Düşüncə Jurnalı

header photo

Psixi Sağlamlıq Mərkəzində BİR GÜN - Reportaj

  "Mərkəzdə Bir Gün" rublikamızın bu dəfə ki, qonağı Psixi Sağlamlıq Mərkəzi oldu! Mərkəzin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılovun rəhbərliyi və icazəsilə Psixi Sağlamlıq Mərkəzində bir gün keçirdik və mərkəzin iş prinsipi, fəaliyyət sahələri ilə yaxından tanış olduq, Fuad İsmayılov və mərkəzdəki xoşauralı mütəxəssislər ilə səmimi söhbətimiz baş tutdu.

- Fuad doktor, bizə biraz bəhs edərsinizmi, Psixi Sağlamlıq Mərkəzinin yaranma səbəbi nə idi?

- Bizim mərkəz 2012ci ildən fəaliyyət göstərir. Onun fəaliyyətində əsas 2 istiqamət var : 1ci istiqamət ölkə səviyyəsində təşkili-metodiki işlərin görülməsidir. Baza informasiya sistemi yaradılması istiqamətində, bütün psixi sağlamlıq müəssisələrində, o cümlədən psixiatrik kabinetlərdə, psixiatrik stasionarlarda monitorinq və keyfiyyətin təminatı üçün işlər görürük. Bizim fəaliyyətimiz yeni kadrlar , təkcə psixoloqlar yox, həmçinin psixoterapevtlər, sosial işçilər hazırlanması yönündədir. 2-ci istiqamət ölkəmizdə olmayan yeni yardım növlərini inkişaf etdirməkdir.

- Siz insanlara hansı problemlər üzrə və nə cür köməklik göstərirsiniz?

​-Bizdə əsas 4 struktur şöbə fəaliyyət göstərir: Konsultativ – Poliknika şöbəsi, Krisiz Şöbəsi, Psixososial reabilitasiya şöbəsi və Gündüz stasionarı.

Krisiz şöbəsində (böhran şöbəsi)  təcili psixoloji yardım göstərilir. Burda qadın zorakılığı, ailədaxili problemlər, müxtəlif krizis situasiyaları var. Məsələn, may ayında olan yanğında zərər çəkmiş insanlara, onların qohumlarına bizim mütəxəssislər bir neçə sutka ərzində psixoloji yardım göstərdilər.

Bəzən müalicə almış insanlara reabilitasiya fəaliyyəti göstərmək lazım gəlir. Azərbaycanda reabilitasiya fəaliyyəti geniş yayılmayıb. Biz Hollandiya modeli reabilitasiyadan istifadə edirik və reabilitasiya üzrə geniş işlər aparırıq. Gündüz stasionarı – bunun alternativ bir formasıdır. Insan psixiatrik stasionara düşəndə cəmiyyətdən kənar qalır, ətraf mühitdən  təcrid olunur. Sonra o yenidən cəmiyyətə qarışmağa utanır, insanlarla ünsiyyətində problemlər olur. Gündüz stasionarında isə o, həm eyni həcmdə psixiatrik və psixoloji yardım alır,  həm evindən, ailəsindən,dostlarından, qohumlarından ayrılmamış olur. Yəni müalicə sonrası “damğa”dan və  utanma hissindən əziyyət çəkmir.  Bunlardan əlavə iqtisadi cəhətdən də gündüz stasionarının öz üstünlükləri var.  Xəstəxanalara nisbətən psixi xəstələrin müalicəsinə gündüz stasionarında 2 dəfə az vəsait sərf olunur.

- Qaynar xətt nə üçün yaradılmışdır və müraciətlər olurmu?

            ​     

- Əlbəttə ki, Qaynar xətt və ya bizim “inam telefonu” adlandırdığımız bu xidmət növü insanların çıxılmaz anlarında pulsuz psixoloji yardım alması üçün yaradılmışdır. Hər gün çoxlu sayda müxtəlif problemlər səbəbindən bizə zənglər daxil olur və mütəxəssislərimiz həmin insanlara psixoloji yardım göstərir.

Bəzən insanların böhran anında başqa çarəsi olmur və problemi bölüşəcək birilərini axtarır. Mərkəz daxilində yaradılmış “İnam telefonu” məhz bu zaman köməyə çatır və insana bir qədər sakitləşmək və hadisələrə daha sakit tərzdə başqa bir prizmada baxmağa kömək edir.

- Mərkəzi gəzərkən müxtəlif özünəbaxım otaqları, əl işləri ilə dolu olan otaqlar  və müxtəlif yaradıcı işlərlə məşğul olan pasiyentlər gördük...​

Bəli, bizim Psixo-sosial Reabilitasiya şöbəmizdə bu kimi xidmətlər göstərilir.  – burda məşğuliyyət terapiyası  var, art terapiyası - şəkil çəkmək, qum terapiyası keçirilir və müxtəlif gözəl şeylər yaratmaq üçün hər çür şərait var. Bunlar həyat bacarığı aşağı olan insanlar üçündür. Məsələn, 17 yaşında qız əgər uşaq yaşlarından xəstələnmişsə özünə yaxşı qulluq edə bilmir, yemək bişirə bilmir və bunları edə biləcək olduğunu fərqində belə olmur. Burda kulinariya üzrə, özünə qulluqetmə üzrə proqramlar var. Zehni qabiliyyəti artırmaq üçün xüsusi kompüter proqramları var. Bu proqram Fransada, Belarusiyada istifadə olunurdu. Artıq Azərbaycanda da var. Burda idman-müalicəvi bədən tərbiyəsi, drama terapiyası da mövcuddur.

             

- Mərkəzinizə son zamanlar ən çox hansı problemlərlə müraciət edirlər?

- Bunun cavabı müxtəlif olacaq. Çünki, hər şöbənin öz profili var. Əgər siz məndən soruşsanız ki, məsələn, krizis şöbəsinə mən deyərdim ki, depressiya, sosial fobiyalar, obsessiv – kompulsiv pozulmalar. Reabilitasiya şöbəsinə şizofreniyalı xəstələr, bipolyar -  affektiv pozulmadan əziyyət çəkən xəstələr. Müalicə - konsultativ şöbəyə həm üzvi mənşəli pozuntular, həm şizofreniya, həm şəxsiyyət pozuntuları ilə əlaqədar müraciətlər olur.  Qaynar xətt şöbəsinə ən çox sevgi münasibətləri, ailədaxili  münasibətlər ilə bağlı və hansısa xəstəlik barədə məlumat almaq ilə bağlı zənglər olur. Məsələn, bizdə belə bir xəstə var, biz onu hansı xəstəxanaya qoymalıyıq,  hansı həkimə müraciət etməliyik və s. bu kimi problemlər.

- Doktor Psixi sağlamlıq mərkəzi artıq 3 ildir ki, sizin rəhbərliyiniz ilə fəaliyyət göstərir.  Bu 3 ildə nələr dəyişilib?

- 1-ci il yuxarıda danışdığımız xidmətləri və fəaliyyət istiqamətlərini müəyyən edib yaratmaqla keçd . 2-ci il bizə  ən vacib olan kadları inkişaf elətdirmək  idi. Çünki universitet bilikləri az idi və bu praktiki fəaliyyət üçün kifayət etmirdi . Buna görə də bəzən olurdu ki,  1 aya 20 nəfəri Türkiyəyə göndərmişdik. Orda stasionar xidmətlər, ambulator xidmətlər, reabilitasiya xidmətləri necədir, hansılardır , nə cür fəaliyyət gostərir və s. bu kimi bütün məlumatlara yiyələnmiş şəkildə qayıtdılar. Məsələn, bəzilərini Pribaltika olkələrinə, bəziləri Almaniyaya, İngiltərəyə göndərmişik. Məqsəd isə o idi ki, bacarıqları artsın və xarici ölkələrdə qurulmuş mükəmməl sistemi eynilə mərkəzimizdə qura və işlədə bilsinlər.  3-cü il bizim üçün ən çətin dövr oldu desəm yanılmaram. Biz,  nəhayət baza informasiya sistemi yaratdıq. Bizdə indi məlumat bazasında 85000 nəfər haqqında məlumat var.  Baza informasiya sistemi ona imkan verir ki, xəstə haqqında olan məlumatlar eketronlaşdırılır və istər şəhər, istər ölkə xaricindəki xəstəxanalarda  müalicənin davam etdirilməsi  istənilərsə asanlıqla bazadan, öncəki müalicə və diaqnoz haqqında məlumat həmin xəstəxanaya ötürülə bilsin.

                         

                         

- Mərkəzin yerli və beynəlxalq əlaqələri də olduqca genişdir bildiyimiz qədərilə...

- Mərkəzdə daim treninqlər həyata keçirilir. Məsələn, bu yaxınlarda İsveçrədən və İngiltərədən gələcək mütəxəssislər tərəfindən gənc psixiatrlar üçün psixiatriyada peşə vərdişlərinin inkişafına dair treninq olacaq. Psixososial reabilitasiya sahəsində Litvadan gəlmiş mütəxəssislər treninq keçirəcək. Psixoformalogiya üzrə Amerikadan , klinik psixiatriya üzrə Türkiyədən mütəxəssislər gəlib. Psixi xəstələrin insan hüquqları müdafiəsi üzrə treninq keçirilib. Bizim işçilərimiz də tez – tez xaricə gedib gəlir. Məsələn, hal-hazırda  dörd nəfər Portuqaliyada təhsil alır. Orda dünyada yeganə çox maraqlı bir proqram var. Psixi sağlamlıq üzrə siyasət və xidmətlər haqqında proqramdır. O xidmətləri necə təkmilləşdirmək olar, o strategiyanı necə yazmaq olar və s. Biz digər qurumlar üçün də burda treninqləri hazırlayırıq. Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi və s.

Mərkəzin art terapevti  Günel Vəliməmmədovun bələdçiliyi ilə hər bir şöbə ilə yaxından tanış olduq. Şöbələrdə fəaliyyət göstərən mütəxəssislərin xoş aurası və səmimi söhbəti ilə  hər bir şöbənin fəaliyyəti haqqında geniş məlumat aldıq.

Günel xanım bildirdi ki, " Rəsm çəkmək və əl işləri hazırlamaq pasiyentlərə inanılmaz dərəcədə xoş təsir göstərir. Hansısa qabiliyyətə malik olduqlarının fərqinə varmaq onların özgüvənin qalxmasına səbəb olur və həyata daha şövqlə davam etmək üçün stimul verir. Biz həm də davamlı olaraq pasiyentlərin əl işlərindən ibarət sərgilər keçiririk. İnanın insanlar çox böyük maraq göstərirlər! Bu onların cəmiyyətə adaptasiya olunmasına və sosial münasibətlərinin yaxşılaşmasına müsbət təsir göstərir! "

 

 

                         

“Gündüz stasionarı” şöbəsinin müdiri, həkim-psixiatr Cavanşir Dadaşov bizə Mərkəzdə yaradılan bu yenilik barədə məlumat verdi.

"Gündüz stasionarı yarım stasionar müalicə metodlarından biridir. Adətən bu ambulator tibbi yardımla gecə-gündüz stasionarı arasında orta mövqe tutur. Onun üstün cəhətləri çoxdur. Üstün cəhəti odur ki, öz ailəsindən, öz mühitindən ayrılmır. Sözsüz ki burda çox ağır xəstələr müalicə ala bilməz. Bundan başqa gecə-gündüz stasionarında olan xəstələr birdən-birə ev şəraitinə uyğunlaşa bilmirlər.

Bəzən də olur xəstələr çox vaxt evdə tək qalırlar. Hamı işə gedir, heç kəs onlarla maraqlanmır,məşğul olmur. Belə olduqda tək qalır, darıxır. Amma burda özü kimi xəstələrlə ünsiyyətdə olur, vaxtını keçirir, maraqlı tədbirlərdə iştirak edir. Bu zaman xəstələr özlərini cəmiyyətdən ayrı hiss eləmir. Onlar da cəmiyyətin müəyyən bir üzvü kimi özlərini hiss edirlər, çox həvəslə gündüz stasionarına gəlib gedirlər."

 

Təcili Psixoloji Yardım Şöbəsinin müdiri Kəmalə Talıbova:

"Bizim şöbəmiz təcili psixoloji yardım şöbəsidir.  Şöbəmizdə  psixiatrlar, psixoloqlar və sosial işçilər birgə komanda şəklində fəaliyyət göstərir. Yəni, əgər şöbəyə krizis vəziyyətində pasiyent daxil olursa, , həmin anda  psixoloq və psixiatr adətən pasiyenti bir yerdə qəbul edir və ona uyğun müalicə metodu seçərək, gələcəkdə hansı psixoterapevtik müalicələr alacağını müəyyənləşdirir."

Mərkəzdə xoş və maarifləndirici bir günün sonunda yolumuz yenidən Fuad doktorun otağından saldıq və gələcəkdə mərkəzdə gözlənilən yeniliklər və planlar barədə soruşduq.

- Gələcəkdə bizdə çox yeniliklər gözlənilir. Indi biz kifayət qədər təcrübə qazanmışıq. Reabilitasiya necə olmalıdır, krizis müdaxiləsi necə olmalıdır, psixoloji xidmətlər hansı istiqamətdə getməlidir və s.  Biz istəyirik ki, gələcəkdə regionlarda da bu xidmətləri yüksək səviyyədə təşkil edək. Hal-hazırda gələcək üçün əsas planımız budur.

- Psixologiya və Konsultasiya Mərkəzinin fəaliyyətindən xəbərdarsınızmı, bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə xəbərdaram! Mən həmişə ora dəvət alanda zövq alıram. Psixologiya və Konsultasiya Mərkəzində yaxşı professional kadrlar var, orda çox yaxşı əməkdaşlıq var. Mərkəzin rəhbəri , psixoloq Elnur Rüstəmov orada çox alturistik işlər görür. Gənc mütəxəssisləri işə  cəlb eliyir, mən bir neçə dəfə Elnur Rüstəmovun dəvəti ilə orada mütəxəssislər üçün koqnitiv davranış psixoterapiya, interpersonal psixoterapiya üzrə treyninqlər keçmişəm. Və əminliklə deyirəm ki, orada çox yüksək psixoloji xidmət göstərilir.

- Oxucularımıza hələlik son sözünüz?

- Onlara ilk öncə yaxşı psixi sağlamlıq arzulayıram. Streslərdən qaçmaq olmaz, ama stresləri idarə etmək mümkündür. Və əlbəttə ki onlara can sağlığı, uğurlar diləyirəm!

 

Hazırladı: Fəridə Qasımova

Go Back

Comment