Aydan Nəzərova: “Övladlarımızı doğru-düzgün şəkildə yetişdirməli, onların arasında heç bir fərq qoymamalıyıq”
Əhməd Qəşəmoğlu: “Fikrimcə, 55 faiz oğlan, 45 faiz qız doğulsa burda qorxulu bir şey yoxdur, normal haldır”
XXI əsrdə yaşamağımıza baxmayaraq bu gün də oğlan övladını qız övladından daha üstün tutanlar var. Bir çox valideynlər, baba-nənələr qız və oğlan övladları arasında ayrı-seçkilik edərək oğlan uşağına üstünlük verir və onu nəslin davamçısı hesab edirlər. Bu da gələcəkdə qız övladlarının diqqət və qayğıdan kənarda qalmasına, oğlan övladlarının isə daha ərköyün böyüməsinə səbəb olur. Maraqlıdır, insanlarda bu düşüncə tərzi haradan və nədən qaynaqlanır? Ümumiyyətlə, övladlar arasında fərq qoymaq onların psixologiyasına nə kimi təsir göstərir?
“Narınc” Uşaq Psixologiya Mərkəzinin 9-cu mkr. filialının icraçı direktoru, psixoloq Aydan Nəzərova deyir ki, valideynlər daha çox oğlan övladlarının olmasını istəyir: “İnsanlar arasında belə bir düşüncə tərzi var ki, oğlan övladı nəslin davamçısıdır. Yəni “Oğlan övladımız olsa nəslimiz davam edəcək, qız övladımız olsa var-dövlətimiz başqa oğlana qalacaq, nəslimiz davam etməyəcək, tükəcənək” kimi fikirlər var. Buna görə də bəzi ailələr daha çox oğlan uşaqlarına meyllənirlər. Amma mənim fikrimcə, ata-anaya qalan daha çox qız övladları olur. Çünki valideynlərinin başına bir iş gələn kimi qız övladı daha tez qaçıb özünü çatdırır ”.
Psixoloqun sözlərinə görə əslində övladlar arasında heç bir fərq qoyulmamalıdır, çünki hər övladın özünəməxsus özəlliyi, xüsusiyyətləri var: “Elə oğlan uşaqları var ki, onun əvəzində 5 qız uşağı olsa daha yaxşıdır. Yəni uğursuz, xeyirsiz oğlan övladındansa, xeyirli qız övladı məsləhətlidir. Ona görə də Allahın verdiyi payla kifayətlənmək lazımdır. Yəni Allaha üsyan etməyə haqqımız yoxdur. O, necə məsləhət bilirsə, elə də edəcək”.
A.Nəzərova deyir ki, bəzi ailələr qız uşağı dünyaya gələndə 0 qədər də sevinmirlər: “Düşünürlər ki, əşi qızdır da, çıxıb başqasının evinə gedəcək. Bəzi hallarda təhsil almalarına belə imkan vermirlər. “Ərə verəcəyik, gedəcək” düşüncə tərzində olduqları üçün onların bir peşə, sənət sahibi olmalarına maraq göstərmirlər. Nəticə etibarilə qız uşaqları ailədə travma almağa başlayırlar, qayğı-sevgi görmürlər. Amma mütləq şəkildə övlada təhsil imkanı yaradılmalı, onun peşəyə sahib olmasına valideyn yardım etməlidir. Lakin hazırda elə ailələr var ki, qız övladlarının olduğuna görə, heyfislənmir, öz paylarına şükür edirlər”.
Psixoloqun sözlərinə görə imkanı yüksək olan ailələr daha çox oğlan uşağı istəyirlər: “Çünki onlar nəslin davam etməsini istəyirlər. Yaxud elə qaynanalar var, deyir ki, oğlum tək uşaqdır, istəyirəm onun oğlu olsun, ona arxa olsun və s. bu kimi düşüncələr oğlan övladının daha çox olmasının üstünlük təşkil etməsinə gətirib çıxarır”.
A.Nəzərovanın sözlərinə görə, çox zaman ailələr “Oğlum olsun, oğlum olsun” deyirlər: “Oğul övladları dünyaya gəldikdən sonra uşağı o qədər əzizləyir, ərkəsöyün böyüdürlər ki, 18 yaşına çatanda valideynlərinə əl qaldırmağa, bıçaq qaldırmağa başlayır. Çünki o vaxta qədər hər dediyini edirlər, nə istəyir verirlər, barmağını nəyə qoysa valideynləri onun üçün alırlar. Bundan sonra da uşaq hər şeyin “Hə” olacağına öyrəşir və birdən “Yox” sözünü eşitdikdə isə tərs reaksiya verir. Bu da xoşagəlməz nəticələrə gətirib çıxarır. Axı onlar qadağaya öyrəşməyiblər, “bəh-bəh”lə böyüdülüblər. Belə olmaz. Mütləq şəkildə övladlarımızı doğru-düzgün şəkildə yetişdirməli, onların arasında heç bir fərq qoymamalıyıq”.
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, qədimdən olan adət-ənənəyə görə, həmişə oğlan uşağına üstünlük verilib: “Belə ki evdə oğlan uşağı dünyaya gələn kimi gözaydınlığı verirdilər, təbrik edirdilər. Bu qədim nağıllarda da, adət-ənənələrdə də öz əksini tapırdı. Hətta buna aid atalar sözlərimiz də var, “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”, “Qız yükü, duz yükü” və. Bütün bunlar onu göstərir ki, qızlara münasibət ənənəvi olaraq soyuq olub. Bu da onunla bağlı olub ki, bir vaxtlar müharibələr olurdu, kişilər evə daha çox gəlir gətirirdi, qız uşaqlarının o vaxtkı hüquqları daha az idi, evdə qalanda yük olurdu. Bu ənənəvi olaraq davam edirdi. İndiki zamanda isə əlavə komponentlər daxil oldu, mən hazırda bununla bağlı araşdırmalar aparıram. Valideynlər söhbət əsnasında deyirlər ki, indiki mühit çox pisdir. Əxlaqi və mənəvi cəhətdən cəmiyyətdə çoxlu xoşagəlməz proseslər gedir. Buna görə də, qız uşaqlarının olmasını istəmirlər. Get-gedə də uşaqların ailədə sayı azalır. Əvvəllər ailədə ən azı 5-6 uşaq olurdu, bu zaman fikir vermirdilər. İndi ən çoxu 2-3 uşaq olur, ona görə də çalışırlar ki, oğlana üstünlük versinlər”.
Sosioloq deyir ki, Ultrasəs müayinəsinin meydana çıxması bu məsələdə çox böyük rol oynadı: “Belə ki, hamiləlik vaxtı yoxlanaraq qız və oğlan övladı olduğunu öyrənib, qız övladını bətndənkənar, yəni abort edirlər”.
Sosioloq deyir ki, bəzi deputatlar, jurnalistlər səs-küy salırlar ki, bu demoqrafik cəhətdən çox pis haldır, birazdan oğlanlarımız evlənməyə qız tapmayacaqlar: “Bu yanlış yanaşmadır. Burda daha çox qorxulu olan mənəvi tərəfdir. Çünki ata-ana öz övladını qətl etmək üçün qərar qəbul edir. Öz uşağını qətl etmək insanların qəlbində gərginlik yaradır və bu cəmiyyətə yansıyır. Lakin demoqrafik cəhətdən problem yaratmır. Çünki oğlan uşağının çox doğulması əslində yaxşı haldır. Çünki bizim ölkə kimi bir yerdə oğlan uşaqlarının bəziləri böyüdükdə ölkəni tərk edir, yaxud müharibədə, qəzada və s. vəziyyətlərdə dünyasını dəyişir. Və 20 yaşına çatdıqda oğlanlar ilə qızların sayı demək olar ki, bərabərləşir. Fikrimcə, 55 faiz oğlan, 45 faiz qız doğulsa burda qorxulu bir şey yoxdur, normal bir haldır. Dediyim kimi burda əsas problem mənəvi cəhətdəndir”.
Ekspertlərin fikrincə, uşaqlar arasında ayrı-seçkiliyə əsasən irsi xüsusiyyətlərə qiymət verən ailələrdə rast gəlinir. Belə ailələrin qərarlarına əsasən nənə, baba, dayı, əmi, bibi müdaxilə edir. Məsələn, nənə, baba deyir ki, oğlumun soyadı yerdə qalmasın deyə oğlan uşağının olması vacibdir. Belə ailələrdə dünyaya gələn oğlan uşağı ilə qız uşağı arasında fərq qoyulur. Qız həmişə ikinci planda olur. Bu, ailələrin psixoloji, sosial cəhətdən maarifləndirilməməsindən irəli gəlir. Dünyagörüşü, ağlı, savadı olan valideyn heç vaxt övladları arasında ayrı-seçkilik salmaz. Bu, ailədə qısqanclığa, paxıllığa, qardaş-bacı arasında düşmənçiliyə kimi gətirib çıxara bilər.
Könül Oruc
http://ucnoqta.az/