Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "GERÇƏK HƏYAT HEKAYƏLƏRİ"

Dünyanın ən xəsis insanı!

 

Amerikalı qadın Henriyeta Houland Qrin (Hetti Qrin) (1834-1916) vəfat etdikdən sonra bankda onun hesabına 90 milyon dollar olduğu aşkara çıxmışdı. Bu məbləğ indiki dəyərlə 4.3 milyard dollar edir.
Hetti çox varlı bir ailədə dünyaya gəlmiş və valideynlərinin vəfatından sonra bütün mirasa sahib olmuşdu.

Hetti Qrin xəsisliyi ilə bütün Amerikada məşhur idi. O daim ictimai nəqliyyatdan istifadə etmiş, kommunal xərclər ödəməmək üçün ucuz otellərdə yaşamalı olmuşdu. Öz evində isə heç vaxt istilik sistemini qoşmaz, isti sudan istifadə etməzdi. Özünü iş otağında radiatorla dövlət hesabına qızdırardı. Tanışların dediyinə görə o daim eyni geyimdə olardı, yeni geyimi yalnız əynindəki paltar yararsız olarkən alardı. Daim ucuz restoranlarda ucuz menyu sifariş edərdi, daha çox dəyəri 15 sent olan pirojna yeyərdi. Bir dəfə onun dəyəri 2 sent olan, itirdiyi poçt markasını tapana qədər gecə yarısına kimi iş otağında qaldığını deyirlər.
Heç kəsə borc pul verməzdi. Bununla belə o öz varidatını inkişaf etdirə bilirdi, "Uoll strit"in ən uğurlu sərmayəçilərindən biri idi.

Henriyetanın vəfatından xeyli əvvəl onun yeganə oğlu Ned'in ayağı sınmış və əməliyyat edilməli idi. Hetti oğlunu pulsuz əməliyyat etməli olan xəstəxananı tapmaq üçün düz on gün vaxt sərf etmişdi. Nəticədə oğlunun ayağı kəsilmiş və protezlə əvəz edilmişdi.
Hetti özü isə süd alarkən bir litr süddə bir neçə sent artıq almağa çalışan satıcı ilə mübahisə etdiyi zaman ürək partlamasından ölmüşdür. Ölümündən sonra daha çox "Uoll strit ifritəsi" ləqəbi ilə tanınmışdır.

"Forbs" jurnalının Amerikanın ən varlı 40 adamı siyahısında (36-cı yer) yeganə qadın olmuşdur. 
Hetti həm də Ginnes rekordlar kitabına "dünyanın ən xəsis insanı" kimi də düşmüşdür.


Haqqında film çəkilib «You can’t buy everything» (1934) Filmdə rejissor qəhrəmanı Hetti Qrin adını Hanna Bell ilə əvəzləyib: qohumlarının təzyiqinə tuş gəlməmək üçün.

Go Back

Bu hekayə bütün valideynləri təsirləndirəcək

 

Ata həmişəki vaxtda işdən qayıtmışdı. Yorğun və gərin görünürdü. Qapıdan içəri keçən kimi 5 yaşlı oğlunun onu gözlədiyini gördü.

- Ata, səndən bir şey soruşa bilərəm?

- Əlbəttə, nəsə olub?

- Ata, sən nə qədər maaş alırsan?

- Bu, sənin işin deyil! – ata duruxdu – nəyinə lazımdır?

- Sadəcə bilmək istəyirdim. Xahiş edirəm, denən də, bir saata nə qədər qazanırsan?

- Belə, 500. Nədi ki?

- Ata, - oğlan aşağıdan yuxarı ciddi baxışlarla baxıb dedi – Mənə 300 borc verə bilərsən?

- Sən hansısa gic oyuncaqdan ötrü məndən pul istəyirsən yenə? Buna görə soruşurdun? – ata qışqırdı, - Bu dəqiqə get otağına və uzan yat! Bu qədər eqoist olmaq olmaz! Mən bütün gün işləyib yoruluram, sənsə özünü belə pis aparırsan.

 Uşaq sakitcə otağına gedib qapını bağladı.

 Ata isə əsəbindən içəri keçmək istəmədi. Bir az keçəndən sonra sakitləşdi və düşündü: “Bəlkə, vacib bir şey almaq istəyirmiş uşaq? Axı o heç vaxt məndən pul istəməmişdi indiyəcən...”

 Uşaq otağına girəndə oğlu yerində uzanmışdı.

 - Oğlum, yatmamısan? – ata soruşdu.

- Yox, ata, elə-belə uzanmışam – uşaq dedi.

- Deyəsən, sənə çox sərt cavab verdim, - ata yavaşca dedi, - Bu gün çox yorulmuşam, bağışla məni. Bax, gətirdim pulu, sən istəyən qədərdi.

 Oğlan qalxıb oturdu və güldü.

 - Ata, çox sağ ol! – sevincək qışqırdı.

 Çevrilib yastığının altından bir az da pul çıxartdı. Atası oğlunun pulunun olduğun görüb yenə əsəbləşdi.

 - Pulun vardısa, məndən niyə istəyirdin? – dedi ata.

- Çünki çatmırdı. İndi isə düzəldi – uşaq dedi, - Atacan, burda düz 500-dür! Olar mən sənin bir saatını alım? Xahiş edirəm, sabah işdən tez gəl, mən səninlə nahar etmək istəyirəm. 

ailem.az

Go Back

Eşq etirafından 62 il sonra evləndilər!

"Həmişə səni sevmişəm və qəlbimdə də daim sən olubsan. Tanrıma şükürlər olsun ki, səninlə evlənə bildim".
 
92 yaşlı Hovard Ettberi 62 il əvvəl tanış olduğu və eşqini etiraf etdiyi, indisə 82 yaşında olan Sintiya Riqqslə evlənib.
 
Onlar 1950-ci ildə, H.Ettberi geoloji araşdırmalarda olanda bir-birlərini görmüşdülər.
 
"Bu qıza elə ilk baxışdan vuruldum. Bir qədər sonra eşqimi etiraf etdim. Amma mənimlə evlənməyə razılaşmadı, sevgilisinin olduğunu dedi. 62 il keçdi və arzuma çatdım", - Hovard Ettberi deyib.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın San-Dieqo şəhərində yaşayan Hovard Ettberi iki il əvvəl Sintiya Riqqsə məktub yollayıb və ona yenə evlənməyi təklif edib.
 
2012-ci ilin fevralında Riqqsə ünvanlanmış məktubda yazılmışdı: "Sizi ilk görüşümüzdən bəri sevirəm və o sevgi hələ də ürəyimdədir. Sizə yenə də evlənməyi təklif edirəm. Lütfən, "yox" deməyin".
 
Sintiya Riqqs razılaşıb.
Qoca sevgililər indi Hovard Ettberinin Martas-Vinyarddakı evində yaşayırlar.
 
"Ömrümüzün sonuna çox qalmadığını bilirik. Uzaq gələcək barədə düşünmək, planlar qurmaq da real deyil. Fəqət, gənc qadını narahat edən məsələlər məni qayğılandırmadığı üçün yaşam fərqli, rahatdır", - Sintiya Riqqs deyib.
ailem.az

Go Back

Örnək Həyat Yoldaşı

Biz bir ailəyik. İnsanlar bugünün qədrini bilməlidirlər, çünki sabahın necə olacağını heç kim bilmir. Təzə ailə qurmuşdum və illər əvvəl üzümün sağ tərəfində bir xal çıxmışdı, mən isə bunu ciddiyə almayıb həkimə müraciət etmədim. Getdikcə bu xal üzümə yayıldı və mən simamı itirdim. Çətin vaxtlarımda həyat yoldaşım məni atıb getmədi, bilirsiniz mənə nə dedi? "Səni olduğun kimi sevəcəm, necə varsansa, sona qədər səninlə olacam və bizim uşaqlarımız da olacaq". Məhz onda mən başa düşdüm ki, seçimimdə yanılmamışam. Artıq bizim bir uşağımız var və mən ailəmi çox sevirəm. Həyatınızın dəyərini bilin, yaxınlarınızı sevin, onların hər anında yanında olun ©

fotonu cekib Famil Mahmudbeyli

Go Back

Pinəçi Mustafa Dayı

1953-ci il avqustun 26-dan ayaqqabı tikirəm. Hətta hərbi xidmətdə olduğum müddətdə də bu peşə ilə məşğul olmuşam. Günüm vaxt öldürməklə keçir, ancaq qəzet oxuyuram, yaxınlıqdakı çayxanada domino oynayıram. 61 ildir ki, bu sənətdəyəm. Hətta ondan qabaq da 12-13 yaşlarımda, sənətə yiyələnmədiyim vaxtlarda ayaqqabı silib, səndəl düzəldib pul qazanardım. Əvvəl çörək var idi, sənətkara qiymət verilirdi, indi isə yox. Sual verirsiniz ki, yanınıza sənəti öyrənmək üçün gələn varmı?! Bazarı ölmüş sənəti kimə və niyə öyrədəsən?! Bununla belə, hər ay fəaliyyətimə görə vergi verirəm. Gördüyünüz bu balaca köşkü (butkanı) vaxtı ilə 100 şirvana özəlləşdirmişəm. Oğlum da bu sənətlə məşğuldur. Onun da balaca bir köşkü var idi. Rayonun gözdə olan küçəsində olduğundan fəaliyyətinə icazə verilmədi. İndi isə evinin önündə fəaliyyət göstərir. 80 yaşım var. Sənətimi sevirəm. İstərdim ki, məndən sonra sənətim yaşasın, çünki bu sənətə ömrümü həsr etmişəm ©

Pinəçi Mustafa dayı (Cəlilabad)

 

humans of azerbaijan

Go Back

Bir Rəssamın Həyatı

 

5 yaşından rəsm çəkməyə başlamışam. Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsil almışam. Müəllimim Qafar Seyfullayev olub. 1968-ci ildə Moskvaya gedib bu sənəti daha dərindən öyrəndim, sonra Naxçıvana işləməyə getdim.

Naxçıvanda olduğum vaxtlarda bir polisi öldürmüşdülər. Məni çağırıb xahiş elədilər ki, şahidlərin sözlərinə görə cinayətkarın simasını təsvir edim. İndiki kimi desək, onun fotorobotunu çəkdim və həmin cinayətkarı tapıb həbs elədilər. Bu məsələdən sonra məni Bakıya çağırdılar, MTN üçün fotorobotlar çəkməyə başladım, amma texnologiya inkişaf edəndən sonra əllə çəkilən fotorobotları kompüterlər əvəz elədi və beləliklə, mənim işim də bitdi. 
İşsiz qalandan sonra səyyat olaraq rəsmlər çəkib satmağa başladım. Əsərlərimin qiyməti onda 4000-5000$ idi. 

Bir gün isə həyatımın, demək olar ki, ən böyük zərbəsini aldım, oğlum çəkdiyim əsərlərdən bir neçəsini oğurlayıb onları çox ucuz qiymətə, bir neçə içki butulkasının qiymətinə satmışdı 

Çoxdandır bu balaca emalatxanamda qalıram, işsizəm və neçə ildir ki, heç bir şey çəkmirəm. Artıq qocalmışam, bütün ömrümü bu işə vermişəm, amma indi əlim fırça tutmur. Bundan sonra ancaq bir arzum var, o da çəkdiyim əsərlərdən ibarət həyatımda son dəfə sərgi keçirim....

©humans of azerbaijan

Go Back

Bu əhvalatı oxuyanda “İnsanlıq hələ ölməyib” deyəcəksiniz!!!

Nyu-York şəhərinin taksi sürücülərindən biri öz “Facebook” səhifəsində başına gəlmiş hadisəni paylaşıb. Ailem.az həmin hadisəni oxucularla bölüşür:

“Mən sifariş verilən ünvana gəldim və siqnal verdim. Bir neçə dəqiqə gözləyəndən sonra yenidən siqnal verdim. Bu, mənim axrıncı sifarişim idi. Maşını sürüb getmək istədim, amma getmədim. Maşını park edib qapıya yaxınlaşdım, zəngi çaldım. “Bir dəqiqə”, - kövrək bir qadın səsi eşidildi. Deyəsən nəyisə sürüyə-sürüyə gətirirdi.

Bir neçə dəqiqəlik fasilədən sonra qapı açıldı. Qarşımda 90 yaşlı, balaca boylu bir qadın dayanmışdı. Pambıq don geyinmiş, duvaqlı papaq taxmışdı. Sanki 1940-cı illərin filmlərindən çıxmışdı. Yanında balaca bir çemodan vardı. Evdə deyəsən uzun illər heç kim yaşamamışdı. Bütün əşyaların üstünə ağ parça sərilmişdi, divarlarda saatlar, şəkillər yox idi.

“Çemodanı maşına apara bilərsinizmi?” – dedi qadın. Mən çemodanı maşına qoyub qadına kömək etmək üçün geri qayıtdım. Əlimdən yapışıb astaca maşına doğru irəlilədi.

Dayanmadan xeyirxahlığıma görə təşəkkür edirdi. “Bir şey deyil”, -  deyirdim – “Mən bütün sərnişinlərimə hamının anama davranmağını istədiyim kimi davranmaq istəyirəm”.

“Sən necə yaxşı oğlansan” – o dedi. Maşına əyləşəndə mənə bir ünvan verdi, sonra əlavə etdi: “Olar ki, biz ora şəhərin mərkəzindən keçib gedək?”.

“Axı bu yol uzun olacaq” – mən dedim.

“Oh, heç nə olmaz. Mən tələsmirəm. Onsuz da “Qocalar evi”nə gedirəm”.

Güzgüdən ona baxdım, gözləri parıldayırdı. “Ailəm çoxdan dağılıb”, - davam elədi: “Həkim deyir, ömrümə çox az qalıb”.

Mən sakitcə sayğacı söndürdüm.

“Haralardan keçmək istəyirdiniz?” – deyə soruşdum.

Növbəti iki saat ərzində biz bütün şəhəri fırlandıq. O, mənə nə vaxtsa liftçi işlədiyi binanı göstərdi, əri ilə yaşadığı rayondan keçdik, balaca vaxtı getdiyi rəqs məktəbini görüb sevindi, heyf ki, indi oranı mebel anbarı etmişdilər. 

“Yoruldum, deyəsə, getmək vaxtı çatdı” – qaranlıq düşəndə dedi. Biz sakitcə o ünvana yollandıq. Sanatoriyaya bənzəyən bir yer idi. Çatan kimi qocalar evinin iki işçisi yaxınlaşdı, qoca qadına maşından düşməyə kömək elədilər. Görünür, onu gözləyirdilər. Mən çemodanı maşından çıxartdım.

“Mən sizə nə qədər borcluyam?” – o soruşdu.

“Heç nə” – mən dedim.

“Siz axı evə pul aparmalısınız” – o dedi.

“Başqa sərnişinlər də var” - dedim.

Qəfil əyilib onu qucaqladım, o da məni eyni sevgi ilə qucaqladı.

“Sən qoca bir qarını xoşbəxt etdin” – dedi, - “Təşəkkür edirəm”.

Mən onun əllərini sıxıb sağollaşdım. Qayıdanda daha sərnişin götürmədim. Fikirləşdim görəsən, mən yox, başqa bir sürücü çıxsaydı onun rastına, necə olardı? Bəs mən onu gözləməyib getsəydim, necə olardı?

Bu günə kimi həyatımda bundan daha vacib iş görmədiyimin fərqinə vardım.

Biz belə düşünməyə öyrəşmişik ki, həyatımız həmişə böyük hadisələrin ətrafında fırlansın. Biz həyatı dərk etmək üçün ciddi nəsə baş verməsini gözləyirik. Amma bəzən elə xırda şeylər olur ki, sənin ürəyinin dərinliklərinə təsir edir. Halbuki başqalarına adi şey kimi görünə bilər...” 

ailem.az

Go Back

"Həyatımda bir şeyi başa düşdüm ki, pul hər şey demək deyil!"

 

- Bu iş qumar kimidir, elə gün olur ki, heç bir məmməd də gətirmirəm evə, heyf deyildi Basin?! Paçka ilə pul qazandığım vaxtlar olub orada, burda isə boş-boş günümü keçirirəm.

48 yaşım var, elektrik cihazlarının təmiri ilə məşğulam. Gördüyünüz kimi iş otağım oturduğum bu kiçik və dar vaqondur. 
Montində yerləşən 12 saylı peşə məktəbini bitirmişəm. İyirmi ilə yaxın Tarqovı-da işləyirdim. Bu yaxınlarda icarə haqqını qaldırdılar, çarəsiz qalıb bura köçdüm. Allah canını sağ eləsin, vaqonun yiyəsi icarə üçün bir qəpik də almayıb hələ ki, məndən. Məhlədə isə hər kəs məni tanıyır, qiymət deyə bilmirəm, nə versələr ona razı oluram. Eləsi olur ki, heç pul da vermir. 
Bəzən müştərilərlə kiçik problemlər də olur. Canı sağ olsun, bu dünya ki, Zeynəlabdin Tağıyeva qalmadı, kimə qalacaq ki?! 

Mənim 4 uşağım və nəvələrim var. Aylıq qazancları ehtiyaclarını ödəməyə bəs eləmir. Biri pərdə pulu istəyir, nə bilim, biri süfrə pulu istəyir, məndə də yoxdur, hardan verim axı. Oğlum 8-ci sinfə keçdi bu il, özü çıxmaq istədi məktəbdən, dedim ki, gəl sənə peşəni öyrədim, istəmədi. Dəmirçilik öyrənir indi, yəgin gələcəkdə yaxşı pul qazanar. Özünə də demişəm, əsas halallıqdır. 

"Həyatımda bir şeyi başa düşdüm ki, pul hər şey demək deyil! Əsas odur ki, insan vicdanlı, şərəfli və alnıaçıq olsun!"

- Gülbala müəllim

facebook.com/humansofazerbaijan

Go Back

"İnsanlar kitabdan qaçır, mən isə əlimdə iki torba kitabla insanlara doğru qaçıram!"

 

"İnsanlar kitabdan qaçır, mən isə əlimdə iki torba kitabla insanlara doğru qaçıram"..... İnanırsınız, bu kitablardan mənə bəlkə heç 20 qəpik belə qalmır. Bəzi insanlardan elə reaksiya görürəm ki, sadəcə ağzım açıq qalır və bu, mənə çox pis təsir edir. Hətta elə vaxtlar olub ki, imkanı olmayan birilərinə kitabları hədiyyə eləmişəm, qoy mənim haqqımdan bu pulu çıxsınlar. Bir maraqlı hadisə də danışım, deməli, keçən dəfə İqtisad Universitetinin yaxınlığında əlimdə kitablarla dayanmışdım, tələbələrə bəlkə maraqlı olar və almaq istəyən olar deyə. Bir polis mənə yaxınlaşıb bildirdi ki, götür bu kartof, soğanını və get burdan. Bildirdim ki, bu kartof, soğan deyil, kitablardır, burda dayanmışam və tələbələrə kitab satıram. O isə mənə dedi ki, indiki tələbələrə kitab lazım deyil. ©

Qurban Məmmədov

facebook.com/humansofazerbaijan

Go Back

Çoxları elə düşünür ki, kondisioner ustası olmaq boş şeydir!

 

Çoxları elə düşünür ki, kondisioner ustası olmaq boş şeydir. Siz nə danışırsınız!? Həyatımın 32 ilini bu peşəyə sərf eləmişəm, əvvəllər zavodda işləmişəm, sonra bütün zavodları bir-bir bağladılar. İndi isə lap çətindir, yeni kondisionerlər istehsal olunur, köhnələrini isə alan yoxdur. Mən kondisioner ustası ola-ola insan həyatını xilas eləmişəm. 

- "Deməli, neçə il bundan əvvəl gecə saat 11-də iş yerimin qapısını bağlayanda bir nəfər gəldi ki, kondisioneri xarab olub, düzəltmək lazımdır. Evlərinə daxil olanda gördüm ki, balaca bir otaqdır, pəncərə, nəfəslik də yoxdur və həyətda bir hamilə qadın oturub. Otaqda istidən nəfəs almaq mümkün deyildi, qadın evə girə bilmirdi. Buna göz yuma bilmədim, elə gecənin yarısı iş yerinə gəlib lazımi materialları götürüb o evə qayıtdım. Gecə artıq saat 1-2 olardı ki, kondisioneri artıq düzəltmişdim, hazır idi..."

Bu yaxınlarda isə yanında iki 13 yaşlarında uşaqlarla bir kişi mənə yaxınlaşdı və dedi: "Məni xatırladın? Gecə gəlib kondisionerimizi düzəltmişdin. Evdə hamilə qadın var idi, bax bu, həmin uşaqlardır". (Usta göz yaşlarını saxlaya bilmədi) 
Mən kondisioner ustası olmağımla qürur duyuram və mənə qarşı nə qədər haqsızlıq olsa da həmişə çalışmışam ki, imkansız insanlar üçün təmiri pulsuz edim. Hər peşənin öz dəyəri var! ©

- İsrafil Qurbanov

facebook.com/humansofazerbaijan

 

Go Back

"CANLI SVETAFOR"

Gözəl vətəndaşlarımızı tanıyaq! 

Xalid maraqli insandır, Əmircanda ona “canlı svetafor” deyirlər, neçə ildir tamənnasız uşaqları yoldan keçirir ki maşın vurmasın. 

Mən XII qrup əmək veteranıyam, Qarabağ savaşında bir qardaşımı itirmişəm. Daha sonra dövlət tərəfindən verilən kiçik bir köşkdə maşın yağı, sabun, şampun və məktəbli ləvazimatları satmışan. Bilirsiz , Mən yolu keçmək istəyən hər kəsə köməklik etməkdən zövq alıram. Əynimdə xüsusi jileti yol polisi tərəfindən verilib və bu işə olan sevgimi birə-beş artırıb. Düz 1997-ci ildən bu işi təmənnasız olaraq görmüşəm. Gündə 138 uşağı yolun bir tərəfindən digər tərəfinə keçirirəm. Yolu keçirdiyim uşaqların çoxu məktəblilərdir. 
- Bəs nəyə görə "canlı svetofor? sualına isə o gülərək cavab verdi. "Bu adı mənə ilk dəfə Aytən adlı balaca məktəbli qız verib: “O, yolun qarşı tərəfində durub məni çağırdı ki, ay "canlı svetofor", gəl məni yoldan keçir. Bundan əvvəl də uşaqları yoldan keçirirdim. Çox adam heç adımı da bilmir. Hər kəs mənə “canlı svetofor” deyir". Məktəbnən üzbəüz bir butka açdım məktəblilərə yol hərəkat qaydalarını öyrədirəm"

Və ən əsası yolun kənarına “Sürücülər ehtiyatlı olun! Qarşınıza öz övladınız çıxa bilər!” - şüarını lövhəyə yazıb vurmuşam! Biz insan olaraq bir birimizə kömək etməliyik, bir birimizin qədrini bilməliyik!  © 

- Xalid Musayev

Qeyd: "Kəndin ensiz dar yolundan hər gün yüzlərlə məktəblini qarşı tərəfdəki 114 saylı məktəbə yola salan Xalid kişi böyükdən-kiçiyə hər kəsin sevimlisinə çevrilib"

facebook.com/humansofazerbaijan

Go Back

HƏR DƏFƏ PENSİYAMI ALANDA....

 Hər dəfə pensiyamı alanda gedirəm 50 qəpiklik yem alıb gəlirəm bura, quşları yemləyirəm. Demək olar ki, həftədə 3-4 dəfə bunları görürəm. Mənə çox doğmadılar: sanki mən uşaq baxçasında müəllim, onlar isə mənim uşaqlarım. Və göyərçinlər dən yeyəndə onları qoruyuram ki, kimsə quşların üstünə qaçıb onları uçurtmasın. Hərdən mənə sual verirlər ki, bəs ,ay nənə, çörək pulunu necə çatdırırsan? Mənim bir cavabım olur: "Hər bir insan 40-50 köpük xərcləməklə nə varlı, nə də ki, kasıb olur". Məni yaşadan bu quşlardır.... ©

facebook.com/humansofazerbaijan

 

Go Back

RASİM USTA

 

79 yaşım var, 64 ildir ki bu sənətdəyəm və hələ də eynəkdən istifadə etməmişəm. Sənətim haqqında bir söz deyə bilərəm. Mən əslində yaxşı rəssam olmuşam. Məsələn indi mənə deyən olsa ki istənilən şəkli tik, baxıb tikərəm. Rəssamlığı bildiyim üçün,tikişi özüm öyrənmişəm. Rusca bilməsəm də amma mənim bu sənəti öyrənməyim “sbornıdı” yani “yığmadı”, hərənin əlindən bir şey oğramışam .Bunu ustaların özləri də deyirdilər: “sənətkarın, şagirdin gözü oğru olmalıdır”. Çünki usta barmaqlarını kəsib şagirdinə vermir. Bizim Bəxtiyar Vahabzadənin bu haqda sözü var: ”Şagird ustadından 3-4 mərtəbə irəli getməsə,deməli o şagird deyil”. Bir dənə məqsədim olub, bütün biçim ustalarını üstələyim, məqsədimə də çatmışam.

Mənə İrəvandan,Tiflisdən,Bakıdan,Rostovdan,Volqoqraddan,hətta Daşkənddən gəlib iş gördürürdülər. 1983-cü ildə bir özbəkə kostyum tikdim ,çox xoşuna gəldi. Yaxamnan yapışdı ki, səni Daşkəndə aparacam. Dedi gəl mən sənə ev verəcəm ,maşın verəcəm, əla yaşayarsan. Dedim a kişi, birincisi mən rusca bilmirəm, ikincisi ailəm burdadı, uşaqlarım hələ kiçikdir, həm də burda da vəziyyətim pis deyil. Ölkəmdə qalıb, ölkəm üçün çalışaram!

Mənim indiki gəncliyə yazığım gəlir.Ona görə ki bilinmir onların gələcəyi nə olacaq. İndi sərbəstlik var,amma cavanlara yaşayış yoxdu.Mən özüm tək işləyirdim,10 baş ailəyə baxmışam,bir dənə bu sənətnən.İndi baxa bilərsən sən? 

Rasim usta ©

facebook.com/humansofazerbaijan

Go Back

13 nəticə göstərilir