Düşüncə Jurnalı

header photo

Dünya Psixoloji Məsləhət və Rəhbərlik Konfransı

Bu yaxınlarda “Ulusal Psikolojik Danışma və Rəhbərlik Konqresi” və “Uluslararası Danışmanlık 
Konfransı” ilə birgə İstanbulda Boğaziçi Universitetində psixologiya ilə bağlı Dünya Psixoloji Məsləhət və Rəhbərlik Konfransı keçirilib. Konfransda 40-dan çox ölkənin məşhur psixoloqları, o cümlədən Psixologiya və Konsultasiya Mərkəzi (PCC) - nin rəhbəri, psixoloq Elnur Rüstəmov da çıxış edib.


- Elnur müəllim, Azərbaycanı təmsil etdiyiniz Türkiyədə keçirilən konfransın məqsədi barədə
oxucularımıza məlumat verə bilərsiz?


- Konfransın məqsədi bu gün dünyada psixologiya sahəsində baş verən yeniliklərin işıqlandırılması və psixologiya ilə bağlı araşdırmaların istiqamətinin müəyyənləşdirilməsi, psixoloqların daha çox nəyə diqqət etməsinin vacib olması haqqında müzakirələr idi. Konfransın iştirakçıları psixoloji problemlərin həllinə dair mövzularla da çıxış etdilər. Çıxışlar zamanı psixoloji xidmətin qurulmasından tutmuş, klinik problemli insanlarla işləmək, onları konsultasiyaya cəlb etmək qaydası, insanı tanımağın yolları ilə bağlı maraqlı fikirlər səsləndi. Bütün dünyada, o cümlədən Türkiyədə də geniş yayılan ünsiyyət psixologiyası ilə bağlı müzakirələr aparılıb. Eləcə də uşaq psixologiyası üzrə geniş tədqiqat işləri psixoloqlar tərəfindən diqqətə çatdırıldı.

- İştirakçılar çıxışlarında hansı problemlərə toxunurdular?


- Çıxışlarda bu gün dünyada baş verən proseslər, psixoloji mövzular əsas yer tuturdu. Zorakılıqla, etno - psixologiya ilə bağlı araşdırmalar da çox
təsirli idi.


- Konfransda neçə ölkənin təmsilçisi iştirak edib?


- 40-dan çox ölkənin təmsilçiləri var idi. Əksəriyyət tanınmış psixoloqlar idi. Biz tanınmış psixoloqlarla psixologiya ilə bağlı problemləri müzakirə etdik. Bir neçə psixoloji mərkəzlə və cəmiyyətlərlə əməkdaşlıq müqaviləsi bağladıq. Misal üçün, “Laləgül Psixoloji Reabilitasiya Mərkəzi” və “Uluslararası Danışmanlık Derneği” ilə müqavilə bağladıq. Bu beynəlxalq bir dərnəkdi. Bu da bizə gördüyümüz işləri tanıtmağa imkan verir. Onlarla gələcəkdə konkret işlər görəcəyik. Bu istiqamətdə konfrans çox faydalı oldu.

Onu da qeyd edim ki, konfransdakı müzakirələr nəticəsində Azərbaycanda psixologiya ilə bağlı mühüm işlərin görüldüyünü bir daha anladıq. Bunun sevincini konfransda bir də yaşadıq. Sadəcə bizdə psixologiya sahəsində çatışmayan cəhət eksperimental psixologiyada çətinliyin olmasıdır. Biz düşünürük ki, mərkəz olaraq, bundan sonra o məqama xüsusi diqqət göstərəcəyik. İnsanlar arasında sorğu keçirəcək, müəyyən psixoloji problemin yaranma səbəblərini araşdıracaq, çıxış yolunu axtaracağıq. Ümumiyyətlə, bu istiqamətdə tədqiqatların aparılması vacibdir. Çox yaxşı olardı ki, psixoloqların potensialları geniş təbəqəyəçatdırılsın. Belə ki, Azərbaycanda kifayət qədər potensialı olan psixoloqlar var. Ölkədə akademik səviyyədə tədqiqatlar aparılır və mütəxəssislərin əsərləri xaricdə çap olunur. Sadəcə bunun piyarı aparılmır. Bu haqda geniş kütlənin məlumatı yoxdur.

- Konfransdakı çıxışınız nə ilə bağlı
- Konfransda çıxış etdiyim mövzu etno - psixologiya ilə bağlı idi. Çıxışımda etnopsixologiyanın konkret fərdlərin psixoloji durumuna təsirinə toxundum. İştirakçılar tərəfindən də bu mövzu maraqla qarşılandı. Ona görə ki, Amerikada da bu problemi ağ dərilərlə, qara dərilər yaşayır. Avropada, Türkiyədə də bu tip problemlər mövcuddur.

 

Baş redaktorun müavini 

Aynurə Məmmədova

Baş redaktorun müaviniAynurə MƏMMƏDOVA

 

Go Back

Sorğu göndər