Düşüncə Jurnalı

header photo

Məktəbə erkən gedən uşaqlarda psixoloji problemlər yaranır

Psixoloq Aydan Talıbova: “Uşaqda qavrama yaşı aşağıdırsa, onun məktəbə tez getməsinin heç bir faydası yoxdur”.

 

Uşaqlar ağ kağız kimidirlər, nə yazsanız, onun izi qalacaq deyirlər. Beyinləri heç bir məlumatla kirlənməyən uşaqların hər hansı bir hadisəni və ya məlumatı problemsiz yaddaşlarına yazmaları da təəccüblü olmamalıdır. Çox zaman uşaqlarının bu qabiliyyətini dəyərləndirən valideynlər onların daha çox uğur qazanmaları və həyata daha tez atılmaları üçün məktəbə erkən başlamasının tərəfdarı olurlar. Lakin nəzərə almaq lazımdır ki, istedad məktəbə tez başlamaqla və ya 3-4 şeir əzbərləməklə əldə edilmir. Uşağı vaxtından əvvəl ağır bilgilərlə yükləmək hər zaman müsbət nəticələr verməyə bilər. Bir çox Avropa ölkələrində bu sahədə araşdırma aparılır və maraqlı məlumatlar ortaya çıxarılır. Belə ki, bu yaxınlarda Almaniyanın Münhen Lüdviq-Maksimilian Universiteti apardığı araşdırma zamanı uşaqların erkən yaşda məktəbə başlamasının onlarda diqqət dağınıqlığı və hiperaktivliyin pozulmasına səbəb olduğunu ortaya çıxarıb. Araşdırmanın nəticələri Fransada aparılan tədqiqatın nəticələri ilə eyni olduğundan psixoloqlar məktəbə vaxtından tez başlamağın doğru olmadığını hesab edirlər. Almaniyada 600 minə yaxın uşağın bu problemdən əziyyət çəkdiyi ehtimal edilir. Araşdırmanın rəhbəri professor Jörq Batsinq bu hala daha çox oğlan uşaqlarında rast gəlindiyini bildirib. Bəs, görəsən, uşaqların məktəbə başlaması üçün ideal yaş hansıdır? Məktəbə erkən başlamaq onların daha tez öyrənməsinə kömək olurmu? Uşağın qavrama qabiliyyəti necə müəyyənləşdirilir? Azərbaycanlı psixoloqlar bu barədə nə düşünürlər?

 “Məktəbə başlama yaşı uşağın öyrənmə qabiliyyətinə görə dəyişir”

Məsələ ilə bağlı “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən psixoloq Aydan Talıbova uşaqların məktəbə başlamaq üçün ən uyğun yaşının 7 olduğunu bildirdi. Onun sözlərinə görə, hiperaktivlik məktəbə başlamaq üçün bir göstərici deyil: “Uşaqların 6 və ya 7 yaşında məktəbə başlamalı olduğuna dair bir qanun yoxdur. Uşağın hiperaktivliyi onun məktəbə başlaması üçün də bir göstərici deyil. Ümumiyyətlə, məktəb üçün ən uyğun dövr 7 yaş hesab olunur. Lakin bu, uşağın qavrama qabiliyyətinə görə dəyişir. Elə uşaq var ki, 7 yaşı var, amma 5 yaş səviyyəsindədir və ya tam əksinə, 6 yaşı olub, 7-8 yaş səviyyəsində olan uşaqlar da az deyil. Bunlar hamısı dəqiqləşdirilməlidir. Bildiyiniz kimi, uşaqlar məktəbə başlamazdan əvvəl imtahan olunurlar. Onların bilik səviyyəsi, dərketmə və öyrənmə bacarıqları yoxlanılır, daha sonra bu uşaq məktəbə başlaya bilər ya yox müəyyənləşir. Uşaqda qavrama yaşı aşağıdırsa, onun məktəbə tez getməsinin heç bir faydası yoxdur. Bu yaş tənzimlənməli, öyrənmə bacağına yiyələndikdən sonra uşaq məktəbə götürülməlidir”.

 “3-4 şeir əzbərləmək uşağın istedadlı olduğunu göstərməz”

Psixoloq onu da vurğuladı ki, məktəbə tez başlayan uşaqda əvvəl heç bir problem görünməsə də, bir müddət sonra, dərslər çətinləşdikcə onlarda ciddi psixoloji fəsadlar ortaya çıxa bilər: “Elə uşaqlar var ki, 6 yaşında məktəbə tamamilə hazır olur. Onlar birinci sinifə başlayırlar və 4 illik ibtidai sinifdə dərsləri normal öyrənirlər. Lakin yuxarı sinfə qalxdıqca dərslər daha da çətinləşir və uşağın öyrənmə qabiliyyəti aşağı düşür. Beləliklə də, öz yoldaşlarından geri qalan uşaqda depressiv hallar və psixoloji sarsıntılar baş qaldırır. Yəni valideynlər elə düşünməsinlər ki, uşaq 3-4 şeiri tez əzbərləyirsə, o, fitri istedad olacaq. Məktəbə başlamaq uşağın həyatında ən önəmli addımdır və onun bütün həyatını əhatə edir. Ona görə də həm valideynlər, həm də məktəb direktorları bu məsələyə daha diqqətli və həssas yanaşmalıdırlar. Bəzən valideynlər elə hesab edirlər ki, uşağın məktəbə tez başlaması onun bir addım öndə olması deməkdir. Bu, bəziləri tərəfindən uşağın həyata daha tez atılması kimi dəyərləndirilə bilər, lakin bu addım düzgün istiqamətdə atılırmı, onu düşünmək lazımdır”.

Psixoloq A. Talıbova məktəbəqədər hazırlığın həm fiziki, həm də psixoloji cəhətdən uşağın həyatında önəmli rol oynadığını qeyd etdi: “Bildiyiniz kimi, uşaqlarda 3 yaşdan sonra bağça dönəmidir. Bu yaşda onlara hər şey oyun fonunda öyrədilir. Qalibiyyət, məğlubiyyət, paylaşmaq və s. kimi xüsusiyyətləri bu dövrdə öyrənirlər. 5 və 6 yaşda isə uşaqların məktəbəqədər hazırlıq dönəmidir. Həmin dövr uşaqlar üçün çox önəmlidir. Burada parta arxasında oturmaq, nəyi neçə dəqiqə etməli olduğu və bu kimi vərdişlər öyrədilir. Eyni zamanda bağça və məktəbəqədər hazırlıq uşağa valideyndən müəyyən bir müddətliyə ayrı qalmağı, onu gözləməyi öyrədir. Uşağın birbaşa evdən və ya bağçadan məktəbə göndərilməsi yanlışdır. Uzun müddət valideyndən ayrılmayan, həmişə onların yanında olan uşağın birdən-birə məktəbə başlaması onda ciddi psixoloji problemlərə səbəb ola bilir”.

Xəyalə Sadıqova

zaman.az

Go Back

Sorğu göndər