Düşüncə Jurnalı

header photo

Bakıda ailə və uşaq psixologiyasına dair beynəlxalq konfrans keçirilir

 

AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Narınc Uşaq Psixologiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq "I Beynəlxalq Ailə və Uşaq Psixologiyası konfransı” keçirilir. Konfransdan öncə AMEA Mərkəzi Elmi Kitabxanasında rəsmi açılış mərasimi baş tutdu.
200-ə yaxın iştirakçının, o cümlədən tanınmış yerli və xarici mütəxəssislərin qatıldığı konfransı giriş nitqi ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov açdı. O bildirdi ki, konfrans son zamanlar ölkəmizdə və dünyada aktual olan ailə və uşaq psixologiyası sahəsindəki problemlərin müxtəlif aspetdən müzakirəsini daha iri miqyasda təmini cəhətdən önəmlidir: "AMEA-nın Fəlsəfə İnstitutu və digər təşkilatlarda bu cür məsələlərin müzakirəsi, ailə və uşaq psixologiyasına dair tədqiqatlar dissiplinar və multidissiplinar yanaşma müstəvisində fundamental elmi problem kimi öyrənilməkdədir. Bu istiqamətdə tədqiqatların aparılmasında gənc tədqiqatçıların da rolu müstəsnadır. Bu gün ərsəyə gətirilən konfrasda yerli tədqiqatçılar üçün dünya təcrübəsinin öyrənilməsi, eyni zamanda aparılan araşdırmaların nüfuzlu mütəxəssislərlə birgə müzakirə olunması faydalı olacaq. Ümid edirəm ki, qarşılıqlı faydalı müzakirələr uşaq və ailə psixologiyasının aktual problemlərinin həllinə öz töhfəsini verəcək”.
Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova dedi ki, konfrans 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub: "Eyni zamanda bizim mərkəzin 8 yaşı tamam olur. İki bayramı bir arada qeyd edirik. Layihədə əməyi olan, iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Bu bir uşaq və ailə konfransıdır. Burada önəmli olan ailə üzvlərinin bir-birinə olan hörməti, dəstəyidir. Biz həmişə uşağı qabardırıq, amma uşaq sağlam mühitdə böyüməsə, necə sağlam gənc, vətəndaş olacaq? Ona görə uşaqları tərbiyə edərkən birinci özümüzdən başlamalı olduğumuzu düşündüm. Öz sahəsində peşəkar olan insanları dəvət etmişik, inanıram ki, hər kəs üçün faydalı olacaq”. 
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə qeyd etdi ki, konfrans ailə və uşaq psixologiyası sahəsində olan problemlərin həlli istiqamətində bir çağırışdır: "Çox məsuliyyətli, həyati əhəmiyyətli bir mövzu müzakirə olunacaq. Dünya bir ailədir, o ailənin üzvləri isə dövlətlərdir. Hər dövlətdə isə əhəmiyyətli olan ailələrdir. Hər bir ailədə nə baş verirsə, onun əks-sədası cəmiyyətdə, dünyada olur. Bu gün dünyada baş verən terrorlar, münaqişələr, zorakılıqların hamısı uğursuz ailələrdən, baxımsız uşaqlardan əmələ gələn proseslərdir. Bu gün bu konfransın keçirilməsi cəmiyyət üçün böyük bir çağırışdır. Əgər xoşbəxt yaşamaq, dünyamızın, insanlarımızın üzünün gülməsini istəyiriksə, ailə münasibətlərinin doğru-düzgün olması üçün hər bir kəs çalışmalıdır”.
Daha sonra AMEA Fəlsəfə İnstitutunun fəlsəfə, sosiologiya və sosial psixologiya  şöbəsinin rəhbəri Rəfiqə Əzimova, ilahiyatçı alim Hacı Surxay Məmmədli, Türkiyədən gələn qonaqlar psixoterapevt klinik refleksoloq Esat Başaran, psixoloq Tancu Ekinçi, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov və digəriləri konfransla bağlı fikirlərinin bildirdilər.
Təbrik çıxışlarından sonra konfransın plenar iclasında nüfuzlu əcnəbi və yerli psixoterapevtlərin, klinik refleksoloqların və psixoloqların təqdimatında məruzələr dinlənildi.

Go Back

Sorğu göndər