövhədəki  iki sualı ev tapşırığı hesab edərək dəftərimə köçürtdüm. O axşam, sualların üzərində çalışarkən bunun professorun verdiyi ən çətin tapşırıq olduğunu düşündüm. Hər gecə, bacarmasam da sırasıyla hər iki problemin üzərində saatlarla çalışdım. Bir neçə saat sonra beynimdə bir şimşək çaxdı və hər iki problemi birdən həll etdim. Ertəsi gün cavabları məktəbə apardım. Professor, stolun üzərinə qoymağımı  dedi. Stolun üzərində kağızdan bir təpə meydana gəlmişdi. Altı həftə sonra bir bazar səhəri qapının vurulmasıyla oyandım. Qapıda professoru görəndə dondum qaldım. ' Corc ! Corc ! '-, deyə qışqırırdı. 'Problemi həll etmisən -dedi. ' Təbii ki '-,deyə cavab verdim. ' Həll lazım deyildimi?' -, deyə soruşdum.  Professor, taxtaya yazılmış olan o iki problemin ev tapşırığı olmadığını, dünyanın qabaqda gələn riyaziyyatçılarının indiyə qədər həll edə bilmədikləri iki məşhur problem olduğunu açıqladı. Biri mənə onların, iki məşhur həll edilə bilməmiş iki problem olduğunu desəydi, yəqin ki, onları həll etməyi heç fikirləşməzdim belə.     

Həyatda müvəffəqiyyətli olmuş yaşlı bir adam, bəzi gənclər "Həyatın bizə maksimum xoşbəxtlik və müvəffəqiyyət təmin etməsi üçün nə etməliyik?" -,deyə soruşduqlarında ondan bu cavabı almışlar: 'Sizin bu sualınız, mənə bir tək inəyi olan kəndlini xatırlatdı. Bir gün o kəndlidən biri soruşdu: ' İnəyin nə qədər süd verir ?' Kəndli bu cavabı verdi: ' inək süd verməz. Südü ondan sizin almanız lazımdır. ' Dostlar, xoşbəxtlik və müvəffəqiyyəti həyat sizə verməz. Çalışaraq o xoşbəxtlik və müvəffəqiyyəti, həyatdan siz almalısınız. İmtahana girəcək şagirdlərdən biri həyatın gətirdiyi mənfiliklərə dözə bilmir. Atası bunu görür və oğluna bu hadisəni  belə nəql edir:  ' Timsah tısbağanı yemək istəyirmiş və arxasından ona çatmağa çalışırmış. Tısbağa timsahdan yavaş hərəkət etdiyi üçün ən yaxınındakı ağaca dırmanmış. Bu zaman isə gənc çaşqınlıqla atasından soruşur: Heç tısbağa ağaca çıxar mı ata? Atası başını sallayır: " xilas olması üçün çıxması lazım idi balam" - deyir.  

  Amerikalı yazıçı James F. Clarke, əzm və davam olmadan müvəffəqiyyətli oluna bilməyəcəyini belə ifadə edir. "Bu dünyada əzmin yerini heç bir şey ala bilməz. Qabiliyyət və dahilik, əzmin yerini tuta bilməz. Çünki, qabiliyyətli olmalarına baxmayaraq müvəffəqiyyətli ola bilməyən nə qədər insanlar vardır."  

Tanınmış Gəmi sahibi Mr. Lindsoy, 14 yaşında ikən yetim qalmış və iş tapmaq üçün Glasgowda Liverpoll'a gedəcəyi sırada gəmi ödənişini ödəyəcək pulu tapa bilmədiyindən, gəminin kapitanı ilə razılaşaraq kömürlükdə kömür təmizləmək qarşılığında səfər edə bilmişdi. Liverpulda 7 həftə işsiz gəzmiş, anbarlarda yatmış, bir gəmidə iş tapmışdı. 14 yaşında bir uşaq olaraq girdiyi bu gəmidə yavaş yavaş irəliləyərək gəminin süvariliyinə qədər yüksəlmişdi. Bu müvəffəqiyyətin sirrini belə açıqladı:  " Müvəffəqiyyətin səbəbi; çaşmaz bir səbir, dayanmadan iş və özümə edilməsini istəmədiyim şeyləri başqalarına etmək prinsipinə, dörd əllə tutunmağımdır. "

 Michael Jordan: "Mən heç bir zaman, müvəffəqiyyətsiz olsam nələr olacağını düşünmərəm. Çünki bunları düşünməyə başladıqda mənfi bir nəticəyə çatarıq. Bir işə başlayarkən müvəffəqiyyətli olacağımı DÜŞÜNÜRƏM, müvəffəqiyyətsiz olsam nələr olacağını deyil. 

allmag.az

Go Back

Xoşbəxtliyini seç

Belə bir məsəl  var:"Leyliyə Məcnun gözü ilə bax". Heç kəs bunu Lizi Veləsqudan yaxşı bilə bilməz.1989-cu ildə vaxtından tez doğulan Lizi dünyada yalnız iki adamda olan nadir bir xəstəlikdən əziyyət çəkir. O nə qədər çalışsa da kökələ bilmir. Bu bir faktdır ki, o həyatı boyu 29 kq-dan çox olmayıb. O gözünün birindən əlildir. Digər gözündə isə görmə problemi var. Lizinin zəif immun sistemi var və dərisi yaşlı insanların dərisinə bənzəyir. Bu onun görünüşünün olduqca fərqli olmasına səbəb olub. Əslində bəziləri onu dünyanın ən çirkin qadını adlandırır. Ancaq heç nə həqiqətdən kənar olmur. Lizi digər normal uşaqlar kimi böyüyürdü ancaq daima insanların onun xarici görünüşünə olan reaksiyası ilə maraqlanmalıydı. Həyat çox ağır idi, ancaq o valideynlərinin dəstəyi və daxili gücü sayəsində öz vəziyyəti ilə mübarizə apara bilirdi. Lakin 17 yaşında o təsadüfən youtubeda "dünyanın ən çirkin qadını" adlı bir video tapdı. Bu onun videosuydu və artıq 4 milyon dəfədən çox izlənilmişdi. Şərhlərin bəzilərində belə yazılmışdı:"Silahı götür və özünü öldür". Bu video onun bütün həyatını dəyişdi, amma siz təsəvvür etdiyiniz kimi yox.
 
Bu videoya görə o çox pis oldu və onun yerində olan hər kəs pis olardı. Ancaq bundan sonra o bir seçim etməli olduğunu anladı. O ya belə əzaba dözməliydi ya da bütün fikrini daxili dəyərinə yönəltməliydi. Lizi həyatının öz əllərində olduğunu başa düşdü.
 
Əlbəttə ki, Lizi xoşbəxtliyə və uğura gedən yolu seçdi. O bütün fikrini öz gücünə yönəltdi və özündə olan bütün yaxşı şeylərə şükür etmə hissini yaratdı. O kollecə getmək, təhsil almaq qərarına gəldi və bunu etdi. Motivasyon spiker olmaq istədi və buna da nail oldu.O həmçinin ailə qurmaq istəyir. O nəinki  görünüşünün hər hansı bir məqsədinə çatmasına mane olmağına icazə vermir, həmçinin görünüşünə baxmayaraq əldə etdiyi uğurlarla digərlərini də ruhlandırmağa(motivasiya etməyə) çalışır.
 
Belə bir məsəl var:"Əgər həyat sənə limon verirsə ondan limonat düzəlt". Başqa sözlə desək əlinizdəkinin dəyərini bilin (sahib olduğunuz şeyləri dəyərləndirin). Həyatın nələr verəcəyi bizdən asılı deyil, amma onları necə idarə etmək tamamilə bizim əlimizdədi. Bəs sizə  həyatınız  hansı"limonları" verib? Bu vəziyyətdən necə çıxmısız?
 
allmag.az

Go Back

Rassanın möcüzəli hekayəsi

Faciə baş vermişdi. Kolxozçu qızı olan 3 yaşlı Rasa Prasceviçutenin hər iki ayağı otbiçənlə kəsilmişdi.
Bir neçə saatdan sonra içərisində cəmi bir neçə nəfərin olduğu TU-134 hərbi təyyarəsi Litvadan Moskvaya uçurdu. Dispetçerlər bilirdilər ki, salonda balaca sərnişin var və hər bir balaca gecikmə onun üçün son ola bilər. Buna görə hava korridoru bütün yol boyü boş idi.
Faciədən 12 saat keçmiş qızçığaz SSRİ-nin paytaxtında əməliyyat masasında uzanmışdı. 1 gün əvvəl 12 saatlıq əməliyyatdan çıxan, təzəcə yatmağa hazırlaşan və ”Qızcığazı qəbul et, yoldadır” deyilib yatağından çağırılmış gənc cərrah Ramazi Datiaşvili artıq əməliyyata başlayır. O vaxtı həkimlərin və xəstələrin milliyəti barədə fikirləşmirdilər, çünku SSRİ-dəki bütün millətlər SSRİ xalqını təşkil edirdi.
Ramazi Datiaşvili xatırlayırdı ki, əməliyyatı bir nəfəsdə keçirdi. 4 saatdan sonra onun 5-ci gün gecə vaxtı çağırılmış köməkçiləri artıq ayaqda dura bilmirdilər. O isə davam etməli idi, tək işləyirdi, bircə-bircə, vətər-vətər..“Mən elə bil dartılmış tel üzərində gəzirdim: bir səhv addım etsəydim – yıxılacaqdım...”
9 saatdan sonra əməliyyat başa çatdı, cərrahın əlində qızcığazın ayaqları isindi.
Dünyada ilk dəfə olaraq SSRi-də insanın hər iki ayagi yerinə bitişdirilmişdi.
Rasa indi sağdır. Onun həkimi Ramazi Datiaşvili çox məşhur cərrah oldu. O xatırlayır ki, Rasanın əməliyyatdan sonra ilk addımlarını görəndə göz yaşlarını saxlaya bilməmişdir...

Go Back

Bir Möcüzə = 1 dollar 11 sent

Balaca qız olan Seli, anası ve atasından balaca qardaşı Corc haqqında eşidende, hele 8 yaşında idi. Qardaşı cox xeste idi. Onu sağaltmaq üçün ellerinden geleni etmişdiler. Corcun yalnız çox bahalı bir emeliyyatdan sonra sağalmaq şansı var idi. Amma bu qeder pulları yox idi. Seli, atasının ümidsiz halda anasına: “Corcu ancaq bir möcüze sağalda biler” dediyini eşitmişdi. Bunu eşiden kimi öz otağına getdi, Seli.. Pul yığdığı qutusunu gizletdiyi yerden çıxardıb, bütün pulunu yavaşca yere tökerek saymağa başladı. Emin olmaq üçün 3 defe saydı, qutudan çıxardığı qepikleri. Sonra hamısını cibine qoyub, yaxınlıqdakı apteke getdi.

Aptekde satıcının diqqetini celb etmek üçün sebrle gözledi. Satıcı çox meşğul idi ve bir kişiye dermanlardan nece istifade etmeli olduğunu izah edirdi. Çox meşğul olduğu üçün 8 yaşındakı bir uşaqla maraqlanmağa isteyi olmasa da, Selinin gözlediyini görüb “Sene ne lazımdı?” dedi. Ve “Bir az celd ol, görürsen başqa müşteri ile meşğulam” deyib yanındakı, yaxşı geyimli bir kişini gösterdi. Seli “Qardaşım” dedi. Udqunub davam etdi: “Qardaşım ağır xestedi, bir möcüze almaq isteyirem”.... Satıcı Seliye baxıb “Başa düşmedim” dedi. Seli: “mmm...atam dedi ki, onu bir möcüze sağalda biler...Bir möcüze neçeyedi?” 


Satıcı Seliye sevgi ve ürekyanğısı ile baxıb: “Heyf balaca, biz burada möcüze satmırıq. Sene kömek ede bilmiyecem”.. Seli satıcının gözlerinin içine baxıb: “Neçeye olsa alacağam. Tekce qiymetini demeyiniz kifayetdi. Bunun üçü menim pulum var” 


Bu vaxt, Seli ve satıcının yanında gözleyen yaxşı geyimli kişi Seliden soruşdu: “Ne cür möcüze lazımdı qardaşına?”.....Seli: “Bilmirem” dedi. Ve gözünden süzülen yaşlara fikir vermeden dedi: “Tekce onu bilirem ki, qardaşım çox xestedi ve anam, emeliyyat olmasa sağalmıyacaq dedi. Ailemin ise, emeliyyat üçün pulu yoxdur...Ancaq atam dedi ki, onu tekce bir möcüze xilas ede biler”... Hemin yaxşı geyimli kişi Seliden, ne qeder pulu olduğunu soruşdu..Seli: “ 1 dollar, 11 sent”i olduğunu dedi.. Yaxşı geyimli kişi dedi: “Senin pulun çoxdu! Balaca qardaşını sağaltmaq üçün lazım olan möcüzeni almağa kifayetdi bu pul.” 


Kişi, Selinin pulunu eline yığdı ve diger eli ile Selinin elinden tutaraq “Xahiş etsem, meni yaşadığın eve apara bilersen?.. Aileni ve balaca qardaşını tanımaq isteyirem” dedi. 
Hemin yaxşı geyimli kişi Dr. Karlton Armstronq idi ve Corc üçün lazım olan emeliyyatı bacaran tanınmış cerrah idi. 


Emeliyyat uğurlu keçdi ve aile heç bir ödeniş etmemişdi.. Bütün aile xestexanadan sevincle evlerine qayıdan vaxt, hele de yaşadıqları son hadiselerin tesirinden çıxmamışdılar.... Ana: “Hele de inana bilmirem. Bu emeliyyat bir möcüze oldu! Maraqlıdır, göresen emeliyyatın deyeri neçeye idi”........Seli öz-özüne gülümsedi. Çünki o, bir möcüzenin neçeye olduğunu bilirdi: 1 dollar 11 sent ....

Go Back

Böyük hərflərlə İNSAN

Bu fotoşəkildəki alimi məncə çoxumuz tanımırıq. Adı JONAS SALK dır.
Onu digərlərindən fərqləndirən isə budur:

1955-ci ildə, uşaq iflicinin qarşısını alan peyvəndi kəşf etdi. Bir qərar verməsi lazım idi. Ya patentini alıb çox varlı olacaq və peyvəndi alan şirkət bunu istədiyi qiymətə satacaqdı, ya da patentini almadan insanlığın xidmətinə təqdim edəcək və beləliklə, çox insan daha ucuz qiymətə bu xəstəlikdən xilas olacaqdı.

Patent almadı. Pul itkisi 5 milyard dollar idi. Lakin onun bu itkisi çox kasıb ailələrə körpə uşaqlarını qazandırdı. Öz qazancı isə ölümündən sonra belə onu hələ də xatırlayan, hörmət edən milyonlarla insan oldu...

elm və həqiqət

Go Back

`Məni diri-diri oda atdılar` - Xocalı şahidilə MÜSAHİBƏ

Hüseynağa Aydın oğlu Quliyev 1992-ci ildə Xocalı faciəsini yaşayanlardan, soyqırım hadisəsinin canlı şahidlərindəndir. Xocalı soyqırımının 22-ci ildönümündə faciəni şahidin öz nəqlində xatırlayaq:

“Könüllülərdən ibarət batalyon yaratmağa məcbur olduq”

Faciəni xatırlamaq bizim üçün çox çətindir. Amma eyni zamanda xatirələr, yaşadığımız əzablarla müqayisədə sadəcə sözlərdir. O vaxtı Xocalıda peşəkar hərbi döyüşçülərimiz olmadığından, könüllü dəstələr yaradılmışdı. Köməksiz, yardımsız özümüz öüzmüzü müdafiə edirdik. Kənardan hərbçilər göndərilməmişdi. Ümumiyyətlə, Ermənistan SSRİ-nin tərkibində olduğu üçün rus ordusu da oranı tərk eləməmişdi. Bizdə isə əksinə, rus ordusu Azərbaycandan çıxmışdı. Azərbaycanın sabit ordusu isə hələ formalaşmamışdı. Ona görə də hərbimizdə pərakəndəlik yaranmışdı. Xocalı könüllülərdən ibarət batalyonun daimi komandiri də yeganə hərbçimiz, Xocalı milli qəhrəman Tofiq Hüseynov idi. Mən də həmin könüllülər dəstəsinin üzvü idim.

“Xocalı 1988-ci ildə işğal olunmalıydı”

Xocalıda rəhbər vəzifələrdə çalışan ermənilər çox idi. Hələ ara qarışmadan öncə onlar, əhalidən ov tüfənglərinə qədər bütün silahların yığılmasını təmin eləmişdilər. Məqsəd, Xocalını tam silahsız edib yer üzündən silmək, tamamilə məhv eləmək idi.

Bir nəfər də olsa danışan, görən, bilən şahid qalmamalıydı.

Xocalını işğal cəhdi hələ SSRİ təzə dağılan zaman, 1988-ci sentyabrın 18-də olmuşdu. Mitinq eləyib şəhəri ayaq altına almaq istəmişdilər, amma nədənsə geri çəkildilər. Ermənilər bizə xəbər göndərmişdilər ki, Sumqayıt hadisələrinin ildönümünü Xocalıda keçirəcəyik.

Xocalı coğrafi ərazi baxımından çox əhəmiyyətli idi, özəlliklə də ermənilər üçün. Bütün əlaqələri, diğər rayonlara – Qarabağa, Xabkəndinə, Ermənistana olan giriş-çıxışlar məhz Xocalıdan keçirdi. Ona görə də Xocalını ələ keçirmək ermənilər üçün başlığa məqsədə çevrilmişdi. Təəssüf ki, istəklərinə nail oldular.

“Xocalıların ağlına da gəlməzdi ki, tək qalacaq, mərkəz bizə dayaq duymayacaq”

Ətrafla bütün əlaqələr demək olar ki, kəsilmişdi, Xocalı ətrafında bir vertolyot belə uçmurdı. Qidalar da bitmiş, nə un, nə də digər ehtiyaclar qalmışdı. Əhali əkib-biçin etdiklərindən olan-qalanlarla dolanırdı. Kimin evində un, kartof və başqa. ərzaqlar vardısa, hamı bir-birilə bölüşürdü. Nə yerdən, nə göydən köməyimiz yox idi. Amma hər şeyə rəğmən umidimizi itirmirdik. Bizi yalın əllərlə ermənilərin qabağında saxlayan elə bu ümidimiz oldu. Xocalıların ağlına da gəlməzdi ki, tək qalacaq, mərkəz bizə dayaq duymayacaq.

“Yalvardıq ki, heç olmasa Şuşadan Xocalını vurun ki...”

Fevralın 25-də təxminən saat 6 radələrində eşitdik ki, 366-cı motoalay Xocalını mühasirəyə alır. Ayıq-sayıq olmağımızı xəbərdar etdilər. Biz onsuz da gecə-gündüz postda hazır vəziyyətdə dayanırdıq. Hər 100 metrdən bir 28-30 nəfərlik könüllü dəstələrindən ibarət postumuz vardı. Amma düşmənin nə vaxt hücuma keçəcəyini bilmək mümkün deyildi.

Saat 6-dan başlayaraq bütün postları mühasirəyə aldılar. Saat 21:30 radələrində isə toplar atılmağa başladı. Top zərbələrindən sanki yer yerindən oynayırdı. Əsas hücumlar da texnika ilə oldu. Düşmənin istifadə etdiyi BDM, BTR, tanklar, topların qarşısına yalnız o gücdə silahlarla çıxılmalıydı. Ermənilərdəki ağır silahlarla nəinki Xocalını, bütün Azərbaycanı məhv eləmək olardı.

Düşmən, ağıla gəlməyən hərbi silahlara sahib olduğu halda, Rəhim Qazıyev kimi vətən xainlərinin göstərişi ilə ehtiyat silahlarımızın heç birini işə salınmadı, insanları aldatmaqla məşğul idilər. Halbuki Şuşadakı `qrad `qurğuları ilə nəinki Xocalını, Qarabağı, hətta bütöv Azərbaycan müdafiə oluna bilərdi... O vaxt bizdə solyarka ilə işləyən rabitə qovşağımız vardı. Həmin rabitə vasitəsilə son dəqiqəyədək Şuşa ilə əlaqə saxlayıb yalvardıq ki, heç olmasa Şuşadan Xocalını vurun ki, bəlkə ermənilər dəstək olduğunu görüb geri qayıdalar. Amma Şuşadan heç bir səs-soraq gəlmədi. Döyüş gedə-gedə, itkilərimiz çoxaldıqca, artıq geri çəkilməyə məcbur olduq. Hücumların qarşısını ala bilmədik. Könüllülərdən ibarət dəstənin demək olar ki, bütün üzvləri şəhid oldu. Dinc əhalidən qırılan qırıldı, qırılmayansa əsir düşdü...

“Dəli olmamaq qeyri-mümkün idi...”

Faciənin qaçılmaz olduğunu hələ mühasirəyə alınmazdan əvvəl təxmin edirdik, lakin belə böyük masştabda, belə vəhşilikdə ola biləcəyi ağlımıza, təsəvvürümüzə belə gəlmirdi. Allahın yaratdığı heyvan belə erməni separatçılarından qat-qat mərhəmətlidir. İnsanın dirisinə, ölüsünə olmazın zülmlərini, işgəncələrini heç İkinci Böyük Vətən Müharibəsində faşistlər verməyiblər...

Hadisədən bir neçə il əvvəl Xocalıya məhsəti türkləri məskunlaşmışdı, onlar üçün evlər də tikilmişdi. Tanklarla məhv edildi bütün evlər. Yanan evdən qaçmağa çalışan uşaqları, qadınları, qocaları güllə-baran etdilər. Körpə uşaq meyidlərini ayaqlayıb gəzişmələrini, başlarını, qulaqlarını kəsmələrini, cansız bədənlərin üzərində apardıqları amansız əməlləri, ölmüş insanların başını bədənindən ayrımaları, baş dərisini soymaları... görüb dəhşətə gəlməmək, dəli olmamaq qeyri-mümkündür.

“...ermənilər xəbər göndərdi ki...”

Sağ qalmış bir qrup dinc əhali üzü meşəyə üz tərəf qaçaraq Qarqar çayını keçdi. Meşədə kimsə dedi ki, bəs, hardasa koridor olmalıdır, ermənilər xəbər göndərib ki, guya koridordan keçməyimizə imkan verəcəyik. Amma əslində məqsəd başqa idi. İnsanları açıqlığa, düzənliyə çıxarıb məhv eləmək istəyirdilər. Elə də oldu. İnsanlar iki yerə ayrıldılar. Bir qrup meşəyə, bir qrup da safcasına koridor deyilən tərəfə yönəldi. Aradan yarım saat keçməmiş uzaqdan atışma, qışqırıq səsləri eşidildi.

Ehtimallarımızda yanılmamışdıq – ermənilər gizləndikləri yerdən çıxıb bizimkiləri qırmışdılar. Kimisini güllə ilə, kimisini tankla əzməklə, kimisini də diri-diri yandırmaqla, qadınların döşlərini kəsməklə, don vermiş insanın başını bədənindən ayırmaqla. Can verən hamilə qadının qarnını yarıb uşağını yanına qoymuşdular. Bunları eşitmək nə qədər əzablı olsa da, gerçək faktlardır. Biz bunları yaşamışıq, öz gözümüzlə görmüşük...

“Məni diri-diri alovun üstünə atdılar”

Amma qaçıb qurtula bilmədik. Dağın döşünə çatanda güllə-barana tuş gəldik. Qurtulan olmadı. Bəzilərini öldürdülər, bəzilərini də əsir götürdülər. Məni BMP ilə vurub yaraladılar, sonra da ailəm, 2 yaş yarımlıq əkiz oğlanlarımla birgə əsir aldılar. Olmazın işgəncələrini verirdilər bizə. Artıq can verirdim. Ermənilər öləcəyimi düşünüb məni diri-diri yanan alovun üstünə atmışdılar. Amma əynimdə hərbi buşlat, ayağımda da çəkmə vardı. Elə əynimdəkilərin yanıq qoxusunu duyan digər azərbaycanlı əsirlər məni alovun üstündən çəkib çıxarmışdılar. Döyülməkdən huşum özümdə olmayıb, nə yandığımı, nə də xilasımın fərqində olmuşam. Səhər soyuğun təsirindən ayılmışam. Əyinimdəkiləri soruşanda başıma gələnləri danışıblar...

Səhərisi gün ermənilər yaxınlaşıb sorusdu ki, əlində silah olub? Dedim yox. Döyüş vaxtı öldürdüyüm erməninin əvəzini çıxmaq istəyirdilər. Hətta yalandan dedilər ki, boynuna alsan, səni azad edəcəyik, əsirlikdə olan erməni ilə dəyişəcəyik. Amma inanmadım onlara. Mənimlə birgə əsir düşmüş qaynatam da ağlaya-ağlaya dedi ki, cavansan, özünü xilas elə. Razılaşmadım.

Ona başa saldım ki, ermənilərə inanmaq olmaz, etiraf eləsəm, bunlar məni tikə-tikə edəcəklər. Bir var bir neçə güllə ilə öldürüləsən, bir də var min bir əzabla.

“Güllələri bədənə xaç formasında yağdırırdılar”

Diqqətimi ermənilərin görünüşləri, hazırlıqları çəkmişdi. Suriya, Livan erməniləri xarici görünüşcə qara dərisi, qırmızı və sarı saçları ilə seçilirdilər. Qəribədir ki, hamısına azərbaycan dilini öyrətmişdilər. Bizim yanımızda da elə azərbaycanca danışırdılar. Bizə bir qurtum su və çorək parçası verirdilər. Lakin döyülməkdən, ağrıdan nəinki yeyə, heç nəfəs ala blmirdik. Əsasən də ağacla, armaturla, ağır daşlarla zərbə vurmadıqları yerimiz qalmamışdı. Ağrıdan bayılanda da buzun üzərinə qoyurdular bizi. Canlı insanların başlarının dərisini soyurdular. Sonda da güllələri bədənə xaç formasında yağdırırdılar...

“Azərbaycanlının başı, oğlumun ruhuna hədiyyə olsun”

Əsirlikdə erməni qadınlarının kişilərdən də qəddar olduğunu gördüm. Bir erməni qadını, “bu gün ölmüş oğlumun ad günüdür. Bu azərbaycanlının başı, oğlumun ruhuna hədiyyə olsun” demişdi. Erməni hərbçiləri də onun istəyini yerinə yetirirdilər. Hər gün 4-5 nəfər əsir azərbaycanlını qurban aparırdılar. Hətta bir gün 11 nəfər əsiri bir gündə qurban etdilər. Hələ də ağlıma gətirə bilmirəm, adını qadın, ana qoyasan və bu qədər vəhşi, zalım olasan.

“Azərbaycanlı körpələr indi erməni adı ilə böyüdülür”

Anamı, ailəmi Xankəndində “podval”da, məni də Pircamalda, sonra Naxşıvanikdə saxlanılırdım. Hər gün əsir öldürülürdü, ölü sayı bilinməməsi üçün yerləri tez-tez dəyişdirirdilər. Sonradan həyat yoldaşım Aybənizdən milli qəhrəman Allahverdi Bağırova məktub göndərərək buraxmışdılar onu. Amma əkizlərimizi girov saxladılar ki, məcbur olub qayıtsın.

Məktubda yazılmışdı ki, bizimkilərin əsir saxladığı bir Suriya ermənisini iki uşağın əvəzində dəyişsinlər. Daha öncələri ermənilər, həmin erməniyə görə Allahverdi Bağırova pul təklif eləmişdilər, amma rəhmətlik Allahverdi mərd-mərdanı imtina etmişdi. Sonra da həmin ermənini mənimlə dəyişdi. Xanımıma demişdilər ki, məhz həmin erməni qaytarılmasa, uşaqları verməyəcəyik.

Amma onlar üçün bu bir bəhanə idi. Çünki, ermənilər sözügedən erməninin öldüyünü zənn edirdirlər. Balalarımızı da qaytarmağı düşünmürdülər. Onların niyyət və planlarında görə, uşaqları erməni adı ilə böyüdüb bizə qarşı vuruşacaq əsgər kimi yetişdirmək vardı. Uşaqlarımızın dəyişdirilməsi üçün 1 ay danışıqlar getdi. Mənim öğullarım xilas oldu, amma orda indi nə qədər azərbaycanlı körpələri erməni adı ilə böyüdülür.

“Yıxılsan, geri qaytarıb öldürəcəyik”

Dəyişdiriləcəyim gün üz-gözümü sildilər, başıma da papaq qoydular ki qan axmasın. Başıma armaturla o qədər vurmuşdular ki, tez-tez qan açılırdı. Məni sürüyə-sürüyə maşına mindirəndən sonra xəbərdarlıq elədilər ki, “çalış yıxılmayasan. Yıxılsan, geri qaytarıb öldürəcəyik”. Yıxılmamaq üçün özümü güclə saxlayıdım. Qabırğam qırılmışdı nəfəs ala bilmirdim, qolum və ayaq barmaqlarımı da sındırmışdılar. Qabırğalarım bir-birinə dəyməməsi üçün qollarımla birtəhər qabırğalarımı sıxdım.

Məni Ağdam-Əsgəran arasındakı qəbiristanlığa gətirdilər. Çətini postu keçməkdi. Ora qədər dözməliydim. Min bir zülmlə dözdüm, postu keçəndən dərhal sonra da huşumu itirdim. Müayinə və müalicə üçün əvvəlcə Əhmədlidəki Neyrocərrahiyyə Xəstəxanasında, sonra Respublika Xəstəxanasında yatdım. Həkimlər yaşayacağıma ümid etmədikləri üçün müalicəmə laqeyd idilər. Qabirğalarimda qırıqlıq var, ayaq barmağımdakı əyrilik hələ də qalıb. Burun sümüklərimdə də döyülməkdən qırıqlıq qalmışdı. Demək olar ki, indi burun sümüklərim yoxdur. Fəqərələrim zədəlidir. Beynimdə qan tromblaşdığından, danışanda özümü itirirəm, əsirlikdə boynumun arxasından aldığım zərbədən danışıq qabiliyyətimi itirmişdim.

Müalicədən sonra yavaş-yavaş açıldı, amma hələ də normal danışa bilmirəm. Əsəbləşən kimi kəkələyirəm. Sol qulağım eşitmir – pərdəsini cırmışdılar. Müalicəsi də yoxdur. İldə bir neçə dəfə qulağım qanaxma verir. Qanaxmanın qarşısını almaq üçün mütəmadi müalicə alıram. Amma tam sağalmaq qeyri-mümkündür. Vuqar və Bəxtiyar adlı dostlarım sağ olsunlar, müalicəm üçün hərdən maddi köməklik edirlər.

İnişil dövlət xəttilə ilə Almaniyaya müayinəyə getdim. Analizlərin, rentgenin cavablarını diskdə verdilər ki, get, Azərbaycanda müalicə olun. Amma diskdəki cavabları bizim həkimlər anlamadığından müalicəm yarımçıq qaldı. Həyat yoldaşım da yarımcan vəziyyətdədir. Ayağı don vurmuşdu, qaçan vaxtı başı daşa dəydiyindən beyni silkələnmişdi. Bakıya gələndə də ödündən 4 dəfə əməliyyat olundu, əsəbdən bədəni şişmişdi. Boğazında zobu əmələ gəldi.

İndi təqaüdlə dolanırıq. Mən 236 manat, yoldaşım da 100 manat təqaüd alırıq. Balalarımın taleyindən çox nigaran idim. Amma dövlət onlara sahib çıxdı. Hazırda ikisi də polis orqanlarında işləyir. Bu həyatda tək istəyim var – o da ölmədən öncə Xocalını görmək, gözümü orda yummaqdır. Hələ də Xocalıya qayıdacağımız günün ümidilə yaşayıram.

Sevda Babayeva AzVision.az 

Go Back

40 ildir sevgi məktubu yazır

Bu adam üçün sevgi nə sərhəd tanıır, nə vaxt, nə də məkan. Amerikalı Bil Bresnan öz həyat yoldaşını o qədər sevir ki,  40 ildir hər gün ona sevgi məktubu yazır.  Söhbət nə az, nə çox   ürəkdən gələn  10 min məktubdan gedir.

Bil Bresnanın indi  74 yaşı var. Bir vaxtlar məktəbdə müəllim işləyən Bil, yoldaşı  Kirstenlə də elə məktəbdə tanış olub.  Eşq həyatı yaşadıqları dövrdə Kirstenə çoxlu məktub yazan gənc, evləndikdən sonra da bu xüsusiyyətindən əl çəkməyib. Onlar evlənib yuva qurublar, amma Bill bu günədək həyat yoldaşına sevgi məktubu yazmaqda davam edir.  Hər şey bununla da kifayətlənmir, onlar hər gün şam yeməyini şam işığında, romantik musiqi sədaları altında yeyirlər.  Billin həyat yoldaşı  40 il ərzində bir dəfə də olsun aralarında söz-söhbət, narazıçılıq olmadığını dilə gətirib. Buna səbəb sadəcə yazılan sevgi məktubları deyil, gərək evdə ərlə arvad bir-birinin fikrinə hörmətlə yanaşsın. Elə Bill də bu fikirdədir.

Həyat yoldaşına 40 il ərzində  hər gün məktub yazan Bilin hekayəsi  yerli mediyanın da diqqətini çəkib. Ölkənin nüfuzlu telekanalında xəbər mövzusuna çevrilən ailə, ölkədə digər ailələrə də örnək kimi qələmə verilib. 

atvxeber.az

Daha ətraflı:http://atvxeber.az/news/interesting/16109-40-ildir-sevgi-mektubu-yazir
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.

Go Back

"Çərpələng uçuran"-ın müəllifi Xalid Hüseyni haqqında

                              

Xalid Hüseyni 1965-ci ildə Kabulda anadan olub. Xalid Hüseyninin atası diplomat olmuşdur. Kabulda olan daxili qeyri-sabitliyin hökm sürdüyü bir vaxt atasının diplomat olduğu üçün Xalidin ailəsinə ABŞ-da siyasi sığınacaq verilir.

Xalid Hüseyni Amerikada Koliforniya Universitetində tibb sahəsində təhsil alıb. Baxmayaraq ki, Xalid Hüseyni ölkəsində baş verən çətinliklərin birbaşa şahidi olmayıb, onu hər zaman həmyerlilərinin acı həyatı, ölkəsinin mürəkkəb siyasi vəziyyəti narahat edib. Elə buradan da yazıçının həkim olmaq istəyi meydana gəlib. İnsanlara kömək etmək, xeyir göstərmək istəyi…

Vətənindən, doğmalarından ayrılıq yazıçının gələcək ədəbi həyatına təsir edir və zamanla yazıçı öz daxili həyaəcan və intizarını vərəqə köçürür.

Xalid Hüseyninin ilk müəllifi olduğu əsər “Çərpələng uçuran” adlanır. Tənqidşilər və oxucu auditoriyası bu romanı böyük zövq və maraqla qarşıladılar. Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. ‘Çərpaləng uçuran’ bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür…

Tezliklə kitabın motivləri əsasında film çəkilir. Lakin Əfqanıstan hakimiyyət orqanları filmin ölkədə yayımlanmasını qadağan edir. Bu hadisə Xalid Hüseynini bir qədər sarsıtsa da, onu ümüdini kəsmir və yazıçı fəaliyyətinə daha çox təşəbbüs ayıraraq yazıçılığa davam edir.

2007-ci ildə Xalid Hüseyninin ikinci əsəri oxucu auditoriyasına təqdim edilir. Həmin əsər “Min möhtəşəm günəş” adlanır və tezliklə bütün ingilis dilli ölkələrin kitab köşklərində  qabaqcıl cərgələrdə durur.

Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdan kənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla.

Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər.

“Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə.

Yazıçının ən son fəaliyyət nümunəsi 2013-cü ildə “Və dağlardan səda gəldi” əsəri olmuşdur. İlk iki əsər kimi də bu əsər də əsasən Əfqanıstan və oradakı insanların həyatı haqqında bəhs edir. Romanda Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanistanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtləriylə mübarizə aparmaqdadır.

Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeqanə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər.

Pəri və Abdulla, atalarıyla Kabul çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taleydən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.

Nəsillərdən və qitələrdən keçərək bizi Kabuldan başlayıb Paris, San-Fransisko və Tinosun Yunan adalarına tərəf səfərə çıxaran Xalid Hüseyninin yeni romanında, həyatımız boyunca etdiyimiz seçimləri, ən yaxınlarımız tərəfindən məruz qaldığımız ümidsizlikləri, bizi təsvir edən və həyatımızı şəkilləndirən ölçüləri sonsuz müdriklik, mərhəmət hissi və həvəslə izah edir.

bildirchin.az

Go Back

Məktəbdə kütbeyin olmuş dahilər

                                     

Anton Çexov
Rus yazarları arasında öz dərin intellektiylə tanınan A.Çexov uşaq ikən dərslərə çox da maraq göstərmirmiş. Bioqrafları bu günahı yazarın atasının ayağına yazırlar. Onun işlətdiyi dükandakı rəflərdə ərzaq məhsullarıyla (çay, konfet, sabun, duzlu balıq) yanaşı, kerosin, dərmanlar, civə, azot turşusu, strixnin və bu kimi mallar qarmaqarışıq halda düzülərdi.

Dükanda spirtli içkilər də satıldığından atası balaca Antonu dərsə getmək əvəzinə, əl-ayaq işlərində çalışdırırmış, oğurluq olmasın deyə, ona alıcılara göz qoymağı tapşırırmış. Hər cür iylə dolu dükanda, yeyib-içən, söyüşən, hətta dalaşan əyyaş müştərilərin əhatəsində gənc gimnazistin oturub, dərslərə hazırlaşması, diqqətini nəyə isə cəmləməsi son dərəcə ağlasığmaz idi. Həm də dükanın içi adətən soyuq olduğundan Antonun barmaqlarının ucları donurdu.

Sübh saat beşdə dükanı açan uşaq yarıyuxulu halda oturub, atasının işə çıxmasını gözləyirdi. Atası isə kefinə görə işə başlayırdı. Dükandakı cansıxıcı növbəsini başa vuran Anton, aydın məsələdir ki, dərs oxumağa deyil, tay-tuşlarıyla oynamağa yollanırdı. Mövsümdən asılı olaraq, o, ya çayda çimirdi, ya da xizək sürürdü.

Bütün bu səbəblər üzündən onun gimnaziyada qabaqcıl şagird kimi ad çıxarması imkansız idi. Hətta o, iki dəfə sinifdə də qalmışdı: üçüncü sinifdə coğrafiyadan və riyaziyyatdan, beşinci sinifdə isə yunan dilindən qeyri-kafi qiymətlər aldığı üçün yuxarı sinfə keçməmişdi. Maraqlı cəhət burasıdır ki, gələcəyin dahi yazıçısı heç ana dilindən də orta qiymət, yənı «4» almağa həmişə nail olmurdu, dəftərlərində daha çox «üç»lərə rast gəlinirdi.

Yuxarı siniflərdə o, səylərini artırmaqla bu geriliyi ortadan qaldıra bildi. Atası isə iflasa uğradığı üçün öz baqqal dükanını həmişəlik bağladı və ailəsiylə birlikdə Taqanroqdan Moskvaya köçdü. Orada Tibb İnstitutuna daxil olan Anton Çexovun həyatında köklü dəyişikliklər baş verdi və o, özünüifadə məqsədiylə duzlu-məzəli hekayələr, səhnəciklər yazmağa, yaradıcılıqda ilk addımlarını atmağa başladı.

Uinston Çörçill
Kübar ailənin övladı olan Uinston uşaq yaşlarından təhsilə, dəftər-kitaba nifrət bəsləyirdi. Öz memuarlarında o, bu barədə belə yazır: «Dayəmlə ilk qiraət kitabımı oxuyub bitirmədən mən bu əziyyətdən qurtulmaq üçün evdən qaçmağı uyğun bildim».

Doqquz yaşına girən Uinstonu valideynləri Askat şəhərindəki Müqəddəs Georq özəl məktəbinə verirlər. Həmin təhsil ocağında dərslərə hazırlaşmayan şagirdləri vaxtaşırı, həm də amansızcasına döyürdülər. Uinston da orada gen-bol kötək yeyirdi. Ancaq bunun səbəbi heç də tənbəlliyi deyildi. Müəllim və tərbiyəçilər balaca Uinstonu adətən yaşına uyğun olmayan kitablar oxuyarkən yaxaladıqları üçün cəzalandırırdılar.

Dərsdən kənar bütün kitablara sonsuz maraq duyduğu halda о, dərslikləri əlinə almağa ərinirmiş. İki il həmin məktəbdə candərdi oxuyan Uinston yekun imtahanlarında çox pis nəticələr göstərdiyindən valideynləri onu məktəbdən çıxartmaq qərarına gəldilər. On üç yaşında ikən Çörçilli Harroudakı orta məktəbə verdilər ki, təhsilini davam etdirsin. Ötən illər ərzində o, imtahan verməyin sirlərinə az-çox yiyələndiyi üçün bu məktəbdə qazandığı nəticələr «ikilər» yox, "üçlər" oldu. Orada oxuduğu illər ərzində məktəb müdiriyyəti tərəfindən küt şagirdlər kateqoriyasına aid edildiyindən onun qədim yunan və latın dili dərslərinə girməsi yasaqlanmışdı: bunun yerinə o, ana dili üzrə əlavə dərslər alırdı.

Sonralar, tarixin ən təlatümlü dövrlərində Çörçillin Böyük Britaniyanın iki dəfə baş naziri seçilməsi və 1953-cü il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməsi nəzərə alınarsa, vaxtilə balaca Uinstona ana dili dərsləri verən müəllimlərin əməyinin boşa getmədiyini dərin inam hissiylə söyləmək olar. 

Tomas Edison
O, uşaqlıq dövrünü son dərəcə bəxtəvər keçirib: atası fəhlə imiş, anası isə vaxtilə müəllimə işləyibmiş. Ailənin sonbeşiyi olan Tomas əziz-giramı övlad kimi əzizlənirmiş.

1854-cü ilə kimi, yəni yeddi yaşına dolana qədər o, əsl uşaqlıq həyatı sürüb. Həmin il valideynləri onu məktəbə yazdırıblar. O vaxt şəhərdə yeganə ibtidai təhsil ocağı Reverend C. İnqlin özəl məktəbi imiş. Burada bircə təlim-tərbiyə üsulu uyğulanırmış: uşaqlara son dərəcə iri mətnləri əzbərləməyi tapşıran «müəllim» verilən ev tapşırıqlarının öhdəsindən gəlməyən şagirdləri xətkeşlə, həm də xüsusi amansızlıqla döyürmüş. Çox vaxt o, sırf ibrət olsun deyə, məktəbliləri döyməyə, onların gözünün odunu almağa da bir bəhanə tapırmış.

Tomas elə ilk günün səhəri iki ayağını bir başmağa dirəyib deyir ki, bir daha o məktəbə ayağını basmayacaq. Atası onun üstünə çımxırır və dərsə getməsini tələb edır.

Dərslərinə davam edən Tomas ilk ayın sonuna doğru bütün dərslərdən «iki» alır. Milad (Yeni il) bayramına yaxın isə o, məktəbdən göz yaşları içində evə dönərək, anasına bildirir:

— Mister İnql hamının gözü qarşısında məni «debil» adlandırdı və dedi ki, valideynlərin gəlməsə, bir daha səni məktəbin kandarından içəri buraxmayacağam.

Təcrübəli pedaqoq olan xanım Edison bu yerdə xeyli anlayışlı davranaraq, ərinə bu xüsusda bir şey söyləməyə gərək duymur və məsələni yerində araşdırmaq üçün şəxsən məktəbə yollanır. Onu məktəb binasının girişində qarşılayan mister İnql çox qaba şəkildə deyir: «Bu ağıldan kəm oğlunuz heç bir fənni qavraya bilmir. Əgər onu bu məktəbdən çıxartsanız, çox ağıllı seçim edərsiniz».

Missis Edison elə belə də edir. O vaxtdan etibarən onun oğlu heç bir orta təhsil ocağına qədəm qoymur. Sonradan dünyanın ən məşhur ixtiraçılarından biri kimi tanınan və «General Electric» şirkətini quran Tomas Edison bütün ilkin bilgiləri ev şəraitində, həm də doğma anasının nəzarəti altında qazanır. Anası ona oxumağı öyrədəndən sonra Tomasın uğurları günbəgün artmağa başlayır.

Normal yazı yazmağı ömrü boyu öyrənməsə də, sırf zehni gücü hesabına o, qısa müddətdə milyonçuya çevrilir, ən məhsuldar ixtiraçı kimi adını ABŞ və dünya tarixinə yazır.

kulis.az

Go Back

Avraam Linkolndan oğlunun müəlliminə məktub

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkoln oğlunu ilk dəfə məktəbə göndərən zaman müəlliminə məktubla bu cür müraciət etmişdi:
 
"Hörmətli müəllim. Oğlumum sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. İtirməyi, həm də qazanmaqdan həzz almağı öyrədin ona. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birinə yapışıb gedəndə kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma.
 
Bütün insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib ancaq yaşıları özünə götürməyi öyrət. Bacarsanız, kədərləndiyi zaman belə necə gülə biləcəyini öyrədin ona. Ağlamağın utandırıcı bir şey olmadığını, gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı, uluyan insan kütləsinə qulaqlarını tıxamasını və əgər özünün haqlı olduğuna inanırsa, dimdik ayaqda qalıb mübarizə aparmağı öyrədin ona.
 
Ona qarşı mehriban olun, amma qucaqlamayın, çünki ancaq odun qığılcımı poladı saflaşdırır. Qoyun səbrsiz olacaq qədər cəsarətə sahib olsun və qoyun cəsur olacaq qədər səbrli olsun. Ona həmişə özünə inanmağı öyrədin, bu yolla onun bəşəriyyətə inamı daimi olacaq. Bütün bu sadaladıqlarım bəlkə də çox böyük tələbdir. Lakin özünüz baxın, nə qədərini bacarırsınız".
 
milli.az

Go Back

Gerçək həyat hekayəsi - Dəhsətə gələcəksiniz

Amerika təyyarəsi Vyetnamda bir dəstə uşağın sığındığı bir məbədə 4 napalm bombası atdı. Sağ qalan uşaqlar alovlar içərisində qışqıra-qışqıra qaçmağa başladılar. Bu vaxt amerikalı fotomüxbir Nik Ut orada idi və ona Pulitser Mükafatını gətirən məşhur fotoşəklini çəkdi.Vyetnam müharibəsinin simvol şəkillərindən biri olan acı dolu foto(( Çox keçmədi ki, bu şəkil (həm də bu şəkildəki çılpaq balaca qız) Vyetnam Müharibəsinin simvoluna çevrildi. Bu şəkil həm də Amerikanı dünya ictimaiyyəti qarşısında "məhkum edirdi". 

1982-ci ildə hollandiyalı bir jurnalist o qızı axtarmağı qərara aldı. Və uzun axtarışlardan sonra o qızı tapdı. Bu qız Kim Fuk idi. O, bütün bədəni yandığı üçün Sayqonda 14 ay xəstəxanada yatmış, yanan yerlərin yarısından çoxunda üçüncü dərəcəli yanıq olduğu üçün həkimlər ondan ümidlərini üzmüşdülər. Kim Fuk dözülməz ağrılar çəkir, hətta bəzən bu ağrılardan huşunu itirirdi. Ən dəhşətlisi isə çənəsi ilə sinəsi bir-birinə yapşmış, sol əli sümüyünə kimi yanmışdı.

İllər sonra Kim Fuk Kanadaya köçdü. Onda onun 34 yaşı var idi. Üstəlik o, Kanadaya tək yox, həyat yoldaşı və oğlu ilə köçmüşdü. Astma və şəkərdən əziyyət çəkir, tez tez miqren sancıları keçirirdi. Hələ də bədənində sağalmamış yaralar var idi. 

1996-cı ildə Vaşinqtonda Vyetnam Müharibəsinin xatirəsinə bir mərasim keçirildi. Bu mərasimdə Kim Fuk da var idi. Nəhayət, söz Kim Fuka çatdı. Çıxışının sonunda o: "Əgər o bombaları atan pilotla üz-üzə gəlsə idim, yəqin ki, ona "Artıq keçmişi dəyişdirə bilmərik" deyərdim. Deyərdim və sonra da əlavə edərdim: " Keçmişi dəyişdirə bilmərik, ancaq gələcəyi dəyişdirə bilərik. Həm də sülhə xidmət etmək üçün..."

Kim Fuk zaldan çıxmaq istəyirdi ki, kimsə ona bir kağız verdi və əli ilə kağızı göndərən adamı göstərdi. Kim Fuk istər istəməz kağızı göndərən adama baxdı. Onun əli-ayağı titrəyir və dəhşətli baxışlarla Kim Fuka baxırdı. Sonra Kim Fuk əlindəki kağızı oxudu. Kağızda: "Kim! O pilot mənəm!" sözləri yazılmışdı.
Bəli, o, 8 iyun 1972-ci ildə Vyetnamdakı məbədə napalm bombası atan təyyarənin pilotu Con Plammer idi. Müharibədən sonra uzun illər özünə gələ bilməmiş və o kiçik qızın şəklini cibində gəzdirmişdi. Kim bir anlıq pilota baxdı və sonra qollarını açaraq ona doğru qaçdı...

Go Back

Şəhidlərin şahidləri

 Hörmətli redaktor!

“525-ci qəzet” oxucularına təqdim etdiyim bu yazılar düz on dörd il bundan əvvəl yazılıb. “Xalq qəzeti”ndə işlədiyim zaman, Qanlı Yanvar Şəhidlərinin ildönümü ilə əlaqədar əməkdaşlara, o cümlədən bu sətirlərin müəllifinə o məşum gecənin şəhidlərini arayıb-axtarmaq, hələ yaddaşlarda yaşayan ağrılı-acılı xatirələri yazıya almaq tapşırılmışdı. Axı xalqımızın başına gətirilən misli görünməmiş faciəni gözüylə görənlər özləri canlı tarixdirlər. Onların göz yaşları içində boğula-boğula danışdıqları dərdli hekayətlər gələcək nəsil üçün ən etibarlı mənbədir. Yazıda adıçəkilən şahidlər isə yəqin ki, hər ilin 20 Yanvar günü o gecənin dəhşətli anlarını bir daha xatırlayır, bir daha o qan hərislərini lənətləyirlər. Bu, bizim qan yaddaşımız – qanla yazılmış tariximizdir.

O zaman hərəmizin bir yazısı dərc olundu. Qalan iki yazımı isə bu gün olduğu kimi oxuculara təqdim edirəm.

 Müəllif

 – Qanlı Yanvarın üç günü – üç gecəsi ömrümün sonuna qədər yaddaşımdan silinməyəcək. 19-u gecəsi saat 10 radələrindən işıqlarımız söndü. Anam ağır xəstə yatırdı. Saat 11-ə qalmış küçəyə çıxdım. Nəsə ürəyimə dammışdı. Küçədə məndən başqa da xeyli adam vardı. Azadlıq prospektindən tankların gurhagurla keçdiyini gördüm. Tbilisi prospekti tərəfdən qarmaqarışıq səslər gəlirdi. Özümü xəstəxanaya necə çatdırdığımı indi də xatırlaya bilmirəm. Pillələri qalxanda ilk yaralını xərəkdə gətirirdilər. Məndən də qabaq gələnlər vardı. İnstitutumuzun o vaxtkı direktoru Oqtay İsmayılov hər şeyi operativ şəkildə həll etmişdi. Əslində, cərrahiyyə üçün nə lazımdırsa əvvəldən hazırlanmışdı. Hadisələrin gedişindən ehtiyat edirdik. Ancaq belə müsibət gözləmirdik. Briqadalara bölünmüşdük. Üç əməliyyat otağımızın üçü də işləyirdi. Yəqin bilirsiniz ki, ən ağır cərrahi əməliyyat zamanı belə həkimlər özlərini çox təmkinli aparır, xəstələr demişkən, “daşürəkli” olurlar. Ancaq təsəvvür edin ki, biz göz yaşları içində boğulurduq. Çətin idi, çox çətin. Elə bil onda bu Vətənin vətəndaşı, övladı olduğumuz daha çox dərk edirdik. Dərd hamımızı birləşdirmişdi. Şəfqət bacıları yaralıları doğma bacıdan da artıq oxşayır, göz yaşı tökürdülər. Belə müsibətli günlərin acısını biz həkimlər daha çox hiss etmişik. Yaralıların əksəriyyətini xilas edə bildik, tək bir nəfərin ayağını kəsməli olduq, çünki başqa yol yox idi. İlk gecə anastezioloq Anelya Melikova əsl ana fədakarlığı göstərdi. Eh, hansını deyim...

Həmsöhbətim Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (bərpa mərkəzi) şöbə müdiri Əli Davudov sözünün ardını gətirə bilmədi, qəhərləndi.

İnstitutun baş elmi işçisi Çingiz Əlizadə söhbətə qoşuldu:

– Bizim xəstəxanaya gətirilən yaralılar əsasən ətraf nahiyələrdən güllə yarası alanlar idi. Saniyədə 300 metr sürətlə gedən 5,45 ölçülü güllələrin çox dəhşətli fəsadlarını gözümüzlə gördük. Güllə bədəndə irəli gedir, çıxan qəlpələr geri atılır və toxumaları dağıdır. 20-dən 21-nə keçən gecə Şıxnəbiyev familiyalı cavan oğlanı Salyan kazarmasının zirzəmisindən bir praporşik tapıb gətirmişdi. İki gün huşsuz qalıbmış. Güllələr sol budundan girib, sağ tərəfə keçib, sonra yeriyib sağ bud sümüyünün iliyində qalmışdı. Əməliyyat uğurlu oldu. Anastezioloq Qənirə xanım onu şok vəziyyətindən çıxara bilmişdi. Şəklini də saxlamışıq. Güllələri rentgendə tədqiq elədik, 5,45 ölçülü həmin güllələr xüsusi dağıdığı xassəyə malikdir və əhalini vəhşicəsinə qırmaq məqsədilə Sovet İttifaqında ilk dəfə tətbiq olunub.

Xəstəxanada həkimlərdən Məcid Məsimov, Fikrət Bayramov, Altay Cəfərov, Müzagir İsmayılov, anastezioloqlar Əliheydər Dadaşov, Azad Mehdiyev və başqalarının o vaxt göstərdikləri müstəsna qayğıdan da söz açdılar.

Doğrudan da, o zaman xəstəxanalar hamının həm ümid yeri, həm də sağ qalanların və həlak olanların yeganə ünvanı idi. Qanlı Yanvardan 6 il keçəndən sonra bu xəstəxanaya üz tutmağım da təsadüfi deyildi. Digər xəstəxanalarla müqayisədə bura az yaralı daxil olmuşdu. Görəsən niyə? İndi aydın olur ki, ölənlərin əksəriyyəti döş qəfəsi və qarın nahiyəsindən vurulubmuş. Axı, qoldan, qıçdan vurulanların sağ qalmaq ehtimalı daha çox ola bilər. Demək, bu dəhşətli faciəni törədənlər bir məqsəd güdüblər: yalnız məhv etmək!

 “O gecə metro  yeganə sığınacaq idi”

 ŞAHİDLƏR BELƏ DEYİRLƏR

 ...Bir də onu deyirlər ki, o şənbə gecəsi dünyanın ən uzun gecəsiydi, bitib tükənmək bilmirdi, sonu görünmürdü. Atılan qıpqırmızı güllələr şəhid köksündə “soyuyurdu”. Yer üstündə günahsız bir şəhər qana boyanmışdı. Küçələr, divarlar, ağaclar – hər şey qan qoxuyurdu. Kobud əsgər çəkmələrindən, tankların tırtıllarından qan damcılayırdı. O gecə yer üstündə güllə leysanına düşüb yarımcan olanlar yerin altına – metroya sığındılar və o zaman metro stansiyaları, sözün əsl mənasında xilasetmə məntəqələrinə dönmüşdü.

Vaqif Həşimov: O gündən yeddi il keçsə də bugünkü kimi xatirimdədir. Onda mən XI Qızıl ordu, indiki 20 Yanvar və Memar Əcəmi stansiyalarının rəisi idim. Həmin faciə baş verməmişdən qabaq da narahat idik. Hamının üzündə bir narahatçılıq hiss edilirdi və adama elə gəlirdi ki, nəsə olacaq. Yanvarın 19-da saat 6-7 radələrində televiziyanın enerji blokunun partladılması xəbərini eşitdik. Daha güman yeri qalmadı. Tez-tez metrodan vəziyyətlə maraqlanırdıq. Axı 1988-ci ildən bəri baş verən hadisələr zamanı da əhalinin gediş-gəlişini təmin edən yeganə nəqliyyat metro olub və biz buna hazır olmalıydıq. O vaxt ən çox adam 20 Yanvar metrosu ətrafında yığılmışdı. Yük maşını, beton piltələr qoyulmuş, bir sözlə barrikadalar qurulmuşdu. Hes kəsin uzaqlaşmaq fikri yox idi və heç kimin də ağlına gəlmirdi ki, silahsız adama atəş açarlar. Lakin belə olmadı. Artıq saat 10 radələrində Salyan kazarması tərəfdən işıq saçan güllələrin atıldığını gördük. Yenə camaat inanmırdı ki, yəqin boş güllələrdir, bizi qorxutmaq üçün atırlar. Saat 11-ə işləmiş tanklar atəş aça-aça metroya yaxınlaşanda və bir neçə nəfərə güllə dəyəndən sonra hamı başa düşdü ki, məsələ nə yerdədir. Qırğın belə başladı. Xatırlayanda dəhşətə gəlirəm. Qansızlar hara gəldi – çevrə boyu atəş açırdılar. Metronun pilləkən səviyyəsinə qədər güllə yağdırırdılar. İndi də təəccüblənirəm. Onda heç kəsdə elə bil qorxu hissi yox idi. Qolundan, qıçından yaralananlara ilk tibbi yardım göstərirdik – öz paltarlarından cırıb yaralarını sarıyırdıq, o biri stansiyalara yola salırdıq. Metronun girəcəyinə yaxın yerdə yıxılan yaralıları sağ qalanların köməyi ilə metroya daşıyırdıq. Sonra nisbətən təhlükədən uzaq stansiyalara göndərirdik ki, ordan təcili yardımla xəstəxanalara çatdırsınlar. Bütün stansiyalar səfərbər idi. Metronun çıxış pilləkənləri qana boyanmışdı. Yaxın düşə bildiyimiz meyitləri içəri gətirirdik ki, tankların tırtılları altında qalmasınlar. Belə dəhşətli səhnələri heç kinoda da görməmişəm. Metro iki sutka fasiləsiz işdədi. Metronun tarixində bu, ilk hadisə idi. İşçilərimiz həmin iki günü göz qırpmadılar. Yanvarın 20-sində səhər gecə nə baş verdiyinin şahidi oldum: qan gölməçələri, bir tərəfdə tək qol, bir tərəfdə qıç, parça-parça insan əzaları, xıncım-xıncım əzilən sümüklər. Eh, Allah bir də bizə o günü göstərməsin.

Ramiz Abdullayev: Dispetçer idim. Həmin gecə növbəm olmasa da işə tələsirdim. Əzizbəyov metrosunda neçə yaralını təcili yardım çağırıb xəstəxanaya yollamışıq.

Sədi Orucov: distansiya rəisi işləyirdim. “Neftçilər” metrosunda da yaralıları kömək edə bildik. Sayını xatırlamıram, çox idi. Əgər metroya girməsəydilər, çətin o vəhşilərin əlindən sağ qurtarardılar.

Bəli, yerin üstündə tüğyan edən ölümün pəncəsindən xilas olmaq üçün o gecə güllə hədəfinə dönən şəhərin günahsız sakinləri bir vaxt tikib-qurduqları metroya – yeraltı dünyaya pənah gətirmişdilər. Bu da Qanlı Yanvarın yaddaşlarda qalası bir səhifəsi.

 Azərbaycan adlı bu məmləkət çox belə faciələr yaşayıb. 1920-ci ildə Biləcəri yoxuşundan qalxıb Bakını top-tüfənglə “salamlayan” imperiya qoşunları 70 ildən sonra – 1990-ci ilin 20 yanvarında da avtomatlarını, tanklarını sınayıb vidalaşmalı oldu və tariximizdə qan qoxusu izini qoyub getdi.

 Şəhid günü

 Qanlı 20 Yanvar qurbanlarına

 Silkələn, Babadağ, dillən, Savalan,

Ağla, Heydərbaba, yaşına qurban.

Nakam Şəhriyarın nakam arzusu

Nigaran getmişdi Vətən sarıdan.

 

Deyirdi tanıyın dostu, düşməni,

Haqqın haqq işində namərd əli var.

Göz açıb yummamış gölləndi al qan,

Yan-yana düzüldü şəhid oğullar.

 

Analar saç yolub ağı dedilər:

Yandı ürəyimin başı, a laylay!

Yox, ölüm deyil bu, zülmdür-zülm!

Gözünün quruyan yaşı, a laylay!

 

Ölməz şəhidlərin yaralı ruhu –

Əmanət qoyduğu nə var – müqəddəs!

Dağüstü Pir deyən Dağüstü parka,

Yan-yana düzülən məzar-müqəddəs!

 

Tarix cavab versin qoy bundan belə!

Namərd sığalından doymuşam daha.

Haqqına sığınan Azərbaycanım,

Dönüb qarış-qarış ziyarətgaha.

 

Nə deyim, soyusun alına köksüm?!

Yanır ürəyimin başı, a laylay!

Yox, ölüm deyil bu, – zülmdür-zülm...

Gözünün quruyan yaşı, a laylay!..

 Etibar ETİBARLI

 

525-ci qəzet.- 2010.- 20 yanvar.- S.4.

Go Back

“Adını eşidəndə dəli oluram”- Narkotik qurbanı danışır

İnsanı öldürən min cür təbii və qeyri-təbii vasitələr var - qripdən tutmuş atom bombasına qədər. Həyatına son qoymaq istəyənlər də müxtəlif üsullara əl atırlar. Ancaq adına “ağ ölüm” deyilən dəhşəti hansı qrafaya aid eləmək lazım olduğunu bilən yoxdur. Bu, insanları tədricən məhv eləmək yoludur. Deyir, birini məhv etmək istəyirsənsə, onu öldürmə, heroinə öyrət. Sonra da onun əzablarla məhv olmasına baxıb ləzzət al... 

Bizimlə söhbət edən, ancaq anonim qalmaq istəyən müsahibimiz də axırda belə dedi.

“Yalnız o qızı düşünürdüm”

O, 1970-ci ildə Hacıqabulda anadan olub. Məktəbdə oxuyanda bir qızı sevib: “Sonuncu sinifdə oxuyanda məndən iki sinif aşağı bir qızı sevirdim. Düşünürdüm ki, nişanlanarıq, mən universitetdə təhsil alaram, o da orta məktəbi qurtarar, evlənərik. Son zəng günü istəyimi qıza dedim. Amma mənə ”yox" cavabı verdi. Mən də heç bir söz demədən gözlədim. 

Bakıda universitetə daxil oldum, üz tutdum paytaxtda yaşamağa. Amma o qız fikrimdən çıxmırdı. Birinci semestrin yekununda rayona gələndə eşitdim ki, qız başqa birinə qoşulub qaçıb. Sankı həmin vaxtdan həyatda mənə vacib olan daha nəsə qalmadı".

“Pulumun olduğunu bildi və...”

O, yenidən təhsilini davam etdirmək üçün paytaxta qayıdır. Narkotikə aludəçiliyi də sevdiyi qızın ondan imtina etməsi ilə başlayır: “Mənim sevib evlənmək istədiyim qız artıq başqası ilə bir dam altda yaşayırdı. Dərslərə getmirdim. Getsəm də, adaptasiya ola bilmirdim. Bir gün dostumla restoranda oturmuşduq. Onun bir tanışı da ora gəlib çıxdı. Kefsiz olduğumu bildi, soruşdu ki, nə olub? Hadisəni danışanda güldü, dedi ki, həyatda insana sevinc gətirən şeylər çoxdur. Növbəti dəfə restoranda oturub yeyib-içdikdən sonra ilk dəfə mənə nəşə hazırlayıb verdi ki, çəkim. Onu çəkdim, hallandım, elə bildim, dünya mənimdir. Dedim, mənə lazım olan elə buydu, bu aldadıcı təsirin, yəni sevinc və enerjinin həmin maddələrdə olduğuna inanmağa başladım. On-on beş gün əhvalım düzəldi. 

Sonra tez-tez həmin adama zəng edirdim ki, mənə mal gətir, ağrım çəkilib getsin. O da dərhal gətirirdi. Amma pul istəmirdi. Narkotikin bütün növlərindən çəkmişəm. İlk olaraq nəşədən başladım, sonra heroinə, metodinə, daha sonra kokainə keçdim. Bir gün mənə narkotik gətirəni axtaranda tapa bilmədim. Telefonuna zəng etdim, cavab vermədi. Universitet tələbəsi olduğum üçün kiməsə ehtiyacımı deməyə ürək eləmirdim. 

Aradan 3-4 ay keçmiş həmin kişi yenə üzə çıxdı. Soruşdum ki, bəs sən hardasan, mənə mal lazımdır. Qayıtdı ki, vəziyyət xarabdır, narkotik almağa pul yoxdur. Güldüm, dedim, mənimçün pul problem deyil, sən malı gətir. 

Beləliklə, həmin adam bildi ki, mənim yaxşı pulum var. Demək olar ki, hər gün narkotik gətirirdi. Bu bəla məni dərslərdən soyutdu, evdən göndərilən pulları narkotikə verməyə məcbur olurdum". 

“Atam yalvardı” 

Deyir, ailəsi narkotik istifadəçisi olduğundan xəbər tutanda onu evləndirmək istəyiblər: “Nəhayət, ailəmiz bundan xəbər tutdu. Bu problemdən çıxış yolu kimi məni ikinci kursda xalam qızı ilə evləndirmək qərarına gəldilər. Amma əvvəlcə məni müalicə almaq üçün xəstəxanaya yerləşdirdilər. Atam yalvardı ki, rayonda vəzifəm, adım-sanım var, həm də cavansan, yazıqsan, bundan əl çək. Özümə söz verdim ki, daha narkotik qəbul etməyəcəm. Xalam qızı ilə evləndim. Hər şey yaxşı gedirdi. Gözəl ailəm vardı, bir qızım oldu. Atam tanışları vasitəsi ilə məni banka işə düzəltdi, çox keçmədi bankda şöbə müdiri vəzifəsində çalışdım”. 

QİÇS-ə tutulanda... 

O, Bakıdan rayona gedəndə təsadüfən həmin adamla rastlaşır. Və öyrənir ki, o, yenə də narkotik alveri ilə məşğuldur: “Günlərin bir günü rayona gedəndə Hacıqabulda rastlaşdıq. Hal-əhval tutduqda məlum oldu ki, həbsxanadan təzə çıxıb. Amma yenə də narkotik alveri ilə məşğul olur. 
Bir gün işdə oturmuşdum, qəfil o kişi gözlərimin önünə gəldi. Düşündüm ki, yenidən bir dəfə çəkməklə heç nə olan deyil. Onu axtarıb tapdım, mənə mal gətirməsini istədim. Artıq şprislə damara vurmağa başladım. Həmin vaxtdan ailə-uşaq, heç kəs vecimə olmadı. İşə gəlmədiyimdən, tez-tez gecikdiyimdən məni şöbə müdiri vəzifəsindən çıxardılar, adi işçi oldum. O da atamın xətrinə... 

Bütün bunlar məni yolumdan döndərmədi. Ağlımda yalnız bir şey vardı: narkotikdən istifadə edim və dərdlərimi unudum. Həyat yoldaşım biləndə ki, həm narkotikdən istifadə edirəm, həm də QİÇS daşıyıcısıyam, evdən çıxıb getdi. Bacım-qardaşım da məndən imtina etdilər. Pulum qurtaranda borclarım başladı. Evdə satmadığım əşya qalmadı. 

Həmin adama yalvarırdım ki, mənə borc narkotik gətirsin. O da gətirirdi. Amma borcumu ödəmədiyim üçün daha narkotik vermədi. Bir gün polis məni narkotik üstündə həbs etdi". 

Həbsxanadan çıxdıqdan sonra yenə də ata-anasına sığınır: “Üç il həbsxanada yatdım. Məhbəsdə olanda məndə Hepatit-c də aşkarlandı. İşləməyə gücüm də çatmırdı. Pis vəziyyətdə idim. Yenə ata-anamın mənə yazığı gəldi. İndi onlarla qaliram. Ailəm isə hələ də mənə inanmır. Ona görə mənimlə yaşamaq istəmirlər. 
Digər tərəfdən, mən həyat yoldaşımı da QİÇS-ə yoluxdurmuşam. Mən özüm də arxayin deyiləm ki, bu bəladan qurtulacam. Hərdən ağrılarım olur, dərmanlarla yola verirəm. Amma nə vaxta kimi tab gətirəcəm, bilmirəm. Hərdən özümü öldürmək istəyirəm. Bilirəm, bu hal çox çəkməyəcək.  Çünki beynimdən narkotik çıxmır. Sadəcə, ata-anama söz verdiyin üçün dözürəm. Yanımda narkotikin adının çəkilməsi belə məni dəli edir". 

“Bundan sonra nə qədər peşman olsam da...” 

O, səhvlərindən peşmandır: “Bu, bir səhv olsa da, bu bataqlıqdan çıxmaq mümkün deyil. Əgər birini məhv etmək istəyirsənsə, onu öldürmə, heroinə oturt. Sonra onun əzablarla məhv olmasına baxıb ləzzət al... 

Narkotikə qoşulmağı düşmənimə də  arzulamıram. Müalicənin faydası nadir hallarda olur. Böyük iradə tələb edir. Sağalırsan, yenidən düşürsən həmin “kruq”a, hər şey yenidən başlanır. Mal elə bir şeydir, adamı sındırır. Pul tapa bilmirsən, məcbur borca narkotik alırsan. Bir gün, beş gün borca verirlər. Nəhayət, həbs etdirirlər. 

Bu xəstəlikdən ən yaxşı çıxış yolu ölümdür. Adi adamlar, xüsusən, gənclər narkotik aləmində olan insanlara yaxın getməsinlər. Sonrakı peşmançılığın nə faydası var? Bundan sonra o qədər peşman olum ki..." 

 İlhamə Əbülfət

teleqraf.com

Go Back

20 nəticə göstərilir