“Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu məktəblərin psixoloqlarına sertifikatlar verildi. “Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu məktəblərin psixoloqları üçün keçirilən təlimlər başa çatıb. Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutu, Narınc Psixologiya Mərkəzi və “Məktəblinin dostu” layihəsi çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin psixoloqları tərəfindən keçirilib. Təlimlərin keçirilməsində məqsəd layihənin tətbiq olunduğu məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqlarının təcrübə keçməsi, məktəblilərin və valideynlərin psixoloji mövzularda daha əhatəli məlumatlandırılması, eyni zamanda yaranacaq problemlərə münasibətdə psixoloqların daha peşəkarcasına yanaşmasını təmin etməkdir. Təlimlərin başa çatması münasibətilə keçirilən tədbirdə “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, “Məktəblinin dostu” layihəsinin və layihənin tətbiq olunduğu məktəblərin psixoloqları iştirak edib. Tədbirdə çıxış edən psixoloq Elnur Rüstəmov uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim, valideyn və şagirdlərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar fikirlərini bölüşüb. “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev çıxışı zamanı layihənin tətbiq olunduğu məktəblərdəki vəziyyət və layihə daxilində fəaliyyət göstərən Psixoloji Mərkəzin iş prinsipi haqqında məlumat verib. Sonda psixoloqlara sertifikatlar təltif olunub və xatirə fotosu çəkilib. Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 34 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.