Məqalədə günümüzün aktual psixoloji problemlərindən biri olan posttravmatik stressdən danışarıq. Düzdü problemi bütün aspektləri ilə bir məqalədə əhatə etmək çətindi. Hər halda müəyyən maariflənmə xüsusiyyəti daşıyacağından, bu səbəbdən də cəmiyyətə, insanlarlarımıza faydalı ola biləcəyindən dolayı Sizlərlə paylaşmağa qərar verdik. Necə deyərlər; “Öyrənməsən, öyrədə bilməzsən”. Q.Qaliley
Ümumi xüsusiyyətləri:
Posttravmatik stress pozuntusu, yaşanmış travmatik stressdən sonra bir neçə simptomun ortaya çıxması ilə müşahidə olunan pozuntudur. Bu simptomlara hədsiz qorxu, çarəsizlik və ya dəhşətli anı yenidən yaşama aid edilir. Diaqnozun qoyulması üçün əlamətlər ən azı 1 ay müddətində intensiv şəkildə müşahidə olunmalı və klinik baxımdan bəlli narahatlığa və ya sosial, peşə keyfiyyətlərinə, funksionallığa və digər vacib sahələrdə problemlərin yaranmasına gətirib çıxarmalıdır.
Epidemiologiya
Travmatik hadisələr digərlərindən fərqli olaraq cəmiyyətin böyük hissəsinə təsir göstərir. 1967-1991 ci illər arasında dünyanın müxtəlif yerlərində baş verən fəlakətlər 7.000.000 insanın həyatına son qoyub və 3 milyard insana başqa formada psixoloji təsir göstərmişdi. Bu müddət daxilində inkişafda olan ölkələrdə hər il təxminən 117 milyon, inkişaf etmiş ölkələrdə isə 700.000 insan fəlakətin təsiri altında qalmışdı. Rəqəmlər ürküdücü görünür.
Müharibə insan əliylə edilən şiddət hadisələrindən ən dəhşətlisidir. İkinci Dünya Müharibəsindən sonra 127 müharibə olub və bunlarla bağlı rəsmi statiktik məlumatlara əsasən 21.8 milyon , Qızıl Xaç Cəmiyyətinin rəqəmlərinə görə isə 40 milyon insan dünyasını dəyişmişdir. Bu 127 müharibənin sadəcə ikisi inkişaf etmiş ölkələrdə olub. 1990-cı ildə dünya miqyasında sığınacaqda yaşayan və ölkə daxilində yerlərini dəyişən insanların sayı 30 milyon olduğu halda 1993-cü ildə bu say 43 milyona çatıb. Avtoqəzalar, işgəncə, təcavüz, ailədaxili şiddət kimi insanların əksəriyyətinin və yaxud bir neçə insanla birlikdə məruz qaldıqları şiddət hadisələri çox zaman gözdən yayınır. Amma bu cür hadisələrə məruz qalan insanların sayı, fəlakətlərdən təsirlənənlərdən daha çoxdur.
Ümumi şərtlər daxilində həyatın hər hansı mərhələsində posttravmatik stress nisbəti əsasən 1-3% olduğu halda, travmatik cəmiyyətlərdə travmanın şiddətinə görə bu say artır. Tədqiqatlar, müharibəyə qatılan və ya müharibədə yaralanan insanlarda 17.5-45%, işgəncə görmüş qruplarda 23-54%, təcavüz qurbanlarında 25-50%, təbii populyasiyada 3-59%, miqrantlarda 50-55% posttravmatik stress rastlanıldığı müşahidə olunur.
ABŞ-da 8090 nəfərlik tədqiqat qrupu üzərində aparılmış araşdırmada kişilərdə PTSP-nun geniş yayıla səbəbi döyüş, ağır yaralanma və ya ölümə şahidlik etmə olduğu təqdirdə, qadınlarda ən geniş yayılmış səbəb təcavüz və cinsi istismar olduğu təsbit olunmuşdur. Kişilərin 60.3%-i, qadınların 50.3%-i həyat müddətində PTSP-nun ümumi xüsusiyyətlərində qeyd olunan simptomlardan ən azı birini travmatik hadisə nəticəsində keçirmişdir. Qadınlarda qəza hadisəsi 13.8%, təcavüzə uğrama 9.2% nisbətində müşahidə edilərkən, kişilərdə bu nisbət 25% və 0.7% arasında dəyişir. Qadınlarda PTSP-nun proqressivləşmə riskinin kişilərə nisbətdə 2 dəfə daha çox olduğu müəyyənləşdirilmişdir.
PTSP-nun psixofizioloji təsirlər;
a. travmanı xatırladan proseslərə hədsiz avtomatik cavablar
b. yüksək lakin neuronal proseslərə hədsiz reaksiya
Fizioloji təsirləri
Bir çox tədqiqatda PTSP-lu insanlarda travmanı xatırladan halların, avtonom sinir sistemini hərəkətə keçirdiyini, həm ürək ritmi və qan təzyiqində artım kimi fizioloji reaksiyaların, həm də travma xatirələrinin canlanmasına səbəb olduğunu göstərmişdir. Travmanı birbaşa xatırlatmayan, yüksək səs kimi müxtəlif təsiredicilər də həm avtonom, həm də travma xatirələrinin canlanmasına səbəb olur.
Posttravmatik stress pozuntusuna psixologiyada yanaşma formaları müxtəlifdir. Biz məqalədə sadəcə onların bir neçəsinə ümumi şəkildə müraciət edəcəyik;
Psixoanalitik Yanaşma
Ziqmund Freydə görə, insan travmayla qarşılaşdıqda hədsiz təşvişin nəticəsi olaraq təbii adaptasiya bacarığı pozulur və repetitiv kompulsiya (təkrarlanan davranış) kimi daha primitiv müdafiəyə yönəlir.
Travma anında fəaliyyətə maneə yaradılması və travmaya heç nə edə bilməməsi insanda ruhi pozuntu faizini artırır. Daha sonra hadisənin yuxuda və simptomlarda təkrarlanması, hadisə anında çətinlikdən uzaqlaşma üçün şərait yaradır. Travmanın təsirini müəyyənləşdirən ən vacib faktor daha öncəki basdırılmış duyğulardır. Basdırılmış duyğular üzərində nəzarəti itirən fərdlər, travmaya qarşı “zəif”dirlər.
Egonun gələcək hadisələri öncədən yaşama və beləliklə gələcəyi formalaşdırma bacarığı, gözlənilməyən hadisələr qarşısında adekvat hazırlanmadığından ani, gözlənilməyən və qarşısıalınmayan hadisələr, böyük miqdarda həyəcana və impulslar çoxluğuna yol açır. Obyektiv şəkildə nəzarət olunmayan sahələrdə xüsusi təşviş pozuntuları yaranır. Əsasən də dərk etmə, anlama, enerjinin düzgün yönləndirilməməsi halları ortaya çıxır. Bu halda narahat olan insan yata bilmir. Travmanın yuxularında davamlı şəkildə təkrarlanması xəstə üçün real işgəncə olduğu halda, digər tərəfdən rahatlama vasitəsidir. Bir travma şüuraltına təsir göstərən təşvişin artmasıyla və ya şüuraltı üçün lazım olan enerjinin azalmasıyla bağlı nevrotik problemlərə gətirib çıxarar.
Koqnitiv-Bihevioral Yanaşma
Bu yanaşmaya əsasən travmanın təsirləri aşağıda göstərilən 3 təməl xüsusiyyətə bağlıdır.
1. İnsanın qavrama sahəsindən kənar mövcudluq. Travmatik hadisələr, insanın qavramasından yüksəkdir və bunları mövcud qavrama sxemlərinə bölmək çətindir. O, özünü dəyərli və təhlükəsiz hiss etmə, dünyanı başa düşmə və qəbul etmiş kimi görünmə, digər insanlara güvənmə duyğu və düşüncələrini sarsıdır. Belə halarda qəbul edilməyən travmatik hadisə inkar olunur, qarabasma və flashback`lər, bihevioral faktorlar, somatik simptomlar, panik və qəzəb şəklində kompulsiyalar təkrarlanır.
2. Əlaqənin kəsilməsi. Bir travma və ya təhlükə qarşısında keçirdiyi hissləri digər insanlara yönəltdiyi təqdirdə stimulun zərərverici təsiri azalır. Bunun nəticəsində yaranan əlaqə, həyatın reallığını qavramağa və baş verən hadisələrdən məna çıxarmağa kömək edir. Travmadan sonra müşahidə olunan bu hal insanın prosesləri düzgün analizetməsinə, travmanın təsirini azaltmasına gətirib çıxarır. Əgər travmadan sonra qeyd olunan əlaqə yaranmasa funksional pozuntunun dərəcəsi artar və interpersonal ünsiyyət defisiti yaranar.
3. Müdafiənin olmaması. Subyektin yaşadığı travmalar onun üçün müdafiəedici faktor deyil. Bu istər təbii şəkildə təbiətin gücü qarşısında, istərsə də işgəncə əsasında ortaya çıxan faktor qarşısında hiss edilir və bunun nəticəsində öyrənilmiş çarəsizlik yaranır
Komorbid
Vyetnam veteranları üzərində aparılan tədqiqatda PTSP örnəklərinin 98.8%-də həyatının müəyyən bir dönəmində onların başqa psixiatrik pozuntu hadisələrinin ortaya çıxdığı müəyyənləşmişdir. Daha çox rast gəlinən komorbid xəstəliklər kişilərdə alkoqolizm, depressiya və generalizə olunmuş təşviş pozuntusu; qadınlarda isə depressiya, generalizə olunmuş təşviş pozuntusu, alkoqolizm və panik pozuntudur. Digər tədqiqatlarda rastlanılan komorbid psixiatrik pozuntular obsessiv-kompulsiv pozuntu, distimiya və bipolyar-affektiv pozuntudur.
PTSP-nun əlamətləri artdıqca əlavə psixiatrik pozuntunun olma riski də həmin dərəcədə artır. Sindromun tam şəkildə dəqiqləşdirildiyi insanlarda 80% nisbətində əlavə diaqnoza rastlanılır. Əlavə psixiatrik diaqnoz həyat boyu dəyərləndirildikdə isə bu faiz 98.8-ə çatır. Bir çox tədqiqatda PTSP-lu xəstələrin ailələrində təxminən 60% nisbətində psixopatoloji hadisəyə rast gəlinir.
Sonda məqaləyə əlavə kimi DSM V də PTSP-nin diaqnoz kriteriyalarını da sizlərə təqdim edirik:
1. Aşağıdakılardan hər ikisinin də olduğu travmatik hadisənin yaşanması
1) real ölüm və ya ölüm təhdidi ilə qarşılaşıb, ağır dərəcədə yaralanıb və ya özünün, yaxınlarının fiziki varlığında yaralanma var, hər hansı travmatik hadisənin şahidi olub və ya belə bir halla qarşılaşıb.
2)hədsiz dərəcədə qorxu, çarəsizlik və təhlükə yaşama reaksiyaları
2. Travmatik hadisə aşağıda qeyd olunanlardan biri ilə paralel şəkildə feedback formasında intensiv yaşanır.
1) hadisənin, narahatlıq yaradan, sıxıntı verən məqamlarının yenidən xatırlanması; yuxunu qarışdırmaq, qeyri-adekvat düşüncə və qavrama
2) travmatik hadisəni yenidən yaşamış kimi davranma, hiss etmə (yuxuya keçid əsnasında ortaya çıxır və o, hadisəni yenidən yaşayır, bununla bağlı hallüsinasiya, illüziyaları olur və dissosiativ “flashback” epizodları keçirir).
3) travmatik hadisənin bir hissəsini xatırladan daxili narahatlıq
4) həmin hadisəylə bağlı fizioloji reaksiyanın yenidən yaşanması
3. Aşağıdakılardan üçünün (və ya daha çoxunun) olması ilə müəyyən, travma ilə paralel müşahidə olunan müdafiə mexanizmi və ümumi reaksiya dərəcəsində azalma (travmadan əvvəl olmayan)
1) travma ilə birlikdə müşahidə olunan duyğu, düşüncə və mövzulardan qaçma cəhdləri
2) travmayla bağlı xatirələri oyadan yer və insanlardan uzaqlaşma istəyi
3) travmanın vacib hissəsini xatırlaya bilməmə
4) lazımi tədbirlərə qarşı marağın və iştirak istəyinin kəskin şəkildə azalması
5) insanlardan uzaqlaşma və ya yadlaşma hissi
6) duyğularda məhdudiyyətlərin yaşanması (sevgi hissini yaşaya bilməmə)
7) gələcəyinə qarşı inamın azalması (peşə sahibi, ailə sahibi olmayacağı düşüncəsi)
4. Aşağıdakılardan ikisinin və ya bir neçəsinin davamlı şəkildə müşahidə olunması
1) yuxu pozuntuları
2) irritabilite (qıcıqlandırıcı) və ya aqressiv vəziyyət
3) konsentrasiyada çətinlik
4) hipervigilansiya
5) hədsiz dərəcədə diksinmə reaksiyaları
5. Bu pozuntu (B,C,D diaqnoz kriteriyalarındakı əlamətlər) bir aydan daha çox müddəti əhatə edir
6. Bu pozuntu, klinik tərəfdən müəyyən narahatlığa və ya sosial, peşə keyfiyyətlərinə və ya funksionallığa əhəmiyyətli dərəcədə mənfi təsir göstərir və digər sahələrdə pozuntuların yaranmasına gətirib çıxarır.
Kəskin - əlamətlər 3 aydan daha az müddəti əhatə edir
Xroniki - əlamətlər 3 və ya daha uzun müddəti əhatə edir
Ləng gedişli - əlamətlər stress faktorundan ən az 6 ay sonra başlayır. Terapiya əsasən 3 mərhələni əhatə edir. Birinci terapiya, travmanın qarşısının alınması və ya hadisədən öncəki vəziyyətə hazırlıq; ikinci terapiya, hadisədən sonrakı reabilitasiya tədbirləri və hadisənin təsirinin aradan qalıdırılması istiqamətində korreksion tədbirlər, üçüncü terapiya ortaya çıxan psixiatrik problemlərin aradan qaldırılması və cəmiyyətə adaptasiya prosesi
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi Nərmin Quliyeva
pcc.az