Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Müsahibə"

DAHİLƏR ONA GÖRƏ HOMOSEKSUAL OLURLAR Kİ

- Doktor, gəlin ümumi sualdan başlayaq. Sənət adamlarının psixologiyası digər adamların psixologiyasından fərqlənirmi?

- Onların psixologiyası, həyata baxışı təbii ki, başqa adamlardan fərqlənir. Ən birinci ona görə ki, onların təfəkkürü bədii təfəkkürdür. Onların təfəkkür, emosiyaları o biri tipli insanlardan fərqlənir. Məsəl üçün, texniki təfəkkür tipli insanlar daha çox riyaziyyatçı, fizik olurlar. Bədii təfəkkürlü insanlar isə mədəniyyət istiqamətində çalışırlar. Psixologiya sahəsində olan araşdırmalar bu qənaətə gəlməyə imkan verir ki, yaradıcı insanlar, xüsusən yazıçılarda psixi pozuntu olur. Əgər onlarda psixi pozuntu olmasaydı dahi ola bilməzdilər.

Lakin burda bir şey qeyd etmək lazımdır. Çezare Lambrozo da “Dahilik və dəlilik” kitabında yazmışdı ki, bütün dahilər ruhi xəstədirlər, amma bütün ruhi xəstələr dahi deyil. Ona görə ki, dahi olmaq üçün tək ruhi xəstəlik azdır. Ruhi xəstəlik dahi insanlara öz dahiliklərini üzə çıxarmağa kömək edə bilər. Adi insanlar ağlı, qabiliyyəti, intellekti, bacarığı ilə seçilsələr də bunu üzə çıxarmağa çəkinirlər. Utanırlar, qorxurlar, özlərinə arxayın deyillər. Öz potensiallarını aşağı qiymətləndirirlər. Və ya onlar “palaza bürün, elnən sürün” prinsipi ilə yaşayırlar. Belələri daha çox problemsiz, sakit həyat seçirlər. Psixi xəstələr isə onunla fərqlənirlər ki, onlarda “yox” söhbəti olmur. Adi insanlarda belə deyil, nə olar, nə olmaz, nə düzgündü, nə düzgün deyil, ölçüb-biçirlər. Adi adamlar cəmiyyətin tələbini nəzərə alırlar: biz gərək özümüzü yığışdıraq. Xəstə adamlardasa belə deyil. Onlar nə istəyirlərsə onu da edirlər.

 

- Sokratın küçədə işəməsini və ya bizim qəbul etdiyimiz əxlaq normalarından kənara çıxmalar… Bunları nəzərdə tutursuz?

- Sokratın küçədə işəməyi “mən bu cəmiyyətə nifrət edirəm” mənası daşıyır. O bununla öz nifrətini göstərirdi.

 

 

 

- Onlar bu anormal şeyləri bilərəkdən edirlər?

- Ola bilər ki, bu xəstəliyin nəticəsi olsun. Məsələn, Sokrat bunu qeyri-əxlaqi mənada eləmirdi, o cəmiyyətə öz münasibətini göstərirdi. Sokrat həmişə cəmiyyətlə konfliktdə olub. Bu cəmiyyət onu edama sürükləmişdi.

Gəlin Eynşteyn nümunəsinə baxaq. Dünya 400 ildən bir az çox müddətdə Nyutonun mexanika qanunları ilə yaşayırdı. Eynşteyn isə hər yerdə bəyan edirdi ki, bu qanunlarla yaşamaq istəmir. O, savadlı adam idi, universitet oxumuşdu. Nisbilik nəzəriyyəsini isbat edənə qədər nə qədər ağrılı anlar yaşamışdı, nə qədər gülməli vəziyyətlərə düşmüşdü. Ancaq buna baxmayaraq sübut elədi ki, Nisbilik nəzəriyyəsi var. Yəni özünün daxili inamı ilə buna nail oldu.

 

 

 

- İnam demişkən, onların tanrıya münasibəti necə olur?

- Mən inanmıram ki, onlar ateist olsunlar. Sadəcə olaraq onların inam sistemi bir az başqa cürdür. Biz çox vaxt insanın inamını onun xarici davranışı, ritualları yerinə yetirməyi ilə qiymətləndiririk. Onların tanrıya münasibəti tamamilə başqadı.

 

 

 

- Doktor, dahilər cəmiyyətdə yaranır, yoxsa genetik xüsusiyyətlə əlaqədardır?

- Psixoloqlar elə hesab edirlər ki, hər bir cəmiyyətə eyni sayda dahi var. Sadəcə olaraq onun üzə çıxmağında cəmiyyətin rolu mühümdü. Əgər Volfqanq Amadey Motsart Zalsburqda yox, Bakıda doğulsaydı, Motsartın atası musiqiçi olmasaydı, atası onu döyə-döyə musiqini öyrənməyə məcbur etməsəydi, Motsartın böyük müəllimləri olmasaydı Motsart olmayacaqdı. O olacaqdı toyda-bayramda ifa edən müğənni. Çünki Motsartın həvəsi yox idi, bir yerdə qərar tuta bilmirdi. Əvvəla onu bilmək lazımdır ki, cəmiyyətin belə adam ehtiyacı var, ya yox. Əgər cəmiyyətin belə adama ehtiyacı varsa o adamın dahiliyi üzə çıxacaq, yoxdursa çıxmayacaq.

 

 

 

- Doktor, necə hesab edirsiz, bizim cəmiyyət dahi yetişdirməyə qadirdir? Bunun üçün münbit şərait var?

- Belə hesab edirəm ki, var, niyə yoxdu? Neçə illərdi Tibb Universitetində dərs deyirəm. Müşahidələrim əsaslanaraq deyə bilərəm ki, bizdə qeyri-adi düşüncəli, hətta dahiliyin əlamətləri olan insanlar var. Yanıma xəstələr gəlir, onlarda dahiliyin əlamətlərini görürəm. Mən sizə belə bir sual verim. Əgər onlar üzə çıxmırlarsa bu kimin günahıdı?

 

 

 

- Cəmiyyətin…

- Mən bu suala cavab verə bilmirəm. İstedadlı insanlarımız var, amma onlar niyə üzə çıxmırlar?

 

 

 

- Psixologiya elmi bu barədə nə deyir?

- Elm deyir ki, şərait olmalıdır. Dahiləri üzə çıxarıb onlara dəstək olmaq lazımdır.

 

 

 

- Dahilərin şıltaqlıqlarına dözmək lazımdırmı? Balzak ömrü boyu borclulardan qaçıb. Bununla belə fransız cəmiyyətində elə adamlar olub ki, həmişə ona himayədarlıq ediblər. Şiller ömrü boyu borc içində boğulub. Molyer də… Yəni belə adamlara kömək eləmək lazımdırmı?

- Bu adamlara nə kömək olar? Mən sizə bir söz deyim. Niyə Balzak, Şiller borca düşürdü? Onların zəhmətinə düzgün qiymət verilsəydi yəqin, ora-bura qaçmazdılar. Bəzi hallarda onların şıltaqlıqları ilə oynamaq lazımdır və onları düzgün qiymətləndirmək lazımdır.

 

 

 

- Dahilərin xarici görkəmi necə olur? Baxımlı olurlarmı? Pinti olurlarmı? Yoxsa ekstravaqant görünmək istəyirlər?

- Müxtəlif cür olurlar. Tutalım Diogen dənizin qırağında çəlləyin içində yaşayırdı. Oskar Uayldın oriyentasiyası başqa idi. Salvador Dalini götürsək allah bilir, nə eksperimentlər edirdi, nə oyunlardan çıxırdı. Dahilərin xarici görkəmi, geyim maneraları, davranış manerası təbi ki, adi insandan fərqlənir. Çünki onlar hər şeyi başqa cür qavrayırlar. Onların nəinki geyimlərində, hətta bəzi hallarda fiziki görkəmlərində də dəyişiklik olur. Onlar cəmiyyətdə qəbul edilməyən xarici görkəmdə olurlar. Dahilər modaya tabe olmurlar. Onlar özləri modanı yarada bilərlər, amma heç vaxt modaya tabe olmazlar.

Ümumiyyətlə, dahilər heç vaxt tabe olan olmurlar. Ola bilər xaricdə kimləsə razılaşsınlar, amma daxildə heç kəslə hesablaşmırlar. Onlar tabe olan andan öz dahiliklərini itirirlər. Dahilik və tabe olmaq bir yerdə ola bilməz.

 

 

 

- Dahilərin hansı xüsusiyyətləri nə olur? Lambrozo deyir ki, onlar səfərə meylli olurlar və sair.

- Kolumbda dromomaniya – səyahətə meyllilik – var idi. Bir tərəfdən onun səfərə meylliliyi, digər tərəfdən o dövrün yeni torpaqlara marağı bir nöqtəyə vurdu. Nəticədə Kolumb dünya səyahətinə çıxdı, başqa torpaqları kəşf etməyə başladı. Cəmiyyətdə olan tələbat çox böyük rol oynayır.

 

 

 

- Dahilərin seks anlayışı barədə danışaq.

- Dahilərin çoxunun seksual tələbatı yüksək olur. Ona görə ki, dahiliyin fiziki elementlərindən biri testesteronun artmasıdır. Qadınlarda da testesteron yüksək olur. O demək deyil ki, onlar kişiyə oxşayırlar, sadəcə testesteron yüksək olur. Cinsi istək yüksək olduğuna görə libido da artır. Bunun nəticəsində dahilərdə bəzən cinsi istəyin istiqaməti dəyişə bilər. Məsələn, homoseksual, pedofiliya istiqamətləri ola bilər. Bu istiqamətlər yüksək cinsi istəkdən doğur.

 

 

 

- Bəs seksual sapmalar necə, olur?

- Seksual sapmalar da olur. Hətta çox rast gəlinir. Sadəcə olaraq, bunların çoxu gizli saxlanılır. Çünki cəmiyyətdə bunların hamısını qabartmaq düzgün deyil. Biz bir şeyi başa düşməliyik ki, incəsənət adamları, onların yaratdığı əsərlər, oynadıqları rollar yaşadıqları həyata uyğun olmur. Onlar çox vaxt bir şeydən yazırlar, amma tamam başqa şey yaşayırlar.

 

 

 

- Deməli, Füzuli haqlıymış: Aldanma ki, şair sözü əlbəttə yalandır.

- Bəli, bəli. Dahilər eşqdən, məhəbbətdən yazırlar, amma həyatlarına baxsanız, tamamilə başqa şey görərsiniz.

 

 

 

- Oxucu yazıçıdan qəhrəmanlıq, cəsarət gözləyir. Amma görəndə ki, o əsəri yazan adam qorxaqdır, oxucu sarsılır. Belə çıxır ki, yazıçıdan yazdığı kimi olmağı gözləmək lazım deyil…

- Əlbəttə.

 

 

 

- Deməli, onlar ən böyük yalançılardır.

- Deməzdim ki, ən böyük yalançılardır. Ancaq tarix göstərir ki, həqiqət belədir.

 

 

 

- Bu, nədən qaynaqlanır?

- Bilirsiniz, cəmiyyətdə qəhrəmanlığa, cəsarətə tələbat olur. Yazıçı da öz daxili tələbatını ödəmək üçün belə şeylər yazır. Çünki onların çoxunda özünütənqid aşağı olur. Dahilərə görə onlardan başqa bacarıqlı, bilikli adam yoxdu. Onlarda qibtə olunmaq tələbatı olur. Bununla öz balaca, eybəcər mənliklərini böyüdürlər. Hər yerdə “mən”, “mən”, “mən” deyirlər. Onların talantı, istedadı olsa da, bunu öz eqolarını təmin etmək üçün edirlər. Belə insanlar emosiyalara tez uyurlar. Misal üçün, nəsə hadisə baş verir, şair emosiyaya qapılıb şeir yazır. Hamı onun şeirindən ruhlanıb fəaliyyətə keçir, mitinqə gedir, müharibəyə yollanır. Onun isə artıq emosiyası ötüb keçib deyə gedənlərə qoşulmur, oturub arağını içir. Çünki dahilər emosiyada halında hərəkət edirlər. Dəyişkən olurlar.

 

 

 

- Yazarların əksəriyyətində maniakal depressiv psixoz müşahidə edilir. Virciniya Vulf, Fransuaza Saqan, Silviya Plat nümunələrində bunu görmək olar. Deyəsən, ən çox da qadın yazarlarda rast gəlinir.

- Köhnə təsnifatla buna maniakal depressiv psixoz, təzə təsnifatla isə bipolyar affektiv psixos deyilir. Xəstəliyin gedişatında bir-birinə zidd olan iki əhval-ruhiyyə yaranır. Birincisi, yüksək məhsuldar əhval-ruhiyyə, ikinci özünə qapanmış, depressiv, ümidsizlik əhval-ruhiyyəsi. Bu maniakal depressiv psixozun stiqmalarından biridir. Bayaq birini dedim, testesteronun yüksəlməsi. Bu dahilərdə daha çox rast gəlinən psixi pozuntudur.

 

 

 

- Bu xəstəlik yaradıcılığa təkan verir, yoxsa əksinə?

- Bu xəstəlik yaradıcılığa təkan verir. Yaradıcı adam adi vaxt hiss eləmədiyi şeyləri hiss etməyə başlayır. Bu xəstəlikdə insanın emosiyaları, təfəkkürü dəyişir. Emosiya ya güclənir, ya da aşağı düşür, təfəkkür ya sürətlənir, ya da tormozlanır, yaddaş ya güclənir, ya da zəifləyir, hərəkətlər ya çoxalır, ya da azalır.

Fransuaza Saqan əsərlərinin çoxunu depressiyada yazıb. Onun əsərlərini oxuyanda görürsən ki, öz psixi problemlərini qəhrəmanın adından çox gözəl şəkildə təsvir edib. Ya elə Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini götürək. Məcnunun əziyyətlərini oxuyanda elə bilirsən ki, müasir psixologiya kitabı əsərə köçürülüb. Yəqin ki, Nizami Gəncəvi özü bu halı yaşayıb ki, əsərdə göstərə bilib.

Həmçinin Dostoyevskinin “Qumarbaz”, “İdiot”, “Karamazov qardaşları” və başqa əsərlərində yazdığı qorxular, kabuslar onun xəstəliyindən doğub. Axı o, epilepsiya xəstəsi idi. Həmçinin Qoqol şizofreniya xəstəsi olub. “Viy” əsərində bütün hallüsinasiyalarını, qarabasmalarını göstərib. Amma yenə də Lambrozonun sözünə qüvvət deyim ki, mistika, qarabasma kimin gözünə görünürdü? Qoqolun gözünə. Çünki Qoqolun intellekti yüksək idi. Bu xəstəlik ona həyata daha başqa cür baxmağa kömək elədi. Hər qarabasma görən dahi olmur. Turgenev, Remboda da belə xüsusiyyət olub. Nə qədər desən saymaq olar, belələri çoxdur.

 

 

 

- Belə çıxır ki, əsəri oxuyub müəllifin, xarakterini, xüsusiyyətlərini müəyyən etmək mümkündür?

- Olur. Əlbəttə.

 

 

 

- Azərbaycan yazıçılarının əsərlərini oxuyanda xarakterlərini görmək olur? İstərdim bir az da bizim yazarlar haqqında danışaq.

- Təəssüf ki, Azərbaycan ədəbiyyatı ilə tanışlığım çox zəifdir.

 

 

 

Yazarların cəmiyyəti qıcıqlandıran mövzulara müraciəti. Bunlar nədən qaynaqlanır?

- Yazar və şairlərin çoxunda çap olunmayan, gizli saxlanılan əsərlər var. Mən Moskvada kursda olanda Puşkinin söyüşlərdən ibarət əlyazmasını görmüşdüm. Əgər Markiz De Sadın, Leopold Zaver Mazoxun əsərlərinə baxsaq, eyni şey görərik. Mən de Sadı oxuyanda artıq psixoterapiya təhsilim vardı. Yəni hazırlıqlı idim. Bəs hazırlıqlı olmayan adam oxusa, necə olar? Nə hiss keçirər? Və ya Salman Rüşdini götürək. Bu yaxınlarda iki əsərini oxudum, “Həya” və “Şeytan ayələri”. Bir tərəfdən baxıram ki, əsərdə elə bir şey yoxdu. O biri tərəfdən baxıram ki, cəmiyyət üçün çox ciddi fəsadlar yarada bilər.

 

- Əsərdəki fantaziyalar təxəyyül məhsulu, yoxsa yaşanmış şeylər olur?

- Bəzi hallarda yaşanmış hadisələr də olur. Bəzən fantaziya məhsulu da olur. Edqar Ponun əsərlərinin çoxu uşaqlıqda gördüyü fantaziyalardan, yuxuda gördüyü qorxulardan doğub. Ola bilər ki, insan öz xəstə fantaziyalarını əsərə köçürsün. Stiven Kinqin əsərlərini təəccüblənirsən ki, o qədər qəliz səhnələri hardan tapır?

 

 

 

- Bu psixi pozuntudan qaynaqlanır?

- Bəlkə də.

 

 

 

- Conatan Svift makropsiya, mikropsiyadan əziyyət çəkib. Onun bu xəstəliyi “Qulliverin macəraları”ında öz əksini tapıb.

- Siz gözəl bir nümunəyə toxundunuz. Makropsiya hər şeyi böyük görmək mikropsiya isə hər şeyi balaca görmək xəstəliyidir. Qəhrəman da gah Qulliver olur, gah da liliput. Bax görürsən, o öz xəstəliyindən necə bir əsər yazdı. Özü də siyasi bir əsər. “Qulliverin səyahətləri” siyasi əsərdir, amma Svift elə yazıb ki, uşaqlar da oxuyurlar.

 

 

 

- Sağlam adam elə əsər yaza bilməzdi?

- Sağlam adamın beyni o diapazona girməzdi. Sağlam adam uzaq başı Makiavelli kimi siyasi əsər, traktat yazardı. Bu nümunədə dahiliklə xəstəliyin görürsüzmü necə gözəl birləşməsi, nəticəsi var.

 

 

 

- Yaradıcı adamın faciə yaşaması, travma yaşaması onun gözəl əsərlər yaratmasına təkan verirmi?

- Lev Tolstoyun depressiv maniakal psixozu vardı. O, depressiyada olduğu üçün insanlardan qaçırdı. “Anna Karenina”nı görürük ki, olduqca depressiv əsərdir. Artur Rembo da çoxlu depressiv şeirlər yazıb.

 

 

 

- Dahilər cinayətə meylli olurlar?

- Onlar cəmiyyətə uyğunlaşa bilmədiklərinə görə yüngül cinayətə meylli olurlar. Leonardo Da Vinçi bütün işlərini yarımçıq qoyub ora-bura qaçırdı. Bundan başqa cavan oğlan uşağına qarşı zorakılıq etmişdi. Deməli onlarda meyllilik var. Onlar öz hisslərini həyata keçirmək uğurunda fırıldaqlıq edirlər, dələduzluq, aldatmaq yolu ilə öz istəklərini həyata keçirlər. Yoxsa başqa cür öz istəklərini qəbul etdirə bilmirlər. Çünki cəmiyyət həmişə stabillik istəyir. Cəmiyyətə inqilab lazım deyil. Bu nöqteyi-nəzərdən onlarda yüngül cinayətlərə meyllilik olur. Onlar seksual cəhətdən də cinayətə meylli olurlar.

Bundan başqa spirtli içki içməyə, narkotik maddə qəbul etməyə də meyllidirlər. Bildiyimiz kimi musiqiçilərin çoxu narkotik maddə qəbul edirlər. Bəzən spirtli içkilər, narkotiklər onların düşüncələrinin genişlənməsinə xidmət edir. Amma təhqiqatlar onu göstərir ki, əgər adamın şüurunda bir şey yoxdursa nə qədər narkotik çəkirsə çəksin, heç bir genişlənmə olmayacaq.

 

 

 

- Dahilər ailəyə bağlı olurlar?

- Yox. Dahi ailəyə bağlı olsa dahiliyi sönər. Ailə dahiliyə icazə vermir. Dahi olandan sonra ailə qurursa bu artıq başqa məsələdi. Dahilik həmişə mübarizə, çətinlik, narazılıq, konfliktlə üz-üzə qalmaq deməkdir. Ailə buna dözmür. Ailəyə belə ər lazım deyil. Arvada necə ər lazımdır, qazansın gətirsin. Amma dahi necədir, bu gün pulu var, hamısını xərclədi, sabah cibində bir qəpiyi də yoxdu. Bir şeyi də əlavə edim ki, dahilərin uşaqları da çox vaxtı özləri kimi olmurlar. Ruslar deyir: “Na detyax qeniy otdıxayut”. Yəni, dahilərin uşaqları dincəlir. Bəziləri ata-analarının yolu ilə getməyə can atsalar da o səviyyəyə çatmağı bacara bilmirlər. Ümumiyyətlərə dahilərin ailələrində həmişə problem olur. Çox vaxt ayrılırlar, ya gəzəyən olurlar. Ailə və dahilik ikisi bir yerdə qeyri-mümkündür.

 

 

 

- Dahilərdə yalnız onlara məxsus xəstəliklər var?

- Dahilərin əksəriyyəti podaqradan əziyyət çəkirlər. Ümumiyyətlə bütün podaqra xəstələrində yüksək intellektə meyllilik olur. Sidik cövhəri beyİnə aktivləşdirici təsir göstərir. Podaqrası olan adamlarda da sidik cövhərinin miqdarı qanda yüksək olduğuna görə beyninin inkişafı güclənir. Sidik cövhəri beyində müxtəlif neyrotransmitterlərin, neyrofermenlərin miqdarını artıraraq intellekt qabiliyyətini gücləndirir.

Marfan sindromu, Morrison sindromu kimi xəstəliklər də dahilərdə rast gəlinir. Avraam Linkolnda, Harribaldi də de Qolda bu xəstəliklər var idi. Xəstəliyin hormonları insanın intellektini, qeyri-standart fikirləşmə qabiliyyətini gücləndirir. Janna Dark heç qadına yox, yeniyetmə oğlana oxşayırdı. Onda qadın cinsi əlamətləri inkişaf etməmişdi. Heç bilmirlər onda aybaşı olurmuş, ya yox. Jana Darkda endokrin adlı xəstəlik vardı. Bu xəstəlik nəticəsində qadın xüsusiyyətləri kişi xüsusiyyətləri ilə əvəzlənmişdi. Onun heç fiziki gücü yox idi; balacaboy, arıq, cılız bir qız idi. Buna baxmayaraq psixi gücü kişilərdən daha yüksək idi. Bu da xəstəlik nəticəsində üzə çıxmışdı. Bəzi xəstəliklər var ki, dahi olmağa kömək edir.

 

- Cəmiyyətimizdə dahi ola biləcək adamların miqdarı artıb, yoxsa?

- Yəqin əvvəllər informasiya axını bu qədər bol olmadığına görə cəmiyyətdə indiqo (qeyri-adi qabiliyyətə, fenomen istedada malik yeni nəsil insanlar-red.) uşaqların mövcudluğundan xəbərsiz idik. Son vaxtlar isə onların sayı xeyli artıb. Mən şəxsən neçə dəfə indiqo uşaqlarla rastlaşmışam. Amma təəssüf ki, valideynləri onların bu xüsusiyyətlərinin inkişaf etdirilməsinə imkan verməyiblər. Onlar deyiblər ki, bizə dahi övlad lazım deyil, sağlam övlad lazımdır. Statistikalar son dövrlərdə indiqo uşaqların sayının artmasından xəbər verir. Ona görə də bu yaxınlarda dahilərin indiqo formasında partlayışını görəcəyik. Biz buna hazır olmalıyıq.

http://pda.milli.az/news/society/269657.html

 

 

 

 

 

 

 

Go Back

Narınc Uşaq Psixologiya Mərkəzində BİR GÜN

“Mərkəzdə bir gün” rubrikası altında bu dəfə Psixoloq Narınc Rüstəmovun baş rəhbərliyi altında fəaliyyət göstərən Narınc Uşaq Psixologiya Mərkəzinin Xətai rayonu üzrə filialının qonağı olduq. Bütün bir günümüzü Mərkəz daxilində keçirərək, mərkəzin iş prinsipi ilə yaxından tanış olduq, mütəxəssislərlə söhbət edib müsahibə götürdük.

Mərkəzə daxil olarkən gözləmə zalındakı şirin bir izdihamla qarşılaşdıq. Balacalarımız valideynləri ilə birgə öz konsultasiya vaxtlarının gəlməsini gözləyirdilər. Artıq insanların psixoloqun işi barədə bu qədər maariflənmiş olması və valideynlərin övladlarının inkişafına bu qədər həssaslıqla yanaşmaları içimizdə fəxr hissi oyatdı. Təbiidir ki, bütün bunlar Narınc Rüstəmova və onun Peşəkar komandasının əməkləri, Azərbaycanda uşaq psixologiyasının inkişafı naminə göstərdikləri səylər və bu yolda qazandıqları uğurlu nəticələr sayəsində mümkün olub.

Mərkəzdə bizi ilk olaraq Narınc Uşaq Psixologiya Mərkəzinin Xətai rayonu üzrə filialının rəhbəri, psixoloq Təranə Kazımlı qarşıladı. Təranə xanımla söhbətimiz səmimi bir aurada baş tutdu!

TƏRANƏ KAZIMLI - Narınc Uşaq Psixologiya Mərkəzinin Xətai rayonu üzrə filialının rəhbəri, uşaq psixoloqu

-Təranə xanım, Mərkəzə ən çox olunan müraciətlər nə ilə bağlı olur?

-Mərkəzimizə son zamanlar ən çox fəsillə əlaqədar kəkələmə problemi və həmişə olduğu kimi azyaşlı uşaqlarımızda nitq ləngiməsi , inkişaf geriliyi ilə bağlı problemlərlə müraciət edirlər.

-Valideynlərin ən çox təəccüb etdiyi və razılaşmaqda çətinlik çəkdiyi situasiyalar hansılar olur?

-Valideynlərlə işləyərkən qarşılaşdığımız problemlər bir neçə kateqoriyaya bölünür. Məsələn ,təbii olaraq ağlamaq azyaşlı uşağın instiktiv reaksiyasıdır. Peşəkar mütəxəssislər və həmçinin mən də bu halın bizi idarə etməsinə izn vermirik. Valideynlər daha çox “Siz bu uşağı necə susdurursuz axı, bunun üçün nədən istifadə edirsiniz?” kimi suallarla müraciət edirlər.

Məktəb yaşlı uşaqlarla problem onların bizə daha gec müraciət etməsindədir. Birdə yeniyetmələrlə konsultasiyada əsas məsələ odur ki, valideynlər onların rahat gəlib getməsinə şərait yaratmırlar. Qızların mentalitetlə bağlı problemlərini nəzərə almaq olar, amma 15-16 yaşlı oğlanlara bunun üçün şərait yaradılmalıdır. Valideynlərə dəfələrlə bildiririk ki, bunu etməyiniz onlarda özgüvənin formalaşmasına imkan yaradacaq.

-Uşağın tərbiyəsində rolu ən çox kim oynayır?

-Əlbəttə ki, uşağın tərbiyəsində onun böyüdüyü ailə böyük rol oynayır. Geniş Azərbaycan ailələrini nəzərə alsaq, bura  ata-ana ilə yanaşı  nənə, baba, bibi, xala, əmi, dayıları da daxil etməli oluruq.Amma əlbəttə ki, əsas olaraq ata-ana faktorunu götürürük.Sadəcə müraciətləri tam analiz etdikdə, statistik olaraq qarşımıza çıxır ki, ata-ana uşağı əvvəldən gətirmək istəyir, lakin nənə-baba buna səhlənkar yanaşır və yaxud da tam əksinə - cavan ailələr nənə-babadan daha səhlənkar yanaşır.Uşaqları adətən anaları gətirir. Biz konsultasiya zamanı təkcə uşağı gətirən ailə fərdini nəzərə almırıq. Ailənin neçə nəfərdən olması, kimin daha çox rolu olduğu haqqında məlumat alırıq ki, bu daha sonra bizə kömək olur.

-Valideynlərdən ən çox eşitdiyiniz sual?

-Çox qarşılaşdığımız sual “nəticəni nə vaxt alacağıq?”. Ailələr aylar, illər ərzində formalaşmış problemlərin nədənsə bir seansda həll olunmasını gözləyirlər.

Sıx-sıx rast gəldiyimiz problemlərdən biri də hiperaktivlikdir.Ümumiyyətlə, hiperaktivliyi valideynlər, həmçinin həkimlər də sadə diaqnoz kimi başa düşürlər. Lakin biz hiperaktivliyi psixoloji cəhətdən araşdıranda onun ağırlıq dərəcəsini, nə qədər müddətdir davam etdiyini müəyyənləşdiririk , hətta bəzi hallarda dərmana belə müraciət olunma halları meydana çıxa bilir.

Təbii ki, yaş fərqindən asılı olaraq da nəticə almaq fərqlənir. Buna görə də hər dəfə valideynlərə bunun 3-6 aya qədər davam edə biləcəyini bildiririk. Daha sonra konsultasiyaları həftədə bir dəfə, ayda bir dəfəyə qədər salmaqla uşağı nəzarət altında saxlayırıq.

Valideynlər nəticə almaq üçün tələsirlər, lakin nəticə həm də valideynlərdən asılıdır. Bizim verdiyimiz təlimatlar üzrə evdə necə işləyəcəklərindən asılıdır,bizim nəticənin tezləşməsində sosial cəmiyyətin də rolu vardır. Nəticənin tezləşməsində valideynin, məktəbin də rolu böyükdür.

Qeyd edək ki, uşaqlarla bütün konsultasiya müddəti Təranə xanımın otağında olan və bütün otaqlarda quraşdırılmış olan xüsusi kameralar vasitəsilə televizordan anbaan nəzarət altında saxlanılır və ehtiyac olduqda valideynlərə də izləmələri üçün şərait yaradılır! 

 

FƏRİDƏ HƏSƏNLİ – Pedaqoq, İnkişaf Geriliyi üzrə Mütəxəssis

 

-Fəridə xanım, Siz daha çox hansı problemlərlə  işləyirsiniz?

-Bizə ən çox psixiatrik və nevroloji narahatlığı olan uşaqlar müraciət edir. Son zamanlar daha çox rast gəldiyimiz diaqnozlar autistik əlamətlərdir. Mən sizə sırf bunun üzərindən danışmaq istəyirəm.

-Valideyn necə bilsin ki uşaq autizmdir və sizə müraciət etsin?

-Bir şeyi qeyd edim ki , autizmin özünün növləri var, bu diaqnostika nəticəsində dəqiq bəlli olur. Əlamətlər nədir: Əgər uşaqlar adını çağıranda gec baxırsa, danışarkən göz kontaktı qurmursa, stereotip davranışlar sərgiləyirsə, məsələn, işığı yandırıb söndürürsə, yaxud durmadan əlləri ilə oynayırsa, irəli – geri gedib gəlirsə və s., bu tip hərəkətlər uşaqlarda varsa, televizora durmadan baxırsa, ayıranda ağlayırsa, paltaryuyan maşının qabağında oturursa, maşının təkərləriylə oynayırsa, yarımdairəvi hərəkətlər varsa, bu uşaqlardan şübhələnə bilərik. Amma bu o demək deyil ki, bu uşaqda konkret autizm diaqnozudur. Sadəcə siqnal ola biləcək əlamətləri qeyd etmək istədim.

Autizm diaqnozu qoymaq üçün müəyyən şərtlər var. O şərtlərdən birincisi yaşdır. Yaşı nəzərə almaq lazımdır, məsələn, 3 yaşı olan uşağa biz autizm diaqnozu qoya bilmərik!

Son zamanlar çox rast gəldiyimiz, analar uşaqları səs salmasın deyə, onu televizorun qarşısına qoyurlar. Artıq uşaqda təktərəfli debat gedir. Kontaktı olmayan, bağçaya getməyən, evdən çıxmayan uşaq  yalnız təktərəfli olaraq televizora baxır və bu uşaqlarda ünsiyyət qurmaq bacarığı formalaşmır.

       

Pedaqoji baxımsızlıq nəticəsində də autistik əlamətlər ortaya çıxır. Əslində bunu autizm hesab etmirik, sadəcə əlamətlər fonudur. Autizm diaqnozu qoymazdan əvvəl uşağın anamnezini araşdırmaq lazımdır. Ananın doğumu, hamiləliyi necə keçib, müraciət olunan yaşa qədər baxımı necə olub, nevropatoloq yanında olubmu. Autizm diaqnozu qoymaq üçün sadəcə göz kontaktının olmaması, adına reaksiya verməməsi yetərli deyil. Autizmin 12 əsas, 32 əlavə əlamətlərindən azı 50%i olmalıdır ki, uşağa bu diaqnozu tam qoya bilək.

-Bu uşaqlarla  daha çox hansı metodikalarla işləyirsiniz?

Ümumiyyətlə, autizm diaqnozlu uşaqlarla bir neçə terapiyayla işləyirik. Mən ən çox Montosori proqramından istifadə edirəm. Bununla yanaşı ABA, Holding Therapy də tətbiq edirik. Amma normal olaraq uşaqla dəyərləndirmə aparmaq üçün 3 ay konsultasiya müddəti bitdikdən sonra yaş normativi üzrə də dəyərləndirmə aparırıq. Valideynlərə məsləhət olaraq plastilinlə, konstruktorlarla işi məsləhət görürük. Daha sonra uşağa idraki fəaliyyətlər lazımdır. Birdə valideynlərə bir məsləhətimiz var : uşaqlara yaş normativindən üstün bir şey öyrətməsinlər! Məsələn: saymağı  1 yaşında olan uşağa öyrətmək mənasızdır. Çünki bu onun mexaniki yaddaşına gedir, onun inkişafına bir faydası olmur. Ona görə də uşağın düzgün zehni inkişafı üçün valideynlər ya mütəxəssisə müraciət etsinlər, ya da internetdən, müvafiq kitablardan maariflənib məlumat əldə etsinlər.

AYŞƏN RZA – Uşaq Psixoloqu

  

Ayşən xanımın konsultasiya apardığı otağa daxil olduqda balaca pasienti ilə maraqlı bir  oyun oynadığını gördük.

Ayşən xanımın sözlərinə görə balacamızla kartları uyğunlaşdırma işi aparır. Uşaq bir şəkilə baxaraq ora hansı əşyaların aid ola biləcəyini düşünür. Bu onun hadisələri analizetmə qabiliyyətinin artmasına yardımçı olur.

Ayşən xanım eyni zamanda bildirdi ki, bəzi balacalarımızla yaxın məsafədə konsultasiya önəmlidir. Çünki bu həmin uşaqlar üçün nəticəni yaxşılaşdırır, məsələn əgər  balacamız hədsiz hiperaktiv olarsa konsultasiya zamanı kənar şeylərə meyl edir. Onunla yaxın məsafədən konsultasiya aparıldığı zaman uşaq yalnız psixoloqa diqqət edir, kənar şeylərdən uzaq olur.

Balacamızla konsultasiyadan sonra Ayşən xanımla kiçik bir söhbətimiz baş tutdu.

-Hansı yaş aralığında uşaqlarla işləyirsiniz?

-Yaş yarımdan on yaşına qədər uşaqlarla işləyirəm. Uşaqların problemləri təbii ki müxtəlifdir. Iki yaş yarımdan – beş yaşına qədər olan uşaqlarda nitq ləngiməsiylə bağlı daha çox müraciət olur. Yəni sahəm daha çox nitq ləngiməsidir.

Nitq ləngiməsi olan uşaqlarda analizetmə qabiliyyəti zəif olur, diqqətləri yayınır, söz ehtiyatı həddən artıq az olur, cümlə qura bilmirlər. Bunun üzərində işləyirik, uşaqlarda əvvəlcə diqqət, analiz, daha sonra isə şəkillər üzərində qavrama yaradırıq. Söz anbarı çoxaldıqca nitqi də bərpa olunmağa doğru gedir.

6-10yaşlı uşaqlarda isə əksərən hiperaktivlik müşahidə olunur.

Hiperaktivliyin 3 əlaməti olduğu üçün biz daha çox çoxhərəkətlilik, diqqət dağınıqlığı və implusivlik üzərində işləyirik. Hiperaktivliyin kökündə diqqət dağınıqlığı olduğu üçün biz daha çox onların diqqətini korreksiya edərək hiperaktivliyi nisbətən azaltmış oluruq. Uşaqlarda hiperaktivlik mənfiyə yönəlik olduğu zaman  hərəkət pozğunluqları da baş verir. Çox zaman ilk bunun üzərində işləməli oluruq. Davranış pozğunluğu olduğu üçün onlara biheverial terapiya tətbiq edirik. Biheverial terapiya tətbiq olunduqdan sonra valideynlərə evə də müvafiq təlimatlar verilir.

  

-Hiperaktivlikdən danışırıqsa, deyə bilərsinizmi valideyn üçün mütəxəssisə müraciət etdirəcək əlamətlər hansılardır?

-Əgər uşaq gün ərzində həddindən artıq hərəkətlidirsə, iyə qarşı həssasdırsa, tərləmələri əsasən boyun hissəsində olursa, aşırı diqqət dağınıqlığı olursa artıq ilkin şübhələr yaranmalı və valideyn  mütəxəssisə müraciət etməlidir. Belə uşaqlarda qeyri-ixtiyari diqqət güclü olur. Lakin qeyri-ixtiyari yaddaşı şərhlənə bilmir,çünki  oturma qabiliyyətləri yoxdur. Oturma qabiliyyəti olmadığı üçün diqqət də olmur. Diqqət olmadığı üçün yaddaş da olmur. Oturma qabiliyyəti formalaşdırıldıqdan sonra ixtiyari-diqqət üzərində işlənilir ki, artıq yavaş-yavaş hiperaktivlik azaldılsın. Təbii ki, idmana müraciət etmələri bizim üçün daha əlverişlidir, üzgüçülüyü daha çox məsləhət görürük. Bu zaman beyin hüceyrələri sakitləşir, enerjilərini ata bilirlər.

-Ən çox hansı yaşda müraciət edildikdə uğurlu nəticə almaq olar?

-Təbii ki, biz hər zaman psixoloqa yaxınlaşmaq üçün ən ideal vaxtın 3 yaş olduğunu bildiririk. 3 yaşda şəxsiyyət, beyin, eqo formalaşır. bu yaşda üzərinə düşülsə daha yaxşı və tez nəticə əldə edilir. Məktəbəqədər dövrdə psixoloqa müraciət etmək artıq şərtdir. Əgər bu zaman müraciət olunmazsa,  məktəb dövründə bu problem daha da çox qabarır.

Vaxt keçsə də gözləmə zalındakı sıxlıq səngimirdi. Valideynlər həm balacalarının konsultasiya vaxtlarının, həm də onların psixoloji narahatçılıqlarının günbəgün azalmasını gözləyirlər... Valideynlərdən bir neçəsinə yaxınlaşdıq və kiçik bir söhbət apardıq.

`

 

    -    Bura artıq üçüncü dəfədir gəlməyimə baxmayaraq, uşağımda xeyli dəyişiklik, irəliləyiş görürəm. Həm evdə biznən davranışı, həm də dostları ilə münasibəti əməlli başlı yaxşılaşıb. Kənardan eşidirdim inanmırdım, amma özüm gəldim və gördüm. Hər kəsə, əgər uşaqlarnda hansısa narahatlıqlar görürlərsə mütləq psixoloqa müraciət etməyi məsləhət görürəm.

   - Oğlumun 4 yaşı var, kəkələmə problemi ilə müraciət etmişdik. Öncələri onun gələcəyindən çox narahat idim. Artıq neçə vaxtdır ki , bura gəlib –gedirik və oğlumun nitqində hiss olunacaq dərəcədə düzəlmə var.

Təxminən günorta saatlarında Narınc xanım Rüstəmova mərkəzə gəldi və günlük işlərlə maraqlanmağa başladı. Komandamızı salamlayan Narınc xanım bildirdi ki, əsasən Narınc Uşaq Psixologiya Mərkəzinin 9-cu mikrorayon ofisində olsam da, mütəmadi olaraq Təranə xanımla əlaqəli şəkildə işləyirik. Həftənin müəyyən günləri burada, müəyyən günləri isə digər mərkəzimizdə pasientlərimi qəbul edirəm.......

Narınc xanım bizə, Azərbaycana ilk dəfə olaraq gətirdiyi və tətbiq etməyə başladığı psixoloji testdən də söz açdı. Qeyd etdi ki, “2006-cı ildən Psikoloji Testler Derneği olaraq işinə başlayan test tətbiqi təlimlərindən başqa oyun terapiyası, ailə terapiyası, cinsi problemlərin konsultasiyası üzrə təlimlər verir. Və bu dərnəyin veridiyi, dünyada keçərli olan ilk sertifikatı 9 ay üzərində çalışaraq Azərbaycanda  ilk olaraq mən əldə etdim  və sırf Azərbaycan uşaqları üçün uyğunlaşdırma icazəsini aldım. Artıq 3 aydır ki , bu testin rəsmi şəkildə tətbiqinə başlamışıq.

                     
40 ildən çox Avropa ölkələrində tətbiqi ilə həmişə öndə olan WİSC-R testi artıq AZƏRBAYCANDA, NARINC Uşaq Psixologiya Mərkəzində də mövcuddur!
 

1949-cu ildə David Wecsler tərəfindən 1939-cu ildə yetişkinlər üçün hazırlanmış testə istinadən 6-16 yaş aralığı uşaqlar üçün hazırlanaraq WİSC (Wechsler Uşaqlar üçün Zəka Ölçümü) kimi təqdim edilmişdir. 1974-cü ildə isə yenidən dəyişiklər edilmiş və indiki WİSC-R (revise edilmiş versiyası) testi halına salınmışdır. 

Narınc xanım bizə WİSC-R testi ilə əlaqəli təməl məlumatlar verdi.

WİSC-R Testinin növü: Bacarıq, zəka testidir.
WİSC-R testinin tətbiq ediləcək yaş qrupu: 6-16 yaş qrupuna yönəlmiş bir testdir. 
WİSC-R testinin tətbiq ediləcək şəxs sayı: Fərdi bir testdir və bir şəxsə tətbiq olunur. Tətbiqi 1-1,5 saat davam edir. 
WİSC-R testinin tətbiq forması: Hər testin suallarını təlimatlarına uyğun şəkildə uşağa yönəldilir və uşaqdan bu sualları cavablaması istənilir.

   

Uşağı tərbiyə edərkən valideynlərin ən çox etdikləri səhvlər hansılardır? Və nələrə diqqət etməlidirlər ?

- Valideynlər  uşaqdan supermen olmalarını gözləyirlər. Gözləntiləri hədsiz çoxdur. Uşaqları bacarıqlarına görə qiymətləndirmirik, uşağı öz beynimizdə tutduğumuz ideal modelə uyğunlaşdırmağa çalışırıq və ən çox səhvlər də bu zaman edilir. Müqayisə olunur, tənqid olunur, təhqir olunur. Uşağa onun bacarıqlarına uyğun olaraq individual yanaşlmalıdır. Valideynlərdə bu halları tez-tez müşahidə edirik və beləcə özünə güvənsiz bir cəmiyyət formalaşdırırıq. Daha sonra uşağı davamlı olaraq özümüzdən asılı edirik. Indi  “ana-uşaq simbiozuna” çox rast gəlirik. Ana uşağın hər şeyini kontrol edir. Dost seçimini, yeməyini, içməyini, hətta saat neçədə yatıb, neçədə durduğunu. 14-15, 20 yaşlı uşaqlara belə hədsiz müdaxilələr edirlər. Uşağı o qədər idarə edirlər ki, uşaq tamamən anadan asılı olur və anadan  ayrılanda ortalıqda qalmış kimi hiss edir, nə edəcəyini bilmir, anaya hər zaman ehtiyac duyur. Analar biraz o əzizləmələri, oxşamaları, tərifləmələri tənzimləməlidirlər. Bu da uşağın hər yaş dövrünə uyğun olmalıdır.

Mərkəzdə olan və xüsusi formada dizayn edilmiş “Sensor otaq” çox diqqətimizi çəkdi. Psixoloq Fəridə Həsənli Sensor otağın konsultasiya prosesinin gedişatında çox köməklərinə çatdığını söylədi. Fəridə xanımdan Sensor otaq barədə bizlərə daha geniş məlumat verməsini xahiş etdik.

Sensor otağın nə kimi faydası var?

Biz autizmin korreksiyasında sensor otaqdan  istifadə edirik. 

Ilk olaraq  bilirik ki, autistik uşaqlarla ünsiyyət qurmağa çalışarkən onlar müəyyən müddət aqressiv olurlar. Aqressiyanın azaldılması üçün Sensor otağında quraşdırılmış işıq terapiyasından, aroma terapiyasından istifadə edirik . Çünki  autistik uşaqlar iyə qarşı həssas olur.

                          

Bu otaq sakit və qapalı olur. Uşağın sinir krizi tutarsa onu sakitləşənə qədər burada  buraxırıq. Otağın divarları da olduqca yumşaq material ilə örtülüdür, yəni uşaq sinir boşalması yaşarkən heç bir halda özünə zərər verə bilməz.

Sensor otada  ağac, dəniz, halqa terapiyaları  üçün də mövcud şərait yaradılmışdır. Uşağın yaşından və diaqnozunun ağırlığından asılı olaraq Sensor otaqda terapiyanın müddəti 5-15 dəqiqəyə qədər olmalıdır. Əgər uşağı sakitləşdirmək üçün istifadə edilirsə daha çox qalması mümkündür, lakin sırf ağac terapiyası və digər sadaladığımız terapiyaların effektivliyi  üçün bu vaxtdan artıq müddəti uzatmaq olmaz!

Ağac terapiyası uşaqların sosiallaşma fonunda inkişafına kömək  edir.

Bu terapiyada bir neçə nəfər iştirak edə bilir, assistentlər, müəllimlər, valideynlər. Misal üçün deyək ki, hərənin  əlində bir top var. Uşağa deyirik get topu gətir anaya ver ,uşaq getmir. Bu zaman biz hamımız birlikdə gedib topu gətirib anaya veririk. Sanki bir ağacın budaqları kimi birlikdə hərərkət edir , birlikdə düşünürük.

Halqa terapiyası uşaqlarda emossional sferanı artırmaq üçün istifadə olunur.Bura yelləncək, emossional oyunlar (uşaqla səmimi və zövq alacağı oyunlar oynamaq , ayağın üstünə qoyub yellətmək və s.) təşkil edir.

Bu oyunların hər birinin öz ardıcıllığı var. İlkin olaraq  halqa terapiyası, sonra dəniz, daha sonra ağac terapiyası tətbiq olunmalıdır. Çünki halqa terapidə emossiyaları oturduruq, dəniz terapisində uşaqların intellektual səviyyəsini inkişaf elətdiririk (müxtəlif əşyaları tökürəm mənə filan şeyi gətir, seçmə, eyniləşdirmə ). Artıq son mərhələdə ağac terapiyası ilə sosial kontaktını işləyirik. Daha sonda Ağac terapiyasını sensor otaqdan kənarda da tətbiq edərək, onu cəmiyyətə açırıq.

Əminə Mazanova – pedoqoq,inkişaf geriliyi üzrə mütəxəssis

Son zamanlarda daha çox yaş dövründən körpəlik dövrünə keçid  mərhələsində olan uşaqlarla inkişaf geriliyi və nitq ləngiməsi problemi üzərində işləyirik.

-Nitq ləngiməsinin səbəbləri nələrdir?

-Daha çox genetik faktorla əlaqəli olur, bununla bərabər pedoqoji baxımsızlıq, nevroloji problemlərdən də qaynaqlana bilir.

-Uşaqları qəbul  edərkən konsultasiya zamanı adətən hansı istiqaməti tutursunuz?Konsultasiyanın gedişatını nə cür planlanlayırsınz?

  

Uşaq ilk gələn zaman birinci onun yaş analizini aparır, kiçik motorik bacarıqlarının nə səviyyədə olduğunu yoxlayırıq. Əvvəl kiçik motorik bacarıqları üzərində işləyir daha sonra diqqətini, analiz qabiliyyətini korreksiya edirik. Valdeynlər də bizimlə birlikdə işlədiyi, evdəki tapşırıqları məsuliyyətlə yerinə yetirdiyi zaman nəticələrimiz də qısa zamanda və uğurlu olur. Birdə valideynlərin etdiyi ən böyük səhv uşaqları 6-8 aylığından birbaşa televizora məruz qoymalarıdır. Bu uşaqların nitq inkişafına, yaş inkişafına olduqca mənfi təsir göstərir. Təssüflər olsun ki, son zamanlar bu cür pedoqoji baxımsızlıq ucbatından yaranmış inkişaf geriliyi sindromları daha da çoxalmışdır.

Ofelya Məmədova – Yeniyetmələrlə iş üzrə mütəxəssis, psixoloq

Mərkəzdə sadəcə uşaqlarla deyil, eyni zamanda yeniyetməliyə keçid mərhələsində və yeniyetmə yaşlarında olan uşaqlarla və abituriyentlərlə də işlər aparılır. Mərkəzin Xətai rayonu üzrə filialında bu işi Ofelya xanım həyata keçirir.

    -  Yeniyetməlik dövründə uşaqlarda hansı dəyişikliklər görülür və bu onlarda hansı narahatlıqları yara bilir?

     -   Fiziki dəyişikliklərə boy uzanması, çəki artımı, səsin qalınlaşması, üzdə sızanaqların əmələ gəlməsi, cinsi dəyişikliklər və s. aiddir.

Psixoloji narahatlıqlara isə bu yaşlarda daha çox rast gəldiyimiz özünə qapanma, inadkarlıq, utancaqlıq, özgüvən aşağı olması, tez incimək,küsmək, aqressiya,  sərbəstliyə həddən artıq meyl, istəklərin artması, eqoistlik, qarşı cinsə meyl, gələcək haqda narahatlıq və s. misal göstərmək olar. Bunlar diqqətə alınmadığı təqdirdə dərslərdə zəifləmə, valideynlərlə münasibətlərin gərginləşməsi, inadkarlıq və s. bu kimi neqativ hallar yarana bilər.

     -    Valideynlər yeniyetmə dövründəki uşaqlarına necə davranmalı?

     -  Valideynlər ilk öncə onu bir şəxsiyyət kimi qəbul edib, hörmət bəsləməlidirlər. Hansısa bir qərar alınacaqsa onun da fikrini almalıdırlar. Unutmayın, onun üstünə nə qədər çox getsəniz, bir o qədər özünüzdən uzaqlaşdıracaq, daha da aqressiv edəcəksiniz.  Onu anlamağa çalışın, fikirlərinə dəyər verin,  danışarkən qorxutma, təhdit və şiddətdən uzaq olun. Ona güvəndiyinizi və hər zaman yanında olduğunuzu hiss etdirin!

     -         Bəs abituriyentlərlə çalışarkən hansı metodika daha yaxşı təsir edir?

     -         Əlbəttə ki Pozitiv terapiya və özgüvənini qaldırmaq yönümündə çalışmalar.

 

GÜLNAR HƏSƏNOVA – DEFEKTOLOQ-LOQOPED

Narınc Uşaq Psixologiya Mərkəzinin defektoloq-loqopedi Gülnar Həsənova ilə uşaqlarda kəkələmə problemləri , əqli gerilik üzərində danışdıq.

     -   Uşağın problemindən asılı olaraq onun loqopedik iş müddəti yarım saatdan bir saata kimi dəyişə bilir. Əsasən 3-6 yaş aralığındakı uşaqlarla daha çox məşğul oluram. Elə kəkələmə də məhz bu yaşlarda, uşağın nitq qabiliyyətinin formalaşmağa başladığı dönəmdə ortaya çıxır. Nə qədər tez mütəxəssisə müraciət edilərsə, bir o qədər də erkən , uğurlu nəticə ala bilirik.

Gülnar xanım xüsusilə vurğuladı ki, nəinki nitq problemlərində, eləcə də bütün problemlərdə valideynlərin səyi nə qədər çox olarsa, o qədər gözəl nəticə ala bilərik. Çünki uşaq bizim yanımızda bir saat, yarım saat olur, amma digər bütün zamanını valideynlərinin və ailəsinin əhatəsində yaşayır. Ona görə də bu zamanı düzgün dəyərləndirmək və onlara verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq da valideynlərin və digər ailə üzvlərinin payına düşür.

Əgər  uşaq iki yaşına gəlibsə və nitqi yoxdursa və ya demək olar ki çox azdırsa,  göz kontaktı qurmursa, istəklərini izah edə bilmirsə artıq valideyn ilkin həyəcan siqnallarını almağa başlamalıdır.

Digər psixoloqlarımızənda ayrı-ayrılıqda  qeyd etdiyi kimi ən qlobal problem valdeynlərin uşaqların həddindən çox televizor izləmələrinə yol vermələridir. Biz də Gülnar xanıma bu işin norması nədir deyə sorduq. Yəni uşaqlar hansı yaş aralığında hansı müddətdə televizor izləyə bilərlər?

-         2-3 yaş (körpəlik dövrü) arası uşaqlar gün ərzində 20 dəqiqə, 3-6 yaşlılar (məktəbəqədər dövr) 1 saat, 6-9 yaşlı (kiçik məktəbli ) uşaqlar  2-3 saat televiziya izləyə bilərlər. Bu vaxtlar gün boyu 20-30 dəqiqəlik bölgülər halında qurulmalıdır. Uşaqlarınızın nəyi izlədiyinə nəzarət etmək istəyirsinizsə, uşağınızla birlikdə izləyin və sonra izlədiklərinizi onunla müzakirə edin. Daim onlarla sohbətinizi diskusiya şəklində qurun , bu onun nitqinin inkişafina və ətrafında baş verənləri analizetmə qabiliyyətinin formalaşmasına təkan verəcək!

   Günün sonunda yenidən yolumuzu Təranə xanımın yanından saldıq. Bizə yaratdığı şərait  üçün ona sonsuz təşəkkür edərkən son sualımızı verdik.

      -    Valideynlər niyə “Narınc”uşaq psixologiya mərkəzini seçməlidirlər?

   - Bizi seçməkdə birinci faktor kimi onu qeyd etməyim kifayətdir ki, Azərbaycanda ilk dəfə ayrıca olaraq uşaq psixologiya mərkəzi,  məhz  Narınc xanım Rüstəmova tərəfindən təsis edilib və uğurla fəaliyyətə başlayıb.

  İkinci əsas faktor, bizim məsələyə yanaşma tərzimiz fərqlidir, biz məsələyə kompleks yanaşırıq. Sıfırdan, yəni, uşağın yeni doğulma dövründən ta bizim yanımıza gəldiyi yaşa qədər bütün məlumatlar toplanır. Lazımdırsa həkimə, fizioterapevtə, psixiatra yönləndirir, psixopedaqojik, loqopedik iş aparırıq. Əgər problem bizlik deyilsə insanlara yalnış məlumat verib özümüzdən asılı hala salmırıq! Bizim əsas fərqimiz budur! Dəqiq problemin kökü araşdırılır və buna uyğun iş görürük!

       

      PS: Narınc Uşaq Psixologiya Mərkəzi 

      Xətai rayon filialı - 012 480 47 81 ; 055 258 27 00

      9-cu mkr. filialı - 012 480 40 16 ; 055 254 27 00

 

     HAZIRLADI: Fəridə Qasımova

 

 

Go Back

Orxan Fərəcli: " Bəzən psixozlu xəstələrin hücumlarıda olub,amma..." -MÜSAHİBƏ

    

“Müsahibələr” rublikamızın budəfəki qonağı çoxlarımıza tanış olan bir isimdir! Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, bir sıra dövlət və özəl klinikalarının həkim-psixiatrı və nəhayət bir neçə universitetdə müəllim kimi fəaliyyət göstərən Orxan Fərəcli! Gənc yaşına baxmayaraq olduqca  savadlı, geniş dünyagörüşünə malik olan Orxan doktorla müsahibəmiz maraqlı və səmimi bir abu havada baş tutdu!

-Orxan Fərəclini psixiatriya sahəsinə gətirən ən əsas faktor nə oldu?

-Uşaqlıdan həkim olmaq arzum idi. İxtisas olaraq isə ya beyin cərrahı, ya da psixiatriyanı arzulayırdım. Psixiatriyanı seçməyim səbəbsiz deyil,ətrafımda psixatr çox idi. Kumirim isə dayım Nadir İsmayilov idi. Tale elə gətirdi ki, ikinci kursda Psixiatriya xəstəxanasında çalışmağa başladım.Və mən nəslimizdəki altıncı psixiatr oldum!

- Bu sənəti seçərkən hansısa qınaqlarla rastlaşdınızmı?

-İlk qınaq psixiatriya xəstəxanasındakı ilk növbəmdən çıxıb, dərsdə həmin xalatla oturanda qrup yoldaşlarımdan gəldi. Xəstələrin çəkdiyi siqaretin qoxusunua görə heç kim yanımda oturmaq istəmirdi.

-Psixologiya və psixiatriya sahəsinə son zamanlarda maraq artmağa başlayıb. Bunu nə ilə əlaqələndirirsiniz?

-Populyarlıq qazanmasına başlıca səbəb psixoloq ve psixiatrların efirlərə tez-tez qonaq çağırılması, insanlar arasında bu sahədə geniş təbliğatın aparılmasıdır.

-Bugün Azərbaycan cəmiyyətində psixiatr olmaq çətin deyil ki?

-Ölkədə rəsmi statsitikaya görə 343 psixiatr var.Çətin olması başadüşüləndir.

- İnsanlar  nə zaman psixoloqa, nə zaman psixiatra müraciət etmək lazım olduğunu ayırd edə bilmirlər. Bizə qısa bir məlumat verərdinizmi psixatrik xəstəliklər hansılardır?

-Bu problemə görə dəyişən bir məsələdir. Məsələn, yüngül dərəcəli depressiyada psixoloq təkcə psixoterapiya ilə problemi həll edə bilirsə, orta dərəcəli depressiyada həm psixiatr, həm də psixoloq paralel işləməlidir.

-Psixologiya və Konsultasiya Mərkəzinə ilk gəlişinizi necə xatırlayırsınız?

-İlk gəlişimin məqsədi bir dostum üçün psixoloji kurslar ilə maraqlanmağım idi . Amma Elnur müəllim ( Elnur Rüstəmov) məni necə qarşıladısa özüm də kurslara yazılmağa başladım.(gülümsəyir)

-Mərkəzə edilən müraciətlərə  əsasən ən sıx hansı problemlə müraciət edilir?!

-Daha çox depressiya və nevrozlar.

- Psixiatrik problemi olan bütün xəstələri  kənardan baxaraq tanıya bilərikmi?

-Bəzilərini tanımaq mümükün olsa da bəzilərini qətiyyən tanımaq mümkün olmur.

- Psixiatrik xəstələri yenidən cəmiyyətə qazandırmaq mümkündürmü?

-Əlbəttə, hətta bunun üçün xüsusi reabilitasiya tədbriləri də həyata keçirilir.

​​- Bəzən belə ifadələr işlədirlər, “çox oxumaqdan başına hava gəldi, çox oxumaqdan başı pozuldu”. Bir mütəxəssis kimi deyin, çox oxumaqdan adamın başına hava gələ bilərmi?

-Qətiyyən belə deyil.Çox oxumaqla ruhi xəstəlik arasında heç bir əlaqə yoxdur!

-Ağır psixi pozuntusu olan xəstələrlə də işləyirsiniz. Müayinə və ya müalicə əsnasında sizin üçün təhlükə törədən nüanslar olubmu?

- Bəli olub, bəzən psixozlu xəstələrin hücumları da olub, amma o xəstələr özlərinə gəldikdən sonra bu davranışlarına görə üzrxahlıq ediblər həmişə.

-Tənhalıq  psixiatrik xəstəliklərə yol aça bilərmi?

-Bəli, Tənhalıq depressiya yarada bilər

-  Insanlar bugün hələ də psixiatr ilə psixoloqu arasındakı fərqi qayırd edə bilmirlər. Onlara bunu qısaca necə izah edərsiz?

- Psixiatr kimdir?

Azərbaycan qanunvericiliyinə görə, psixiatrlar müvafiq 6 illik tibb təhsilindən sonra xüsusi imtahan verərək əlavə 2 illik rezidentura təhsili alaraq bu ixtisasa yiyələnə bilirlər. Tibbdə rezidentura sistemi tətbiq olunmamışdan əvvəl 1 illik internatura keçdikdən sonra ixtisas sahibi olmaq mümkün idi. Psixiatrlar psixi problemlərin kökünün beyindəki fiziki, hormonal (serotonin, dofamin, adrenalin və s) dəyişikliklərlə bağlı olduğuna əsaslanaraq problemi dərmanlar təyin etməklə həll edirlər.

Psixoloq kimdir?

Psixoloqlar isə psixologiya ixtisası mövcud olan universitetlərdə 4 illik bakalavr baza təhsili almış mütəxəsiislərdir. Psixoterapiya ilə məşğul olmaq üçün isə bakalavr təhsilindən sonra 2 illik magistr təhsili alaraq klinik psixoloq ixtisasına yiyələnmələri əsas şərtdir. Psixoloqlar problemlerin səbəbini insanın düşüncəsində olduğuna əsaslanaraq öz müalicələrini danışaraq (söhbət) həyata keçirirlər.

-Psixiatr kimi fəaliyyətinizdən əlavə , eyni zamanda müəllim kimi də bir neçə universitetlərdə dərs deyirsiniz. Bir müəllim kimi bugünkü tələbələrin səviyyəsinə əsaslanaraq psixiatriya elminin gələcəyini necə proqnozlaşdırırsınız?!

-Çox sevindirici haldır ki, tələbələr öyrənməyə hədsiz meyllidirlər. Bu da psixiatriya elminin gələcək inkişafının daha uğurlu olacağının göstəricisidir!

Fəridə Qasımova

 

 

 

 

 

 

Go Back

Uşaq ailədə gördüyü münasibəti cəmiyyətə qaytarır

Elnur Rüstəmov: “Əgər uşaq hər hansı bir cinayət, yaxud cəmiyyət üçün təhlükə törədirsə birinci onun böyüdüyü mühitə diqqət etmək lazımdır”

Valideynlərindən şikayət edən uşaqlarа və ya indiki uşaqların çox ərköyün və aqressiv olduğunu deyən valideynlərə тез-тез rast gəlirik. Hazırda nənə-babalar, valideynlər onları öz böyüdükləri vaxtın üsulları ilə tərbiyə etməyə çalışırlar. Bunun isə nəticəsi o qədər də müsbət olmur. Valideyn-övlad münaqişələrinin sayı artır. Hətta valideynlərinin onlara qarşı münasibətlərdən narazı qalaraq evdən qaçan uşaqlar вар. Bu isə onu göstərir ki, valideyn-övlad münasibətlərinin tənzimlənməsində problemlər mövcuddur. Psixoloq Elnur Rüstəmov da “Üç nöqtə”yə açıqlmasında bildirdi ki, əvvəllər valideyn-övlad münasibətləri oturuşmuş bir dəyər üzərində qurulmuşdur: “Çünki oturuşmuş bir sistemə əməl edilirdi. Atalar-oğullar problemi son vaxtlar ortaya çıxmağa başlayıb. Buna da təsir göstərən faktorlar texnologiyalar oldu. Nəticədə valideyn-övlad münasibətlərində bir çox problemlər yaranmağa başladı. Müasir dövrün tələblərinə uyğunlaşma baxımından bəzən valideynlə övlad arasında problemlər yaşanır. Digər tərəfdən valideyn-övlad münasibətləri əvvəllər başqa bir dəyərlə - böyüklük-kiçiklik prinsipi ilə tənzimlənirdisə, bu gün artıq yaşa uyğun psixologiya üzərindən tənzimlənməyə başlayıb. Аrtıq uşaqlar babalarının, orta yaşlı atalarının “bizim vaxtımızda belə deyildi” demələrindən şikayətlənirlər. Yeniyetmələrlə bağlı əvvəlki dövrün münasibətləri ilə bu günün münasibətlərini qarşı-qarşıya qoyurlar. Münasibətlər hər ki dövrdə eynidir. Amma o vaxtın müasibətləri həmin dövrün tələbləri ilə tənzimlənirdi. Bu gün isə tələblər başqa olduğu üçün münasibətlərdə də probemlər yaşanır. Psixoloji problemlər son dövrlər daha da artıb. Fobiyalar, depresiyalar əvvəllər o qədər də çox deyildi, amma son dövrlər çoxalıb”.

E.Rüstəmovun sözlərinə görə, valideynlər uşağın yaşına görə psixologiyası haqda maarifli olsalar problemin həlli istiqamətində müsbət iş əldə etmək olar. O eyni zamanda bildirdi ki, uşaq ana bətnində olan vaxtdan valideyn-övlad münasibətləri düzgün qurulmalıdır: “Amma təəssüf ki, ailələrdə bu o qədər də nəzərə alınmır. Boşanmaların sayı artıb. Boşananlar arasında ana olmağa hazırlaşan xanımlar olur. Ailədaxili konfliktlər olur ki, o da hamilə xanımların həm psixologiyasına, həm də uşağın psixi və fiziki inkişafına təsir göstərir. Onun nəticəsidir ki, bu gün uşaqların əksəriyyəti beyindaxili təzyiqlə doğulurlar. Valideynlərin bu istiqamətdə maariflənməsinə böyük ehtiyac var. Amma təəssüf ki onların əksəriyyəti bunu nəzərə almırlar. Ona görə ki cəmiyyətdə hələ bir qisim insanlar bunu vacib hesab etmir”.

Psixoloq onu da bildirdi ki, uşaq ailədə gördüyü münasibəti cəmiyyətə qaytarır. Əgər uşaq hər hansı bir cinayət, yaxud cəmiyyət üçün təhlükə törədirsə, birinci onun uşaqlığına və böyüdüyü mühitə diqqət etmək lazımdır: “Ailənin də, aldığı tərbiyənin və böyüdüyü mühitin ona böyük təsiri olduğunu görəcəksiniz. Ona görə də valideynlər bu kimi məsələləri nəzərə alıb vaxtında tədbirlər görməlidirlər. Bu günün uşaqları 10 il bundan öncənin uşaqları deyil. İndi mövcud olan psixoloji problemlər 10 il bundan öncə yox idi. Texnologiyalar da tamam başqadır. Bütün bunlar istər-istəməz uşaqlarının psixologiyasına öz təsirini göstərir. Ona görə də valideynlər uşaqları ilə münasibətdə zamanın yaratdığı dəyişiklikləri, fərqlilikləri də nəzərə almalıdırlar”.

ucnoqta.az

Go Back

ƏBDÜL ƏLİZADƏ - Qismətimi bu elmdə tapdığım üçün özümü xoşbəxt sayıram

Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, professor Əbdül Əlizadə ilə söhbət.....

- Əbdül müəllim, Sizin həyat yolunuz tanınmış, ölkənin psixologiya elminə dəyərli töhfələr vermiş psixoloq alimin ömür yoludur. Bəlkə söhbətə keçməzdən öncə tərcümeyi-halınızın bəzi səhifələrini vərəqləyək?

- Tərcümeyi-halımın ilk səhifələri belə başlayır: Şuşa, Malıbəyli kəndi, 16 avqust 1932-ci il. Malıbəyli Şuşanın böyük kəndlərindən biri idi. Kənd ziyalıları ilə seçilirdi. Azərbaycanda ilk qız məktəblərindən biri Malıbəylidə açılmışdı. Kənd camaatı Böyük "Quran"ın ayələri ilə yaşayır, əzəmətli muğam təranələri ilə nəfəs alırdı. Mən doğulandan təxminən 10-15 gün sonra ailəmiz respublikanın paytaxtına köçəndə mənim həyatımın unudulmaz Bakı səhifələri açıldı, Qarabağ-Bakı ənənələri ilə tərbiyə olunduğum günlər-aylar işıqlandı.

1940-cı ildə Bakının məşhur məktəblərindən birində - 31 nömrəli məktəbdə şagird ömrü yaşamağa başladım.

1941-ci ildə isə İkinci Dünya müharibəsinin səsi-sorağı artıq Bakıda da, məşhur neft şəhərində də eşidilirdi. Məktəbimiz hərbi hospitala çevrildi. Şəhərdə oğlan və qız məktəbləri təşkil olundu. Oğlan sinifləri də, qız sinifləri də gündə bir məktəbdə təhsil alırdılar. 1945-ci ildə müharibə qurtardı, VI sinifdə oğlan qrupları yenə də 31 nömrəli məktəbdə oxumağa başladılar. Müharibə illərində nəinki uşaqların görkəmi, həm də dünyagörüşləri dəyişilmişdi. Onlar artıq ali məktəblərdə təhsil almaq haqqında düşünür, götür-qoy edirdilər. ...

1950-ci ildə Bakı Dövlət Universitetinə daxil oldum. Həyatımda akademik Abdulla Qarayev, professorlar Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Məmmədəli Məhərrəmov, dosent Səidə İmanzadə kimi görkəmli ziyalıların bənzərsiz psixoloq və pedaqoq qayğısı ilə yeni mərhələ başladı.

1958-1959-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində psixologiya müəllimi və respublikanın əsas pedaqoji dərgisində - "Azərbaycan məktəbi" jurnalında işləmişəm.

1959-2014-cü illərdə, təxminən 55 il ərzində ADPU-da, əsrin məşhur pedaqoji Akademiyasında şərəfli müəllim ömrü yaşamışam.

2012-ci ildə ciddi xəstələnmişəm, uzun müddət infarkt və plevrit diaqnozları ilə aylarla müalicə olunmuşam...

- Siz, Azərbaycanda psixologiya elminin inkişafında əvəzsiz xidmətləri olan psixoloqlardansınız. Elmin bu sahəsini Sizə sevdirən amillər?

- Mən VIII sinifdə oxuyanda məktəbdə ağlı-zəkası ilə seçilən istedadlı şagirdlərdən biri olan Yaşar Qarayevlə dostluq edirdim. Biz hər gün dərsdən sonra, saat 2-3-də görüşüb indiki Nizami metrosundan aşağıda, 18 nömrəli məktəblə üzbəüz bir sahədə yerləşən kitabxanada maraqla dünya ədəbiyyatını öyrənirdik. Hötenin "Faust" əsəri ilə tanış olanda Mefistofelin aşağıdakı sözləri haqqında düşünməyə başladım. Mefistofelin replikasının önəmli parafrazası belə idi: "Mən psixoloqam. ...bax, əsl elm belə olar".

Kimdən soruşdum, bu parafrazanı açıqlayan olmadı ki, olmadı. Ancaq gecə-gündüz özümun gələcək peşəm-sənətim haqqında düşünürdüm. Mefistofelin parafrazası mənə necə də möcüzəli görünürdü... BDU-ya daxil olmaq istəyəndə isə günlərlə düşünüb araşdırdığım psixologiya şöbəsinə ərizə verdim. O dövrün həqiqətlərindən biri belə idi: psixoloq çox adam üçün öz-özünə anlaşılmaz peşə idi. Universitetə daxil olandan sonra isə öyrəndim ki, qrupda oxuyan abituriyentlər filoloq olmaq fantaziyası ilə yaşayırmış, onlar psixologiya şöbəsinə qəbul komissiyasının iradəsi ilə düşmüşdülər. Başqa sözlə, qrupda ancaq öz istəyi ilə mən psixoloq peşəsini seçmişdim... Ancaq hərdən tərəddüd də edirdim... Universitetdə təhsil aldığım günlərdə psixologiya ilə tanış olduqca, gördüm ki, səhv etməmişəm. Psixologiya elmlər sistemində fundamental yer tutan elm sahəsi kimi məşhurdur və qismətimi bu elmdə tapdığım üçün indi də özümü xoşbəxt sayıram.

- Azərbaycanda elmi psixologiyanın tarixi barədə Sizin fikirlərinizi bilmək maraqlı olar.

- Ayların, illərin axarında Azərbaycan psixologiyasında köklü bir paradoks kimi etnopsixologiya formalaşmış və inkişaf etmişdir. Elmi psixologiyanın tarixini isə, təəssüf ki, öyrənməmişik. Azərbaycanda antik psixologiya hansı meyarlarla seçilib, ellinizm epoxasında və ya orta əsrlərdə psixoloji fikir nə ilə şərlənib? - təəssüf ki, bilmirik. XIX əsrin psixoloji tarixi də qətiyyən öyrənilməyib. XII əsrə gəldikdə... Nizami Gəncəvinin bənzərsiz psixoloji görüşləri işıq saçır. XIII əsrdə isə Nəsirəddin Tusinin dövrün filosofu və böyük psixoloqunun əzəmətli portreti ilə rastlaşırıq. Nəsirəddin Tusinin "Əxlaqi Nasiri" traktatında xüsusi yer tutan xarakter (xasiyyət) konsepsiyası nəinki Azərbaycan psixologiyasında, həm də dünya psixologiyasında əzəmətli innovasiya idi. ...Nizami Gəncəvinin və Nəsirəddin Tusinin psixoloji axtarışlarının tarixi -Azərbaycan psixologiyasının fundamental tarixi isə öyrənilməyib.

Problemin başlıca fəsadlarının kökü ondan ibarətdir ki, Azərbaycanda psixoloji fikir tarixi arxiv sənədləri ilə öyrənilm əyib, Azərbaycan psixologiyasını "öyrənən" müəlliflər çox vaxt biblioqrafik axtarışlara öz-özünə meyil ediblər. XXI əsrdə psixologiya tarixçilərinin formalaşdırılması aktual problemdir. Bu tarixi öyrənmək istəyənlər professional olmalıdırlar. Dünya psixologiyası tarixi fonunda Azərbaycanda psixoloji fikrin inkişaf yollarını sistemli bilməli, tarixçi təfəkkürü ilə seçilməlidir. Yeri gəlmişkən bir problemi də xüsusi qeyd etmək istəyirəm. Mən tərcüməçilər problemini qeyd edirəm. Bu gün vəziyyət belədir: biz, necə deyərlər, özümüz üçün yazırıq, özümüz də oxuyuruq. Halbuki tədqiqatların dünya səhnəsinə çıxması əslində əsrin problemi kimi səslənir.

Görünür, bu problemi həll etmək üçün Azərbaycan Dillər Universitetində psixoloq-tərcüməçilər qrupu təşkil etməyin vaxtı çatıb. Azərbaycan dilindən ingilis dilinə, ya alman dilinə və ya fransız dilinə tərcüməsi artıq zamanın tələbidir. Bundan başqa, dünya psixoloji ədəbiyyatının müvafiq dillərdən bilavasitə Azərbaycan dilinə də tərcümə olunması əlamətdar olardı. Əgər mənim, tutaq ki, "Uşaq və yeniyetmələr: seksual inkişafın psixopedaqoji problemləri" monoqrafiyam ingilis və ya rus dilinə tərcümə olunsaydı, özümü xoşbəxt hesab edərdim.

- Respublikamızda psixoloq kadrlarının hazırlanmasında əvəzsiz rolunuz olub. Neçə-neçə yetirmələriniz müxtəlif istiqamətli mövzularda namizədlik və doktorluq dissertasiyaları müdafiə ediblər. Tələbələrinizdən kimləri daha çox xatırlayırsınız?

- Bu günə qədər təxminən 30-a yaxın namizədlik dissertasiyasının elmi rəhbəri olmuşam. Onlar müasir psixologiyanın aktual problemləri sahəsində müxtəlif istiqamətlər üzrə tədqiqatlar aparmış və psixologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşlər. Onlardan bir çoxu, məsələn, Sabir Şabanov, Ramiz Əliyev, Nurəngiz Rzayeva, Elxan Bəylərov və b. məni ziyalı kimi yüksək dəyərləndirir və mənimlə yaxından əlaqə saxlayırlar.

Sabir Şabanov istedadlı gənc fizik kimi məni hələ tələbəlik illərindən maraqlandırırdı: o, universiteti fərqlənmə diplomu ilə bitirəndə mən onu elmi-tədqiqat axtarışlarına cəlb etdim. Psixologiya həmişə fizika ilə bağlı olmuşdur. Hətta eksperimental psixologiya formalaşanda psixoloqlar fizikanın tədqiqat metodlarından da istifadə etmişdilər. Mən S.Şabanov vasitəsilə psixologiyanı fizika ilə bağlayan elmi düşüncələri açmaq istəyirdim. Lakin o, universiteti bitirəndə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində işə cəlb olundu və uzun müddətdir ki, orada müxtəlif vəzifələrdə müvəffəqiyyətlə fəaliyyət göstərir.

Ramiz Əliyev bu gün respublikanın görkəmli psixoloqlarından biri kimi formalaşmışdır. Azərbaycan psixologiyasını dəyərli monoqrafiyalarla zənginləşdirmişdir. Onun "Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları", "Etnopsixologiya: qloballaşma və millilik", "Şagird şəxsiyyətinin formalaşmasında milli xüsusiyyətlərin nəzərə alınması" kimi monoqrafiyalarında Azərbaycançılığın psixoloji problemləri əzəmətlə səslənir. Müəllifin "Psixologiya tarixi", "Tərbiyə psixologiyası" kitabları ilə Azərbaycan pedaqoji psixologiyası tarixində önəmli səhifələr açılıb. R.Əliyevin "Mentalitet" (Bakı, 2009) monoqrafiyası isə müasir Azərbaycan psixologiyasında önəmli sosioloji-psixoloji şedevrdir. O, hazırda psixologiya elmləri doktorudur.

N.Rzayeva hazırda doktorluq dissertasiyası üzərində işləyir. Psixoloji mətbuatda müntəzəm çıxış edir. Onun dissertasiya müdafiələrində opponent kimi çıxışları da həmişə seçilir. Elxan Bəylərov isə önəmli tədqiqatları ilə seçilir. Bu günlərdə müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişdir...

- Azərbaycan psixologiya elminin ilk nümayəndələri kimlər olub?

- Azərbaycan psixologiyasının tarixi hələ sistemli öyrənilməsə də, əlamətdar tarixi var. Azərbaycan psixologiyası həmişə əsrin fəlsəfi axtarışları ilə bağlı olub. Nizami Gəncəvi və Məhəmməd Füzuli böyük insan məhəbbətinin fəlsəfi-psixoloji sirlərini dahiliklə vəsf ediblər. Nəsirəddin T

usinin bənzərsiz fəlsəfi-psixoloji axtarışları Azərbaycan psixologiya tarixində xüsusi mərhələ kimi seçilir. XIX əsrin Azərbaycan psixologiyasında "Dərsi üsuli-cədid" konsepsiyası formalaşmışdı. Bu konsepsiya dünya psixologiyasında ilk pedaqoji təfəkkür konsepsiyası kimi nə qədər maraqlı olsa da, XX əsrin əvvəllərində onun əks-sədası eşidilmədi.

1909-cu ildə görkəmli Azərbaycan mütəfəkkiri Ü.Hacıbəyovun Rəşid bəy Əfəndiyevlə polemikası prosesində kəşf yolu ilə öyrənmə ideyası formalaşmışdı. Zaman keçdikcə, təxəyyülün psixopedaqogikası tarixində önəmli olan bu ideya dünya psixoloqlarının diqqətini cəlb etdi və ingilis psixologiyasında S.Brünerin "Kəşf yolu ilə öyrənmə" nəzəriyyəsi formalaşdı. 20-ci illərin əvvəllərində Ə.K.Zəkiyev, Mühiddin və A.Əfəndiyevin hələ sistemli öyrənilməmiş psixologiya dərslikləri işıq üzü gördü. 30-cu illərin psixologiya tarixi salnaməsində H.B.Şahtaxtinski, A.Əfəndiyev və A.D.Quliyevin adı hörmətlə çəkilir. ...

1879-cu ildə dünyaya ilk dəfə olaraq işıq salmış psixologiya laboratoriyası eksperimental psixologiyanın mərkəzinə çevrildi. Azərbaycan psixologiyasında isə eksperimental psixologiyanın tarixi məsələləri hələ sistemli öyrənilməsə də, bir fakt diqqəti cəlb edir: Azərbaycan fəlsəfi tarixinin önəmli ənənələri ilə inkişaf edən və özünəməxsus modellərlə fəlsəfiləşmiş Azərbaycan psixologiyasında eksperimental tədqiqatların gur səsi İkinci Dünya müharibəsindən sonrakı illərdə daha aydın eşidilməyə başlamışdır. Bu illərdə ilk hörmətli və həlledici sözlər görkəmli Azərbaycan psixoloqu Əkbər Salman oğlu Bayramovun təfəkkür psixologiyası problemlərinə həsr olunmuş sistemli tədqiqatlarında eşidildi. Azərbaycan psixologiyasında psixoloqlarımızın köklü eksperimental metodikalarla fərqlənən eksperimental tədqiqatlarının maraqlı tarixi yaranmağa başladı. Bu önəmli təcrübəni daha da inkişaf etdirmək və müasir eksperimental tədqiqatlarla dünya psixologiyası səhifələrinə çıxarmaq dünən də əsas vəzifəmiz idi, bu gün də əsas vəzifəmizdir.

1940-1945-ci illərdə akademik A.O.Makovelski, F.İbrahimbəyov, M.Məhərrəmov, Ş.Ağayev, M.Həmzəyev, Ə.Bayramov, Q.Əzimov və b. tədqiqatları xüsusilə seçilir. Bu illərdə unudulmaz Fuad müəllimin respublika psixoloqlar cəmiyyətinin sədri kimi fəaliyyəti çoxcəhətli olmuşdur. Onun psixiatr və psixoloq kimi fəaliyyəti əlamətdardır. Fuad müəllim psixologiyanın psixiatriya qovşağında inkişaf etməsində həlledici rol oynamışdır.. Bu təcrübə ən yaxın illərdə psixologiyanın inkişaf perspektivləri üçün, şübhəsiz ki, əlamətdardır.

XXI əsrdə Azərbaycan psixologiyasının inkişafında, görünür yeni mərhələ başlanmışdır. Bu mərhələnin inkişaf yolunun işıqlı səhifələri AMEA-nın müxbir üzvü, professor B.H.Əliyevin, professor S.İ.Səmədovun, professor K.R.Əliyevanın və başqalarının tədqiqatlarında yazılır. AMEA-nın müxbir üzvü, professor B.H.Əliyevin şəxsiyyət psixologiyasına həsr olunmuş dəyərli tədqiqatları ilə Azərbaycan psixologiyasında və məktəblilərin şəxsiyyətyönümlü təlim təcrübəsində yeni və fundamental səhifələr açılır.

Professor K.R.Əliyevanın yaradıcılıq psixologiyasına həsr olunmuş fundamental tədqiqatları müasir təhsil paradiqması baxımından xüsusi nəzəri və praktik dəyərə malikdir. Mən bu gənc psixoloqlara baxıb sevinirəm, onlar artıq müasir Azərbaycan psixologiyasının sütunlarına çevrilmişlər.

- Müəllifi olduğunuz dərsliklər barədə.

- Azərbaycan mədəniyyəti tarixində Seyid Əzim Şirvani nəinki qüdrətli şair, həm də ilk uşaq dərsliyi müəllifi kimi şöhrətlənmişdir.

XIX əsrdə uşaq dərsliyinin yazılması böyük innovasiya idi. Bu problem bu gün necə də aktuallaşıb. Onların konseptual modelləri müxtəlif aspektlərdə araşdırılır. Bu məsələlərdən danışarkən mən, ilk növbədə hörmətli professor Yəhya Kərimovla əməkdaşlıq şəraitində yazdığım "İlk addımlar" dərsliyini qeyd etmək istəyirəm. Dərslik kütləvi tirajla nəşr olunmuşdu. Onun səsi-sorağı Türkmənistandan, Özbəkistandan, hətta Qazaxıstandan da eşidilirdi.

Professor Akif Abbasovla yazdığım "Ailə" dərsliyinin də taleyi uğurlu olmuşdur. Dərslik iki dəfə kütləvi tirajla nəşr edilmiş və rus dilinə də tərcümə olunmuşdur. "Ailə" dərsliyi özünün etnopsixoloji açıqlamaları ilə diqqəti həmişə cəlb etmişdir.

Görkəmli Azərbaycan psixoloqu, professor Əkbər Bayramovla birlikdə ilhamla yazılmış iki dərsliyin ("Psixologiya" və "Sosial psixologiya") həmmüəllifi olmuşam... İllüstrativ psixologiya paradoksları ilə seçilən "Psixologiya" dərsliyi 30-35 ildir ki, bakalavr məhəbbəti ilə sevilir. Professor Hikmət Əlizadə ilə yazdığımız "Pedaqoji psixologiya" nəinki tələbələr, həm də müəllimlər üçün faydalı vəsaitdir. Bu sualı iki qeydlə açıqlamaq istəyirəm:

1. Respublikamızda son illər ərzində 4 psixologiya dərsliyi işıq üzü görmüşdür. Lakin onlar kafedralarda müzakirə olunmamışdır, əldə edilmiş təcrübə kökündə "Psixologiya" üzrə dərslik konsepsiyası yaradılmamışdır.

Seyid Əzim Şirvaninin ilk dərsliyi ilə Azərbaycanda uşaq dərslikləri təcrübəsi başlasa da, bu dəyərli təcrübə nə psixoloqları, nə də pedaqoqları, təəssüf ki, hələ maraqlandırmamışdır.

2. Nəşr olunmuş "Psixologiya" dərslikləri qeyri-ixtisas fakültələrində uğurla tətbiq olunur, lakin psixologiya fakültələri üçün xüsusi yönümlü dərsliklərin yazılması son dərəcə aktual problem hesab olunmalıdır.

- Hörmətli Əbdül müəllim! Müasir təhsil nəzəriyyəsində inkişaf psixologiyası məsələləri müəllimlərinin təcrübəsində artıq geniş işıqlanır. Psixoloji araşdırmalarda bu konsepsiya necə açıqlanır?

- Məktəb illər boyu, əgər belə demək mümkünsə, bilik tilsiminə düşmüşdü. Uşaqlara bilik verməyə, nəyi isə öyrətməyə çalışıblar. Ancaq bunun texnologiyasını axtaranda XIX əsrdə ancaq bir üsulla - "oxu, yadında saxla" suallarına söykəniblər. Elə bu texnologiya ilə də, sent-Ekzüperinin sözləri ilə desək, məktəbdə "Motsartları" öldürüblər.

İstər 30-50, istərsə də 60-100 illərdə mental psixopedaqoji tədqiqatlar axarında ilk dəfə olaraq tədricən inkişaf konsepsiyası formalaşdı. Biliklərin qiymətləndirilməsinin fəlsəfi əsaslarında yeni və önəmli bir faktor - K faktoru, keyfiyyət faktoru kök salmağa başladı. Mənimsəmənin psixoloji kriteriyaları dəyişdi. İnkişaf faktoru əmələ gəldi. Mənimsəmə isə inkişafın başlıca vasitəsi sayılsa da, "Təfəkkür. İntellekt. Təxəyyül" mənimsəmə prosesinin ana xətti kimi dəyərləndirilməyə başladı: bu kökdə də inkişafın ənənəvi məktəbə bəlli olmayan inkişaf konsepsiyası formalaşdı.

İnkişaf nədir? G.Lefransuanın interpretasiyasında inkişaf paradoksunu təfsir edək. Müəllif yazır: "İnkişafın psixologiyası insanların necə inkişaf etməsini və dəyişməsini, eyni bir şeyi müxtəlif ölçülərlə necə qavranmasını açıqlamağa və izah etməyə çalışır. Kontekstin inkişaf təsirini araşdırır. Müxtəlif yaşlı və cinsli inkişaf xarakteristikası haqqında müəllimlərə zəruri informasiya verir. Müəllim həmişə bilməldir ki, şagirdlər üçün nə maraqlıdır, onlar nəyə qadirdilər və öyrənməyə nə qədər hazırdırlar?

G.Lefransuanın fikrincə, kontekst ətraf mühit, ilk növbədə, mədəniyyət, nəsillər, ailə, tarixi hadisələr və təhsil - inkişafın spesifik şəraitidir. Bu məsələlər Jan Piajenin intellektual inkişaf nəzəriyyəsində sistemli açıqlanır. Aşağıda bu konsepsiya əsasında koqnitiv strukturlar özünəməxsus trinadalı parametrlər kökündə - "Təfəkkür. İntellekt. Təxəyyül" kontekstində açıqlanır.

Azərbaycan məktəbi təfəkkürün uzun müddət açılmamış sərhədlərini artıq uğurla fəth etmişdir. Məktəb təcrübələrində onlarla maraqlı texnologiyalar artıq vətəndaşlıq hüququ qazanmışdır. Təfəkkür konsepsiyasının formalaşması XX-XXI əsrlərin psixologiyasının əzəmətli nailiyyətidir. Müasir təhsil nəzəriyyəsi təfəkkürü koqnitiv inkişafın zirvəsi sayır və XX əsrdə, eləcə də XXI əsrdə məhz bu kökdə inkişaf edib. Müasir məktəbin təfəkkürün modelləşdirilməsi kökündə uğurları böyükdür. Onların, sözün əsl mənasında, sistemli paradiqmalarla açıqlanması əsrin aktual psixopedaqoji problemi kimi önəmlidir. Kurikulum dərsləri bu problemlərin həllində yeni və maraqlı səhifələr açıb. Yaxın gələcəkdə məktəbin uğurları məhz təfəkkür dərslərinin sistemli ölçülərlə modelləşdirilməsi ilə əlamətdar olacaqdır. XX əsrin psixopedaqogikasında təfəkkür koqnitiv inkişafın episentri sayılıb və bu gün də sayılır.

XXI əsrdə isə bu əzəmətli postulat artıq dixomatik ölçülərlə dəyərləndirilməyə başlanıb. Azərbaycan psixologiyasında yeni konsepsiya-təxəyyül konsepsiyası formalaşıb və məhz əsrin psixopedaqogikasının nailiyyəti kimi dəyərləndirilir.

Müasir pedaqoji psixologiyada təfəkkür konsepsiyası vüsətli inkişaf edir. Məlum proqnozlara görə yaxın gələcəkdə əsrin psixopedaqogikasında yeni və əzəmətli bir konsepsiya - şagird intellektinin inkişaf konsepsiyası formalaşacaq. Təfəkkürün inkişafı konsepsiyası intellektin inkişaf konsepsiyası kökündə yeni paradiqmalarla inkişaf edəcək. Şagirdlərdə intellektin formalaşması və inkişafı əsrin prioritet problemi kimi səslənəcək. Bu, bizim fikrimizcə, önəmli psixoloji proqnoz kimi dəyərləndirilməlidir. İntellekt psixologiyasının önəmli konnatasiyaları var.

İntellekt psixologiyası müxtəlif konseptual modellərlə əlamətdardır. Biz intellekti kreativlik kontekstində açıqlamağa önəm veririk. Kreativlik, D.Mayersin qeyd etdiyi kimi, yaradıcılıq qabiliyyətidir, yeni və qiymətli ideyaların yaradılmasını şərtləndirir. İntellektin strukturunu bu baxımdan təhlil edəndə onun qaynaqlarında, bir tərəfdən digergent təfəkkür, digər tərəfdən təxəyyül aydın görünür. C.Gilfordun tədqiqatlarına söykənəcək, yaradıcılıq elə bu qaynaqlarda inkişaf etməyə başlayır.

Göründüyü kimi, görkəmli psixoloqolar (C.Kettel, Spirmen, Veksler, Gilford və b.) intellektin sirlərini əslində təfəkkürün sirlərində axtarmış, intellektin strukturunda özünəməxsus rola malik olan təxəyyül faktorlarına isə mahiyyətcə əhəmiyyət verməmişlər.

Təxəyyül inkişaf konsepsiyasında əzəmətli fenomendir. A.Eynşteyn deyirdi: - Mən intuisiya və təxəyyülə inanıram. Təxəyyül bilikdən önəmlidir, çünki bilik məhduddur, təxəyyül isə dünyada nə varsa, hamısını əhatə edir.

Təxəyyül tərəqqinin stimuludur və tərəqqinin mənbəyidir. Təxəyyül klassik psixologiyada idrak prosesi kimi mənalandırılıb və öyrənilib. Müasir psixologiyada isə təxəyyülün əvvəlki dövrlərdə açıqlanmamış önəmli sirləri - kreativ proses kimi, yaradıcılıq prosesi kimi psixoloji sirləri, necə deyərlər, kəşf olunub. A.Eynşteynə görə, kəşf yolu, başqa sözlə, bizim fikrimizcə, əsrin Nobel münasibətlərinə gedən əzəmətli yol qeydsiz-şərtsiz təxəyyüldən başlayır.

Müasir psixologiyada təxəyyül nəzəriyyəsi incəsənət prinsipləri kimi araşdırılır (R.C.Kollivud) və onun inkişaf treninqlərinin sistemli öyrənilməsi müasir pedaqoji psixologiyanın prioritet problemi kimi qiymətləndirilir.

Təfəkkür, intellekt və təxəyyül! Bizim fikrimizcə, müasir təhsil nəzəriyyəsi və təcrübəsi XXI əsrdə ancaq və ancaq bu fundamental psixoloji bünövrə əsasında uğurla inkişaf edə bilər və inkişaf edir. Müasir pedaqoji psixologiyada "Kəşf yolu ilə öyrənmə" konsepsiyası formalaşmışdır. Təcrübəli müəllimlər təxəyyülün inkişafı texnologiyasını məhz bu konsepsiyanın parametrləri ilə araşdırırlar.

- A.Ekzüperi paradoksunu necə təhlil etmək olar?

- Pedaqoji psixologiyada Antuan de sent-Ekzüperi paradoksu sosial-mədəni koqnitiv inkişaf nəzəriyyəsinin ana xətti ilə - məhz mədəniyyət və sosial faktların təsiri ilə bağlıdır. A.Ekzüperi yazırdı: -Hazırda orta səviyyəli, birtəhər üçlə oxuyan şagirdin təbiət hadisələri və insan məişəti barəsində Dekart və Paskaldan çox məlumatı var. Ancaq həmin şagirdlərin onlar kimi düşünmək, fikirləşmək qabiliyyəti vardırmı?

Bu problem pedaqoji psixologiyanın köklü problemlərindən biridir. Onun episentrində şagirdlərin koqnitiv strukturlarına, necə deyərlər, möcüzəli fikir toxumu səpən qüdrətli müəllimin müasir obrazı canlanır, başqa sözlə, füsunkar koqnitiv strukturların sosial-psixoloji problemləri var və bu problemlərin həllində ilk hörmətli sözü müəllimlər yazırlar. A.Ekzüperi paradoksu son dərəcə maraqlıdır. Onu ancaq və ancaq Jan Piajenin konseptual modeli ilə açıqlaya bilir.

Jan Piaje müəyyən etmişdir ki, 7-8 yaşların arasında uşağın koqnitiv strukturunda mental aktlar üstünlük kəsb edir. Uşaq bu dövrdə şeylərin mahiyyətini anlamağa başlayır: onlar haqqında "fikirləşə" bilir. Fikirləşə bilməyəndə ritorikaya meyil edir, dərsdə əzbərçilik edir, sual verə bilmir...

Bu problem pedaqoji psixologiyanın köklü problemlərindən biridir. "Sivilizasiyanın başlıca məqsədi insanlara, bizim misalımızda fikirləşməyi öyrətməkdir" (T.Edison) - dünya psixologiyasının başlıca parafrazalarından biri belədir. Bu problemləri necə həll etmək olar?

T.Edisonun fanatları məktəbdə şahmat dərsləri (və ya treninqləri) təşkil etməyi məsləhət görürlər. Şagirdin şahmat dərsləri ideyası nə qədər maraqlı görünsə də, hələ eksperimental ölçülərlə təsvir olunmamışdır. Bu gün bu sahədə görkəmli müəllimlərin sınağından keçmiş və özünü doğrultmuş sual texnologiyasının müasirləşməsi problemi xüsusilə aktuallaşır. Dərsdə uşaq (şagird) sualları öz-özünə azalır - bu faktı müəllimlər öz müsahibələrində qeyd etsə də, onu doğuran səbəblər hələ sistemli öyrənilməyib. Onun monitorinq effektlərini açıqlayanda isə hər şeydən əvvəl, müəllimlərin sual texnologiyası problemi ilə rastlaşırıq. Bəzi fundamental faktları xatırlayaq.

Eynşteyn məktəbdə çətinliklə oxuyurdu. Bəzi müəllimlər onu hətta avara hesab edirdilər, o, dərslərdə fikri dağınıq görünürdü, intizamı da ara-sıra pozurdu. Onun yaxşı oxumamasının səbəblərini psixoloqlar araşdıranda məlum oldu ki, şagirdin suallara birbaşa cavab verməməsi müəllimləri hövsələdən çıxarırdı. O, müəllimlərin suallarına cavab vermək əvəzinə müəllimlərə yersiz görünən "əlavə suallar" verirdi. Əgər üçbucağa başqa tərəfdən baxsaq nə olar? Əgər suya qatsaq nə olar? və s.

Günlərin bir günündə Pikasso demişdi: "Mən əvvəl Rafael kimi şəkil çəkirdim, ancaq uşaqlar kimi şəkil çəkməyi öyrənmək üçün mənə bir ömürlük həyat lazım olmuşdur". Uşaqların özünəməxsus koqnitiv üslubları var. Bu uşaq üslublarını kəşf edən müəllim, şübhəsiz ki, əsl praktik psixoloqdur. U.Kreyn bu paradoksu Russo və Gezelin, Piaje və Montessorinin araşdırmalarına söykənərək yazır: "Əgər biz həddindən artıq uşaqlara təsir göstəririksə, onlara özümüzün vacib hesab etdiyimiz şeyləri öyrədiriksə, uşaqları öz kəşflərini etmək imkanından məhrum edirik".

Bu məsələləri araşdıranda biz yeni paradoksla - sual paradoksu ilə rastlaşırıq. Dünya mədəniyyəti tarixində bu problem vaxtilə Sokrat məktəbində həll olunmuşdur. Sual problemi üç tərifli problemdir. Müəllim şagirdə sual verir və bu onun ənənəvi tərəfidir. İkinci tərəf: şagird müəllimə sual verir. Müəllimin şagird suallarına interpretasiyasının məntiqi xüsusilə önəmlidir. Şagird suallarını əlavə məntiqi suallarla açıqlamaq və dərsdə "fikirləşmiş situasiyası" yaratmaq texnologiyasına əsaslanmaq psixoloji baxımdan ən adekvat yoludur. Üçüncü tərəf: şagird (lər) şagirdə sual verir. Bu mental məqamda müəllimin missiyası nədən ibarət olmalıdır? O, maestro Niyazi kimi uşaqların mental simfoniyasını açıqlamalıdır. Sual nəzəriyyəsi və təcrübəsində şagirdin şagirdə sual verməsi əslində yeni hadisədir. Şagirdlərin inkişafında onun da özünəməxsus rolu var.

Ənənəvi məktəb sual piramidasında bu maraqlı qatı görə bilməyib, müasir məktəb isə onu məharətlə kəşf edib. Müəllimin sual-cavab texnologiyası son dərəcə önəmlidir. Bu texnologiyanın şagird təfəkkürünün, intellektinin və təxəyyülünün inkişafında töhfələri necə də əlamətdardır.

- Adınız çəkiləndə işıqlı, xeyirxah əməlləriniz göz önündə dayanır. Əməkdar elm xadimi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, psixologiya elmləri doktoru, professor Əbdül Əli oğlu Əlizadə ömrünü həsr etdiyi elm sahəsində daha nələri etmək istərdi?

- Əsrin fundamental problemlərindən biri insan münasibətləri problemidir. İnsan bir şəxsiyyət kimi bu münasibətlərdə mövcuddur, bu münasibətlərdə yaşayır, onlarla nəfəs alır, insan mehrinin, məhəbbətinin kökləri elə münasibətlərdədir. Bu problemi sistemli öyrənmək, dəhşətli psevdoinsan münasibətlərinin psixoloji sirlərini açmaq istərdim. Müəllim-şagird münasibətləri bu kontekstdə necə də önəmlidir? Bu gün məni iki köklü problem də düşündürür.

1. Azərbaycanda psixologiya fakültələrində psixologiya tədrisinin müasirləşdirilməsi problemi xüsusilə aktuallaşıb. Biz necə edə bilərik ki, Azərbaycan psixoloqlarının səsi dünya səhnələrində eşidilsin?! Bu baxımdan psixologiya fakültələrində müasir dünya psixologiyasının nəzəri-metodoloji və eksperimental konsepsiyalarının sistemli öyrənilməsi prioritet problem sayılmalıdır.

2. Məktəb psixoloqları ştatının əmələ gəlməsi məktəb tarixində önəmli hadisədir. Onlar məktəbin psixopedaqoji problemlərinin həllində fundamental rol oynamalıdırlar. Bu gün isə... məktəbin hətta adi psixopedaqoji problemlərinin həllində məktəb psixoloqlarının səsi eşidilmir ki, eşidilmir. Məktəb psixoloqlarının konseptual modelinin yaradılması bu gün necə də aktualdır?!

- İnsanın psixoloji kamilliyi daha çox ailədən asılıdır, yoxsa cəmiyyətdən?

- Bu problemin, necə deyərlər, statistikası sistemli açıqlanmayıb. Onların hər ikisi həlledici problemdir, ancaq hər birinin köklü təsir sahəsi var. Bu fundamental sual son dərəcə maraqlı problemlərin sistemli açıqlanmasını tələb edir. Aşağıda problem, ailənin sosiallaşması kontekstində xatırlanır.

Bu problemi araşdıranda, ilk növbədə, boşanma dalğalarında əmələ gələn ikinci və ya üçüncü ailələrdə ögey ata və ögey uşaq(lar) problemi aydın səslənir. Boşanma girdabına düşmüş uşaqların tərbiyəsi problemi Azərbaycan psixopedaqogikasının aktual problemlərindən biri, bəlkə də birincisidir. Ailədən kənar sosiallaşma prosesləri də çoxprofillidir. Bu məsələni araşdıranda, biz uşaq submədəniyyəti problemi ilə rastlaşırıq. Uşaq ənənələri uşaq submədəniyyətinin köklü şərtlərindəndir. Bu problemin psixopedaqoji açması belədir: uşaqlar bir-birlərini tərbiyə edirlər.

Elə bu dalğalarda uşaqların yolu haçalanır: sosial davranışı və anti-sosial davranışlı uşaqlar meydana çıxır. Uşaqların qarşılıqlı münasibətlərinin yaş stixiyası necə də önəmlidir?! Şəxsiyyətin mixi yazıları kimi sirli-düyünlü olan mənəvi naxışları bu proseslərdə vurulur. Anti-sosial qruplara qoşulmuş uşaqla ailənin faciəsi başlayır. Cəmiyyətin də elə bu sahədə özünəməxsus problemləri yaranır.

- Bir mütəxəssis-alim kimi bugünkü gənc nəslin psixologiyasında Sizi qane edən və etməyən cəhətlər hansılardır?

- Bu gün Mübariz kimi qüdrətli oğlanların və potensial qəhrəmanların formalaşması ilə Azərbaycan mədəniyyətində fundamental səhifələr açılır. Onlar əzəmətlidirlər, qüdrətlidirlər, xeyirxahdırlar. Özlərinə və başqa adamlara hörmətlə yanaşırlar. Ata və analarına böyük insan qayğıları ilə yanaşırlar... Qızlarımız da əzəmətli mənəvi məziyyətlərlə seçilirlər. Onlarla haqlı olaraq fəxr edirik. Lakin böyük ailə həsrəti ilə yaşayan bəzi oğlanlar və qızlar, ailə quranda isə tələsirlər, bir-birlərini yaxşı tanımırlar və ailə məkanında da səhv addımlar atırlar.

- İnsanın doğulduğu məkan ona ana qoynu qədər müqəddəsdir. Şuşa, Malıbəyli... neçə illər keçib o ayrılıqdan?

- Şuşa ilə, Malıbəyli ilə ayrılıqdan 20 ildən çox keçsə də, mən gecə də, gündüz də onlarla yaşayıram. Şuşanın, Laçının və ya Kəlbəcərin, dünyaya göz açdığım Malıbəylinin əzəmətli dağlarını və füsunkar çəmənlərini xatırladıqca, onları xalq rəssamı Səttar Bəhlulzadənin sehirli politrası ilə xəyalımda canlandırıram, müqəddəs torpaqlarını öpürəm, həmişə böyük Vətənimin böyük həsrəti ilə yaşayıram. - Ömrünüzün bu müdrik çağında Azərbaycanın hansı guşəsinə səyahət etmək istərdiniz? - Ancaq və ancaq Şuşaya, ancaq və ancaq Malıbəyliyə...

Bu səyahət mənim üçün taleyin böyük vətəndaşlıq qisməti olardı. Mən bu qismətə ürəkdən inanıram.

"Azərbaycan müəllimi"

Go Back

Araz Manuçehri - Şizofreniya xəstələrinin övladları xəstəlik riski daşıyır

“Şizofreniya xəstələrinin övladları xəstəlik riski daşıyır” Ölkəmizdə və dünyada psixi xəstəliklərin sayı durmadan artır. Mütəxəssislərin fikrincə, ömründə bir dəfə də olsun ağır stress keçirməyən insan yoxdur. Psixi xəstəliklərin biri də şizofreniyadır. Şizofreniya xəstələrinin tam sağalması mümkün deyil. Bu dəfəki “Həkim məsləhəti”ndə Azərbaycan Tibb Universitetinin dossenti, psixoterapevt Araz Manuçehri şizofreniya xəstələrinin problemləri haqqında danışır...

- Şizofreniya necə xəstəlikdi?

- Şizofreniya şəxsiyyətin parçalanması deməkdi, yəni, “Şizo” – parçalanmaq, “fren” – ağıl mənalarını verir. Xəstəliyə tutulanlar onları kiminsə idarə etdiklərini deyirlər. Ən böyük təhlükəsi insanda autizm (özünəqapanma), apatiya (emosiyaların sönməsi) və abuliya (iradənin sönməsi) kimi halları yaratmasıdı. Şizofreniya xəstələri emosional küt olurlar. Bu xəstəlik xroniki gedişlidi. Diaqnoz qoyulmuş insan ömrünün axırınadək xəstə hesab olunur. Onlar hərbi xidmətdən azaddı. Qətl törətsələr belə, cinayət məsuliyyəti daşımırlar. Əgər bu xəstələr işləyə bilmirlərsə, pensiyaya çıxa bilərlər. Maraqlısı odur ki, bu insanlar xərçəng, diabet kimi xəstəliklərə tutulmurlar. Amma tuberklyoz xəstəlikləri geniş yayılır. Çünki immunitetləri zəif olur.

- Xəstəliyin yaranma səbəbləri hansılardı?

- Şizofreniyanın dəqiq nədən yarandığı məlum deyil. Bir çox nəzəriyyələr mövcud olsa da, biri qəbul edilir. Bu da orqanizimdə defamin hipotizinin çox istehsal olunmasıdı.

- Xəstəliyin əlamətləri nələrdi?

- Əlamətləri hallusinasiyalar, sayıqlamalar və davranış pozğunluqlarıdı. Tez-tez rast gəlinən hallusinasiyalardı. Xəstələr olmayan şəxsləri və ya şəkilləri görür, səslər eşidir. Gözlənilməz geyimlər geyinirlər. Bəzən hərəkətləri donur və uzun müddət o vəziyyətdə qalırlar. Xəstələr ruh gördüklərini, onunla danışdıqlarını iddia edirlər. Bədən üzvlərini, əllərini, qulaqlarını kəsə bilərlər. Dediyim kimi səslər eşidirlər. Bu səslər əmr xarakterli olsa təhlükəlidi. “Vur”, “sındır” “öldür” əmrlərini yerinə yetirirlər. Hal-hazırda bir xəstəm var. Səs eşidir “Yemək yemə”, “özünü dənizə at”. O, bu səslərə qulaq asıb, dənizə tullanmaq istəyəndə qohumları xilas edib, xəstəxanaya gətiriblər. Cinayət törədəni də var. Bir xəstəm nənəsini çox istədiyindən baltalamışdı. Səbəbini soruşuruq, deyir, nənəm gileyləndi, ölmək istədiyini dedi. Mən də onun arzusunu yerinə yetirdim.

- Şizofreniya irsən keçə bilərmi?

- Bir faktı nəzərinizə çatdırım. Hitler “ali rasa”nı təmizləmək üçün təcrübə aparmışdı. Ruhi xəstələrin 85 faizini fiziki cəhətdən məhv etdirmişdi. Mənim xalqımda ruhi xəstə olmayacaq demişdi. Amma 1990-cı illərin əvvəlində təmiz alman millətinin şizofreniya xəstələrinin sayı ümumdünya göstəricilərinin 1 faizinə çatdı. Bu hal da sübut etdi ki, şizofreniya irsi xəstəlik deyil. Amma iki valideyn də xəstədirsə, 50 faiz, bir valideyn xəstədirsə 25 faiz uşaqların xəstəliklə doğulma ehtimalı var.

- Xəstəliyə daha çox qadınlarda, yoxsa kişilərdə rast gəlinir?

- Daha çox kişilərdə. Şizofreniyanın başlanğıcı yeniyetmə dövrünə təsadüf edir. 25 yaşa qədər qızğın inkişaf edir.

- Müalicə necə aparılır?

- Təzyiq, diabet xəstələri kimi. Orqanizmdə defaminin azaldılması üçün müəyyən preparatlar verilir. Xəstələr bu preparatları mütəmadi qəbul etsə, problem olmaz. Xəstəliyi tam sağaltmaq mümkün deyil. Əsas xəstələrin sosial reabilitasiyasıdır. Bu məsələ dünyada çox aktualdır. Şizofreniya diaqnozu qoyulmuş insanların cəmiyyətdə rahat yaşaması, işləməsi və ailə qurması üçün müəyyən tədbirlər görülür.

-Belə xəstələr cəmiyyət üçün təhlükəli sayılır?

- Müalicə olunmasalar həm özləri, həm də cəmiyyət üçün təhlükəli ola bilərlər. Ancaq sizə bir statistika deyim. Orta şizofreniya xəstəsinin cinayət törətmə riski orta taksi sürücüsündən 15 dəfə azdı. Əsas problem, xəstələrin bu halı gizlətməsidi. Əgər qarşındakı insanın şizofreniya xəstəsi olduğunu bilirsənsə, onunla yumşaq davranacaqsan. Çünki bu xəstələr aqressiyaya meyillidi. Öz haqlarını qorumağa sadəcə əsəbləri dözməyəcək. Yaxud da, xəstə ən yaxşı halda 80 manat pensiya alır. Bir insanın bu pula bir ay yaşaması çox çətindi. Xəstə üç ayın pensiyasını toplamalıdı ki, bir ayın dərmanını ala bilsin. Bu zaman təbii ki, o, aqressiv davranacaq. 1990-cı illərin ortalarında Bolqarıstanda oldum. O ölkədə prezidentin xanımı psixiatr idi. Və psixi xəstələr üçün gözəl imkanlar yaratmışdı. İki böyük binanı alıb, psixiatrik xəstəxana yaratmışdı. “Van Qoq mərkəzi” adlanırdı. Orada psixi xəstələr həm yaşayır, həm də işləyirdi. Əhaliyə pulsuz xidmət göstərirdilər. Kimisi musiqiçi idi, kimisi usta idi. Azərbaycanda da belə təcrübə olub. Sovet hakimiyyəti illərində Maştağadakı xəstəxanada əmək emalatxanası fəaliyyət göstərib. Xəstələr işləyib maaş alıblar. Deyilənə görə, xəstəxana rəhbərliyi yenidən bu səhəni bərpa edəcək. Yəni, bu xəstəlik hansısa iş və ya elmi fəaliyyətə mane törətmir. Dünyaca məşhur, nobel mükafatı laureatı Con Pol Neş şizofreniya xəstəsi idi. Bu xəstəlik onun elmdə uğur qazanmasına mane olmayıb.

Günel Səfərova

simsar.az

Go Back

Xoşbəxtlik insanın içində olmalıdır

Narınc Rüstəmova: “Ağıllı qadın yoldaşının anasına bənzəməyə çalışmalıdır”

Elnur Rüstəmov: “Ailəni bir-birinə bağlayan yalnız uşaq olsaydı, övladımız olmadığı müdddəti birgə yürüyə bilməzdik”

Rubrikamızın budəfəki qonaqları Elnur və Narınc Rüstəmovalardır. Həmişə olduğu kimi, bu dəfə də cütlüklərin tanışlıq tarixçəsindən başlayırıq...

“Narıncdakı işıq məni dartıb apardı”

Elnur bəy Narınc xanımı əvvəl qiyabi tanıdığını deyir: “Onun qrup yoldaşları, yuxarı kursda oxuyan uşaqlar mənim təsis etdiyim Psixologiya Mərkəzində kursa gəlirdilər. Narınc haqda danışanda zəki, ağıllı biri olduğunu deyirdilər. Narınc facebook sosial şəbəkəsindəki profilinə oyuncaq siçanı boğduğunu əks etdirən şəklini qoymuşdu. Qrup yoldaşlarına deyirdim ki, o cücə boğanı da mərkəzə gətirin. Hər dəfə də soruşurdum ki, “nə oldu, o cücə boğanı gətirmədiniz?”. Nəhayət Narınc bizim mərkəzə təşrif buyurdu. Gördüm ki, doğrudan da çox ağıllı, bu sahəni bilən adamdır. Bir var psixologiyanı kitablardan biləsən, bir də var, məhz psixoloq olmaq üçün doğulmusan. Narıncdakı o işıq məni dartıb apardı, onun peşəkar xüsusiyyətləri məni cəlb etdi”.

Qrup yoldaşları dəfələrlə təklif etsə də, Narınc xanım mərkəzə getməyə maraq göstərmədiyini bildirir: “Uşaqlar o qədər maraqla danışdılar ki, axırda mən də Elnur müəllimin çalışdığı mərkəzə gedib çıxdım və tədricən bu, mütəmadi hal aldı. Həm uşaq psixologiyası ilə bağlı biliklərimi artırmaq üçün mərkəzdə kurslara gedir, həm də orada çalışmağa başladım. Elnur müəllim də mənim müəllimim idi. İndinin özündə belə mən ona “Elnur müəllim” deyə müraciət edirəm. Sözün doğrusu, çox sərt və qapalı adam olduğundan onun evli olduğunu düşünürdüm. Buna görə də onunla ailə qurmağı heç ağlımın ucundan belə keçirmirdim. O qədər məsafəli, soyuqqanlı idi. Münasibətlərimiz yarananda, Elnur müəllimin mənə olan hisslərini biləndə onun bu xüsusiyyətləri mənə daha çox güvən verdi. Çünki psixoloqun yanına müəyyən narahatlığı olan, həyatdan küskün olan hər tip insan gəlir. Pasiyenti həmişə psixoloqunu ideal görür, ona bağlı olur. Elnur müəllim pasiyentləri ilə distansiyanı qoruyan peşəkar psixoloqlardan biridir. Buna görə də Elnur müəllimə güvənim sonsuzdur”.

Işdə məhəbbət

Elnur bəy Narınc xanımı tanıyanda çalışdığı mərkəzdə psixoloji məsləhətlər verməklə yanaşı, həm də AMEA-da çalışır və ali məktəblərin birində dərs deyirmiş: “Daim insanlarla ünsiyyətdəydim. Amma insanlara çox vasvası yanaşan biriyəm. Narınc xanımı yaxından tanıyandan sonra düşündüm ki, ömrümün qalan hissəsini bu insanla yol gedə bilərəm. 6 ildir birlikdə yol qət edirik. Şükürlər olsun ki, bu yolda hər şey çox yaxşı gedir, hər şey qaydasındadır”.

N.Rüstəmova deyir ki, eyni yerdə çalışaraq bir-birlərini yaxından tanımaq şansı əldə ediblər: “Mən Elnur müəllimin kursuna yazılmışdım və kursun pulunu ödəmək istəyirdim. Elnur müəllim o pulu götürmədi. Çünki aktiv  idim, bununla onun diqqətini çəkirdim. Borclu qalmamaq üçün həmin pulu saxladım ki, Elnur müəllimin doğum gününə maraqlı bir hədiyyə alım. Hətta gedib hədiyyəni gözaltı da etmişdim. Amma doğum günündə biz artıq evli idik. Elnur müəllimin sərt olması, ona güvənə biləcəyimə əmin olmam məni pillə-pillə ona yaxınlaşdırırdı. Iş yoldaşlarımız biz “həri”li olanda üzüklərimizin eyni olmasından bizim münasibətlərimizdən xəbər tutdular. Etiraf edim ki, ilk vaxtlar bir müddət qısqanclıqlar da oldu. Amma onu da həll etdik. Hər şeyin arxasında duran səbəbi analiz edə bildiyimizdən heç zaman münasibətlərimiz problem səviyyəsinə gedib çıxmır”.

Elçiliyini özü edib

Maraqlıdır ki, ilk elçiliyini də Elnur bəy özü edib: “Elnur müəllim öz valideynlərindən əvvəl atamla görüşmək istədi. Atam seçici olduğundan çox həyəcanlı idim. Elnur müəllim atamı necə ovsunlamışdısa, axşam evə gələndə məlum oldu ki, atamın gələcək kürəkəni haqqında fikirləri müsbətdir. Bu, məni daha da cəsarətləndirdi. Düşündüm ki, doğru seçim etmişəm”.

Kişiləri özünüzə bağlamaq istəyirsinizsə…

Qayınana-gəlin münasibətlərində Narınc xanım həyat yoldaşını özünə daha çox bağlamaq istəyən xanımlar üçün bir sirr də açdı: “Şüuraltı olaraq biz valideynlərimizi nə vaxtsa itirəcəyimizi bildiyimizdən mütləq onlara bənzər, onların isti münasibətini göstərə biləcək yar axtarırıq. Yəni kişi çox zaman anasına, qadın da atasına oxayan birisini axtarır. Ağıllı qadın yoldaşının anası ilə çox yaxşı münasibət qurmalı, ona bənzəməyə çalışmalıdır. Həmişə deyirəm ki, Elnur müəllimi evdə hazırlayıb işə apardığım limonlu piroqlarımla bişirmişəm. Elnur müəllim də nişanlanandan sonra o piroqların arxasının kəsildiyindən şikayətlənir. Zarafatla bildirirəm ki, piroqlar evlənənə qədər idi. Ilk növbədə xanım həyat yoldaşı üçün ana olur. Bu, vacib nüanslardan biridir. Kişi həmşə ana qayğısını axtarır. Bunu qadın doğru şəkildə verərsə, həmçinin qayınanasına hörmət göstərərsə, onunla mehriban olarsa, həyat yoldaşıyla da münasibətləri gözəl olacaq. Ana və gəlin rəqib deyil. Nəzərə almalıyıq ki, ömür-gün yoldaşımız 25-30 il anasının yanında olub. Təbii ki, əsl kişi xanımına görə anasını ata bilməz. Əslində mən onun anasına bənzəyirəm deyə o, məni sevir. Demək, daha çox bənzəsəm, daha çox sevəcək”.

“Elnur müəllim oğluma atamın adını qoydu”

Uşağın ailəni bir-birinə bağladığını deyirlər. Narınc xanım bu fikirlə razılaşmır: “Ilk növbədə sağlam münasibət formalaşdırmaq lazımdır ki, uşaq sağlam mühitdə böyüsün. Sağlam olmayan mühitdə uşaq cütlüklər arasındakı münasibəti heç vaxt möhkəmləndirə bilməz”.

Elnur bəy də Narınc xanımla razılaşır: “Bizim övladımız bir az gec dünyaya gəldi. Əgər uşaq ailəni bir-birinə bağlasaydı, biz övladımız olmadığı müdddəti birgə yürüyə bilməzdik. Ailəni bir-birinə bağlayan tərəflər arasında bir-birinə, ətrafındakı insanlara hörmətdir. Bəzən görürük ki, kişi xanımını çox istəyir, amma xanımın valideynlərini aşağılayır. Bu, doğru deyil. Yəni hörmət kompleks şəkildə olmalıdır. Digər tərəfdən tərəflərin bir-birindən gizlədiləcək bir sirri olmamalıdır. Çünki bu, münasibətlərə mənfi təsir göstərən faktordur. Bu gün, demək olar, bizim istirahətimiz də, gəzməyimiz də birdir. Günümüz planlı şəkildə gedir. Iş vaxtı ayrı, işdən sonra bir yerdə oluruq. Sonuncu dəfə tək harasa getdiyimi xatırlamıram. Biz ailə qurandan sonra ailə dostlarımız yaranmağa başladı. Görüşəndə də ailəlikcə görüşür, əylənirik. Ailədə bu balans qorunmalıdır. Ola bilər ki, ayda bir dəfə mən, ya Narınc dostlarımızla ayrıca görüşə bilərik. Ancaq bu, xroniki hala keçmir. Mən heç vaxt təqdir etmirəm ki, kişi gəzməyə getsin, dostları ilə restoranda, kafedə otursun, xanımı da pəncərədən asılı qalıb yoldaşının nə vaxt evə gələcəyini gözləsin. Buna normal hal kimi baxmıram”.

Narınc xanım oğlu Məsudun onun atasının adını daşıdığını deyir: “Bu da Elnur müəllimlə gözəl münasibətimizin sübutudur. Yeri gələndə kişi oğluna öz atasının adını qoyur. Mənim atamın oğlu yoxdur. Bu, Elnur müəllimin atama, mənə hörmətidir ki, atamın adını oğluma qoymaqla onun adını yaşatdı”.

Problemin arxasında duran səbəbi bilmək vacibdir Bütün ailələrdə olduğu kimi, arada Rüstəmovların ailəsində də kiçik konfliktlər olur. Bunu necə həll etdiklərini özlərindən eşidək: “Indiyədək xüsusi konfliktimiz olmayıb. Qısa bir müddətdə toqquşma olduqda isə günahı olan ilk addımı atır. Çox vaxt söhbəti işdən salırıq, işdə olanları müzakirə edirik, başımız qarışır, bir də görürük ki, barışmışıq. Ümumiyyətlə, mübahisə zamanı problemin arxasında duran səbəbi bilmək çox vacibdir. Bu gün ailələrdəki davaların səbəbi kimi maddiyyat qabardılır, amma onun arxasında duran səbəblər fərqlidir. Qadın xoşbəxtdirsə, hər gün kartof da qızardıb yeyə bilir. Əslində pozulan münasibətlərdir ki, bu gün maddiyyatda qabardılır. Həyat yoldaşı ilə münasibətlərində soyuqluq olan xanım xırda bir problemi də böyütməyə başlayacaq. Burada önəmli olan ilk növbdə problemi həll etməzdən əvvəl münasibətləri yoluna qoymaqdır”.

“Hər gün evdən bərabər çıxırıq”

Müsahiblərimiz xoşbəxtliklərinin formulasını da bizimlə bölüşdülər. Narınc xanımın fikrincə, xoşbəxtlik ilk növbədə insanın özünü doğru tanıması, nə istədiyini bilməsidir: “Əgər bunu biliriksə, sağlam həyat sürəcək, sağlam karyera sahibi olacağıq. İnsan həm də özünü tərbiyə etməyi bacarmalıdır ki, övlad tərbiyə edə bilsin. Gözləntilərimizi də bilməliyik. Təbii ki, həyat yoldaşım sevgili, nişanlı olduğumuz vaxtlardakı kimi hər gün mənə gündə 15 dəfə zəng etməyəcək. Bu mərhələləri aşmağı, anlamağı bacarmalıyıq. Bunlar olsa, heç bir konfliktə gedib çıxmırsan”.

Elnur bəy deyir ki, xoşbəxtlik sevdiyin insanla bir yerdə olmaq, doğmalarının, yaxınlarının və sevdiyin bir işin olmasıdır: “Narınc və oğlumla hər gün evdən bərabər çıxırıq. Öncə Narıncı işə qoyuram, sonra Məsudu bağçaya aparıram. Axşam üçümüz bir yerdə evə gedirik. Əslində xoşbəxtlik budur. Xoşbəxtlik üçün çox yerə baş vurmaq, axtarış etmək lazım deyil. Bir də insan şükr etməyi bacarmalıdır. Insanın istəkləri heç vaxt bitmir. Xoşbəxtlik istəklə ölçülməməlidir. Xoşbəxtlik insanın içində olmalıdır, nə evə, nə maddiyyata bağlanmamalıdır. Xoşbəxtlik maddiyyatla ala bilməyəcəyimiz bir şeydir”.

Lalə MUSAQIZI

kaspi.az

Go Back

Orxan Oruczadə-Belçikada vətənə bağlı olduğumu hiss etdim

 “Burdakı insanları müşahidə etdikcə ölkəmizin insanlarının daha potensiallı və çevik olduğunu düşünürəm”

 Orxan Oruc-zadə: “Azərbaycanın harda olduğunu bilmədiyinə görə üzüldüyüm adam, heç  qonşu dövlətin paytaxtını da bilmir”

 “Artıq 4 aydır vətəndən kənarda, Belçikda yaşayıram. Bura təhsilimlə bağlı gəlmişəm. Əvvəllər başqa Avropa ölkələrində də təhsil almaq şansım olmuşdu, amma bir sıra dəyərləndirmlərdən, tərəddüdlərdən sonra Bakıda qalıb təhsilimi davam etdirməyi üstün tutmuşdum. Amma sonradan Belçikada təhsil almaq imkanı yarandı və təhsil alacağım universitet dünya reytinq cədvəlində önəmli yerlərdən birini tutduğundan tərəddüd etmədən bu şansı dəyərləndirdim” – bu sözləri “Üç nöqtə”yə açıqlamasında hazırda Belçikanın Gent Universitetinin Psixologiya və Pedagogika fakültəsində magistr təhsili alan Orxan Oruc-zadə bildirdi. Müsahibim olan O.Oruc-zadə deyir ki, univesitetdə tələbələrin təhsil alması üçün hər cür imkan yaradılıb. Bu da oxumaq üçün xüsusi motivasiya yaradır: “Bildiyiniz kimi, psixologiya ixtisasının praktik tərəfi ölkəmizdə yeni bir sahə hesab olunur və yaxın gələcəkdə bu ixtisasa daha böyük ehtiyac olacaq. Bu sahənin dünya standartlarına uyğun peşəkarı olmağa çalışıram. Burdakı təhsilimin bu cəhətdən faydalı olacağını düşünürəm”.

 - Bildiyim qədərilə bir çox xarici ölkələrə qısamüddətli səfərləriniz də olub. Bu səfərlər xaricdə təhsil üçün səbəb oldumu?

 - Qeyri-formal təhsilimlə əlaqədar, yəni treninqlər, konfranslar, simpoziumlar və s ilə bağlı bir neçə dəfə xarici ölkələrə səfərdə olmuşam. Getdiyim ölkələrin arasında yaşayış üçün ən bahalı və varlı Avropa, ən kasıb Şərqi Asiya ölkələri var. Və hər dəfə getdiyim ölkələrin üstün və zəif tərəflərini ölkəmizlə müqayisə edib, nələri bizdə inkişaf etdirməyin mümkünlü və lazımlığı haqqında düşünmüşəm. Ancaq hər hansı xarici ölkədə qısa müddətli səfərlərdə olmaq, uzunmüddətli orada yaşamaqdan tamamilə fərqlidir. Qısamüddətli səfərlər zamanı hər şey bir qədər illuziyalı görsənə bilir. Ancaq uzunmüddətli yaşayarkən ölkənin mədəniyyətindən tutmuş tarixinədək hər bir xırdalığı görüb analiz edə bilirsən.

 

 - Bakıda əsas fəaliyyətiniz nədən ibarət idi?

 - Bakıda olarkən öz ixtisasımla bağlı fəaliyyət göstərirdim, fərdi psixoloji konsultasiyalar keçirir və psixoloji mövzularda təlimçi kimi çıxış edirdim. Bunlar burda aldığım təhsilə öz müsbət təsirini göstərir. Çünki nəzəri bilikləri sonradan praktikada tətbiq etmək daha çətindir, nəinki praktik bilikləri nəzəriyyələşdirmək.

 - Niyə məhz Belçika?

 -Belçikada yaşayış səviyyəsi çox yüksəkdir. Əhalinin əksəriyyəti ingilis dilini bildiyi üçün, ünsiyyət problemi demək olar ki, yoxdur. Belçikanın iki universiteti dünyanın ən yaxşı 100 universiteti sırasında yer alır. Brüssel Avropa İttifaqının paytaxtı və əsas təşkilati mərkəzi hesab olunur. Bunlar bu ölkəni daha da cazibədar edir, Bu da sözsüz ki mənim seçimimə təsirsiz ötüşməyib.

 - Təhsil müddətiniz neçə ildir?

 - Bir çox Avropa ölkələrində bir illik magistratura təhsili var. Xüsusilə Britaniyada demək olar ki, bütün magistr təhsilləri bir il üçün nəzərdə tutulur. Magistr təhsilinin bir və ya iki illik olması proqramdan, ixtisasdan asılı olaraq dəyişə bilir. Qərb təhsilində magistratura pilləsində xüsusi dar ixtisaslaşmalara üstünlük verilir ki, bunun üçün də bir illik proqram kifayət edir.

 - Təhsil müddətiniz bitdikdən sonra orada qalıb çalışmaq fikriniz varmı, yoxsa vətənə dönəcəksiniz?

 -Belçikaya gələndən bir müddət sonra vətənə bağlı insan olduğumu hiss etdim. Xaricdə yaşamağın insanın özünü tanıması üçün böyük əhəmiyyəti var. Ona görə Belçikada işləmək və ya qalmaqla bağlı hər hansı bir planım yoxdu. İstəyirəm ki, burda öyrəndiklərimizi öz ölkəmizdə tətbiq edək və ən azından növbəti nəsillərimizin keyfiyyətli təhsil üçün xarici ölkələrə üz tutmasına ehtiyac qalmasın. Ölkə olaraq daha da inkişaf etmək istəyiriksə  hər birimiz fərd olaraq öz töhvəmizi verməliyik.

 

 - Belçikada azərbaycanlı tanışlarınız varmı?

 - Belçikada kifayət qədər azərbaycanlı yaşasa da, Gent şəhərində onların sayı çox azdır. Onların da əksəriyyəti tələbələrdir. Gent tələbə şəhəri olduğu üçün  burada tələbələr üçün hər bir şərait var. İdmanın 40-a yaxın növü ilə məşqul olmaq üçün şərait yaradılıb. Maraqlı tələbə festivalları keçirilir. Asudə vaxtlarımda idmanla məşqul oluram. Kitabxanamızın zənginliyindən istifadə edib, boş vaxtlarımı orda keçirirəm.

 - Psixoloq kimi bizim insanlarla belçikalılar arasında düşüncə, davranış və s. ilə bağlı müqayisə aparmısınızmı?

 - Psixoloq olmağın peşə xüsusiyyətlərindən biri də daimi müşahidə aparmaq vərdişidir ki, bu da hər zaman ətrafı analiz etməyə köməklik edir. Burdakı insanları müşahidə edərkən şəhərləşmənin və şəhər mədəniyyətininin yüksək səviyyədə olduğunu aydın görmək mümkündür. Təəssüf ki, bizdə şəhərləşmə və şəhər mədəniyyətinin yaşı çox azdı, elə buna görə də bəzən intelektual və mədəni baxımdan inteqrasiya prosesində bir qədər ləngiyirik. Ancaq digər tərəfdən onu da deməliyəm ki, burdakı insanları müşahidə etdikcə ölkəmizin insanlarının, xüsusilə, gənclərinin daha potensiallı və çevik olduğunu düşünürəm. Burdakı gənclik gözünü dünyaya açandan infrastrukturdan tutmuş mənəvi məsələlərə qədər hər şeyi hazır görür. Ancaq Azərbaycan gəncliyi, gənc ölkənin normal və təbii olan inkişaf çətinliklərini yaşayaraq böyüyür, formalaşır. Bu da onu daha güclü və daha çevik edir. Təbiətdə də belədir, çətinliklər canlını daha güclü və qalib edir.

 - Ümumiyyətlə, insanları sizə görə birləşdirən və ayıran nədir?

 -Zənnimcə dünyadakı bütün insanları birləşdirən mərhəmət və qəddarlıq hissinin olmasıdı. Dinindən, dilindən, milliyətindən, irqindən asılı olmayaraq hər yerdə mərhəmətli və qəddar insanlara rast gəlmək olur. Dünyanın hər yerində dilənən, başqalarının köməyinə ehtiyac duyan və onlara yardım edən insanları görmək olar. Hər yerdə mərhəmətli insanlar var, amma eyni zamanda dilənən insanın dilənçilik etməsinə səbəb olan hansısa qəddar insanlar da. Bu həyatın qanunudur, ağ və qara, xeyir və şər daima mübarizə aparır. Amma biz insanlar nə zaman ağ nə zaman qara olduğumuzu dərk etməkdə çətinlik çəkirik. Həmişə hər birimiz özümüzü doğru hesab edirik. Halbuki, hər bir insan özünü vicdanlı və obyektiv şəkildə analiz etsə, öz səhvlərini, yanlışlıqlarını görə bilər. Demək ki, həm qəddarlıq həm də mərhəmət hissini hər birimiz daşıyırıq.

 - İnsanların mədəni davranışları onların intellektlərinin yüksəkliyindən xəbər verir?

 – Bu, bizim ölkə üçün belə ola bilər. Amma orada mədəni davranıb, intellekti çox aşağı olan insanlara tez-tez rast gəlmək olur. Çünki Belçikada mədəni davranış bir vərdişdi. Uşaq gözünü açandan o davranışı görür və vərdişə çevrilir. Ona görə də bəzən ölkəmizi tanımayan, Azərbaycanın harda olması ilə bağlı təsəvvürü belə olmayan insanlara rast gələrkən  məyus olursan. Ancaq müəyyən müddətdən sonra analiz etdim ki, Azərbaycanın harda olduğunu bilmədiyinə görə üzüldüyüm adam, heç öz qonşu dövlətinin paytaxtının adını da bilmir. Artıq ölkəmizin tanınması ilə bağlı problem çox azdı. Demək olar ki, əksəriyyət ölkəmizi tanıyır.

 - Belçikanın digər şəhərlərini gəzmək imkanınız olubmu?

 - Belçikanın daxili nəqliyyat infrastrukturu çox yaxşıdı. Ən uzaq iki şəhər arasında məsafə təxminən iki saatlıq yoldu. Bu imkandan istifadə edib, daimi tələbə yoldaşlarımla həftə sonu başqa şəhərlərə qonaq gedirik. Şəhərlər balaca olsalar da, onları xüsusi edən özəllikləri var. Burada qonşu ölkələrin şəhərlərinə də getmək çox rahatdı. Belçikanın Hollandiya, Fransa, Almaniya, Lüksemburq kimi ölkələrlə həmsərhəd olması və  bu ölkələrin Şengen zonasına aid olmaları həmin ölkələrin şəhərlərini gəzmək və mədəniyyətləri, mətbəxləri, tarixləri ilə tanış olmaq fürsəti yaradır.

 

 - Belçikanın mətbəxini bəyəndiz?

 - Buranın mətbəxi bizimki qədər zəngin deyil. Dəniz məhsullarından ibarət olan bir neçə yemək növləri var ki, onlara da Avropanın demək olar ki bütün şəhərlərində rast gəlmək olar. Amma Belçika əsasən öz ləziz qoxulu vafliləri, yüksək keyfiyyətli şokaladları və pivələri ilə məşhurdu. Bura turist kimi gələnlərə onların dadına baxılması tövsiyyə olunur. Əvvəllər yemək bişirmə təcrübəm olmasa da, bura gəldikdən sonra müəyyən yeməklər bişirmək üçün cəhdlərim oldu və özümdə yeni bir bacarıq kəşf etdim. Bu baxımdan düşünürəm ki, xaricdə təhsil həm də özünü kəşf etmək üçün, yeni bacarıqların aşkarlanması üçün çox faydalıdır.

 Aygün Asimqızı

 ucnoqta.az

Go Back

Nərmin Quliyeva: " Hər zaman daha çox işlərimlə anılmaq, yadda qalmaq,Simamı tanıdan uğurlarım olsun istəmişəm!" - MÜSAHİBƏ

Bu günki qonağımız digərlərindən fərqlidir biraz.  Bügünkü müsahibimiz Xəzər universitetinin Humanitar və Sosial Elmlər fakultəsinin, Psixologiya ixtisasının III kurs tələbəsi, Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloji chek-up üzrə mütəxəssisi, D.Franklın “ İnsanın məna axtarışı” kitabının tərcüməçi müəllifi və Psixologiya və Konsultasiya Mərkəzində daha bir neçə sahədə fəaliyyəti mövcud olan gənc bir tələbə xanmdır! Nərmin Quliyeva - yaşının azlığna baxmayaraq yaşına sığmayan nailiyyətləri, bilik və savadı, bunlarla bərabər təvazökarlıq, yardımsevərlik və çalışqanlıq kimi gözəl mənəvi keyfiyyətləri daşıyır adının üzərində!

-  Bir gün “Düşüncə” jurnalınn təşkil etdiyi tədbirlərdən birində tələbələrdən biri mənə yaxınlaşdı və soruşdu ki, gösərən Nərmin xanımın bu qədər savadlı olması fitri istedaddir, genetikdir ya özu qazanib? Və əslində Məhz bu sual və gənclərin sizə belə rəğbətlə yanaşmasının nəticəsidir ki , bugün sizi öz müsahibimiz olaraq seçdik!  Xoş Gəlmisiniz jurnalımıza!

- Çox sağ olun. Düşünürəm ki, hamısı zəhmətin nəticəsidir. İnsan zəhmət çəksə müəyyən nailiyyətlərə sahib ola bilər.

-  Nərmin xanım, yaşınızın azlığına baxmayaraq bugün ətrafınızdakı digər gənclərdən psixologiya və psixiatriya elmi sahəsindəki biliklərinizə görə sözun yaxşı mənasında  fərqlənirsiniz. Bunu nəyə borclusunuz?

- Həkim ailəsində böyüdüyüm və daim ətrafımda bu sahə ilə bağlı insanlar olduğu üçün psixiatriyaya qarşı daha öncələrdən marağım var idi və hər zaman bu istiqamətdə müəyyən biliklərə yiyələnirdim. Həmçinin aşağı siniflərdə oxuduğum zamanlardan anamla mütəmadi olaraq anatomiya ilə məşğul olurduq. İnsan beyninin quruluşu, fiziologiyası, sinir sistemi barədə məlumatlandırırdı. Lakin universitetə daxil olduqdan sonra psixologiya ilə maariflənməyə başladım və bunun dərin elm olduğu qənaətinə gəldim. Bu sahədə mütaliələr və müəyyən kurslarda iştirak etdikcə psixologiyaya daha da bağlandım və həyat tərzimə çevrildi.

Psixologiya sahəsinə maraq sizdə hardan  yarandı? Niyə başqa bir peşə sahəsi yox məhz psixoloq?

- Gözlənilməz situasiyada, təsadüfi bir söhbətin əsasında maraq yarandı və təhsilimi bu istiqamətdə davam etdirmək qərarına gəldim

 Tələbə olmağınızla bərabər Psixologiya və Konsulatsiya Mərkəzində psixoloji chek-up uzrə mütəxəssis kimi faliyyətiniz də mövcuddur səhv etmirəmsə? Çətin olmur ki, həm tələbə həm mütəxəssis olmaq ?!

- Əksinə bu mənim üçün daha maraqlıdır. Zamanımı dəyərli istifadə etdiyimi düşünürəm. Bundan başqa təcrübə qazanıram. Hər dəfə insanları check-up etdikdə yeni şəxsiyyət tipləri, yeni xarakterlərlə rastlaşıram və bunlarla bağlı özümün gəldiyim müəyyən qənaətlər olur. Nə dərəcədə alındığını deyə bilmərəm amma çalışıram hər ikisinə də eyni dərəcədə zaman ayırım və hər hansı problem ortaya çıxmasın deyə cəhd edirəm.

Biraz ətraflı izah edərsinizmi, psixoloji chek-up nədir və bu insnalara nə üçün lazımdır?

- Psixodiaqnostika (yunancadan tərcümədə psyuche-ruh,diagnosis- öyrənmək), şəxsdə müəyyən psixoloji əlamətlərin mövcudluğunu və şiddətini müəyyən edən psixoloji diaqnoz qoymanın elmi və praktik sahəsidir. Psixodiaqnostika XX əsrin 20-ci illərindən müstəqil tədqiqat sahəsi kimi formalaşıb. Bu sahənin  inkişafında əhəmiyyətli dərəcədə rol oynayan F. Galton, J. Cattell, H. Ebbinghaus, E. Kraepelin, Binet və digər  alimlərin əsərləri var. Psixodiaqnostikanın məqsədi insan psixikasının xüsusiyyətləri haqqında məlumat toplamaqdır.

Psixodiaqnostikanın obyekti  vərdişlər,bacarıqlar, ümumi və xüsusi qabiliyyətlər, psixi proseslərin dinamik xüsusiyyətləri, motivlər, ehtiyaclar, maraqlar, şəxsi keyfiyyətlər  və s.hesab olunur.

Psixoloji check-up (psixodiaqnostika) problemi kompleks halda görmək, onun səbəbini öyrənmək və həll etməklə bağlı üsulların müəyyən olunması üçün şərait yaradır. İnkişafın dəqiq və düzgün istiqamətini müəyyənləşdirməyə, şəxsin özünü doğru formada dərk etməsinə kömək edir. İnsanı müsbətə doğru dəyişir.

 Psixologiya və Konsulatsiya Mərkəzinə ilk gəlişiniz necə baş tutdu?

- Mərkəzə gəlişim tam təsadüf oldu. İlk dəfə pasiyent olaraq müraciət etdim. İmtahan həyəcanı ilə bağlı, imtahana 4 həftə qalmış mənim xəbərim olmadan valideynlərim Elnur müəllimin ( Elnur Rüstəmov) qəbuluna yazdırmışdılar. Bunu mənə bildirdikdə etiraz etdim, lakin mərkəzlə sayta daxil olaraq maraqlandım və qəbuluna yazıldığım psixoloq haqqında müəyyən dərəcədə məlumatlar topladım.Lakin bunlara baxmayaraq konsultasiyaya getmək istəmirdim.Valideynlərim təkidlə məni mərkəzə gətirdilər. İlk seansda Elnur müəllim mənə sual verdi ki, "Psixoloq olmaq istəyərsənmi?" mən isə qətiyyətlə "xeyr" cavabını verdim. Çünki psixologiya ilə bağlı o qədər də məlumatım yox idi. Lakin seansın sonunda artıq fikrimi dəyişmişdim. Və konsultasiya bitdikdən sonra anama psixoloq olmaq istədiyimi bildirdim.

Bizə məlumdur ki, bir neçə dildə mükəmməl bilirsiniz və xarici dillərdən kitab tərcümələri edirsiniz. Biraz bundan bəhs edərsinizmi?

- Orta məktəbdə oxuduğum dövrlərdən xarici dillərə qarşı xüsusi rəğbətim olub və ədəbiyyatla çox maraqlanmışam. Psixologiyaya gəldiyim zamanlardan isə bu iki marağımı birləşdirərək, ümumi bir fəaliyyətlə məşğul olmağa başladım. Və bu mənim üçün xüsusi əhəmiyyət kəsb edən bir işə çevrildi. Həmçinin azərbaycan dilində psixologiya ilə bağlı ədəbiyyatın az olması bu səbəbdən həmin sahədə maariflənmənin müəyyən qədər azlığı qeyd etdiyim fəaliyyətə daha çox marağımı artırdı.

“İnsanın məna axtarışı” kitabı həqiqətən də orijinalında belə  dili  çox mürəkkəb olan bir əsərdir. Kitabla tanış olduqda görürəm ki, ortada həqiqətən də böyük bir əmək və mülkəmməl iş var. Biraz da kitabın ərsəyə gəlmə prosesini bilmək maraqlı olardı.

-  Bu kitab mənim psixologiya sahəsində ilk oxuduğum kitabdır. Kitabı oxudum və çox təsirləndim. İlk öncə bununla bağlı "V.E.Frankl`ın "İnsanın məna axtarışı" kitabı haqqında düşüncələr" adlı ilk məqaləmi yazdım. Məqalə Psixologiya və Konsultasiya Mərkəzinin saytında yayınlandı. Daha sonra isə kitabı tərcümə etmək qərarına gəldim. Və bunu Elnur müəllimə bildirdim, o da bu fikrimi dəstəklədi. Kitabın orijinallığını qorumaq üçün tərcümə prosesini ingilis dilində apardım. Birinci kursun sonunda kitabı tərcümə etməyə başladım, 2 ay müddətində kitab tamamlandı. 2014-cü ilin iyun ayında artıq çapdan çıxdı.

Bir qədər kitabın məzmumundan bəhs edərdiniz, kitabı əldə etmək istəyən oxucularımız üçün?

-Kitab üç hissədən ibarətdir. Birinci hissədə müəllif əsir düşərgəsində yaşadıqlarından bəhs edir. İkinci hissədə isə əsir düşərgəsindədə yaşadıqlarından əldə etdiyi biliklərdən və təcrübədə əldə etdiyi Loqoterapiyadan bəhs etməkdədir. Son hissə olan üçüncü hissədə isə insanın həyatın ağır tərəflərinə qarşı hələ də necə nikbin ola biləcəyinə dair düşüncələrindən bəhs edərək kitabı bitirir. Əsərdə məşhur filosof Nitsşenin “Yaşamak için bir səbəbi olan kişi, o an hər səbəbə dayana bilir” sözü əslində deyilənləri gözəl şəkildə ifadə edir. Müəllif məhbusları ümidsizlikdən qoruyan şeyin bu əzablara qatlanmağı və bunun qismətləri olaraq qəbul etmək olduğuna da toxunmuşdur. Bu da yazıçının qismətə inandığını və onunla bağlı olduğunu bizə göstərməklə bərabər, əzabların əslində bizim həyatımızın bir parçası olduğunu qəbul etmək gərəkliliyini vurğulayır.

Bu işdə sizə dəstək olanlar , stimul verənlər oldumu?

- Təbii ki oldu! İlk öncə dəstək ailəmdən gəldi. Ən böyük dəstək isə Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovdan oldu. Həm kitabın redaktəsində, həm nəşrində, ümumiyyətlə ərsəyə gəlmə prosesində çox böyük əməyi oldu.

-  Bar verən ağaca daş atan çox olar misalı, Yəqin sizi qısaqnanlar , işinizə əngəl törətməyə çalışanlar da az olmayıb...

- Bu haqda düşünmürəm! Əsas odur ki, sevdiyim işlə məşğulam və bundan mənəvi zövq alıram.

Üfüqdə yeni kitablar varmı Nərmin xanımın əlindən tərcümə olunmağı gözləyən?

-  Planlarım var. Ümid edirəm ki, yaxın zamanda reallaşacaq.

Bir gənc psixoloq kimi Nərmin xanım bugun Azərbaycanda psixologiyanın inkişafı zəminində və ya tətbiq sahələri istiqamətində nələri dəyişmək arzusundadır və bu peşənin gələcəyini necə görmək istəyir?

- Psixologiyanın müəyyən sahələri var ki, hazırda Azərbaycanda bu sahədə kadr mövcud deyil. Təbii ki, ilk öncə bu sahələri inkişaf etdirmək istərdim. Azərbaycan dilində psixoloji ədəbiyyatın zənginləşdirilməsinə çalışardım və irəlidə psixologiya ilə bağlı digər ölkələrdə olduğu kimi Universitetin olmasını istərdim. İnsanların psixologiya yanaşması ilə bağlı fərqliliklər və bu sahədə maarifləndirmənin artması istiqamətində çalışardım.

Əminəm ki, bu digər həmyaşıdlarınız üçün də maraqlı olacaq, Nərmin xanım ilk pasientini qəbul edibmi artıq?

- Birinci kursda oxuyarkən qatıldığım kurslardan birində mütəxəssis tərəfindən fikirlərimizi bölüşmək şərti iləkonsultasiya aparmaq tapşırığı verildi. İlk öncə çox həyəcanlandım, çünki o dövrdə məlumatım kifayət qədər deyildi. Konsultasiyanı orta yaşlı bir xanımla apardım. Proses 1 saat 40 dəq.ni əhatə etdi. Xanım ailə problemi ilə müraciət etmişdi və konsultasiya müddətində bu problemlə yanaşı generalizə olunmuş təşviş pozuntus, həqiqi depressiv vəziyyət olduğu qənaətinə gəldim. İlk daxil olduğu andan ağlayırdı və proses müddətində 5 dəq.lik sükut oldu və bu zaman mən həyəcanlandım lakin bunu biruzə vermədim. Daha sonralar psixologiya ilə maarifləndikcə bunun konsultasiya prosesinə müsbət təsiri olduğunu öyrəndim. Seansın sonunda xanım artıq gülürdü və bu məni çox sevindirmişdi. Proses bitdikdən etibarən bir neçə saat müddətində mən çox qəribə situasiyada idim və titrəyirdim. Bu yaxınlarda həmin xanım yenidən müraciət etmək istədi, lakin mən pasiyentlə məşğul olmadığımı bildirdim. Öncəki proseslə bağlı xanımdan soruşduqda o dediklərimi elədiyini və müsbət nəticə aldığını bildirdi. Təbii ki bu məni çox sevindirdi.

Bir gününüzü bizə təsvir edə bilərsinizmi? Məncə bu digər sizi örnək almaq istəyən digər gənclərimiz üçün də faydalı olacaq.

- Günə səhərin erkən saatlarından başlayıram. İlk əvvəl universitetə gedirəm. Dərsdən çıxıb mərkəzə yollanıram. Yolda zamanımı boşa keçirməmək üçün mütaliə edirəm. Axşam evə gəlib bir qədər dincəldikdən sonra dərslərimlə məşğul oluram, gündəlik mütaliələrim var ki, onları edib, müəyyən qədər üzərində işlədiyim kitablarla məşğul olub, məqalə yazıb, daha sonra kompyuterdə işimə başlayıram.

-  Son olaraq Qarşıdakı konkret hədəfləriniz nələrdir?

- Bu sahədə elmi dərəcəyə yüksəlmək, insanlara faydalı işlər görmək, müxtəlif ədəbiyyatlar üzərində işləmək, tədqiqatlar aparmaq və sahə ilə bağlı yeniliklər etmək.

 

Qonağımız budəfə müsahibəmizdə öz şəklinin yayımlanmasından imtina etdi, səbəb isə " Hər zaman daha çox işlərimlə anılmaq, yadda qalmaq,Simamı tanıdan uğurlarım olsun istəmişəm!" Bizdə bu dəfə üçün Nərmin xanımın "əsərini" yayımladıq ancaq gələn dəfəki müsahibə üçün "şəkil" sözünü də almağı unutmadıq! 

PS:  Nərmin xanımla bugunki söhbətimizdən sonra içimdə böyük bir fəxr hissi baş qaldırdı! Nərmin xanıma tutuduğu bu şərəfli yolda uğurlar diləyirik! 

 

Fəridə Qasımova

Go Back

PSİXOLOQ: "Qadınların narkotikə meyli ailədən irəli gəlir" - MÜSAHİBƏ

Vəfa Rəşidova: «Kişilər narkotik əldə bilməyəndə depressiyaya düşürlər, qadınlar isə depressiyaya düşəndə narkomaniyaya meyl edirlər»

 Mehriban Zeynalova: «Narkotik asılılıqdan qurtulmaq üçün pulsuz və effektiv reabilitasiya mərkəzləri mövcud deyil»

 Azərbaycanda narkomaniya bəlasına düçar olmuş qadınların sayı kişilərə nisbətən az olsa da, onların sayı ildən-ilə artır. 2012-ci ildə narkomaniyaya düçar olan qadınların ümumi sayı 528, 2013-cü ildə isə 539 nəfər təşkil edib. Qadın narkomanların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir. 2012-ci ildə belə narkoman qadınların sayı 379 olduğu halda, 2013-cü ildə onların sayı 393-ə çatıb.

Psixoloq Vəfa Rəşidova «Üç nöqtə»yə bildirdi ki, son illər xanımlarda narkomaniyaya meyl daha da çoxalır, nəinki kişilərdə: “Qadınlar kişilərə nisbətən narkotik vasitələrdən asılı vəziyyətə daha tez düşürlər. Bunun bir səbəbi odur ki, qadınlar stress, depressiya vəziyyətlərində narkotiklərə meyl edirlər. Onlara elə gəlir ki, bununla vəziyyətdən daha tez çıxacaqlar. Depressiyaya düşən xanım oturuşmuş yaş dövründədirsə, o narkomaniyaya meyl etməyəcək. Narkomaniyaya meyllənən xanımlar xüsusən həssas yaş dövrlərində bu yola əl atırlar. Qadınların narkotikə meyl etməsi ailədaxili münasibətlərdən irəli gəlir. Kişilər narkomaniyaya qurşanıb, o maddəni əldə edə bilməyəndə depressiyaya düşürlər, qadınlar isə depressiya yaşayanda narkomaniyaya meyllənirlər».

 Psixoloq deyir ki, qadınlar narkotiklərə tez aludə olsalar da, kişilərə nisbətən çox gec bu asılılıqdan qurtara bilirlər: “Kişilərdə məqsəd daha möhkəm olur. Bəzən olur ki, bir müddət istifadə etmirlər. Sonradan istifadə edənlər də olur. Amma xanımlar narkotik istifadə etməklə həm də özlərinə qeyri-adi həyat düzəldirlər, sanki bundan xoşlanırlar deyə, oradan çıxmaq istəmirlər. Guya o həyat onlar üçün o qədər rahat olur ki, orada özlərini istədikləri kimi təsdiq edirlər. Ona görə qadınlar narkotik asılılıqdan gec qurtarırlar”.

Vəfa Rəşidovanın sözlərinə görə, qadınları bu bəladan tənqidlə yox, sevgi ilə xilas etmək olar: “Xanımlar tərk edilməkdən, sevgi doyumsuzluğundan, ailədə aşağılanmaqdan belə yolu seçirlər. Əgər bir narkoman xanıma desən ki, bunu bir daha etmə. O yenə də buna davam edəcək. Bu cür xanımlara dəyərli, önəmli olduqlarını hiss etdirmək, sevgi ilə əhatə etmək lazımdır. O zaman bu bəladan qurtuluş ola bilər».

                       Mehriban Zeynalova

 «Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə bildirdi ki, narkoman qadınları aşkarlamaq çətin olur: “Digər hədəf qruplarından fərqli olaraq onlar çətin üzə çıxırlar. Çünki narkoman qadına bu gün cəmiyyətdə normal yanaşılmır. Onların cəmiyyətdən tədric olunmuş, atılmış, lazımsız biri olduğunu düşünürlər. Bəzən ər narkoman olduğu üçün arvadını da bu yola təhrik edir ki, onu qınamasın. Bu, bütün dünyada baş verən prosesdir. Bəzən isə qadın depressiyada olanda hansısa çevrəsi onu narkotik aludəçisi olmağa təhrik edir. Qadının əhvalı pis olanda bir neçə dəfə pulsuz təklif edirlər ki, kefin düzələcək. Qadında narkotikə tələbat yarananda isə «yoxdur» deyib gedib almalı olduğunu bildirirlər. Bu, narkodilerlərin metodlarından biridir. Hansı ki, bundan istifadə edib pul qazanırlar. Bir də müxtəlif çevrələr olur ki, qadınlar orada narkotiki bir dəfə təklif edirlər. O da fikirləşir ki, «bir dəfə ilə heç nə olmaz, amma əhvalım yaxşı olacaq». Bu və ya müxtəlif yollarla qadınlar narkotik istifadəçisinə çevrilirlər”.

M.Zeynalova deyir ki, narkotik asılılıqdan qurtulmaq üçün reabilitasiya mərkəzləri olmalıdır: “Azərbaycanda belə reabilitasiya mərkəzləri demək olar ki yoxdur. Bir-iki belə özəl mərkəzlər var. Ümumilikdə narkotik asılılıqdan qurtarmaq üçün pulsuz, nəticə etibarilə effektiv olan reabilitasiya mərkəzləri mövcud deyil. Müzakirələr gedir ki, belə reabilitasiya mərkəzləri açılsın. Amma şəxsin özünün prosesə qoşulması və bu məsələyə müqavimət göstərməsi çox vacibdir. Əgər asılılıqdan xilas olmaq istəyirlərsə, mühit dəyişməlidir. Narkotik asılılığı olan şəxsi bu asılılıqdan qurtarıb olduğu mühitdə saxlayacaqsansa, effektiv olmayacaq. Həmin mühitə qayıdacaqsa, yenidən istifadə edə bilər”.

 

Aygün Asimqızı

 //ucnoqta.az/

Go Back

Qənirə Paşayeva: “Qəfil ölmək istəyirəm”

Bu sualları yazıçı Marsel Prust hazırlayıb. O, bu sualları cavabları ilə bir yerdə dəftərə yazaraq dostuna doğum günü hədiyyəsi kimi vermişdi. O zaman Marselin cəmi 13 yaşı vardı. Sonra bu suallara Prust 20 yaşında ikən bir daha cavab yazdı. 7 ildə cavablar çox az dəyişmişdi. Lakin suallar Prustun ölümündən sonra tapıldı və çap edildi. Sualların indiki şəklə salınmasına Bernard Pivot ve Ceyms Lipton yardım edib.

Prustun suallarını deputat Qənirə Paşayeva cavablayıb.

1. Ən sevdiyiniz söz...

- Sevgi.

 

2. Nifrət etdiyiniz söz...

- Nifrət.

 

3. Sizi nə həyəcanlandıra bilər?

- Bir uşağın gözündəki bir damcı göz yaşı.

 

4. Həyəcanınızı nə öldürə bilər?

- Əgər o həyəcan hər hansı bir problemdən yaranıbsa, o problemin həllini tapmaq.

 

5. Hansı səsi çox sevirsiniz?

- Azan səsini.

 

6. Hansı səsə nifrət edirsiniz?

- İçərisində bir insanı aşağılayan, ağrıdan qışqırıq səsinə.

 

7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?

- Mən həyatımda nə ilə məşğul olmaq istəyirəmsə, elə o işlə məşğulam. Zamanım və istedadım olsaydı rəsmlər çəkmək istəyərdim.

 

8. Hansı fitri istedada sahib olmaq istərdiniz?

- Allah mənə nə veribsə onunla qane olan insanam. Rəsmlə duyğularımı daha yaxşı ifadə etmək istərdim.

 

9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?

- Özüm olmaq istərdim. Başqasının rolunu oynamaq istəmirəm.

 

10. Harada yaşamaq istəyərdiniz?

- Elə burda.

 

11. Ən böyük çatışmazlığınız nədir?

- Səbirsizlik.

 

12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?

- İnsanları bağışlamaq.

 

13. Qəhrəmanınız kimdir?

- Kimisə ideallaşdırmıram. Örnək aldığım insanlar var.

 

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?

- Söyüşdən istifadə etmirəm.

 

15. Hal-hazırkı əhvalınız (ovqatınız) necədir?

- Çox normal.

 

16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

- İki şey. Bu dünyadan köçəndə yaxşı bir insan köçdü desinlər və sabah düşüncəsində deyil , bu gün düşüncəsində yaşamaq. İnsanlar üçün necə faydalı ola bilərəm.

 

17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?

- İnsanların gözündəki sevinc mənim xoşbəxtliyimdir.

 

18. Sizcə bədbəxtliyin tərifi nədir?

- İnsanın içərisi sevgi ilə yox, daha çox kinlə dolur. Hər zaman özünün başqalarından daha yuxarıda görür.

 

19. Necə ölmək istəyərdiniz?

- Qəfil.

 

20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiniz?

- Yəqin ki, bu suala Həzrəti Şəmsin cavabını versəm olar. Bir gün Həzrəti Şəms görür ki, bir fanatik din adamı insanları qorxudaraq onlara dini aşılayır. Həzrəti Şəms o adama deyir, qardaşım, Allah sadəcə, bir şeyi soruşacaq: qulum, mən sənin bütün ömrün boyu hər dəqiqəndə yanında idim. İnanıram ki, Allahım məndən də bunu soruşacaq və deyəcək: mən hər vaxt sənin yanında olmuşam, bütün uğurlarını, xoşbəxtliyini mən sənə verdim, xətalar elədin, bağışladım. Bəs onda sən kimin yanında idin? Həyatımı elə yaşamaq istəyirəm ki, Allahıma “mən sənin yanında idim” deyə bilim.

kulis.az

Go Back

Elnur Rüstəmov : "İnternet asılılığı bugün acı reallıqdır " - MÜSAHİBƏ

-Elnur bəy, hal-hazırda cəmiyyətdəki insanların psixoloji vəziyyəti nə yerdədir?

-Bu barədə təəssüf ki, müsbət fikir demək olmur. Nəinki Azərbaycan cəmiyyətində ümumən qlobal mühitdə yaranan mənəvi boşluq insanlara təsir göstərməkdədir. Bu gün insanlar, narahat və gərgindilər. Bu təkcə azərbaycanlılara aid deyil. İngilis də, fransız da, amerikalı da bu gün çox narahatdı. Zatən insan darıxan məxluqdu. O, hər zaman darıxır. Amma məsələ burasındadır ki, bu gün həmin darıxma sürətlənib. Bunun ilkin səbəbini isə mən texnologiyanın inkişafına bağlayıram. Texnika insanları bir-birinə yadlaşdırıb, özgələşdirdi. Bu gün texnika ata ilə oğul, ana ilə qız, ər və arvad arasına girib. Nəticə olaraq isə onları bir-birindən ayırdı. Bu günün insanının ən böyük problemi ünsiyyət problemidi. İnsan danışmağa, otururub dərdləşməyə adam tapmır, ancaq görürsən ki, hansısa sosial şəbəkədəki profilində dörd min dostu var. Bütün bunlar isə insanlarda zaman keçdikcə gərginlik yaradır. 

-Amma dünyanın bir çox ölkələrində sossiallaşma əksinə, insanları daha da mehribanlaşdırıb, işlərini asanlaşdırır. 

-Dünyanın hər yerində mən qeyd etdiyim problem vardır. Ola bilər kimsə desin ki, internet bütün dünyanı bir bilgisayara sığdırdı. İşlərimizi rahatlaşdırdı. Uzaqda olan qohumlarımızı bizə daha da yaxın etdi və s. Razıyam. Ancaq nəzərə almaq lazımdır ki, bütün bunlarla yanaşı texnologiya insana həm də ifrat bir komfort verdi. Bu komfort da insanı tənbəl məxluqa çevirdi. Fikir versəniz görərsiniz ki, insanlar işığın olmamasına, internetin kəsilməsinə, televizorun, telefonun işləməməsinə çox əsəbiləşirlər. Niyə? Çünki bütün bunlar onlara komfort bəxş edir. Komfort insana necə təsir edirsə, insan da ətrafına o cür münasibət sərgiləyir. 

-Elnur bəy, konkret Azərbaycan insanı bayaq sadaladığınız ümumi problemlərdən əlavə hansı psixoloji sıxıntılardan əziyyət çəkir ki, məhz sizə də o, problemlərlə bağlı müraciət olunur?

-Əslində siz bu sualı üç il bundan əvvəl mənə versəydiniz konkret cavab vermək mənə daha rahat olardı. Bu gün isə bu suala cavab vermək mənim üçün çətindir. Çünki problem çoxşaxəlidir. Bu gün mən daha çox ailələrlə işləyirəm. Və günü-gündən də ailə problemləri ilə bağlı müraciətlər artır. Ailədaxili konfliktlər və onların yaratdığı ciddi narahatlıqlar var ki, bu da ailədə böyüyən uşaqların psixologiyasına ciddi təsir edir. Yəni bütün istiqamətlər üzrə problemlər artıbdı. Əgər istiqamətləri konkret xəstəliklər üzrə bölsək deyə bilərəm ki, depressiya, obsessif-kompulsif pozuntu, panik atak kimi xəstəliklər çoxalıb. Eyni zamanda bu gün insanlar asılılıqlardan daha çox əziyyət çəkirlər. Yəni əvvəllər alkoqol asılılığından söhbət gedirdisə, sonralar buna narkotik asılığı və nəhayət bu gün də internet asılılığı əlavə olundu. Yəni həm eninə, həm də uzununa psixoloji problemlər artıb. Yaxın gələcəkdə isə bunların azalacağını görmürəm. Əksinə artacağını təəssüf ki, qeyd etmək məcburiyyətindəyəm. 

-Nə etmək lazımdı sizcə? Həyəcan zəngini çalmağın vaxtı çatıb, ya ötüb?

-Bəli, həyəcan zəngini çalmağın artıq vaxtı çatıb. Mənim tövsiyəm bundan ibarət ola bilər ki, insanlar tezliklə maariflənməlidilər. Onlar özlərinin fərdi psixoloji sağlamlıqlarının qeydinə qalmağı bacarmalıdılar. Özləri üçün qərarlar qəbul etməlidilər. 
Əvvəllər bir adam tutaq ki, bir zavodda iyirmi beş il, otuz il işləyirdi və ordan da təqaüdə çıxırdı. Bu gün isə insan bir ilə on iş yeri dəyişir. 

İnsanlar qərarsızdılar və tez bir zamanda çox şey əldə etmək istəyirlər. Əziyyətsiz komfort əldə etmək istəyilər. Nəticədə insanlar hər şeyə praqmatik yanaşırlar. Tutaq ki, bu gün mənə biri zəng vuranda fikirləşirəm ki, yəqin nə isə bir işi düşüb, və ya kömək istəyir, onun üçün zəng vurub. Bu kimi hallar da zaman keçdikcə insanın şəxsiyyətinə hopur. Əgər əvvəllər fikirləşirdiksə, ki, kimsə kiməsə darıxdığı üçün zəng vurur. İndi isə fikirləşirik ki, işi düşdüyü üçün zəng vurur. Bu qədər praqmatikləşmənin qarşısında əlbəttə ki, qardaş qardaşa bıçaq da vuracaq. Doğmalar bir-birinin ailəsini dağıdıb, onlara xəsarət də yetirəcək. Çünki hamı bir-birinə yad adam kimi yanaşır. Bütün bu sadaladıqlarıma təkrar olaraq bir daha əlavə etmək istəyirəm ki, insanlar mütləq maariflənməlidirlər. 

Evlənməzdən əvvəl, ailə qurduqdan sonra, hamiləlik dövründə daha sonra uşaqlarla və nəhayət uşaqların yeniyetməlik dövründə necə hərəkət etmək və münasibət qurmaq haqqında psixolji maariflənmək və məlumatlı olmaq lazımdı. Bir fikirləşin necə olur ki, valideyn dünənə qədər uşağına nəzarət edə bilirdi, ancaq o uşaq on dörd yaşında evdən qaçır. Tanıyan hər kəs də uşağın sakit və tərbiyəli uşaq olduğunu dilə gətirir. Səbəb ailənin yeniyetmə psixologiyası haqqında yetəri qədər məlumatlı olmamasıdır. Bütün bunların səbəbləri araşdırılmalı, valideynlər uşaqlarına qarşı biganə qalmamalıdırlar. Və valideyn bir şeyi nəzərə almalıdır ki, ən önəmli məsələ uşağının psixoloji sağlamlığıdır. 

-Ümumiyyətlə Elnur bəy, sizcə boşanan ailələrdə psixoloji problemlər sonralar səngiyir, ya da daha da çoxalır?

-Bir qism boşanmalar var ki, onlar obyektiv boşanmalardı. Tutaq ki, ər alkoqolik və yaxud da narkomandı. Belə valideyn uşağına təbii ki, heç bir tərbiyə verə bilməyəcək. Yəni belə insanlar ailə dəyərlərindən zaman-zaman uzaqlaşırlar. Belə ailələrin boşanması daha məqsədəuyğundur. Ancaq bəzən boşanmalar tərəflərin bir-birini anlamaması ucbatından baş verir. Tutaq ki, xanım ağlına yerləşdirib ki, konflikt yaşadığı həyat yoldaşının üzünü görməsə xoşbəxt olacaq. Axı problem bununla həll olunmur. Bu zaman da ailənin qorunub saxlanması, boşanmış qadının cəmiyyətdəki situasiyası əlavə problemlər yaradır ki, boşanan qadın problemdən xilas olmaq istəyərkən, digər ploblemlərin içərisində əzilməyə başlayır. Halbuki, boşanmazdan və yaxud da ayrılmazdan əvvəl onlar qarşılıqlı anlaşma yolu ilə boşanmaya gətirib çıxaran problemləri həll edə bilərdilər. Bizim insanlarımız bu gün münasibətləri dərhal qırmağa, zədələməyə tələsirlər. Mən çox istərdim ki, boşanmayla bağlı inzibati tədbirlər görülsün. Ərizə verib üç aydan sonra boşanma kimi hallar olmasın. Həmin cütlüklərə vaxt verib onları psixoloqa, sosioloqa yönləndirsinlər. Bəlkə bir müddət sonra onlar barışacaqlar. Bu baxımdan inzibati tədbirlər artırılsa, çox yaxşı olar.

-Hal-hazırda ən çox yayılan psixoloji termin depressiyadı. Mütəxəssis kimi sizin rəyiniz çox vacibdir. Depressiya xəstəlikdirmi?

-Gəlin, kiçik bir analogiya aparaq. Misal üçün soyuqdəymə hər bir insanın orqanizmində baş verən xəstəlikdir. Əgər bu xəstəliyə biganə yanaşılsa sabah həmin xəstəlik daha ciddi fəsadlar törədib insanı öldürə də bilər. Depressiya da bütün insanlarda baş verə bilən xəstəlikdir. Lakin ona diqqət yetirmədikdə elə ciddi fəsadlar verə bilər ki, bu da insanın həyatı bahasına başa gələ bilər. Bu dəqiqə Ümumdünya səhiyyə təşkilatı bildirir ki, depreessiya geniş yayılıb və insanların intiharına gətirib çıxardır. İstər ailədaxili münasibətlərə, istər işdə və cəmiyyətdə olan münasibətlərə depressiya çox ciddi təsir göstərir. Yəni bu gözlə görünən olmasa da, törətdiyi fəsadlar çox ciddidir. Depressiya zamanında müalicə olunsa, və ağırlaşdırıcı hallara keçid edilməsinin qarşısı alınsa, çox yaxşı olar.

-Bildiyiniz kimi hal-hazırda insanların internetdən, sosial şəbəkələrdən asılılığı qarşısıalınmaz həddə gəlib çatıb. Sizcə nə etmək lazımdır? 

-Biz bir şeydən o zaman əl çəkə bilərik ki, onun mahiyyətinin nədən ibarət olduğunu bilək. İnternet asılılığı bu gün acı reallıqdı. Elə ailələr, insanlar var ki, internet olmayan məkanlara girmirlər. Gedib kənardan həmin insanları araşdırsanız görəcəksiniz ki, onlar tutaq ki, hansısa restorana gedib masaya əyləşən kimi wi-fi kodunu soruşurlar. Bu, artıq o deməkdir ki, internet bizim həyatımızı o qədər işğal edib ki, insanlarda asılılıq yaradıb. Bunun qarşısını almaq üçün insan birinci növbədə internetdən istifadəyə bəlli bir zaman ayırmalı, orda görəcəyi işləri planlaşdırmalı və zamanında dayandırmağı bacarmalıdı. Uşaqlara xüsusilə diqqət yetirmək lazımdır. Onları yalnız həftə sonları internetlə məşğul olmalarına icazə vermək lazımdır. Ailələr internetin onların münasibətinə ziyan verdiyini hiss edirlərsə, ondan istifadəni mütləq tənzimləməlidirlər. Bu məsələdə əsasən insanın öz iradəsi çox vacib rol oynayır. 

-Bu gün istər televiziya kanallarında, istərsə də internet portallarında dəhşətli, qorxuducu xəbərlərin çoxalması, xəbər başlığı kimi ön plana çəkilməsi də insanların psixologiyasına mənfi təsir göstərir. İnsanlar bununla necə mübarizə aparmalıdılar?

-KİV-in məqsədi xəbər çatdırmaqdır. Hər kəs də istəyir ki, onun xəbərini daha çox izləsinlər. Bu normal haldı. Lakin burda incə bir məqam var ki, bu da müəyyən qaydaların gözlənilməsindəın ibarətdir. Bəzən görürsən ki, kimsə işdən azad olunub. Xəbər portalı isə yazır ki, filankəs işdən qovulub. Bu qətiyyən doğru deyil. Ən azından o insanın ailəsi, yaxınları var. Və yaxud filankəs, filankəsin başını kəsdi kimi xəbərləri birbaşa yazmaq olmaz. Bu cür xəbərləri daha yumşaq formada vermək və ehtiyatlı olmaq lazımdır.

-Bu cür xəbərləri verməmək lazımdır deyə bilərsiniz?

-Bəli, ən yaxşısı belə xəbərləri verməsinlər. Yəni həmin xəbərlər verilmədikdə, cinayətlər də azalır. O cür xəbərlərin verildiyi zaman cinayət hadisələri də çoxalır. Statistika da bunu təsdiq edir. Buna pixologiyada “verter effekti” deyilir. Bir şey haqqında nə qədər çox danışılırsa, həmin hal da daha çox baş verir. 

-Azərbaycanda olan psixoloji mərkəzlərin fəaliyyəti sizi qane edirmi?

-Öz adıma deyə bilərəm ki, mən bu sahədə köhnələrdənəm. Artıq neçə illərdi bu sahədə çalışıram. Hal-hazırda yeni psixoloji mərkəzlər fəaliyyət göstərir. Bu əlbəttə sevindirici haldır. Bu gün psixoloji kadrların yetişdirilməsinə xüsusi diqqət yetirilir. Sadəcə olaraq onu deyə bilərəm ki, həmin mərkəzlər öz fəaliyyətini düzgün qurub istiqamətləndirsinlər. Yəni hər bir psixoloji mərkəzin özünün bir fəlsəfəsi, vizyonu olsun. Bir şeyi fikirləşmək lazımdır ki, əgər bir psixoloji mərkəzə bir uşaq girib problemi həll edilib oradan çıxırsa, bir ailə barışırsa, buna ancaq sevinmək lazımdır. 

-Bu yaxınlarda “X-Lady” adlı kitabınız işıq üzü gördü. Niyə elmi kitab yox, məhz bədii kitabın çapına üstünlük verdiniz?

-Mənim elmi monoqrafiyam var. İnşallah bu yaxınlarda çap etdirərik. Dövrü mətbuatda yetərincə maarifləndirici yazılarım da dərc olunur. Məsələ burasındadır ki, biz bir az da müasir dövrü anlamalıyıq. Bu gün Azərbaycanda onlarla namizədlik, doktorluq işi müdafiə olunur. Bəs yaxşı sizcə bunları oxuyurlarmı? İnanın çox az oxuyurlar. Mən də bu əsəri elmi formada yaza bilərdim. Amma fikirləşdim ki, roman formasında yazsam daha çox oxucu qazanmış ola bilərik. Kitabı oxuyanlar bilir ki, roman konkret problem üzərindən yazılmış bir romandır. Bu məntiqdən çıxış edərək düşündüm ki, həm bizdə belə bir ənənənin olmaması, həm də düşüncələrin daha çox insana çatdırılması baxımından roman kimi yazmaq daha məqsədəuyğun olardı.

http://www.adalet.az

Go Back

Eyüp Tunahan : "Uşağın qəlbində saxladığı şey, əlində saxladığı şeydən daha əhəmiyyətlidir!" - MÜSAHİBƏ

 "Düşüncə" psixologiya jurnalı daha bir türk psixoloqdan maraqlı və maarifləndirici müsahibə götürdü. Budəfəki müsahibimiz  Çilek Çocuk Evi, Lalegül Özel Eğitim ve Rehabilitasyon Merkezi, Çarem Özel Bakım Evi, Çarem Özel Eğitim ve Rehabilitasyon Merkezi ve Psikodünya Yönetim, Eğitim, Danışmanlık Merkezi’nin rehberi psixoloq EYÜP TUNAHAN oldu. Eyüp bəylə uşaq psixologiyası, xüsusi qayğıya ehtiyacı olan uşaqlara davranış qaydaları, valideynlərin problemləri, ölkəmizdəki psixoloji mərkəzlər və onların fəaliyyətləri barəsində danışdıq. 

 – Ölkəmizə xoş gəldiniz. Deyəsən, ilk gəlişiniz deyil...

 –Bəli,  ilk dəfə 2004-cü ildə gəlmişdim. İkinci gəlişim 2010-cü ilə təsadüf etdi.

 –Bu yaxınlarda Narınc Uşaq Psixologiya Mərkəzində “Oyun Terapiyası” adlı seminarınız oldu. Azərbaycanda digər mövzularda seminarlarınız olubmu?

 – Bəli, yenə Narınc Uşaq Psixologiya Mərkəzində Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün seminarlarımız olub.

 – Daha çox hansı istiqamət üzrə işləyirsiniz?

 – Əsasən uşaq və yeniyetmə psixologiyası, autizm üzrə fəaliyyət göstərirəm. Türkiyədə 2 mərkəzimiz, 2 uşaq bağçamız, özəl yataqxanalı mərkəzimiz var. Özüm əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyirəm. Bəzən elə olur ki, İQ səviyyəsi çox yüksək olan uşaqların qısqanclıq, enurez kimi problemləri olur. Belə uşaqların müayinə və müalicəsini də öz öhdəmə götürürəm.

 – Oyun terapiyası dediniz, buna aydınlıq gətirmək istərdik. Oyun terapiyası nədir və uşaqlar üçün nə üçün bu qədər vacibdir?

 – Öncə terapiyanın nə olduğunu aydınlaşdıraq. Terapiya əslində bir yoldur. Hər mütəxəssisin adətən özünəməxsus bilik və bacarıqları olur.Eyni zamanda bu bilik və bacarıqları təşkil edən qrafika mövcuddur. Oyun terapiyası dedikdə məhz bu qrafika nəzərdə tutulur. Oyun terapiyası 1950-1960-cı illərdə müxtəlif problemləri olan uşaqlar üçün yaradılmışdır. Məsələn, sosial fobiyası olan, özünə qapalı, əsəbi uşaqlara daha çox məsləhət görülür. Adından da göründüyü kimi oyun terapiyasının əsasında müxtəlif oyunlar durur. Oyun burada bir vasitə rolunu oynayır. Oyun uşaqların dili, oyuncaqlar isə kəlimləri olur. Oyun terapiyası zamanı uşaqlar mütəxəssis tərəfindən xüsusi olaraq seçilmiş predmetlərlə işləyirlər. Təbii ki, oyun terapiyası keçirilən məkanın şəraitinə dair də müxtəlif tələblər qoyulur. Burada otağın böyüklüyü və kiçikliyi, uşağın hansı oyuncaqlarla və hansı şəkildə işləyəcəyi böyük əhəmiyyət daşıyır. Adətən oyun terapiyası zamanı ən çox tərcih edilən predmetlər qum və su olur. Hamımızın bildiyi kimi qum və su formaya malik olmayan predmetlərdir və istənilən formaya asanlıqla düşə bilir.

 -  Uşaq psixologiyası üzrə ixtisaslaşmaq, uşaqlarla işləmək sizə nələri qazandırdı?

 - Uşaqlarla işləmək fikrimcə daha zövq verici olur. Bir uşaq psixoloqu kimi deyə bilərəm ki, uşaqlarla işləməkdən daha çox zövq alıram. Yetişkin insanlarla işləyəndə bəzən seansların sayı arta bilir. Uşaqların problemləri isə maksimum 24 seansa həll olunur və daha tez nəticə əldə edə bilirik. Uşağın problemini həll etdikdən sonra geriyə qalan məqam valideynə istifadə etdiyimiz metodları izah etmək və uşağın probleminin, sıxıntısının nədən qaynaqlandığını anlatmaqdır. Qısacası, bu dəfə də valideynin problemini çözməkdir. Fikrimcə, valideynin problemini çözmək uşağın problemini çözməkdən daha çətin olur. Yaxşı bir uşaq psixoloqu bilməlidir ki, uşaqlarla işləyərkən yaxşı nəticə almaq üçün mütləq valideynlərlə də işləməyi bacarmaq lazımdır. Çünki uşaqlar daha çox ailə mühitində olurlar, əgər gün ərzində uşaq 1 saat mənimlə olursa, geridə qalan 23 saat valideynləri, ailəsi ilə bir yerdə olur. Valideynlərlə işləyərkən sanki yeni bir terapiyaya başlayırsan.

 - Dediklərinizdən belə nəticə çıxır ki, əslində uşaq psixoloqu adına uyğun olaraq sırf uşaqlarla işləməməlidir?

– Təbii ki. Bəzən elə hallar olur ki, biz uşağın vəziyyəti haqqında nəinki valideynlərə, hətta oxuduğu, təhsil aldığı məktəbə də məlumat veririk. Bu o demək deyil ki, biz uşağın müstəqil bir şəxsiyyət kimi formalaşmasının qarşısını alırıq. Təbii ki, bütün 1 saatlıq seans boyu baş verənlər barədə kimisə məlumatlandırmırıq. Sadəcə uşağın probleminin konkret olaraq nədən qaynaqlandığını tapmaq üçün bəzən istifadə etdiyimiz metodlar və uşaqda gözləmlədiyimiz hallar barədə müəyyən şəxslərə məlumat verməyimiz zəruridir.

 – Uşağın psixoloji yardıma ehtiyacı olduğunu nədən anlamaq olar? Hansı əlamətlərə, siqnallara əsaslanıb bu nəticəyə gələ bilərik?

 – Ümumiyyətlə belə bir deyim var ki, bir insanın daxili dünyası ilə zahiri dünyası arasında fərqlər nə qədər böyüyərsə, mövcud problemlər də bir o qədər artar. Çox vaxt uşaqlarda məktəbə və ya hər hansı konkret dərsə qarşı soyuqluğunun yaranmasına səbəb müəlliminin dediyi hansısa söz, bilərək ya da bilmədən atdığı bir addım olur. Bəzən müəllimlər öyrənmə, qavrama çətinliyi olan uşaqlar barədə məlumatlı olmurlar. Uşaqları bu şəkildə sinifləndirirlər: bu uşaq hər şeyi qavrayır, bu uşaq heç nə anlamır və s. Halbuki bəzən həmin uşaqlarda öyrənmə çətinliyi deyilən bir problem olur və bunu aradan qaldırmaq üçün biz psixoloqların müdaxiləsinə ehtiyac yaranır.

 – Valideynlər övladları ilə aralarında yaxşı bir münasibət yaratmaq üçün nələrə diqqət etməlidirlər?

 – Uşaqların əslində həyatdan elə də böyük bir gözləntiləri olmur. Uşaqlarla davamlı olaraq ünsiyyətə girmək, onları dinləmək, diqqətcil olmaq çox vacibdir. Bu gün bir çox ailələrdə müşahidə edirik ki, valideynlər uşaqlarla ünsiyyət qurmurlar, əvəzində işdən evə qayıdan ata evə gələn kimi televizoru açır, ananın başı yemək süfrəsini salmağa qarışır və s. Və istər-istəməz uşaqda belə bir fikir yaranır ki, mən sevilmirəm. Çünki uşaq həmin ana hislərinə, fikirlərinə cavab ala bilmədi. Ünsiyyət ehtiyacını ödəyə bilmədi. Uşaq məktəbdən gəldikdən sonra 15-20 dəqiqə də olsa onun ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq, məsələn gününün necə keçdiyi ilə maraqlanmaq çox önəmlidir. Əks halda uşaqlarda özünə qapanma, aşağı motivasiya, depressiya, özünü dəyərsiz hiss etmə halları baş qaldırır. Fikrimcə, uşaqlarla yaxşı bir münasibət yaratmaq üçün tək yol onlarla birlikdə həmin anı yaşamaqdır. Uşaqlar böyüklər kimi keçmişdə itib qalmırlar, adətən onlar həmişə cari zamanı yaşayırlar. Məsələn, bir uşaq digərinə pis münasibət göstərsə, 5 dəqiqə sonra üzünə gülsə, uşaq məhz həmin o gülüşü xatırlayacaq.

 - Bəs bacı-qardaş arasında qısqanclıq olduqda valideynlər necə davranmalıdırlar?

 – Bacı-qardaş qısqanclığına əslində bir çox faktorlar təsir edə bilər. Buna baba, nənə, valideynlər, uşağa qoyulan müxtəlif qadağalar təsir göstərə bilir. Birinci bunu aydınlaşdırmaq lazımdır ki, uşaq bacısına və ya qardaşına necə yanaşır, hansı gözlə baxır? Və onu nə üçün qısqanır, onu qısqanmaqda məqsədi nədir? Bəzən olur ki, valideyn bizə uşağını gətirir və belə bir şikayəti olur ki, uşaq qardaşını, ya bacısını döyür. Uşaqla bir müddət işlədikdən sonra aydın olur ki, uşağın öz bacısını, qardaşını döyməkdə məqsədi valideynlərinin diqqətini çəkmək, “mən də buradayam” mesajını verməkdir. Bu mövzuda uşaqlarıın üzərinə getdikdə, “qısqanma”, “vurma”, “eləmə” dedikdə onlar adətən daha da aqressivləşir. Yəni biz onları əksinə, qardaşına və ya bacısına zərər verməyə təhrik etmiş oluruq.

 – Psixoloq ilə yaxşı bir dost arasındakı fərq nədir, sizcə?

 – Psixoloq müəyyən bir sahə üzrə, istər oyun terapiyası, istər uşaq psixologiyası və ya yetişkin insanların psixologiyası üzrə ixtisaslaşmış, müəyyən bilik və bacarıqlara, savada malik olan bir şəxsdir. Psixoloqun hər hansı bir problemə yanaşma tərzində özünün müəyyən etdiyi bir metodikası olmalıdır. Psixoloqun müəyyən təcrübəsi və bu təcrübəni yaradan nəzəri biliklərinin olması şərtdir. Həmçinin yaxşı bir psixoloq mütləqdir ki, müxtəlif proyektiv, psixoloji testlərlə işləməyi bacarsın. Dostun isə hansısa təcrübəyə malik olmasına, ixtisaslaşmasına, metodiki biliklərinin olmasına ehtiyac yoxdur. Bir psixoloqun və dostun eyni bir hadisəyə yanaşma tərzləri tamamilə fərqli ola bilər. Məsələn, bir probleminizi dostunuza gedib danışsanız, o psixoloq qədər təcrübəyə malik olmadığına görə problemi düzgün analiz etməyib sizi yanlış yönləndirə bilər.

 - Uşaqlarla iş zamanı praktikanızda başınıza gələn və ya müşahidə etdiyiniz maraqlı hadisələr olubmu?

 – İş həyatıma yeni başlayan zaman xüsusi qayğıya ehtiyacı olan uşaqlarla məşğul olurdum. 2004-cü ildə ilk seansıma girdim. Pasiyentim olan uşaq üzümə şillə vurub, əlimi zədələmişdi. Sonradan öyrəndim ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən zaman belə davranışlar anlayışla qarşılanmalı, normal hesab olunmalıdır. Başıma gələn ən maraqlı və yadda qalan hadisə bu oldu, ilk seansımda bir uşaq tərəfindən şillələnmək.

 – Yardım edə bilmədiyiniz və ya heç qəbul etmədiyiniz yetişkinlər ya da uşaqlar olubmu?

 – Ümumiyyətlə, yetişkin insanların psixologiyası üzrə ixtisaslaşmamışam, əsasən uşaqlarla və bayaq da qeyd etdiyim kimi buna müvafiq olaraq onların valideynləri ilə işləyirəm. Uşaqlarla iş zamanı qarşılaşdığım bir sıra problemlər, əlbəttə ki, olub. Bu zaman məndən daha bilgili, mütəxəssis insanların köməyindən yararlanaraq mövcud problemi aradan qaldırmağa nail olmuşam.

 – Ölkəmizdə başqa mərkəzlərdə olmusunuzmu?

– Bakıda olduğum müddət ərzində getdiyim mərkəzlər Narınc Uşaq Psixologiya Mərkəzi və Psixologiya Konsultasiya Mərkəzidir.

 – Mərkəzlərimizi necə dəyərləndirərdiniz,  təəssüratlarınız necə oldu?

 – Mərkəzlərinizin işini çox bəyənirəm. İstər Psixologiya Konsultasiya Mərkəzinə, istərsə də Narınc Uşaq Psixologiya mərkəzinə maddi və mənəvi yardım göstərməyə hər zaman hazıram. Elnur bəy və Narınc xanımla 7-8 ildir davam edən dostluq münasibətlərimiz var. Türkiyədə olarkən bizim mərkəzi də ziyarət etmələrindən çox məmnun oldum. Yenidən onları mərkəzimizdə görməkdən məmnun olarıq.

– Ölkəmizdə daha sıx rastlaşdığınız psixoloji problemlər hansılar olub?

 – Azərbaycanda olduğum müddətdə müşahidə etdiyim qədərilə uşaq problemləri içərisində xüsusi qayğıya ehtiyacı olan uşaqlar daha çox üstünlük təşkil edir. Təbii ki, hər kəs övladının həm psixoloji, həm də fiziki cəhətdən sağlam, qüsursuz olmağını istəyir. Lakin mən xüsusi qayığa, diqqətə ehtiyacı olan uşaqların da özünəməxsus gözəllikləri, müsbətləri olduğuna inanıram. Daha çox valideynlərin bu sahədə diqqətli olmasını istərdim. Diqqət etsək görərik ki, bu uşaqların da özünəməxsus üstünlükləri, duyğuları olur.

 – Bu uşaqlar böyüdükcə, yaşları artıqda nələr baş verir, həyatları hansı yöndə dəyişikliyə məruz qalır?

 – Burada ən sadə halda iki variantı vurğulaya bilərik. Birinci halda bu sahədə ixtisaslaşmış mütəxəssisə, psixiatra, pedaqoqa, uşaq psixoloquna uşaq yaşlarından müracitə edən, tibbi yardım alan uşaqlardan söhbət gedə bilər. Uşağın yaxşı nə qədər az olarsa onunla işləmək bir o qədər asan və effektiv olur. Yaşı az olan uşaqlara nəyisə aşılamaq, öyrətmək daha asan olur və qısa zaman ərzində yaxşı nəticə əldə etməyə müvəffəq oluruq. Eyni şeyi 15 yaşında psixoloqa gətirilən bir uşaq haqqında demək çətindir. Bu halda uşaqla işləmək çox çətin olur.

 – İş həyatında öyrəndiklərinizi, praktik təcrübələrinizi öz uşaqlarınızla münasibət quran zaman da reallaşdıra bilərsinizmi?

 – Mən də valideyn olmağa hazırlaşıram. ( gülümsəyir)  Əlbətdə ki, mən uşağımın psixoloqu ola bilmərəm, mən onun valideyniyəm. Əgər uşağımda hər hansı psixoloji bir narahatçılıq olarsa, bunu anlaya bilərəm. Ancaq özüm onunla işləyə bilmərəm, çünki bizim aramızda övlad – valideyn münasibətləri mövcuddur, terapiya şəraitini yaratmaq qeyri – mümkündür. Bu zaman onu güvəndiyim, yaxın bir psixoloqa yönləndirməyi seçərəm.

 – Valideynlərimizə demək istədiyini son bir şey varmı?

 – Bir şeyi vurğulamaq istərdim, uşağın qəlbində saxladığı şey, əlində saxladığı şeydən daha əhəmiyyətlidir. Əlində saxladığı şeyi itirə bilər, unuda bilər. Lakin qəlbində saxladığı şeyi heç vaxt unutmaz, itirməz. Buna görə də uşaqlarla davranışda xüsusilə həssas olmağımız gərəkən mövzular var. Əgər doğru addımlar atmazsaq, uşağın qəlbində daşıdığı şey gələcəkdə onunçün problemlər yaradan bir travmaya çevrilə bilər.

 

Bakı, 03.12.2014.

 

 

 

Go Back

Kənan Məcidov: "Fotoqrafiya mənim həyat tərzimdir, həyatımın özüdür! " - MÜSAHİBƏ

 Düşüncə jurnalının bu dəfəki müsahibi peşəkar fotoqraf olmaqla yanaşı gözəl insani xüsusiyyətləri, səmimi aurası və bugün Azərbaycanda fotoqrafiya sahəsində "brend" sayıla biləcək bir isimdir. Kənan Məcidov - minlərlə sevgiyə, xoş günlərə şahid olan  və onları öz dəsti -xətti ilə ölümsüzləşdirən şəxs! Kənan Məcidov - minlərlə insanın maraqla, sevgilə,həyəcanla izlədiyi şəxs! Bügün Kənan Məcidov  dünyasına səyahət etməyə hazır olun...

- Bu yaxınlarda sosial şəbəkədə keçirdiyiniz "Sevgini Paylaş" müsabiqəsi sözün həqiqi mənasında böyük marağa və səs-küyə səbəb oldu. Həyata keçirməklə bir ilkə imza atdığınız bu layihəni planlayarkən bu qədər böyük bir uğur gözləyirdinizmi?

Sözün doğrusu, layihənin ən az ötən il keçirdiyimiz “1 share – 1 arzu” qədər maraqla qarşılanacağını təxmin etsək də, bu qədər böyük marağa səbəb olacağını gözləmirdim. Müsabiqə boyunca 100 cütlük bir-birindən fərqli, bənzərsiz, maraqlı olan tanışlıq, evlilik, bir sözlə öz sevgi hekayələrini yazıb bizim vasitəmizlə yüz minlərlə izləyici, tanımadığı insanla bölüşdü. Bu 100 cütlükdən başqa xeyli sayda cütlük öz hekayəsini, öz valideynlərinin, hətta nənə və babalarının belə hekayələrini yazıb göndərdi mənə, müsabiqəyə qoşulmaq üçün yox, sadəcə mənimlə bölüşmək istədikləri üçün.

 - Sevgi paylaşdıqca böyüyərmiş. Bu deyimi "Sevgini paylaş" müsabiqəsi bir daha sübuta yetirmiş oldu. Siz bir-birini sevən, illərdir ailəli olan cütlükləri bir növ ayıltdınız, öz sevgi hekayələrini yazarkən bir-birlərinə yenidən aşiq etdiniz, fərqindəlik qazandırdınız. Bu hekayələri oxuyarkən nə hiss etdiniz, özünüz üçün kəşf etdiyiniz nələrsə oldumu həyat adına?

Sözlə izah edilməsi çox çətin hisslərdir. Düşünün, o ərəfədə toy foto-reportajlarımın aktiv olduğu bir dönəm idi, bütün günü çəkilişdə olurdum, gecə evə gəlib gün ərzində göndərilmiş hekayələri oxuyurdum, növbəti gün paylaşım üçün lazımi korreksiya işlərini görürdüm. Hekayələri oxuduqca heyrətləndiyim, təəccübləndiyim, gülümsədiyim, kədərləndiyim,türklər demiş, özlüyümdə “vay bee!” dediyim məqamlar olurdu. Əsrlər boyunca dahi sənətkarların, yazıçıların, bəstəkarların üzərinə ölümsüz əsərlər yaratdığı, üstündə üsyanlar, savaşlar belə başladığı – sevgi mövhumunun heç nəyə baxmayaraq, nə olursa olsun bugün də mövcud olduğuna inandım bu hekayələri oxuduqca.

-  Etiraf etmək lazımdır ki, bugün cəmiyyətdə insanlara stress,əsəb, gərginlik gətirən minlərlə faktor içərisində bu müsabiqə bir rahatlama, bir ümid yaratdı sanki. Çünki insan psixologiyası elə bir mövhumdur ki, daim həyatında əskik olanlara, axtardıqlarına, tapa bilmədiklərinə və zövq aldıqlarına can atır. Və bugün sevgi insanlar üçün öz həqiqi mahiyyətini və müqəddəsliyini itirmişkən "Sevgini Paylaş" müsabiqəsi bir çıraq oldu... Hər kəs,bir-birini tanımadan sizin yandırdığınız çırağın başına toplaşdı. Maraqlısı isə odur ki, gündəlik həyatdakı insanlararası kəskin aqressiyaya baxmayaraq bu müsabiqə çərçivəsində insanlar heç tanımadıqları kəslərə öz səmimi hisslərini, xoş sözlərini, gözəl arzularını bildirə bildilər. Bir növ mümkünsüzü mümkün etdiniz!Bəs maraqlıdır, Kənan bəy üçün sevgi hansı anlamı ifadə edir?

Şəxsi ev kitabxanımda mövcud olan kitablarım arasında bir kitab var, Adnan Binyazar “Ölümün gölgesi yok” adlı. Sevgi üzərinə oxuduğum ən təsirli əsərlidir deyə bilərəm. Orada belə bir cümlə var ki,  “...Sevgi beslediğimiz birine dünyanın lafını etsek, yine de geride söylenecek çok söz kalıyor. Yüzlerce sözcük dilimin ucuna geliyor, yine kaçıyordu...”. Əsəri oxuduğum zamandan bəri bu fikir hər zaman ağlımdadır, odur ki, sevgiyə baxışımı, gördüyüm sevgi anlamını sözlərlə yox - fotolarımda təsvir etməyə çalışıram. Həyatlarının ən xoşbəxt günlərini mənimlə bölüşmək istəyən cütlüklər də - öz sevgilərini məhz mənim gözlərimlə görmək istəyən cütlüklərdir.

 -  Qayıdaq biraz keçmişə.... maraqlıdır peşəniz ixtisasınızdırmı?

-İxtisasım – mühəndisdir. Əgər fotoqrafiya sənətinə hobbi olaraq başlamışamsa, mühəndislik – düşüncəli olaraq seçdiyim sahə idi. Aralıqsız olaraq 5 ilə yaxın bu sahədə işlədiyim zaman ərzində fotoqrafiya ilə eyni anda məşqul olmağa davam etdim; 9-dan 6-ya mühəndis kimi, axşam 6-dan sonra isə foto-reportyor kimi. Sonra bir zaman gəldi ki, artıq iki işi eyni anda davam etdirmək çətinləşməyə başladı və mən seçim edib xəyallarımın arxasınca getdim. Hər nə qədər o işimi sevsəm də, fotoqrafiya mənim həyat tərzimdir, həyatımın özüdür.

- Əl işləriniz, yaratdığınız "əsərlər”(fotolar) göstərir ki,Kənan Məcidov zəngin və yaradıcı bir daxili aləmə və özünəməxsus bir xəyal dünyasına malikdir. Bugünki Kənan Məcidovun xəyalları ilə illər öncə, hələ bu sənətə yeni paşlayan Kənan Məcidovun xəyalları arasında hansı fərqlər var?

-Çox böyük fərqlər var. İstanbulda magistratura təhsilimi alarkən, bir ara Eminönü səmtindən Ayazağa səmtinə 29T nömrəli avtobusla gedirdim dərsə. Mindiyim dayanacaq avtobusun ilk dayanacağı olduğu üçün boş olardı və hər zaman ən arxa çərgədə oturub 1-1.5 saatlıq yol boyunca gələcəyi xəyal edərdim (həmin oturacaq digər oturacaqlara nisbətən ən hündür idi və sevdiyim musiqiləri dinləyərək yandakı geniş pəncərəsindən bütün ətrafı seyr etmək imkanı olurdu). Sizə, tam səmimi deyəcəyəm, illər öncə bugün olduğum yerə gələcəyimi xəyal etmirdim. Məhz bu məqamı, hətta olduğu kimi online günlüyümdə də qeyd etmişdim bir müddət öncə.

İllərdir peşəkar fəaliyyətlə məşğulsunuz. Heç elə bir hadisə, elə bir an oldumuki,fotoqraf olduğunuz üçün sizdə ani də olsa peşmançılıq hissi yaratmış olsun?

-Foto-reportyorluq fəaliyyətimdə ara-sıra belə məqamlar olub. Gənclərimizin, əsgər ölümlərinə qarşı keçirdikləri etiraz mitinqlərində gördüklərimin və lentə aldıqlarımın müstəqil ölkəmizdə yenidən təkrar olunmamasını arzulayıram.

- Bugün Kənan Məcidov bir brenddir. Sadəcə bir fotoqraf kimi deyil, bir insan, bir dost kimi özünüzə böyük bir fanat ordusu yaratmısınız. Bu necə baş verdi? Bugünkü Kənan Məcidov olmanızda minnətdar olduğunuz kəslər varmı?

-Facebook səhifəm mövcud olmadan çox illər öncə bir foto blogum var idi, öz adımla deyil, Maybach adlı ləqəblə açmışdım və orada həm ilk foto işlərimi həm də günlük həyatda rast gəldiyim maraqlı yazıları, məqalələri, təhsil həyatımı və s. paylaşırdım. İlk izləyicilərim məhz həmin blogumun istifadəçiləri idi, həmin izləyicilərin böyük əksəriyyətini bugün də xatırlayıram, bir qismi indinin özündə də sənətimi izləməyə davam edirlər. Bugün facebook səhifəmdə 145 minə yaxın izləyici var və onların hər biri mənim üçün dəyərlidir. İzləyicilərimin yazdıqları hər bir şərhi, hər bir fikri oxuyuram və fiziki zaman imkanları daxilində cavablandırmağa, onlarla ünsiyyətdə olmağa çalışıram. Əgər bir insan olaraq dünyagörüşümün formalaşmasında müəllimlərimə və ailəmə borcluyamsa, Kənan Məcidov olmağıma görə - izləyicimə borcluyam. Hər nə qədər işimi çox sevsəm də, fotoqraf olaraq uğur əldə etməyimdə - izləyicimin verdiyi dəstəyin rolu çox böyükdür. İllər sonra fotoqraf olaraq hansı pillədə olacağımdan asılı olmayaraq qazandığım izləyici sevgisini hər zaman qorumağa çalışacağam.

Sizin işiniz əslində bir növ psixoloqun işi ilə oxşardır. Hər iki peşə də bilavasitə insanlara işləyir, insanların özəl həyatına daxil olur müəyyən dərəcədə. İnsan xasiyyəti isə rəng çalarları qədər müxtəlifdir. Fotosessiya etdiyiniz insanların kaprizlərinə qarşı necə reaksiya verirsiniz?

 -Bunları səbrlə qarşılayıram, düşünürəm ki, insan həyatı boyunca bir dəfə love story fotosessiyası edir, bir dəfə nişanlanır, toyu bir dəfə olur, övladının ilk doğum gününü bir dəfə qeyd edir və s. Əgər yüzlərlə digər fotoqraf arasında cütlük məni seçibsə, onları anlamağa çalışır, özümü cütlüyün yerinə qoyub onları hiss etməyə cəhd edirəm. Müsahibəni, cütlüklərimdən kimsə oxusa, əminəm ki, bu məqamı təsdiqləyəcəklər.

 -Düşünürəm ki, insanlarla bu qədər iç-içə çalışarkən insan sərrafı olmusunuz yəqin ki... Heç olubmu ki, hansısa sifarişdən imtina edəsiniz?

-Bəzən olur, sonuncu dəfə payız mövsümündə iki cütlüklə əməkdaşlıqdan imtina etdim. Bilirsiniz, insanlar işlərimi izləyir, digərləri ilə müqayisə edir, bəyənirlər, lakin, sıra özlərinə gələrkən, öz sevgilərini yaşamaq istəmirlər, görüş zamanı bir-birləri ilə danışmırlar, yola getmirlər və ya toy günlərində bir bayram günündə olduğu tək ürəkdən sevinmirlər, şadlanmırlar. Bunun, müxtəlif səbəbləri ola bilər və bu səbəblərə qarışmaq mənim həddimə deyil. Lakin, cütlük sevgi hekayələrini ən gözəl halda fotolarda görmək istəyirlərsə, ilk növbədə - onlar həmin sevgini yaşamalıdırlar ki, mən o sevgini görüm, hiss edim, ondan sonra fotolara həkk edim. Bu sevgi olmayanda əməkdaşlıq çətin olur, onlara da, mənə də. Mənə müraciət edən heç bir cütlüyün qəlbini qırmaq istəmərəm, lakin, mən sehrbaz deyiləm - fotoqrafam, sevgi yoxdursa mən sevgi hekayəsinin foto-romanını ortaya çıxara bilmərəm. Təəssüf edirəm ki, belə hallar olur, sevinirəm ki, az olur; özəlliklə son illər aralarında çox səmimi sevgi münasibətləri, maraqlı tanışlıq hekayələri olan və ən əsası – gözəl ailələrə sahib cütlüklər müraciət edirlər əməkdaşlıq üçün. Hər zaman deyirəm, cütlüyüm çox az olsun, amma, çox sevgi dolu cütlüklər olsun, biz də onların sevgilərinə, xoşbəxtliklərinə baxıb sevinək.

-   Cütlüklərlə işləyən zaman ən çox çətinlik yaradan məqamlar hansılar olur?

-Əsas çətinlik – cütlüklərin aylardır hazırlaşdıqları ən önəmli günlərində, istər nişan, istər toy olsun, baş verən kiçik bir olumsuz hadisənin, pozulan kiçik bir planın günün qalan qismində onların əhval-ruhiyyələrinə, bunun da birbaşa – həmin gündən geri qalacaq fotolara təsir etməsidir. Elə anlar olur ki, təcrübəm sayəsində bunun qarşısını ala bilirəm; bəzən isə insan psixologiyasını dəyişmək mümkünsüz olur. Bir hadisə danışım. Ötən sentyabr ayında bir cütlüyüm vardı, çox gözəl love story fotosessiyalarını etmişdik, gəlinin xına günündə də onlarla birlikdə idim. Toy günü bəyin evdə hazırlığını çəkməyə təzəcə başlamışdım ki, bəy barmağına üzüyünü taxmaq istəyəndə - üzüyünü tapa bilmədi. Az sonra ailəsi ilə birlikdə gəlinin ardınca gedəcəkdilər, bəy isə üzüyünü evdə hara qoyduğunu unutmuşdu. Bir tərəfdən ailə üzvlərinin üzüyü axtaranadək keçirdikləri həyəcan, digər tərəfdən bəyin özünün yaşadığı stress həmin gün bəy evində gözəl çəkiliş etməyə əngəl oldu. Günün qalan qismində uğurlu kadrlar oldu, təkcə bəy evində yox. Həmçinin, bir neçə dəfə olub, səhər salonda hazırlıq zamanı yığılan saç düzümü və ya edilən makiaj gəlinin arzuladığı, ürəyi istədiyi kimi olmayıb, stress keçirməyinə, göz yaşlarına səbəb olub ki, bunun da unudulmasına saatlarca zaman lazım. Bu cür hallar bəzən olur və insan hisslərinin xoşagəlməz məqamları dəf edə bilməməsi çətinliklər yaradır.

-   Biraz psixoloq kimi düşünək.Şəkil çəkdirmək fobiyası olan və bundan qurtulmaq istəyən bir insan təsəvvür edin.Bu insan kamera qarşısına keçə bilmir və sizdən yardım istəyir. Bir Kənan Məcidov yanaşması ilə ona necə kömək edərdiniz, onu bu fobiyadan necə xilas edərdiniz?

 -Mənə belə gəlir ki, şəkil çəkdirməyə qarşı fobiyaları olan insanlar nə zamansa fotoqrafa müraciət etmişlər və nəticə uğursuz alınıb deyə həmin insanlarda bir növ kompleks yaranıb. Məncə peşəkar birinin qarşısında sərbəst olmaları bu fobiyadan qurtarmağa kömək edə bilər.

 -  Kənan bəy ən qlobal problemlərdən birindən bəhs edəcəyəm. Bu xüsusilə xanımların ən çox yaşadığı narahatçılıqdır. Niyə bəzən insanlar şəkillərdə real həyatda olduqlarından fərqli düşürlər. Bəzən olduğundan daha yaxşı,bəzən isə daha pis. Bir peşəkar kimi bunu nə ilə əlaqələndirirsiniz?

 -Fikrimcə fotoların necə alınmasına təsir edən müxtəlif amillərdən biri də, insanların həmin ankı əhval ruhiyyələridir.

 -  Bunun insanların o anki psixoloji durumu ilə bir əlaqəsi varmı?

 -Daha çox məşqul olduğum janrlardan misal çəksəm, love story fotolarının uğurlu alınması üçün həmin gün “sevgi mod”unda olmaq, çəkilişə pozitiv və xoş əhval-ruhiyyədə gəlmək lazımdır. Bunların yanına bir də peşəkar fotoqrafın fərqli baxışını və ideyalarını əlavə etsək, günlük həyatda olduqlarından daha fərqli görünəcək fotolar əldə edə bilərlər. Yəni, psixoloji olaraq insanın necə olması fotoların da necə alınacağına təsir edəcək.ğ

- İş prosesində başınıza gələn qeyri-adi, yaddaşınızdan heç silinməyən hadisələr olubmu?

-Belə hadisələr çox olub, ən sonuncusunu danışım, bunu hətta səhifəmdə izləyicilərimlə də paylaşmışdım, onlar da bəyənmişdilər. Daha öncə ailələrində xoş anların şahidi olduğum bir cütlüyün toy foto reportajını edirdim, bir-birlərinə sevgi ilə bağlı olan bir cütlükdürlər, özəlliklə - oğlan qıza. Toy əsnasında mən onların masasının yaxınlığında olarkən (bəy-gəlin masası – müəllifin qeydi) gözləmədiyim bir anda oğlan məni yanına çağırıb “Kənan, bilirsən, mən bu qızı çox sevirəm” dedi. Çox gözlənilməz idi, gülümsəyərək “Bilirəm” dedim. Üstündən aylar keçib, hələ də xoş təəssüratla xatırlayıram o anı.

-  Bu həyatda peşəniz sizə nə qazandırdı?

 -Peşə olaraq əsasən ailə fotoqrafiyası janrı üzrə ixtisaslaşmağa çalışıram və işimin xarakteristikası baxımından daima yeni cütlüklərlə tanış olur, daima yeni ailələrin qurulmasına, bundan daha gözəl – qurulmuş ailə üzvlərinin sayının artmasına şahidlik edirəm. Düşünün, ailə qurursunuz, ən yaxınlarınızı, ən doğmalarınızı bu xoş gününüzə dəvət edirsiniz, bir də daha öncə heç tanımadığınız birini dəvət edərək ən özəl anlarınızı onunla paylaşırsınız. Milli adətlərimizə bağlı olan həri, nişan günləri, atanın qızına xeyir dua verməsi, ananın oğluna gəlin gətirməsi, saymaqla bitməyən bu kimi gözəl hissləri görürsən, cütlüklərlə, ailələrlə birlikdə bütün bunlara sevinirsən. Bütün bu gördüklərim mənə hər zaman həyata daha pozitiv baxmağa, daha pozitiv düşünməyə stimul verir, bundan daha gözəl nə ola bilər ki?!

                            

 -  Özünüzlə baş-başa qadığınızda formalaşdırdığınız Kənan Məcidov imicini nə üçünsə tənqid etdiyiniz və ya bəyənmədiyiniz hansısa bir tərəfləri olurmu?

 -İşlərimdə mənə dəstək olan kiçik və sadiq bir komandam var, lakin, işimi mükəmməl görməyə çalışdığım üçün foto ilə bağlı qismini heç kimə etibar edə bilmirəm, bütün işlər mənim üzərimdədir. Bu isə həm iş yorğunluğuna gətirib çıxarır, həm də inkişaf etmək və müasir tendensiyaları izləməyə az zaman buraxır. Gələcəkdə, iş bölgüsünü genişləndirib bu sahədə daha da inkişaf etməyə və ən əsası – ailəmə daha çox zaman ayırmağa çalışacağam.

- Minlərlə insanın sevgisinə, xoş gününə şahidlik edən Kənan bəyin, özəl gününü kim özəlləşdirəcək bəs? Biz özümüzü Kənan Məcidova etibar edərkən, Kənan bəy özünü və ən unudulmaz gününü kimə etibar edəcək görəsən?

-Fotoqrafiya sənətinə peşəkar başladığım ilk zamanlar idi, dəqiq xatırlayıram, Ebru Gündeş’in Bakı konsertində təsadüfən bir gənc fotoqrafla tanış oldum. Söhbət 2006-cı ildən gedir, o zamanlar fotoqrafiya indiki kimi bum halını almamışdı, çoxlu fotoqraflar, foto-avadanlqlar və s. yox idi. İkimiz də gənc idik, pilləkənlərdə oturub o zamankı mütəvazi foto-aparatlarımızla konsertin çəkilişini edirdik işlədiyimiz media qurumları üçün. Təsadüfən o fotoqraf təklif etdi ki, obyektivlərimizi dəyişək test kimi. O zamandan başlayan tanışlığımız zamanla dostluğa çevrildi, bugün Şahin Mürşüdli işlərini çox bəyəndiyim, böyük keyflə izlədiyim, sözün əsl mənasında peşəkarlığını qəbul etdiyim fotoqrafdır. Ailəmizin və yaxınlarımızın bütün özəl günləri hər zaman Şahin’ə həvalə edilir. Ötən günlərdə ailələrində körpə qızları dünyaya gəlib, inanıram ki, yaxın zamanda Şahin’in ən gözəl ailə fotolarını da mən ərsəyə gətirərəm.

Son günlərdə ən məşhur dəb- əlinə kamera alan hər kəs adının, soyadının sonuna bir "photography" sözü əlavə edərək fəaliyyətə başlayır. Əslində bir məqam var ki, psixoloji olaraq bu sözcük onlarda sanki professionallıq hissi yaradır. Bu məşhur dəblə ayaqlaşanlara nə məsləhət bilərdiniz, "photography" sözünə professionallıq mahiyyətini qazandırmış biri kimi?

-Ən xoş olmayan tərəfi isə ingilis dilini bilmədiyi üçün bu sözü xətalı yazan və belə də olmalı imiş kimi “fəaliyyət”lərini davam etdirənlər də var. Fotoqrafiya elə bir sənətdir ki, əgər bir insanın qabiliyyəti, fərqli görmə bacarığı, istedadı varsa, nəzəri biliklərə sahib olaraq bu sənətdə uğur əldə edə bilər. Gənclərin bu sahəyə maraq göstərmələri təbiidir, lakin, fotoqrafiya üzərinə heç bir kitab oxumadan, heç bir kursa getmədən və ya nəzəriyyəni bilmədən bahalı avadanlıq almaq, fəaliyyətə başlamaq heç zaman uğurla nəticələnə bilməz. Bu məqamlarla yanaşı, qeyd etmək lazımdır ki, istedadlı, fərqli düşüncəyə sahib gənc fotoqraflarımız da var.

Son olaraq nə demək istərdiniz, istər arxanızda duran böyük bir fanat ordusuna, istərsə də həmkar və rəqiblərinizə?

 -Hazırki izləyici on il öncəkindən çox fərqlənir, hər şeyi görür, fərqinə varır, seçim edə bilir. Fotoqrafiya ilə bağlı müəyyən planlarım və hədəflərim var, o hədəflərə doğru getdiyim yolda məni dəstəklədikləri üçün izləyicimə təşəkkür etmək istəyirəm. Sağlam rəqabət və peşəkar etikasına sahib bütün həmkarlarıma isə səmimi qəlbdən uğurlar arzulayıram; onların bugün qazanacaqları uğurlar tək özlərinin yox, həm də müasir Azərbaycan fotoqrafiyasının tarixinə düşəcək uğurlar olacaq.

 

Bakı, 01 dekabr 2014-12-2014

 

Go Back

İkram Rüstəmov: " Hər bir xəstə özü elə yenilikdir!" - MÜSAHİBƏ

                    

“Düşüncə” jurnalının bu sayının qonağı Memoriya klinikasının rəhbəri, Uzman Psixiatr İkram Rüstəmovdur. İşinin mütəxəssisi İ.Rüstəmov jurnalımıza psixiatriya, onun şəsxi həyata təsiri, ağır psixi xəstəliklər, şizofreniya və nevroloji tiklər barədə danışdı.

 İkram Rüstəmov 1981-ci il mayın 5-də Laçında dünyaya göz açıb. 7-ci sinifə qədər orada təhsil alıb. Sonradan isə təhsilini Bakıda davam etdirib.

2003-2009 illərdə uşaq psixiatriyası və uşaq nevrologiyası üzrə 5 illik rezidentura proqramını keçib uşaqlıq depressiyasında vizual diqqət problemləri ilə əlaqəli dissertasiyanı müdaifə edib həkim psixiatrı, uşaq psixiatrı mütəxəssisi adını alıb. Evlidir, iki övladı var.

 - Necə oldu ki, psixiatr olmağa qərar verdiniz?

 - Əslində, psixiatr olmağı düşünmürdüm. Lakin təhsilimi davam etdirdikcə bu sahəyə həvəsim artırdı. “Beyinlə işləmək” mənə çox maraqlı gəlirdi. Bu səbəbdən də Türkiyəyə gedib uşaq psixiatriyası üzrə ixtisaslaşmağı qərara aldım. Bu il artıq 9 il tamam olacaq ki, psixiatr kimi fəaliyyət göstərirəm.

 - Psixiatriya sizin üçün nə deməkdir?

 - Psixiatriya mənim üçün ucu-bucağı olmayan tükənməz bir elmdir. Bu sahədə hər dəfə yeniliklərlə qarşılaşırsan. Bir psixi xəstə heç vaxt o birinə tam bənzəmir. Hər dəfə xəstəliyin yeni xüsusiyyətləri üzə çıxır. İlk dəfə qarşılaşdığımız klinik vəziyyətlərlə də işləyirik. Bu terapiyada və ya cərrahiyyədə belə deyil. Eyni xəstəlikdən əziyyət çəkən xəsətələrin fərqli cəhətləri olsa da, mütləq xəstəliyin gedişatında ümumi oxşarlıq olur. Psixiatriyada isə hər xəstə fərqlidir. Həm də psixiatrın gördüyü işi ondan başqa heç kim görə bilmir. Yəni ki, bir boğaz infeksiyasını terapevt də, boğaz həkimi də müalicə edə bilər. Amma psixiatriyada elə bir xəstəlik yoxdur ki, onu tam mənası ilə anlayıb müalicə edə bilən ikinci ixtisas sahibi olsun. Psixi xəstələri yalnız psixiatrlar müalicə edə bilir.

 - Şəxsi həyatınıza psixiatriya necə təsir edir?

 - Müsbət. Düzdür, mən o, fikirlə razı deyiləm ki, insan bir elmi öyrəndikcə onu öz həyatına da tədbiq etmək qabiliyyətini qazanır. Amma psixiatr olmağın özü insana xüsusi dünya görüşü qazandırır. Psixiatr olmaq insana həyatı dərk etməyə kömək edir. Həm öz, həm də başqalarının hisslərini anlaya bilirsən. Psixiatriyanı bilmək gündəlik həyat tərzinizə, ümumiyyətlə, həyatın hər bir sahəsinə müsbət təsir göstərri.

 - İşinizdən yorulduğunuz anlar olurmu?

- Əlbətdə olur. Bunu bütün psixiatrlar çox yaxşı bilir ki, bizim işimizin yorucu tərəfləri də var. Hətta başqa peşənin sahibləri də psixi xəstə ilə işləməyin nə qədər ağır olduğunu təsəvvür edirlər. Zehni iş insanı çox yorur. Amma mən bunu bir əziyyət kimi görmürəm. Çünki işimi çox sevirəm. Psixiatriya həyatıma ancaq əlvan rəng qatır.

 - Yəqin ki, yorğunluğu azaltmağın yollarını bilirsiniz? İşində yorulmamaq, daha həvəsli olmaq üçün başqa psixiatrlara nə məsləhət görürsünüz?

 - Ən əsası gümrah olmaq üçün aktiv həyat tərzi sürmək çox önəmlidir. Fiziki məşğələlərə vaxt ayırmaq lazımdır. Bundan başqa, təbiət qoynunda, insanların az olduğu, səs-küydən uzaq yerlərdə dincəlməyin insanın sağlamlığına, psixikasına müsbət təsiri var. Meşəlikdə, çəmənlikdə təbiətlə harmoniyada olmaq, quşların səsini eşitmək istər-istəməz insanı dincəldir. Həftənin sonunda iki gün təbiət qoynunda dincəlməyin xüsusi rahatlaşdırcı təsiri var. Bir də qeyd edirəm ki, aktiv həyat tərzi sürmək, daim hərəkətdə olmaq lazımdır. Xüsusilə də bizim iş oturaq olduğu üçün bədənin aktiv fəaliyyətini tənzimləmək vacibdir. Rejimlə yaşamaq, vaxtında yatmaq, səhər tez durmağa çalışmaq, eyni vaxtlarda qidalanmaq lazımdır. Qidalanmaya fikir vermək, meyvə və tərəvəz çoz yemək də məsləhətdir. Bütün bunlar yorğunluğu aradan qaldırmağa kömək edir. İnsanın şəxsi həyatında hər şeyin qaydasında olması da çox əhəmiyyətlidir. Düzdür, hamının öz dərdi, problemi var. Amma ailə səadəti, mehribanlıq, sevgi çox vaxt insanı rahatlaşdırmağa bəs edir. Başqa şeyə ehtiyac qalmır.

 - Psixiatriya çox maraqlı sahədir. Yəqin ki, sizi təəcübləndirən xəstələr az deyil?

 - Hər bir xəstə özü elə yenilikdir. Hər bir xəstənin xəstəliyi birüzə verməsi çox fərqlidir. Gündəlik qarşılaşdığımız xəstəliklər belə psixatriyada hər dəfə fərqli “prezentasiya” ilə təqdim olunur. Bu işin elə maraqlı tərəfi də odur. Misal üçün, ağır xəstəlik olan şizofreniyanın o qədər fərqli xüsusiyyətlərini görürük. Bundan başqa, tik xəstəliklərində də maraqlı, tam tədqiq olunmayan məqamlar var.

 - Cəmiyyətdə insanların bir faizinin əziyyət çəkdiyi ağır xəstəlik olan şizofreniyanın səbəbləri nədir?

 - Tibbdə səbəbi çox dəqiq bilinməyən xəstəlikləri əsasən multifaktorial (çoxsəbəbli) səbəblərlə əlaqələndirilər. Şizofreniya da səbəbi dəqiq bilinməyən xəstəliklərdəndir. Yaranmasında həm genetikanın, həm sosial stressin, həyat tərzinin, insanın tərbiyə olduğu mühitin rolu var. Son vaxtlarda bu xəstəliyin yaranmasında müəyyən mutasiyaları da günahlandırırlar.  Misal üçün, hamiləlik dövründə ananın siqaretdən istifadəsi, spirtli içki və ya müəyyən dərmanların qəbulu, uşaqlıq dövründə qəbul etdiyi müəyyən dərmanların təsiri və s. kimi səbəbləri var.

 - Klinik xəstəliklərdə görülən hansı maraqlı simptomatikalarla rastlaşmısınız?

 - Çox rastlaşmışam. Məsələn, tik xəstəliyi ilə. Bu xəstəlikdən əsasən uşaqlar əziyyət çəkir. Bu xəstəliyin maraqlı xüsusiyyətləri var. Tik xəstəliyindən əziyyət çəkənlər özündən asılı olmadan qeyri-adi hərəkətlər edirlər. Misal üçün, çiyin oynatma, baş oynatma və ya səs çıxartma kimi. Səs çıxartma bəzən köpək hürməsi kimi, burun çəkməsi kimi də ola bilər. Bu səs çıxartma partlayıcı söyüş söymə kimi də özünü birüzə verə bilər. Misal üçün, uşağı gətirirlər ki, bu uşaq tərbiyəsizdir. Müayinə edib görürük ki, uşağın tiki var. Özündən asılı olmadan, partlayıcı şəkildə biyabırçı söyüş söyür. Uşağa baxırsınız. Normaldır, məktəbə gedir, hanısısa işlə məşğul olur və s. Amma özünü idarə edə bilmir. Bunun tik olduğunu ailə üzvləri və məktəb mühiti anlamır. Diqqət əskikliyi və ya hiperaktivlik sindromunun da maraqlı simptomatikaları var. İntelektual səviyyənin nisbi olaraq daha aşağı olan yerlərdə, rayon və kəndlərdə valideynlər hiperaktiv uşaqları dəcəl, nadinc kimi qəbul edərək döyülürlər. Amma bu uşaqları həkim  müayinə etdikdə görür ki, onlarda hiperaktivlik sindromu var. Bu uşaqalrın müalicəyə ehtiyacı var. Bəsit bir müalicə ilə dəcəl uşaq bir-iki günə normal uşaq olur.

 - Sizə daha çox hansı şikayətlərlə müraciət edirlər?

 - Şikayətlər daha çox tiklərlə bağlıdır. Təşviş pozuntuları, depressiyaya görə də şikayət edənlər olur. Bundan başqa psixi gərginliklə, psixosomatik problemlərlə bağlı da şikayət edənlər olur. Məsələn, saç tökülmələri və ya bəzi dəri xəstəlikləri var ki, psixogenik mənşəlidir. Bəzi hallarda elə olur ki, xəstə baş ağrısından əziyyət çəkir. Həkim onun müayinə edəndə isə şiddətli ağrı verə bilən ciddi bir səbəb tapa bilmir. Və ya xəstə üəryindən şikayət edir. Ürəyində isə heç bir problem yoxdur. Bu tip ağrılar psixogenik mənşəlidir.

 - Psixiatriyadan başı çıxmayan adama hansısa bir ağrının psixogenik olması qəribə gələ bilər. Siz onlara ağrılarının, narahatlıqlarının səbəblərini necə izah edirsiniz?

 -Belə xəstələrə sadə şəkildə vegativ sinir sistemini izah edirəm. Misal üçün, insan əlini, qolunu qaldırmağına nəzarət edə bilər. Amma ürək döyüntüsünə nəzarət edə bilməz? Və ya insan qan təzyiqini nəzarət edə bilərmi? İnsan mədə bağırsağın işləməsinə, qara ciyərinin qan süzməsinə, yağları parçalamasına və ya mədənin şirə ifrazına nəzarət edə bilərmi? Yox. Bunlar hamısı vegetativ sinir sisteminin nəzarətindədir. Bir balaca qorxan kimi, həyacanlanan kimi ürək döyünməyə başlayır. Bir az əsəbləşən kimi təzyiq qalxır və s. Mən xəstəyə izah edirəm ki, qorxu, əsəb emosiyadır.  Bəs, emosiya bədəni idarə edə bilər? İdarə edə bilər, beyin yolu ilə. Emosiya da, bədən də beyinlə əlaqəlidir. Biz qorxduqda ürəyimiz tez-tez döyünür. Həyacan keçirmədiyimiz vaxt isə ürəyimiz normal ritmdə döyünür. Amma ürəyin döyüntüsü yerli-yersiz tezləşdikdə, səbəbsiz hər şeydən qorxduqda artıq burada xəstəlikdən söhbət gedir. Psixi sarsıntılar ağrılara, boğulmaya, dəri səpkilərinə və s. səbəb olur.

 -Psixi sağlamlığı qorumaq üçün nə etmək lazımdır?

- Psixi sağlamlığı qorumaq üçün düzgün həyat tərzi sürmək, stress və mənfi fikirlərdən uzaq olmaq  vacibdir. Birinci növbədə narkotik vasitələr qəbul etməmək, spirtli içkilərin qəbulunda həddi gözələmək lazımdır. Psixi sağlamlıq üçün yuxu rejimi və düzgün qidalanma da vacib rol oynayır. Həddindən çox enerjili içkilər, kofe, tünd çay içmək də məsləhət deyil. Təmiz havada tez-tez gəzmək, aktiv həyat tərzi sürməyin xeyri isə əvəzsizdir. Ümumiyyətlə, bədənin sağlamlığını qorumaq vacibdir. Belə ki, bədənin sağlamlığını qorumaq psixi sağlamlığı qorumaq deməkdir. 

dushunce.az

Go Back

Elnur Rüstəmov: "X-Lady ilə indi də görüşüb danışırıq" - MÜSAHİBƏ

23 noyabr tarixində  kitabevim.az kitab marketində tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun “X-Lady” konsultativ romanının təqdimat mərasimi keçirildi. Tədbirdən sonra Elnur Rüstəmov ailem.az-ın suallarını cavablandıraraq Azərbaycanda bu janrda yazılmış ilk əsər haqqında geniş danışdı.

- Necə oldu ki, kitab yazmaq qərarına gəldiniz?

 - Əslində kitab yazmaq qərarı çoxdan var idi, bu günün ani verilmiş qərarı deyildi. Hardasa təxminən 5-6 il bundan qabaq düşünürdüm ki, bu istiqamətdə kitab yazaq, nəşr elətdirək. Azərbaycanda akademik istiqamətdə yetəri qədər tədqiqatlar aparılıb - kitablar yazılıb, dissertasiya işləri müdafiə edilib. İldə ən azından 15-20 dissertasiya işi yazılır, namizədlik işi, doktorluq işləri mudafiə edilir. Bu, psixologiya sahəsində sırf akademik istiqamətdə aparılan tədqiqatlardır və çox təqdirəlayiqdir. Ancaq etiraf edək ki, bu sahədə bədii əsərlər yox dərəcəsindədir. Biz iddia eləmirik ki, yeni bir dünya qurduq, yeni bir şey yaratdıq! Yox, biz sadəcə olan şeyləri yeni bir formada cəmiyyətə təqdim elədik. Bu gün əlbəttə Azərbaycan psixologiyasında Fuad İbrahimbəyov, Ələddin Qədirov, Muxtar Həmzəyev, Əbdül Əlizadə, Əkbər Bayramov və s. görkəmli mütəfəkkirlər var ki, onların xidmətləri danılmazdır. Eyni zamanda AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, professor Səməd Seyidov  Azərbaycan psixologiya tarixində böyük işlər görüblər və bu gün də görürlər. Yeni nəsil formalaşır, yeni metodlar tətbiq olunur, psixologiyanın tətbiq sahələri genişlənir. Bu tələbdən çıxış edərək biz də fikirləşdik ki, insan psixologiyası ilə bağlı yaşanan prosesləri tədqiqat deyil, roman şəklində cəmiyyətə çatdıraq və mən bu romanı yazmağa başladım. Sadəcə arada müəyyən işlər çıxdı və romanı bitirə bilmədim. Bu ilin yay aylarından isə bir çox mədəniyyət portallarına psixologiya ilə bağlı yazılar, məqalələr verməyə başladım. Bu, əslində özüm üçün bir hazırlıq mərhələsiydi. Necə deyərlər, qələmimi itiləyirdim ki, romanı bitirim. Çünki üzərimdə bir yük kimi qalmışdı. Yenə də qeyd etdiyim kimi, bu istək birdən-birə yaranmayıb, illərlə düşüncələrimdə, məqsəd və fikirlərimdə olub. Nə dərəcədə uğurlu alınıb bunu oxucular deyəcək.

 - Niyə məhz X Lady?

 - Əslində X-Lady naməlum bir xanımdır. Bu roman naməlum bir xanımın həyat hekayəsindən bəhs edir. Mən  hərdən zarafat edib deyirəm ki, növbəti kitabımın adı da Mister-X  olacaq. (gülür)

 - Əsər həqiqətən də gözlənilməyən sonluqla bitir. X Lady real qəhrəmandırmı?

 Bu kitab, yəni “X Lady” əslində sadəcə bir insanın taleyi deyil. Burada bir ümumilik var,  problemə yanaşma tərzi var. Sujet xətti reallığa uyğun götürülüb, əlavələr olunub. Burada əsas məqsəd anonimliyin qorunub saxlanması idi. Yəni, X-Lady-ni heç kim tanımır və bu əsəri oxuduqdan sonra da heç kim onun kimliyini açığa çıxaracaq bir məlumat əldə edə bilməz! İnsanlar uyğunluq axtarmağa çalışırlar. Bəlkə də tapacaqlar. Bu, normaldır. Ancaq Sizə bir sirri də deyim. X-Lady ixtisasca həkim deyil. Tamam başqa bir sahədə çalışan insandır. Romanın tələbi bundan ibarət oldu ki, onu həkim kimi təqdim etdik.    

 - Onun sonrakı taleyindən xəbərdarsınızmı?

 - Yenə də qeyd edirəm, X-Lady ümumi qəhrəmandır. Bir problemin çözülməsinə yönəlik hadisədir. Real hadisə olmağına baxmayaraq, əlavələr çox edilib. Səbəb anonimliyin qorunması olub. Belə də əlbəttə ki, indi də xanım lady ilə ara-sıra zəngləşiriq, danışırıq, görüşürük.

 - Hər şey yolundadırmı həyatında?

 - Bəli, hər şey tam qaydasındadır, işləyir, ailəsi ilə də münasibətləri tam tənzimlənib.

 - Bəs o xanım özünün baş qəhrəman olduğu kitabdan xəbərdərdardırmı?

 - Bəli, hər şeydən xəbərdardır. Biz onunla əvvəldən də söhbət etmişdik. Əsərin planını birgə müzakirə etmişdik. Özü də maraqla əsərin çap olunmasını gözləyirdi. Hətta çap olunmamışdan qabaq bir dəfə də oxudu, hər şeyin qaydasında olduğunu bildirəndən sonra çapa verdik. Özü də qeyd etdi ki, “Nə yaxşı ki, Siz bunları yazıb digər danışa bilməyən insanları da maarifləndirdiniz”.

 - Bu gün Azərbaycanda psixoloqa müraciətdən çəkindirən əsas məqamlardan biri də anonimliyin qorunması ilə bağlı narahatlıqlardır. Problemləri aşkara çıxar deyə çox zaman xaricə öz tuturlar. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?!

 - Əslində, biz bununla bağlı dəfələrlə danışmışıq, istər televiziyada, istərsə mətbuatda. Biz bunu təqdir etmirik! Nəyə görə təqdir etmirik?! Əslində mən istəməzdim ki, oxucular bu məsələyə subyektiv yanaşsınlar. Yəni biz demirik ki, onlar pisdir, biz yaxşıyıq, xaricə getməyin. Bu fikrimizi həmişə belə əsaslandırmışıq ki, psixoloq Azərbaycan mühitində, Azərbaycan etnopsixologiyasında, Azərbaycan mədəniyyətində böyümüş biri olmalıdır. Çünki xaricdəki psixoloji yanaşma, Azərbaycandakı psixoloji yanaşma ilə eyni deyil! Bizi depressiyaya müxtəlif səbəblər sala bilər, ancaq Almaniyada insanlar başqa səbəblərdən depressiyaya düşürlər. Eləcə də ailə dəyərləri ilə bağlı! Elə ailə dəyərləri var ki, bizdə Azərbaycanda normaldır, amma Almaniyada əksinə. Uşaq tərbiyəsiylə bağlı bizim məxsusi etnopsixologiyamız var, xaricilərin tamam ayrı. Elə lap qardaş ölkə Türkiyə ilə də müqayisə etdikdə çoxlu fərqlər çıxır ortaya. Biz demirik ki, onlar peşəkar deyil, yox, peşəkardılar. Ancaq nəzərə almaq lazımdır ki, bunlar  psixoloji problemlərdir. Ona görə də burda etnopsixologiyanı bilmək çox vacibdir. Bizim etirazımız da sadəcə bununla bağlıdır.

 - Bəs anonimliklə bağlı narahatçılıqlar?

- O ki qaldı anonimlik məsələsinə, bu, hər bir psixoloq üçün müqəddəs dəyər olmalıdır. Psixoloji konsultasiya qanunlarına görə, hətta polis belə müraciət etsə, psixoloq anonimliyi poza bilməz. Ola bilər ki, qeyri-peşəkar psixoloqların sayəsində isanların inamı bir qədər itib. Amma yenə də deyirəm ki, əgər sırf peşəkar insanlarla çalışsanız, belə problemlərlə rastlaşmazsınız. Bu, sadəcə psixologiya sahəsində deyil, bütün iş sahələrində keçərli nüansdır. Ola bilər ailə hansısa psixoloqun yanına gedib, sonra həmin ailənin sirləri açılıb. O psixoloq da ola bilər ki, hansısa vəziyyətdə kimləsə bunu paylaşıb, özündən asılı olmayaraq deyib. Bu, ola bilər təzə başlayan bir psixoloq olsun, emosional psixoloq olsun, gerçəktən kiminsə adını çəkməklə özünə hörmət qazanmaq istəyən biri olsun və həmişə belə şey olanda mən gülürəm. Hər vəziyyətdə unutmamalısan ki, sən psixoloqsan və sənin yanına hər təbəqədən adam gələ bilər! Bu o demək deyil ki, sən bundan qürrələnməlisən, sən bundan böyük nələrsə çıxarıb, özün haqda miflər düzəltməlisən! Bu, doğru deyil. Onsuz da bilən bilir ki, peşəkar psixoloqun yanına hər təbəqədən gələn ola bilər, yəni bizim üçün prioritet məqam anonimliyin qorunması olmalıdır. Ona görə də deyirəm ki, xaricə getməyi biz təqdir eləmirik, çünki ordakı psixoloji yanaşma Azərbaycandakı psixoloji yanaşma ilə eyni deyil!

- Pasiyent anonimliyin qorunacağından necə əmin olsun? Daha doğrusu, Siz illərdir fəaliyyət göstərirsiniz, bu inamı necə qazanmısınız?

- Xaricdə konsultativ müqavilə var, o müqavilə imzalanır və pasiyent konsultasiyaya keçir. Ancaq bizdə bu yoxdur! Biz şifahi olaraq pasiyentə çatdırmağa çalışırıq ki, anonimlik qorunur. Yenə də deyirəm, hər bir psixoloq anonimliyə görə cavabdehdir, o, buna görə məsuliyyət daşıyır, onu kimsəylə paylaşa bilməz! Sadəcə bir şey nəzərə alınmalıdır ki, bəzən bizdə psixoloqun işini, mahiyyətini doğru anlamayan insanlar olur. Məsələn, görürsən ki, evdə ər-arvad arasında problem var. Tutaq ki, kişinin xanımı ilə bağlı hansısa şübhələri var, heç cür ayırd edə bilmir. Bir də görürsən psixoloqa gəlirlər ki, bizim aramızda narahatlıq var, çözüm gətirmək lazımdır. Onları qəbul edirik, söhbət edirik, konsultasiyamız başa çatır. Çıxandan sonra kişi deyir ki, nə lazımdır edəcəyəm, bir məsələ var onu mənim üçün dəqiqləşdirin. Bu kimi hallar şübhəsiz ki, psixoloqu narahat edən faktorlardır. Biz bunu birmənalı şəkildə rədd edirik! Çünki müəyyən sədlər daxilində psxioloq anonimliyi mütləq gözləməlidir. Bu şərtlər hansılardır?! Konsultativ normalarda qeyd olunur ki, əgər pasiyentin real olaraq özünə qəsd etmək fikri varsa, anonimlik gözlənilmir, çünki ölə bilər! Pasiyent real olaraq kimisə öldürmək istəyirsə, anonimlik qorunmur!  Və yaxud da hansısa cinayətkar qruplaşmanın üzvü ola bilər, cinayətlə məşğul ola bilər, yenə də anonimlik qorunmur! Bundan əlavə bir problem də yeniyetmələrlə bağlı yarana bilir. Nəzərə almaq lazımdır ki, 17-18 yaşına qədər uşaq ailənin himayəsindədir, o uşağın bütün etdiklərinə görə ailə cavabdehlik daşıyır! Biz yeniyetməylə iş prosesində müəyyən məqamlar var ki, orda anonimliyə böyüklərlə olduğu qədər həssas yanaşmırıq. Yeniyetməni də valideyn gətirir, ona görə də valideynlə söhbət edəndə o məqamları mütləq nəzərə alırıq. Söhbət zərərli vərdişlər və bunun kimi digər məqamlardan gedir.

- Yazmağa davam edəcəksinizmi? Üfüqdə yeni kitab gözlənilirmi?

 (Gülür) Yazmağa davam edəcəyik, hətta növbəti kitabımız da hazırdı.

Açığı, mənə cəmiyyətin fikri çox maraqlıdır. Görəsən reaksiya necə olacaq? Çünki “X-Lady” mənim ilk əsərimdir və bu janrda yazılmış birinci romandır. Maraqlıdır, oxucu təəssüratları necə olacaq, cəmiyyət bunu qəbul edəcəkmi?! Əgər hər şey qaydasında gedərsə, o zaman ikinci kitabı da nəşr etdirə bilərik. Bir də, mənim illərdir çap olunmağı gözləyən, 2006-cı ildə yazdığım bir elmi monoqrafiyam var, ünsiyyət problemləri ilə bağlıdır. Bu ilin axırına onu da çap etdirmək fikrindəyəm, inşallah! Çünki bu sahədə maariflənməyə ehtiyac böyükdür. Kimin əlindən nə gəlirsə, onu da etməlidir. Nəhayətində məqsəd birdir: Vətənə, millətə, cəmiyyətə faydalı olmaq! Ola bilər ki, bizim fəaliyyətimiz kimisə naraht edir, kiminsə yuxusuna haram qatır. Mən bunları normal hesab edirəm. Bəlkə 3-4 il əvvəlki vaxtım olsaydı, bu və bənzəri hadisələrə daha çılğın və emosional qarşılıq verərdim. Amma indi düşünürəm ki, zaman ən müdrik hakimdir və hər şeyə aydınlıq gətirir! Necə deyərlər, bizi bilən bilir, bilməyən də özü kimi bilir.

 O ki qaldı güvənlə bağlı məsələyə, heç kəsə sirr deyil ki, mən illərdir bu işin içindəyəm, fəaliyyətimiz də göz qabağındadır. Hər zaman çalışmışıq ki, məsuliyyətli olaq, peşəkar fəaliyyət göstərək və peşəkarlarla çalışaq! Əgər insanlar bu gün bizə güvənirlərsə, bizə inanırlarsa, bu, bizim ən böyük uğurumuzdur! Çünki həqiqətən də, insanların inamı, dövlətin diqqət və qayğısı olmasaydı, bəlkə də psixologiya bu gün bu istiqamətdə və bu dərəcədə inkişaf etməzdi. Ola bilər hansısa nöqsanlar, çatışmazlıqlar var. Əminəm ki, bu da zamanla həll olunacaq.

 Fəridə Qasımova

ailem.az

 

 

Go Back

Bəxtiyar Əliyev: Harda insan varsa, orda psixologiya var

www.pcc.az

Harada insan varsa, orada psixologiya var.

“DÜŞÜNCƏ” jurnalının bu sayının qonağı AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı,psixologiya və sosial fəlsəfə sahəsində tanınmış mütəxəssis, professor Bəxtiyar Əliyevdir.

B.Əliyev 1961-ci il martın 20-də Ağdamın Papravənd kəndində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirib (1983). Psixologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. 15 monoqrafiya və kitabın, 150 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.

1983-1997-ci illərdə Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, baş müəllim, dekan müavini, dosent vəzifələrində çalışıb. 1997-ci ildən Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müdiridir. 2000, 2005 və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsi sədrinin müavinidir. Evlidir, 2 övladı var.

Bəxtiyar müəllim, necə oldu ki, psixologiyaya gəldiniz? Ümumiyyətlə, yeniyetməlik dövründə gələcəyə baxanda bugünkü günü necə təsəvvür edirdiniz?

- Orta məktəbdə oxuyanda mən psixoloq olacağımı düşünmürdüm. Psixologiya haqqında geniş bilgim də yox idi. 70-ci illərdə belə bir bilginin olması da mümkün deyildi. Çünki həmin dövrlər psixologiya elmi sıxışdırılırdı. Psixologiya barədə heç düşünən də yox idi. Mən yeniyetməlik dövründə şərqşünas olmaq istəyirdim. Şərq mədəniyyəti mənə çox maraqlı gəlirdi. Mən Moskva Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə hazırlaşırdım. Amma ora sənəd vermək üçün Mərkəzi Komitədən hər hansı bir sənədin tələb olunduğunu bilmirdim.Tale də elə gətirdi ki, mən orta məktəbi bitirib Moskvaya getdim. Lakin mənim sənədlərim arasında müəyyən sənəd olmadığından  qəbul etmədilər və mənə bu fakültədən başqa istədiyim digər fakültələrə sənədlərimi qəbul edə biləcəklərini təklif etdilər. Hətta, o vaxt Moskva Dövlət Universitetində böyük nüfuza malik olan insan, görkəmli alimimiz Əziz Şərif mənimlə söhbətdən sonra mənə sənədlərimi filologiya fakültəsinə verməyimi məsləhət gördü və mənə dedi ki, “Sən çox gözəl filoloq olarsan. Mən də sənə kömək edəcəyəm”. Əlbətdə, bu söz mənim qəlbimə toxundu. Çünki, mənim kğməyə ehtiyacım yox idi. Mənə bir şeyə görə köməyə ehtiyac var idi. O da sənədlərimin qəbul olması idi. Bu hadisələrdən sonra, mən MDU-nun abituriyentlər üçün nəzərdə tutulan xüsusi kitabçalarını oxudum.  Kitabçada fakültələr, ixtisaslar, hansı fənlərdən imtahan veriləcəyi barədə məlumatlar verilmişdi. Bu kitabçada ilk dəfə psixologiya haqqında oxudum. Oxuyanda mən özüm üçün kəşf etdim ki, istədiyim əslində şərqşünaslıq deyil, psixologiyadır. Və mən MDU-nun psixologiya fakültəsinə qəbul olmağı qərara aldım və qəbul oldum da. Mən bu gün də çox şadam ki, belə bir hadisə baş verdi. Ola bilsin ki, mən şərqşünaslığa daxil olsaydım, sonradan psixologiya fakültəsinə qəbul olmağı düşünəcəkdim. Ümumiyyətlə, psixologiya bütün elmlərin mərkəzindədir. Harada insan varsa, orada psixologiya var.

 AMEA-nın müxbir üzvü, psixologiya və sosial fəlsəfə sahəsində tanınmış mütəxəssis kimi Azərbaycanda praktik psixologiya ilə bağlı bizim görmədiyimiz hansı məqamlar var ki, onların inkişafını vacib sayırsınız? Bugün praktik psixologiyanın inkişafı qənaətbəxşdirmi?

-         Akademik səviyyədə praktik psixologiya ilə bağlı ciddi problemlər yoxdur. Sadəcə kadr çatışmazlığı problemi var ki, bu da təbiidir. Belə ki, ölkə kadrların hazırlanmasına yeni başlayıb və bu məsələ öz həllini tapacaq. Praktik psixologiyanın tədbiqi tərəfi ilə bağlı isə vəziyyət heç də ürək açan deyil. Yəni ki, bunun  tədbiqinə tələbat varmı? İstək varmı? Tələbat da var, istək də. Amma bu istək kimin tərəfindəndir? Bax bu vacibdir. Yəni ki, o yerdə ki, bu tədbiq olunmalıdır, orada istək varmı? Azərbaycanda psixologiya elmi nəinki akademik səviyyədə, eyni zamanda praktik istiqamətdə çox geniş inkişaf edir və bu inkişafı görməmək mümkün deyil. Bu gün əgər bütün orta məktəblərdə praktik psixoloq ştatı varsa, orada psixoloqlar çalışırlarsa, bu müsbət haldır. Lakin bəzi rayonlarda psixoloq ştatı olsa belə, orada psixoloqlar işləmirlərsə, bu həll olunmalı bir məsələdir. Əgər bu günləri beş minə yaxın məktəbimiz varsa və orada beş min bizim psixoloqumuz yoxdursa, deməli psixoloq kadrları hazırlanmalıdır. Bununla bağlı ali məktəblərdə hazırlıq gedir, kurslar təşkil olunur. İlkin mərhələ üçün bunlar normaldır. Belə ki, uzun illər sovet dövründə qadağan olunmuş psixologiya gizli şəkildə tədbiq olunub. Ona görə də bu gün respublikamızda psixologiya elmi inkişaf etmir desək, çox böyük bir səhvə yol verərik. Bu sahədə böyük işlər görülür.

-www.pcc.az 

Hansı sahələrdə psixoloji biliklərin tədbiqinə ehtiyac var?

- Müxtəlif sahələrdə psixoloji biliklərin tədbiqi zəruridir. Misal üçün, hüquq, iqtisadiyyat, tibb və s. Tibbi praktikada buna böyük ehtiyac var. Amma bu gün Azərbaycanda psixoloqlar tibbə öz töhvəsini verirmi? Bizim ölkədə belə kadrlar varmı? Onlar tibbə və digər sahələrə nə verə bilərlər? Bu baxımdan sizin psixologiya mərkəzinin işi təqdirəlayiqdir. Elə ən sadə və mürəkkəb məsələ uşaqlar və valideynlər üçün keçirdiyiniz konsultasiyalardır. 

Bu gün, əgər yeni təhsil qanunu ilə beş yaşlı uşaqlar məktəbə hazırlanmalıdırlarsa da, bunu tədbiq etmək üçün hazırlıq bazasının maddi, texniki tərəfi yoxdur. Yəni uşaqların məktəbə hazırlaşması üçün xüsusi baxçalar yoxdur. Bu problem, xüsusilə də regionlarda daha qabarıq nəzərə çarpır. Bakıda isə bu vəziyyət nisbətən yaxşıdır. Amma ucqar yerlərdə bu çox acınacaqlı vəziyyətdədir. Demək, ümid qalır kimə? Valideynlərə. Valideynlər isə uşağın psixalogiyasını, yaşına uyğun xüsusiyyətlərini və onu məktəbə necə hazırlaşdırmalı olduğunu bilmir. Bu səbəbdən də psixoloqların köməyinə böyük ehtiyac var. Psixoloqlar bununla bağlı valideynləri, eləcə də müəllimləri maarifləndirməlidirlər. Bu səpkidə sırf psixoloji verilişlər də təşkil etmək olar. Bunu pedaqoq, sosioloq, iqtisadçı və həkimlərlə birlikdə həyata keçirtmək olar.

Bu gün cəmiyyətdə “Psixoloji Xidmət Haqqında” qanunun qəbul edilməsinə ehtiyac varmı?

- Psixologiya ilə bağlı qanunlar bu gün çox zəif işləyir. Misal üçün, Kür daşqınları və yaxud Zaqatala bölgəsindəki zəlzələ nəticəsində, müxtəlif hadisələrlə bağlı Bakı şəhərində bəzi binaların uçmasından sonra insanları düşdüyü vəziyyətdən çıxartmaq üçün ən sadə psixoloji yardım lazım idi. Həm də ölkədə 1 milyondan artıq məcburi köçkün və qaçqın, məcburi köçkünlərin yeni yetişən nəsli var. Onlar daim stress vəziyyətindədirlər. Çünki yaşadıqları, məskunlaşdıqları məkan müvəqqətidir. Bu müvəqqətidirsə və həmin insanlar “köç” əhval-ruhiyyəsindədirsə, ərtafdakıların da onlara münasibəti belədir. Bu insanların psixi sağlamlığında, durumunda ciddi problemlər var. Deməli, ölkədə psixi sağlamlığın qorunması üçün təkcə “Psixiatriya haqqında” qanun kifayət deyil. Çünki sağlam, amma psixoloji durumu ağır olan insanlar və ailələr var. Kifayət qədər çətin uşaqlar psixoloji yardıma ehtiyac duyurlar.

Bu qanunun gecikməyinin səbəbi nədir?

- Qanunun qəbul edilməməsinin yeganə səbəbi biz - psixoloqların o qanunu işləməməyimizdir. Başqa səbəb yoxdur. Düzdür, bununla bağlı işlər gedir. Yəni, biz - psixoloqlar qanunu hazırlayır və aidiyyatı qurumlara göndəririk. Qanun elə olmalıdır ki, işlək olsun və real nəticələr versin. Həm də bu qanunun qəbulu cəmiyyətdə artıq psixologiya elminin tədbiq olunması üçün real qanunvericilik bazasının yaradılması deməkdir. Ümumiyyətlə, bu qanunun olması zəruridir. Sadə bir misal çəkim, bu gün görürsən ki, diaqnostika məsələlərində əksər həkimlərlə psixoloqlar arasında böyük ziddiyyətlər var. Yəni, həkimlərin çoxu psixologiyanın tibbə nə qədər aid olub ona nüfuz edə biləcəyini təsəvvür etmir. Eləcə də, bəzi psixoloqlarda həkimi əvəz edib xəstəni müalicə edə biləcəyi barədə yanlış təsəvvür var. Bunlar yanlış münasibətlərdir. Hesab edirəm ki, ali məktəblərdə həkimlərə psixologiya kursu daha geniş keçirilməlidir. Həkimlər də psixologiyanı dərindən öyrənməlidirlər.

 Psixoloji problemlərin müzakirəsinə, onların həllinə həsr olunan verilişlərin yayımlanmasına necə baxırsınız? Çox vaxt psixoloqlar verilişə getməkdən imtina edirlər. Ona görə ki, onların öz fikrini rahat ifadə edə bilməsi üçün meydan yoxdur. Psixoloqlar çox vaxt şikayət edirlər ki, televiziyaya getsələr, fikrini deyə bilməyəcəklər, onların sözlərini kəsəcəklər. Necə düşünürsünüz, sırf psixologiyaya həsr olunan verilişə ehtiyac varmı?

- Ümumiyyətlə, dünyanın heç bir yerində sırf psixoloji verilişlər yoxdur. Psixoloji problemləri əhatə edən verilişlər həmişə tədbiqi xarakterlidir. Həyatın bu və ya digər sahəsi ilə bağlıdır. Bu gün də, əgər hansısa bir məsələ ilə, misal üçün təhsil, səhiyyə və ya iqtisadiyyatla bağlı verilişlərə psixoloqlar dəvət olunurlarsa və orada iştirak edirlərsə, onda gərək təşəbbüsü ələ ala bilsinlər. Əgər təşəbbüsü ələ ala bilmirsə, deməli, nəyisə nəzərə almayıb və verilişə hazırlıqsız gəlib. Psixoloji problemlərin səbəblərini dərindən öyrənməyib. Bu səbəbdən də fikir bildirəndə passiv olurlar. Bununla yanaşı, verilişdə tamaşaçını maraqlandırmayan mövzuların müzakirəsi də onlar üçün maraqsız olur. Tamaşaçı verilişi izləyərkən öz suallarına cavab axtarır.  

Sizinlə əvvəlki görüşlərdə də, müşahidə etmişəm ki, çox diqqətli və həssas insansınız? Bu keyfiyyətlər sizə uşaqlıqdan xasdır, yoxsa tədricən qazanılıb?

- İnsan ömrü boyu dəyişir. Qədim çin fəlsəfəsində belə bir fikir var ki, bir insan dünyaya gözəl keyfiyyətlərlə gəlir, amma düşdüyü mühit o qədər qarışıq olur ki, mühit onun müsbət xüsusiyyətlərini öldürməsin deyə, onun tərbiyəsi ilə məşğul olmaq lazımdır. İkinci yanaşma isə odur ki, insan heç də dünyaya yaxşı xüsusiyyətlərlə gəlmir. Bu səbəbdən də çalışmaq lazımdır ki, onda o pis başlanğıclar ləngidilsin, amma yaxşı başlanğıclar inkişaf etdirilsin. Yəni bu ideyaların hər ikisinin yaşamaq hüququ var. Yəni onların heç biri təkzib olunmayıb. Düşünürəm ki, insan bütün xüsusiyyətləri ilə dünyaya gəlir. Və o, yaxşı olmaq istəyir. Heç bir valideyn də övladının pis insan olmasını arzulamır. Lakin sonradan insan müəyyən səbəblər üzündən dəyişir. Mənim diqqətli və həssas olmağıma gəldikdə isə mən uşaqlıqda da belə idim.

Əgər şərti pasiyent Bəxtiyar Əliyev psixoloq Bəxtiyar Əliyevin yanına gəlsəydi, onun həyatında hansı korreksiya işlərini aparmaq istəyərdi?

- Əslində, mən pasient Bəxtiyar Əliyevi təsəvvür etmirəm. Amma mən psixoloqa müraciət etməli olsaydım, ona elmi məsələlərlə bağlı suallar verərdim və bu suallara ətraflı cavablar axtarardım. Məni əsas maraqlandıran o olar dı ki, insanın özünü tanıması, özünü bir insan kimi şəxsiyyət kimi gerçəkləşdirməsi üçün nələr vacibdir? İnsan özünü tanıya bilsin deyə nə etmək lazımdır?

Ümumiyyətlə, insanı tanımaq üçün ilkin təəssürat vacibdirmi?

- İlkin təəssürat heç vaxt aldadıcı olmur. Görmək istədiyin aldadıcı olur. Bunları bəzən qarışdırılar. Biri var ki, biz nəyisə görmək isyəyirik, kiməsə rast gəlirik və onda görmək istədiyimizi görürük. Bax, bu aldadıcıdır. Amma ilkin təəssürat aldadıcı deyil. İlkin təəsurat öz subyektiv şərhlərimizi, istəklərimizi, fikirlərimizi nəzərə almadan olduğu kimi qəbul etdiyimiz təəssüratdır. Mən insanlara məhz ilkin təəssürrat əsasında yanaşmağa çalışıram.

- Psixologiya və sosial fəlsəfə sahəsində tanınmış bir mütəxəssis kimi  ideal ailə modelini necə görürsünüz?

- Heç bir yerdə və heç vaxt ideal alilə modeli olmayıb. Ailə elə bir qurumdur ki, onu tikmək lazımdır. Onu elə tikməlisən ki, zəlzələlərdən, fırtınalardan aşmasın və çat verməsin. Bunun üçün də iradə lazımdır. Bunun üçün daha çox başqasının xeyri üçün nələrisə keçmək lazımdır. Əgər sən keçirsənsə, demək sən onu özün üçün keçirsən. Nəticədə xoşbəxt olursan. Keçməyəndə də özün üçün keçmirsən və o, faciələri də sən özün yaşayacaqsan. Sən onu bədbəxt etməklə özünü də bədbəxt edəcəksən. Ümumiyyətlə, xoşbəxtlik insanın özündədir. Kənarda axtarmaq lazım deyil. Əgər biz psixoloqlar bu fikri insanlara kifayət qədər aşılaya bilsək, bu cəmiyyət üçün ən böyük xidmətimiz olacaq.

Kadrların yetişdirilməsinə gəlincə, BDU illər boyu psixoloq kadrların yetişdirilməsində bizə öz töhfələrini verir. Burada tədris proqramları reallığa, tələbata cavab verirmi? Ailə psixologiyası ayrıca tədqiq edilirmi?

- Psixoloq kadrların hazırlanması üçün dövlət standartları var. Dövlət standartları hazırlanarkən düşünülməlidir ki, bu kadrları nə üçün və kim üçün hazırlayıram. Burada çox təəssüf ki, ciddi problemlər var.

- Dissertasiyaların mövzuları nə qədər aktualdır?

- Bir müddət dissertasiyalar akademik istiqamətli idi. Yəni nəzəri əsaslarla işlənirdi. Amma bu gün nəzəri əsaslarla yanaşı tədbiqinə də çox böyük ehtiyac var. Tədbiqi sahə ilə bağlı işlər görülsə də, qənaətbəxş deyil. Bunun da bir neçə səbəbi var. Əgər praktikada bunu tədbiq etməyə yer yoxdursa, səni qəbul etmirlərsə, bu iş necə ola bilər?  Mən həmişə bunu misal gətirirəm ki, bu gün Azərbaycanda sahibkarlıq sektoru ölkə iqtisadiyyatının 83 faizini təşkil edir. Buna baxmayaraq, sahibkarlıqla məşğul olan şirkətlərdən psixoloji araşdırmalar aparılması üçün sifariş verən şirkətlər yoxdur.  Mən belə sifarişə rast gəlməmişəm. Düzdür, indi banklar bu sifarişləri etməyə başlayıb. Bəzi şirkətlər də bununla bağlı müraciət edirlər. Lakin bu çox azdır.

- Azərbaycan Psixoloqlar Birliyinin təsis olunması gözlənilirmi?

- Biz 10 ildir ki, bunu təsis etmək istəyirik. Amma hələ ki, psixoloqlar yekdil bir qərara gəlməyiblər. Belə bir birliyin yaradılması bu il nəzərdə tutulub. Bu birlik dünyada mövcud olan digər psixoloqlar assosiasiyaları ilə əməkdaşlıq edəcək.

Psixoloq cəmiyyətlərinin, birliklərinin və mərkəzlərinin yaradılmasına necə baxırsınız?

- Psixoloq cəmiyyətlərinin və birliklərinin yaradılmasına müsbət baxıram. Lakin psixoloqlar fəaliyyət göstərərkən peşə etikasına riayət etməlidirlər. Onlar peşəkar kimi işləməyi qarşılarına məqsəd qoymalıdırlar. Psixologiyanı dərindən bilmədən birdən-birə bu işdən yapışmaq olmaz. Psixologiyada biznes arxa planda qalmalıdır. Biznes maraqlarının önə çəkilməsi,  etikanın isə arxa planda qalmasının tərəfdarı deyiləm. Həkim öncə xəstəni müalicə etməyi düşünməli, sonra isə əvəzini almalıdır. Psixoloqlar da birinci növbədə xidməti göstərməli və onun müqabilində qazanc almalıdırlar. Ümumiyyətlə, psixoloqlar etik davranış kodeksinə uyğun işləməli, peşə şərəfini yüksək tutmalıdırlar.

 - Zamanınızın məhdud olduğunu bilirik. Buna baxmayaraq, tam 2 saatlıq dəyərli vaxtınızı bizə ayırdığınız üçün Sizə təşəkkürümüzü bildirirk. Təşəkkür edirik.   

- Fəaliyyətinizdə uğurlar arzu edirəm. 

 

Müsahibəni aldı;

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri,

psixoloq Elnur Rüstəmov

 

Go Back

Elnur Rüstəmov: Sağlam ruhda Sağlam bədən olar

"Azərbaycanda bir psixoloqu tanıyırlarsa,cəmiyyət tərəfindən qəbul olunursa bu mətbuatın hesabınadır"

Ölkə.Az olaraq Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri və psixoloq Elnur Rüstəmovla müsahibəni təqdim edirik.

-Sizinlə bu gün cəmiyyətdə və eləcə də gənclər arasında olan psixoloji problemlərlə bağli danışmaq,fikirlərinizi öyrənmək istərdik. Sizcə, Azərbaycanda ailələrin psixoloq yanına getməməsi, ailə psixoloqunun olmaması problemini necə aradan qaldırmaq olar? İnsanlarda,ailələrdə psixoloqa müraciətlərin artması üçün nə etmək lazımdır?

- Əslində bu bizim çox böyük problemimizdir. Bizdə həmişə belə bir söz olub "Ev bizim,sir bizim". Bu bizim həm də el məsəli,atalar sözümüzdür.Bizim düşüncəmizdə həmişə belə bir şey olub ki,əgər evdə problem varsa, biz özümüz həll etməliyik. Problem kənara çıxmamalıdır.Kənara çıxma da bəzən biz görürük ki, mənfi fəsadlara gətirib çıxarır. Biz ailələrlə iş prosesinde rastlaşırıq, tutaq ki, xanımla yoldaşı arasında konflikt var, xanım ürek qızdırıb anasına deyir və ana bir müddət sonra xanımla yoldaşı birləşdirir, münasibet düzelir, ancaq ana kürəkənini bağışlamır ve nəticədə görürük ki, problem bir tərəfdən düzəlir, digər tərəfdən isə qaynanayla kürəkən arasında münasibətlər pozulur. Ümumən gəldiyimiz nəticə bundan ibarətdir ki, ailədaxili münasibetler ailelerin öz içində həll olunmalıdır,yox əgər buna dəstək lazımdırsa peşəkar mütəxəssis tərəfindən dəstək olunmalıdır. Niyə peşəkar mütəxəssiz tərəfinden dəstək müsbet sonluqla nəticələnir? Nəzərə almaq lazımdır ki,mütəxəssis obyektiv adamdır. Mütəxəssis tək bu ailəni görmür, sırf bu problemlə işləyən mütəxəssis çoxlu sayda ailə modellərini görür. Ailədə mövcud olan problemleri görür,onu bilir. Bizim insanlar danışmağı heç vaxt müalicəkimi qəbul etmirlər. Biz şərq xalqları danışmağı sevən xalq olmuşuq. Psixoloji konsultasiyaya indi də insanlar müalicə kimi baxmırlar.Bu səbəbdən də bir qisim pasient seansın sonunda qayıdıb deyir ki, siz dərman yazmayacaqsınız?Deyirəm psixoloq dərman yazmır, psixoloqun dərman yazmağa ixtiyarı yoxdur. O fikirləşir ki, müalice dərmanla olur.Söhbətlə müalice olunmaz. Bu da bəzən psixoloji yardım məsələsində problemlərə yol açır. Sevindirici hal ondan ibarətdir ki, bu gün elə bizim pasiyentlərimiz var gəlib deyir ki, mənə dərman təyin edilməsin. Mən seanslara gəlim, söhbet edim bundan düzələcəm. Bu əslinde maariflənməyin səbəbindən başlayır. Artıq insanlar fərqinə varırlar ki,psixoloji dəstək vacibdir, lazımdır. Artıq bu gün Azərbaycandaixtisaslaşmış psixoloqlarvar. Biz buna sevinməliyik. Ölkədə bir qisim azərbaycanlı ailələri psixoloji dəstək almaq üçün xaricə üz tuturlar. Onların da ehtiyat etdiyi,qorxduğu yer anonimliyin nə dərəcədə qorunması ile bağlıdır. Azərbaycanda elə ailələr var ki, tanınırlar,cəmiyyətdə müəyyən nüfuzları var, ister iş sferasında bir iş adamı kimi, eləsi var dövlət qulluğunda calışan adam kimi, yaxud eləsi var ki, ictimai sektorda çalışan adam kimi. Onlar fikirləşirlər ki, mən psixoloq yanına getsəm bizim ailənin problemini hər kəs biləcək, yaşanan problem hər kəsə məlum olacaq. Biz zaman-zaman qeyd edirik ki, psixoloji konsultasiya anonim bir prosesdir. Psixoloq buna göre zəmanət verir. Psixoloqun ixtiyari yoxdur ki, bu problem haqqında kiməsə məlumat versin,kiməsə bu haqda danışsın. Psixoloqun buna birmənalı olaraq ixtiyarı yoxdur. Mən düşünürəm ki, bu problem də Azərbaycan cəmiyyətində həll olunacaq, çünki ailədə problem olur, ərlə arvad arasında, ata ilə övlad arasında və s. Bu normal haldır. Anormal olan odur ki, sən bu problemi mən burda psixoloqlara güvənmirəm deyə həll etməyəsən. Sən sabah artıq görəndə ki, oğlun artıq əlindən gedib , zərərli vərdişlərə qurşanıb,ailəsi dağılıb bundan sonra müraciət etməyin nə faydası var. Onu zamanında etmək lazımdır. Niyə bizxaricə getməyi təqdir etmirik?Əgər bu hansısa bir ürək problemi olsaydı, baş beyinlə bağlı bir problem olsaydı, dünyanın hər yerində ürək də, baş beynin funksiyası da eynidir. Söhbet psixoloji meqamdan gedir. Nəzərə almaq lazımdır ki, Azərbaycan vətəndaşının psixologiyası ile almanın psixologiyası eyni deyil və yaxud bir ingilis psixologiyası iləeyni deyil. Onlar fərqli istiqamətdə yaşayırlar,fərqli yaşam tərzində böyüyürlər. Siz fikir verin bizim xaricdə təhsil alan tələbələrin bir qismi xroniki depressiyadan əziyyət çəkir. Çünki o mühitə uyğunlaşa bilmir. Dərsləri yaxşı getsə də, özünü narahat hiss edir. Çünki bu mühitlə o mühit eyni deyil. Ona göre orda yetişən psixoloq ola bilsin ki, orada çox gözel psixoloq olsun, çox yaxşı ixtisaslaşsın,ancaq o Azərbaycan ailə modelini bilmir. O, bilmir ki, Azərbaycanın ailə modelində hansı proseslər gedir. O bilmir ki, Azərbaycanda uşaq hansı dəyərlərlə böyüdülür. Yəni, bu gün tutaq ki, siz uşaq tərbiyəsinə baxsaz biz onlara fərqli yanaşırıq. Bir ingilis ise öz usağına fərqli yanaşır. Qərb dəyərləri Azərbaycana nüfuz etdikcə Azərbaycan ailələri dağılır.

- İnsanların psixoloqlara az müraciet etməsinə səbəb qiymətlərin yüksək olması ola bilərmi?

- Azərbaycanda psixoloji xidmətin qiyməti baha deyil. Əksinə, digər ölkələrlə müqayisədə qat-qat ucuzdur.Həmin azərbaycan ailəsi burda təyyarə biletini alır,Türkiyədə oteldə yer tutur,gedir orda 10-15 gün psixoloq yanına, terapiyanı keçir gəlir ve çox vaxt nəticəsi olmur. O, buna baha demir. Bu gün azərbaycan ailəsi öz toyuna bir müğenni cağırır, onun saatına 1500 azn,5000 azn, 10000 azn pul verir və deyir ki, o baha deyil, ancaq psixoloqa gələndə deyir ki, bahadır.Azərbaycanda psixoloji xidmətin qiyməti çox normaldır. Azərbaycanda psixoloji xidmətlə bağlı dövlət tərəfindən də yaradılmış müəssisə var. Bu müəssisənin adı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdindəpsixi sağlamlıq mərkəzidir. Orada psixoloji xidmət ödenişsiz olsa da, insanlar ora müraciət etmir. Ona görə də mən bahadır deyən insanlara haqq qazandırmıram. Sadəcə, bizdə psixoloqa pul xərcləmək düşüncəsi yoxdur.

- Bilmək istərdik ki, məktəblərdə,ali təhsil ocaqlarında psixoloqların tələbələrlə münasibetini necə dəyərləndirmek olar? Bildiyimiz kimi bu yaxınlarda başverən hadisədə iki bacı arasında baş verən mübahisə ölümlə nəticələndi. Bəzi insanlar belə düşünürlər ki, əgər oxuduqlarıtəhsil ocağındakı psixoloqla danışsaydılar bəlkə də o qızda olan problem daha tez nəzərə çarpardı ve bu bir qızın ölümü ilə nəticələnməzdi.

- Əslində mən sizinlə razıyam ki,orta məktəbdə psixoloji xidmət yetəri səviyyədə deyil və bunu aradan götürmek üçün mərhələ-mərhələ işlər görülür. Belə bir söz var kənardan döyüs insana asan görünür. Məsələ burasındadır ki, bir qisim psixoloji dəstək aşagı səviyyədədir. Azərbaycanda məktəblərdə psixoloji dəstək peşəkar səviyyədə deyil. Əslində bunu bu sahədən xəbərsiz insanlar danışırlar. Bu sahəyə bələd olan bilir ki, bu sahənində öz problemləri var. Bu problem nədən ibarətdir. Bu gün Azərbaycanda yetəri qədər ixtisaslaşmış kadr yoxdur. Bu gün Azərbaycanda məktəb psixoloqlarının yetəri qədər motivasiyası yoxdur. Orta məktəb psixoloqunun bacarığı yoxdur ki,öyrənsin və tətbiq etsin.Valideyn usağında problem görürsə, orta məktəb psixoloquna müraciət etməlidir və psixoloqa güvən olmalıdır ilk növbədə. Bu yoxdur. İnsanlar dəstək olmalıdırlar ki, bunun ücündə ən mühüm olan güvən məsələsidir.O güvəni formalasdırmaq lazımdır.

 

- Ailədaxili problem olduqda gəncləri,insanları,usaqları necə məlumatlandırmaq lazımdır ki, onlar artıq hara müraciət etməli olduqlarını bilsinlər? İstər qaynarxətt olsun, istər xüsusi psixoloji xidmət baxımından.

- Biz ona hec bir zaman zəmanət verə bilmərik və qaynarxəttə zəng vuran insanda bir şeyi nəzərə almalıdır ki, qaynarxəttdə olanlar ona görə orda oturublar ki, ilkin dəstəyi göstərsinlər. Onların işi terapiyanı aparmaq deyil. Qaynarxəttdə oturan adamin işi informasiyanı eşitmək ve mütəxəssisə yönləndirməkdir.Yəni, calışdığı orqandırsa,mərkəzdirsə, ora yönləndirməkdir. Sadəcə bizim insanlar yetəri qədər maariflənməyiblər. Şəhərdə sorğu keçirilsə ki, hansı psixoloji dəstək nömrələrini tanıyırsız.Cavab bəllidir…

- Sizcə, KİV-də psixoloji mövzuların toxunulması insanların daha cox məlumatlandırılmasına səbəb ola bilərmi? Məsələn, televiziyada psixoloji verilişin açılması və s.

- Əslində maarifləndirmə işi aparılır. Bu gün maariflənmə işi sırf mətbuatla aparılır. Azərbaycanda bir psixoloqu tanıyırlarsa,cəmiyyət tərəfindən qəbul olunursa bu mətbuatın hesabınadır.İstər televiziya olsun, istər radio olsun,istər yazılı mətbuat olsun. O bunun vasitəsi ilə tanınır.Bu gün Azərbaycanda psixoloqa inam varsa,psixoloqa etimad varsa mətbuatın da rolu burada çoxdur.Nəzərə almaq lazımdır ki,metbuat bir problemi işıqlandırır ve dövlət də dəstək olur. Dövlət psixologiyaya dəstək olmasaydı,ya dövlət bu sahəyə biganə yanaşsaydı, həmin o psixi sağlamlıq mərkəzini yaratmazdı. Dövlət insanların psixoloji durumuna, psixiatrik vəziyyətinə qarşı biganə olsaydı, Zaqafqaziyada ən böyük mərkəz olan Maştağada yerləşən 1 sayli psixiatrik xəstəxananı yaratmazdı. Son zamanlar orda gözəl təmir işləri aparıldı, bunlar edilməzdi. Dövlət bunu edir. Bizim birdən birə gözəl bir şey tələb etməyimiz də doğru deyil. Biz özümüz dəistəyirik ki, televiziyada sırf psixoloji veriliş olsun. Ancaq sual yaranır ki, o psixoloji verilişe kim baxacaq? Əgər Azərbaycan televiziyasında, televiziya kanallarında hər hansı bir təklif olarsa ki, bir psixoloji veriliş açılsın, biz böyük məmnuniyyətlə bu işə dəstək olmağa hazırıq. Çünki biz təklif etmişik,qəbul olunmayıb. Mən hər şeyi etməyə hazıram. Yetər ki, belə bir veriliş olsun və insanlar maarifləndirilsin.Verilişi açmaq üçün də onun formatı bəlli olmalıdır. Bu gün Azərbaycanda psixoloqa müraciət varsa,(yəni biz demirik ki, müraciətlər çoxdur, yox orta səviyyədə müraciətlər var) bu artıq Azərbaycanda psixologiyanın qələbəsi kimi qiymətləndirilir. Kimsə ortaya çıxıb tənqid də edə bilər,bəyənməyə də bilər.Bu zaman sual olunur ki, bu işlər görüıəndə bu adamlar haradaydılar. Həm mətbuat tərəfindən,həm dövlət tərəfindən bu sahəyə diqqət var.Yetər ki, iş görən olsun.Yetər ki,işinin peşəkarı olsun.Bu vacib məsələdir.

- Son olaraq gənclərə, cəmiyyətdə olan insanlara tövsiyyələriniz nə olardı?

- Bizim cəmiyyətdə olan gənclərə,ümumiyyətlə insanlara tövsiyyəmondan ibarət olardı ki,özlərinin psixoloji sağlamlıqlarının qeydinə qalsınlar. Çünki bu çox vacib bir şeydir. Bu gün insanın psixologiyasına təsir göstərən çoxlu məqamlar var. Yəni,qəfil məqamlar çıxır ortaya.Tutaq ki, sən hazırlaşırsan işə getməyə və fikirləşirsən ki, mən 15 dəqiqəyə işdə olacağam və gəlirsən görürsənki, 1 km tıxac var. Sən isə gecikirsən və gəlirsən həmin əhval-ruhiyyə ilə işdə insanların əhvalını korlayırsan. Digər tərəfdən, sən ictimai nəqliyyat tapa bilmirsən gecikirsən eve. Yəni, axtarsan insan psixologiyasına mənfi təsir göstərən çoxlu məqamlar var. Əgər insanların psixoloji dayanıqlılığı güclü olarsa, o zaman cəmiyyətin rifahından danısıla bilər. Çünki elə bir dönəmdə yasayırıq ki,məsələn, mən niyə tıxacı deyirəm biz tıxaca öyrəşməmişik axı,yeni-yeni gəlir. Heç uzağa getməyin, istər Rusiyada, istər Türkiyənin özündə tıxaclar km-lərləolur.Yəni, insanlar artıq bilirlər ki, 3 saat bu tıxacda yol gedəcəklər. Onlar bunu bilir, amma biz buna öyrəşməmişik. O insanlarda buna müəyyən dərəcədə uyğunlaşma var. Onlar bu zaman kəsiyində kitab oxuyur,audio kitabları dinləyir, zamanını boşuna xərcləmir. Mən psixoloji dayanıqlılıq deyərkən bunu nəzərdə tuturam. İnsan hər şeyə hazırlıqlı olmalıdır. Əgər tıxaca düşərəmsə, mən nə işlə məşğul olacam.Əgər düşmərəmsə, mən nə edəcəm.Yəni, bütün alternativlər olmalıdır insanda ki,mən bu situasiyada nə etməliyəm. Sağlam ruhda sağlam bədən olar.

Sağlam bədəndə sağlam ruh olmur, xəstə ruh da olur. Buna görə də sağlam ruhda sağlam bədən olur.

Müsahibəni apardı Əfsanə Şükürova

Foto: Daşqın Əzizov

Ölkə.Az

Go Back

Psixoloq: “Evdə internet kəsilən kimi insanlar aqressivləşir” - MÜSAHİBƏ

 Elnur Rüstəmov: “İnsan yaşamaq uğrunda mübarizə kontekstində məişət problemlərinin girovuna çevrilib”

Son illər cəmiyyətdə psixoloji gərginlik özünü bütün sferalarda göstərir. Yoldakı əsəbi sürücülərdən tutmuş, ailə məişət zəminindəki münaqişələrin qanlı finalına qədər. Bir çoxlarına görə, bu, ağır yaşam şərtlərinin nəticəsi, eləcə də internetin bəlasıdır. Psixoloq Elnur Rüstəmov Ailem.az-a müsahibəsində bu nüanslara toxunub.Ancaq bu məqamlara toxunmazdan öncə psixoloqun yenicə çapdan çıxan “X Lady” kitabı barədə danışdıq.

 - Bu kitab naməlum bir ledidən, onun timsalında insanların psixoloji durumundan bəhs edir. Əsər özü konsultativ bir janrdadır. Bir pasiyentin həyatından bəhs etməklə yanaşı, çalışmışıq ki, psixoloqun kim olması, psixoloji konsultasiyanın nə olması barədə məlumat verək. Həm texniki prosedurları, həm də problem və onun həlli yollarını göstərməyə çalışmışıq. Kitabın redaktəsini Cəlil Cavanşirə verdik. Ona qədər biz bilirdik ki, dünyada bu mövzuda əsərlər yazılıb. Amma Cəlil bəy qeyd elədi ki, sırf bu istiqamətdə əsərə rast gəlməmişik. Məqsəd də nədən ibarət idi bu kitabın yazılmasında?! İndiyə qədər bizim insanlar psixoloji konsultasiya, psixoloqun xidməti haqqında tam məlumatlı deyillər. Yəni məlumatsızlıq vakuumu yaşayırıq. Ona görə qərara gəldik ki, bu məqamla bağlı kitab yazaq və insanlarımıza yardımçı olaq. Oxşar problemli olan insanlar ola bilər ki, X Lady-nin yaşadığı problemləri yaşayır. Onlar bunu çıxış yolu kimi görə bilərlər.

 - Son illərin tendensiyası göstərir ki, insanlar psixoloqa daha çox müraciət etməyə başlayıblar. Sanki insanımızın buna ehtiyacı artıb. Əslində vəziyyət necədir?

 - İnsanların birmənalı şəkildə psixoloqlara müraciətləri artıb. İstər dünyada gedən proseslər, insanların psixoloji durumu ilə bağlı narahatlıqların artması adi hala çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının illik hesabatlarında da bu, öz əksini tapıb. Eyni zamanda Azərbaycanda da bu istiqamətdə maariflənmə işinin artması psixoloqlara müraciəti intensivləşdirib. Praktik psixologiyanın Azərbaycanda yayılmasında yerli mətbuatın iştirakı əvəzolunmazdır. Mətbuat hər zaman cəmiyyətdə baş verən bu və ya digər problemlərlə bağlı ekspert kimi psixoloqların rəyini öyrənir. Bu, bizim işimizi irəli atıb sürətləndirir. Hazırda psixoloq bir brendə çevrilib. Kiməsə “mən psixoloqam” deyəndə, əsəbi adamdırsa sakitləşməyə, tövsiyə almağa çalışır, bir qismi isə qabağa gedərək, “üzümə baxıb mənim haqda nə deyə bilərsiz” tipli suallar verir. Bütün hallarda əgər cəmiyyət maariflənibsə, buna sadəcə sevinmək lazımdır. Narahat edən məqamlarımız var ki, bunlardan biri də psixoloji xidmətin qurulması ilə bağlı nəzarət funksiyasının həyata keçirilməməsidir. Hesab edirəm ki, bu da yaxın zamanlarda öz həllini tapacaq.

 - Elnur bəy, bəs cəmiyyət daha çox hansı problemlərdən əziyyət çəkir? Sizə müraciət edənlərin əsas qayğıları nələrdir?

 - Bu şikayətlər müxtəlif istiqamətlərdə olur. Əsasən ailədaxili problemlərlə bağlı müraciətlər üstünlük təşkil edir. Sadəcə elə insanlar var ki, seçim edə bilmir. Yaş da keçir. Bu isə müxtəlif psixoloji problemlərdən dolayı baş verir. İnsanların bir qismində cəmiyyət arasına çıxa bilməmə, avtomobilə minə bilməmə, bunu etdiyi təqdirdə sıxılma kimi hallar özünü göstərir. Elə insanlar var ki, tez-tez əl yuyur, bu da onlarda narahatlıq yaradır. Əgər bu insan ailəlidirsə, özünün psixoloji narahatlığı ailədəki digər fərdlərə təsir göstərir. Belə bir narahatlığı olan insanın evinə də az qonaq gəlir, özü də az qonaq gedir. Çünki qonaq gedəndə özünü diskomfortda hiss edir, evinə qonaq gəlirsə, onun gedişindən sonra bütün evi xlorlayır, təmizləyir. Bunu da evdəki adamlar görürlər və bu, ailədaxili münasibətlərə pis təsir göstərir.

 - Son dövrlər cəmiyyətdə baş verən manyakal qətllər, vəhşiliklərlə bağlı mediada silsilə yazılar dərc edilir. Bacısını öldürən qız, həyat yoldaşını baltalayan ər, evinə od qoyan kişi... Sizcə, bu mənzərənin səbəbi nədir? İnsanlarımız niyə qəddarlaşıb?

 -  Bu hal müşahidə olunub. Biz iki gündən bir ailədaxili konfliktlərin cinayətlə nəticələnməsi, intihar xəbərləri alırıq. Cəmiyyətdə total bir fərdiləşmə gedir. Sanki hər kəs özünü düşünür. Ailədə ər də, arvad da, uşaq da ayrı-ayrılıqda ancaq özünü düşünür. Amma bu, bizim ailələr, Azərbaycan toplumu üçün yad bir şeydir. Çünki 20 il bundan qabaq üstüaçıq avtomobildə bütün kənd yığışıb kolxoza, ya da pambıq yığmağa gedirdi, axşamlar oturub söhbət edirdi. Yəni insanlarda bir kollektiv əhval-ruhiyyəsi vardı. Amma indi insanlarda fərdiləşmə gedir. Nəticədə bu, yadlaşmaya gətirib çıxarır. Məsələn, bacılar arasında yadlaşma olur, qardaşla qardaş arasında soyuqluq yaranır. Bu da son nəticədə psixoloji problemlərlə nəticələnir. Yəni insan son nəticədə özünə sual verir ki, mən niyə yaşayıram, atam-anam uzaqdadır, mən onlarla əlaqə saxlaya bilmirəm, çünki hədəflərim var... İnsan yaşamaq uğrunda mübarizə kontekstində məişət problemlərinin girovuna çevrilib. Onun nəticəsi olaraq da məsələn, qardaş qardaşla mübahisə edəndə sanki yad adamlar bir-biri ilə mübahisə edirlər və onun nəticəsi də sizin dediyiniz kimi faciəvi olur.

 - Sosial şəbəkələr, çoxfunksiyalı mobil telefonlar, televiziya bizim asosiallaşmağımıza nə dərəcədə təsir göstərir?

 - Çox böyük təsir göstərir. Mən xüsusən sosial şəbəkələrin rolundan danışmaq istəyirəm. Çünki mobil telefonlar hazırda internetin funksiyasını yerinə yetirir. Bəzən insan gün ərzində iki dəqiqə o telefonla danışır, ya danışmır. Amma günün 15 saatını telefonla internetə girir, xəbərlər alır, sosial şəbəkələrdə baş verənləri izləyir. İnternetin yaratdığı ən böyük fəsad nədən ibarətdir? İnternet informasiya ötürücüsüdür. Siz internetdə istədiyiniz informasiyanı alırsınız. Nəticədə insan beyni də həddən artıq yüklənir. Bu yüklənmə də insanda narahatlıq, aqressiya, depressiya yaratmaya bilməz. İnternetdən iş məqsədilə istifadə edənlərlə yanaşı, vaxt keçirmək üçün istifadə edənlər də var. Bu, insanları passiv həyat tərzinə sürükləyir. İnsanlar yerindən tərpənmək istəmir. Vay o gündən ki, evdə internet kəsilə. İnsanlar başlayırlar aqressiv olmağa. İnsan komfort istəyir, yerindən qalxmaq istəmir. Birazdan görəcəksiniz ki, insanlar heç marketə də getmək istəməyəcək, internetlə sifariş verəcəklər ki, hər şey ayağıma qədər gəlsin. Azərbaycanda bu xidmət var, amma geniş yayılmayıb.

 - Onlayn satış dünyada geniş yayılıb. İnsanların alış-verişlərini vaxt itkisi yaşamadan internet üzərindən etmələrinin nə fəsadı ola bilər sizcə?

 - Bu ifrat komfort insanlarda çox böyük problemlərə yol aça bilər. İnsan robotlaşır. Siz mexaniki çalışmağa başlayırsınız. Səhər işə getmək lazımdır, axşam evə gəlmək lazımdır, dayanacaqda dayanıb gözləmək lazımdır.... Tıxaca düşməyəndə insan özünü qəribə hiss edir. Nəticədə özünü robot kimi hiss edir. Hissiyyat itir. Təsəvvür edin, əgər əvvəllər yolun qırağında bir avtomobil qəza keçirirdisə, ya bir adam yıxılıb ölürdüsə, ətrafına yardım məqsədilə nə qədər adam yığılırdı. İndi insanlar adi bir mənzərəyə baxırmış kimi baxırlar buna.

 - Adətən psixoloqlar haqda zarafatla deyirlər ki, onlar yaxşı dinləyici olduqları üçün pul qazanırlar. Yəni insanların onların dərdini dinləyəcək birilərinə ehtiyacı olduğu üçün psixoloq qapısına gəlirlər. Bəs siz dərdi olan pasiyentlərinizə daha çox nə məsləhət görürsüz? İnternetdən uzaqlaşmaq, istirahət, ünsiyyəti azaltmaq və ya çoxaltmaq?

 - Hətta bəzən deyirlər ki, psixoloqa ödəniş etdiyin üçün səni dinləyir.(gülür) Əslində reallıq odur ki, insan hər bir xidmətə görə pul ödəyir, avtobusa minirsə, gediş haqqı verir, mağazadan nəsə alırsa, onun dəyərini ödəyir və sair. Yəni bu real həyatdır. O ki qaldı sualınızın ikinci hissəsinə, problemlərdən konkret çıxış yolu yoxdur. Bir çıxış yolu var, o da maariflənmədir. İnsanda nəsə psixoloji gərginlik olanda dərhal psixoloqa müraciət etmir. Məsələn, düşünür ki, həftə sonu olsun, gedərəm. Ya da boş vaxt tapan kimi konsultasiyaya yazılacam. Yəni biz bunu ertələyə bilirik. Biz həmişə fikirləşmişik ki, psixoloji problem nə vaxtsa düzələcək və ona görə də getmirik. Amma fiziki rahatsızlığa daha çox diqqət yetiririk. Dişi ağrıyan diş həkiminə, canı ağrıyan əlaqədar həkimə dərhal müraciət edir. Bir çoxları psixoloji rahatsızlığa barmaqarası baxır. Bəzən belə rəylər olur ki, psixoloq qəbulu bahadır. Əslində belə deyil. Dünya ilə müqayisədə standartlara baxsaq, bizdə tariflər qat-qat aşağıdır. Biz buna müalicə kimi baxmırıq. Aparata göndərilmirsə, dərman yazılmırsa, analizlər alınmırsa, insanlar bu məsələyə bir az qeyri-ciddi yanaşır. Bizdə maariflənmə işi aparılmalıdır. Əgər mən özümü daim narahat, əhvalsız hiss edirəmsə, işimdən, həyatımdan zövq almıramsa bu, o deməkdir ki, artıq həyəcan siqnalı çalınıb və mənim beynimə hansısa virus girib. Hər kəs xoşbəxt olmaq istəyir və xoşbəxt olmaq üçün hamının öz düsturu var. Hər bir fərd onu xoşbəxtliyə aparacaq yolu bilir. Amma bunu həyata keçirə bilmirsə, bu, problem yaradır. Məsələn, əgər uşaqda rahatsızlıq varsa, bu, ərlə arvadın münasibətlərinə təsir göstərəcək. Yox, kişidə problem varsa, bu, uşaqla ananın psixoloji durumuna təsir edəcək. Amma dərhal olmaya da bilər. 5 ildən, 10 ildən sonra da ola bilər. Bir də görəcəksiniz ki, o adam həkimləri gəzir. Bir dəfə deyir ki, başımda şiş var. Başqa bir dəfə mədəsindəki şişdən narazılıq edir. Ayın 20 günü həkimləri gəzir və heç nə də çıxmır. Amma araşdıranda məlum olur ki, narahatlığı aldığı bir psixoloji travmanın nəticəsidir.

ailem.az

Go Back

Psixoloq: Bu yaş dönəmində uşaqları qətiyyən sünnət etdirmək olmaz

Bu dəfə Azərbaycana Narınc Uşaq Psixologiya Mərkəzinin dəvəti ilə gələn klinik psixoloq, cinsi terapiya üzrə uzman mütəxəssis Sibel Dinç Çalışkan yenə də "Müsahibələr" rublikamızın qonağı oldu. Sibel xanımla uşaqların psixologiyası, uşaqlarda cinsi tərbiyə, cinsi maarifləndirmə nədir, bu uşağa kim tərəfindən verilməlidir və .s  kimi mövzularda geniş bir söhbətimiz oldu. Dəqiq, anlaşıqlı cavabları və səmimi aurası üçün Sibel xanıma təşəkkür edirik!

-  Uşaqlarda "Cinsi  tərbiyə" nə deməkdir?

-    Uşağın öz cinsiyyətini dərk etməsi, cinsinə uyğun davranması, öz bədənini tanıması, sevməsi, özünə və hər iki cinsdən olan insanlara hörmət edə bilməsi, insanların haqqlarına qarşı həssas olması, ən önəmlisi də cinsəlliklə bağlı olan mövzulardan qorxmaması, çəkinməməsi, bu mövzuda olan suallarını valideynlərinə rahatlıqla verə bilməsidir.

-  Bəs cinsi tərbiyə nə üçün lazımdır?

-  İlk öncə qeyd etmək istərdim ki, maariflənmək hər zaman cahillikdən daha yaxşıdır.  Biz uşaqlarımızın cinsiyyətlə bağlı suallarına cavab, bu mövzularda bilgi vermədiyimi zaman uşaq bunu başqa yollarla öyrənməyə çalışacaq. Ətrafdan müşahidə etməklə, öz bədəni ilə təcrübələr aparmaqla  və yaxudda bizim razı olmayacağımız insanlardan öyrənməklə. Məsələn, bu hansısa bir qonşunun uşağı da  ola bilər, və ya yolda tanışdığı öz yaşındakı hər hansı biri də. Əlbətdəki bunlarda arzu olunmayan hallardır. Bu məsələnin ata-ana, ya da məktəbin öhdəliyində olmasını tövsiyyə edərdik.  Bunun üçün də ilk öncə valideynləri və məktəbi marrifləndirmək lazımdır. Biz cinsəlliklə bağlı lazım olan məlumatları lazım olan şəkildə övladımıza vermədiyimiz təqdirdə, o bu haqda başqa mənbələrədən bilgi əldə etməyə çalışacaq, hansı ki bu məlumatlarda ya yalnış ola bilir, ya da uşaq onu düzgün anlamaya bilir. Bunun nəticəsində də uşaqlarda gələcəkdə böyük narahatlıqlara yol açacaq travmalar formalaşa bilir.

-  Uşaqlarda cinsi tərbiyə nə zaman başlamalıdır?

- Əslində biz ata və ana olaraq ilk dəfə uşağımızın cinsiyyətini öyrəndiyimiz andan cinsi tərbiyə başlayır. Biz o andan etibarən beynimizdə qeyri- ixtiyari uşağımızın cinsi rolunu müəyyənləşdirməyə başlayırıq. Məsələn, qızımız olacaqsa çəhrayı tonlarda olan paltarlar, otaq aksessuarları, oğlumuz olacaqsa göy-mavi rənglərdən ibarət paltarlar və aksessuarlar seçirik.  Yəni, əgər uşaq qız olacaqsa, çəhrayi geyinəcək, gəlinciklərlə oynayacq, yox əgər oğlan olarsa mavi geyinəcək, topla, maşınla və s oynayacaq kimi. Döl hələ 3 aylıqkən biz, şüuraltı olaraq bu mesajlari veririk övladlarımıza. Uşaq özü də böyüdükcə artıq zehni də inkişaf etməyə başlayır, qadın və kişi deyə iki ayrı cinsiyyətin olduğunun fərqinə varır. Fərqlilikləri hiss edir. Bununla bağlı suallar verir. Və yaxudda öz bədənini tanımaq üçün suallar verir. Bu nöqteyi nəzərdən ilk dəfə 2 yaşından başlayaraq cinsi tərbiyəyə strat veririk. 2-3 yaş bu baxımdan önəmli bir yaşdır.

-   Uşağa cinsəlliklə bağlı  məlumatlar verərkən nələrə diqət etməliyik. Valideynlər nəyi  necə başa salmalıdır uşaqlara?!

-  Burada ilk öncə uşağın yaşı çox önəmlidir. 3 yaşında bir uşaqla danışdığımız dillə, 5-8-10 yaşında bir uşaqla danışdığımız dil əlbətdəki fərqli olacaqdır. Uşağımızın yaşına uyğun, anlaya  biləcəyi bir dillə, anlaya biləcəyi bir şəkildə açıqlama verməliyik. Uşaqların ilk cinsəl oyunları və ya fərqliliklərin fərqinə varması oyuncaqlara oynarkən yaranır. Odur ki onlarla danışarkən də oyuncaqlar və oyun dilindən istifadə etmək daha məsədəuyğundur. Bu haqda danışarkən dürüst, açıqsözlü, dəqiq və qayğıkeş davranmaq lazımdır. Onu suallarına görə ayıblamaq, qışqırmaq, sərt reaksiya vermək qətiyyən olmaz. Bu onda ciddi psixoloji travmalara yol aça bilər. Ona görə də quracağımız ilk cümlə çox önəmlidir. Məsələn belə bir giriş edə bilərsiniz, mən də sənin yaşında olanda bunlarla maraqlanmışdım, anamdam soruşmuşdum və ya sinfinizdəki digər uşaqlarda yəqin ki bu haqda maraqlanırlar və s. Belə davrandığınız zaman uşaq öz-özündə fikirləşəcək ki, bu yəqin ki normal bir şeydir, yəqin normal, adi bir mövzudur ki anam hirslənmədi, qışqırmadı, mənimlə rahat danışdı. Onun üçün gizli və qaranlıq qalan mövzular və suallar onu daha çox cəzb edir və fikrində ilişib alır. Odur ki, suallarını, maraq dairəsini mümükün olduğu qədər anlayabiləcəyi formada işıqlandırmaq, cavablamaq lazımdır.

-  Valideynlərə nə məsləhət bilərdiniz, özlərini necə aparsınlar bu suallar qarşısında?

-  Ümumiyyətlə, uşaqla bu mövzuları danışarkən bədən dilimiz, göz kontaktımız da qurduğumuz cümlələr qədər önəmlidir. Məsələn deyək ki, mən normalda danışarkən jestlərdən (el-qol hereketleri) çox istifadə edən biriyəm, ancaq uşaq cinsiyyət haqqında sual verən zaman qolllarımı gərgin bir şəkildə sinəmdə çarpazlaşdırar və gözümü ondan qaçırmağa çalişarsam uşaq fikirləşər ki, anam qəribələşdi demək ki, bu anayla danışılacaq mövzu deyil və yaxud da bu pis mövzudur, ayibdir!

-  Uşaqlar cinsiyyətlər arasındakı fərqi nə zaman anlamağa başlayır? Niyə qızların və oğlanların bədənləri bir-birindən fərqlidir? Valideynlər bu fərqliliyi  uşağa necə başa salsınlar?

-  Uşaqlar təxminən 2-3 yaşlarında öz cinsiyyətlərini dərk etməyə başlayırlar. Əgə evdə qarşı cinsdən bacı-qardaş və ya tez-tez oynadığı balaca qonşu uşağı varsa ( əks cinsdən), bu fərqlilikləri daha tez kəşf edib, anlaya bilirlər. Tək uşaqlarda bu proses daha ləng gedə bilir.  Valideynlər hər zaman  uyğun bir dillə uşaqlarına bu şesaji verməlidirlər: “ Qızlar qız olaraq doğular,qız kimi də böyüyər, oğlanlarda oğlan kimi doğular və oğlan kimi də böyüyər. Sonradan dəyişikliyə uğramazlar ( yəni,qız dönüb oğlan, oğlan dönüb qız olmaz). Çünki uşaqlarda belə bir düşüncə olur ki, bütün uşaqlar oğlan olaraq dünyaya gəlir, bəzilərinin  hansısa səbələr,səhvlər üzündən pipisi kəsilir və ya qopub düşür. Əsasən də oğlan uşaqlarında bu fikirlər hədsiz narahatverici səviyyədə ola bilir. Çünki 3-5 yaş,fallik dönəm də oğlan uşaqların ən böyük dərdi pipiləri olur, ona bir şey olacaq deyə dəli olurlar. Ona görə də bu yaş dövründə uşaqları  qətiyyən sünnət etdirmək olmaz! Qız uşaqları da mən nə etdim ki, nə günah işlədim ki pipimi kəsdilər, məndə niyə ondan yoxdur, deyə düşünə bilərlər.

-  Qız uşaqları ilə anaları, oğlan uşaqları ilə atalarımı danışmalıdır? Və yaxud da hər iki valideyn birlikdəmi danışmalıdır? Uşaq cinsi tərbiyəni kimdən almalıdır?

-  Uşaq kimdən soruşursa o da cavab verməlidir! Yuxarıda da qeyd etdiyimiz kimi, bu mövzulara nə qədər təbii yanaşıb, rahat reaksiya versək uşaq da bunu eyni dərəcədə rahat bir şəkildə dərk edər.

-  Mən hardan gəldim, necə oldu ki, yarandım? Uşaqlar bu suallarla valideynlərə tez-tez müraciət edirlər və bizim də klassik cavablarımız olur hər zaman – leyləklər kimi. Bəs əslində valideynlər bu sualı necə cavablandırmalıdır?!

-  “Uşaqların analarının qarnında özləri üçün ayrılmış bir otağı var. O otaqda uşaq özü yatır, böyüyür, oynayır. Uşağın otağınabir qapı açılır, ana yemək yedikcə bu yeməklər qapıdan keçib uşağın otağına daxil olur. Uşaq da yemək yeyib güclənir, tək başına dünyada yaşayabiləcək qədər böyüdükdə , həkim onu çıxarır “ dediyimizdə, bu uşağı daha çox qane edir, nəinki “səni leyləklər gətirdi” demək. Bu yaş dönəmində uşaqlar hələ səbəb-nəticə əlaqəsini dərk edə bilmirlər deyə, bu haqda daha dərin sualalr verməyəcəklər narahat olmayın.

-  Bəs uşaq bu barədə heç sual vermirsə necə ?

- Ilk öncə uşağı diqqətlə müşahidə etmək lazımdır ki, görəsən bu haqda bilgiləri başqa birindən alırmı, özü kimisə izləyib, müşahidə edirmi?! Uşağın dostlarını, oynadığı uşaqları,  evdəki dayəsini və s. nəzarətdə saxlamaq lazımdır. Bunu öyrənməyin ən yaxşı yolu, uşaq oynayarkən, Tv izləyərkən müəyyən suallar verməkdir.Məsələn, TV izləyərkən göstərilən hər hansı səhnə barəsində, sən bunu bilirsənmi, səncə bu niyə belə oldu, kimi suallar verib bilgi səviyyəsini ölçə bilərik. Əgər bilmirsə də, uyğun dillə lazımi açıqlamaları etmək lazımdır. Bu bilgini vermək ona görə önəmlidir ki, uşaq özünü ətrafdakı təhlükələrdən, istənməyən toxunuşlardan, istismardan qoruya bilsin. Uşağa məhrəmiyyət duyğusunu aşılamaq lazımdır. Məsələn, uşaq 1-2 yaşına qədər ana və ya ata ilə hamam tualetə gedə bilər, amma bundan sonra artıq çimərkən şüuraltı olaraq bəzi mesajlar vermək lazımdır. Məsələn, Sən artıq böyümüsən və yaxud da tam çılpaq şəkildə uşağın qarşısında durmamalıyıq, ona məhrəm yerlərini və onu qorumaq gərəkdiyini öyrətmək lazımdır.

- "Uşağım bəzən vücudunun bəlli hissələrinə toxunur, bunu narahat olduğu üçünmü, marağındanmı edir?! Bu vəziyyətdə nə etməliyəm ?" Bu da valideynlərin sıx qarşılaşdığı vəziyyətlərdəndir, bu halda valideyn uşağa necə davranmalıdır?

-  İlk öncə uşağın fizioloji və ya bioloji cəhətdən narahatçılığı olub-olmadığını öyrənməliyik. Biz bu şikayətlərlə gələn valideynlərə uşağı öncə həkim müayinəsindən keçirtməyi məsləhət görürük. Çünki, buna sidik yolu infeksiyaları, bağırsaq qurdları, ayaqlar arasında allergik reaksiyalar və ya sünnət olunmamış uşaqlarda qaşıntılar və s. səbəb ola bilir. Əgər heç bir problem yoxdursa, o zaman valideyn diqqət etməlidir uşaq evdə çox diqqətsiz qalmasın, özünü tək başına, yalnız hiss etməsin! Bu yaşda olan uşaqlarda diqqət çox da davamlı olmur, yəni ki, oyuncaqları ilə müəyyən bir müddət başını qatır, daha sonra diqqət görmədikdə, uzun muddət tək qaldıqda öz bədəni ilə oynamağa yönəlir.

Bu yaxınlarda bu şikayətlə bir ana müraciət etmişdi, ona bir günlərini bizə təsvir etmələrini istədik. Ana deyir, “ işdən çixib uşağı baxçadan götürüb evə gəlirəm evə gəldikdən sora mən mətbəxə, uşaq da otağına gedir mən yeməyi hazırlayıb süfrəni düzəldib təmizlik isləri görürəm bu arada uşaq hələ də otağında olur, sonra ata evə gəlir yemək yeyirik. Uşaq bir tək yemək üçün otağından çıxır. Sonra biz TV izləyirik, uşaq yenş otağina qaydir. Amma bir şeyi bilmek lazımdır ki, bu qədər uzun müddət uşağın özü ilə tək qalması meslehet deyil. Anaya məsləhət bildik ki, mətbəxdə yemək hazırlayarken uşağı da yanına gətirsin və xırda işlərdə ona kömək etməsinə icazə versin həm onunla vaxt  keçirmiş olar, həm də bu müddetde uşağa çox şey öyrədə bilər, eyni zamanda uşaqla söhbət edib gününün necə keçdiyini anlaya bilər. Birdə bu tip davranışlar gördüyünüz zaman qətiyyən uşağı azarlamaq özünü pis, günahakar və dəyərsiz hiss etməsinə yol açacaq sözlər söyləməmək lazımdır. Diqqətini başqa bir şeyə yönəltməklə də  qarşısını ala bilərsiniz .

-  Qız uşaqlarının oğlan kimi davranmas, oğlan kimi geyinməsinə, yeriməsinə, oğlan uşaqlarının isə əksinə qız paltarlarına, makiyaj ləvazimatlarına maraq göstərməsinə, qız kimi hərəkət etməsinə nə səbəb ola bilər?  Uşaqlarda cinsi kimlik hansı kriteriyalarla formalaşır? Homoseksuallıq genetik keçən bir xüsusiyyətdirmi, yoxsa ailə tərbiyəsinin nəticəsidirmi?

-  Qeyd edim ki, buna həm genetik, bioloji, həm də tərbiyə faktoru səbəb ola bilir. Biz araşdırırıq əgər genetikdirsə bu zaman heç bir müdaxilə etmirik uşağa, sadəcə valideynləri məlumatlandırmaq,onları hazırlamaq lazım gəlir. Yox əgər genetik deyilsə, o zaman səbəb  olabiləcək faktorları analız edirik. Məslən, ola bilər ki, oğlan kimi davranan qız uşağının evində özündən böyük, ailəsi tərəfindən fəxr edilən, bacarıqlı, çalışqan,ağıllı bir qardaşı var. Uşaq valideynlərinin qardaşına olan diqqətini, sevgisi görür və şüuraltı olaraq qardaşı kimi olmağa, ona bəzəməyə, qardaşı kimi danışmağa, onun kimi geyinməyə can atır. Oğlan uşaqlarında da bunun əksi proses ola bilir.  Dediyimiz kimi səbəblər çox ola bilər. Ona görə də ən önəmli olan, ailəni tanımaq, ailə daxili münasibətləri  və ailə modelini düzgün analiz edə bilməkdir. Onu da qeyd edim ki, əgər 2-3 yaşlarında olan uşağı makiyaj ləvazimatlarına, anasının geyiminə, əşyalarına maraq göstərirsə bu heç də o demək deyil ki, uşaq homoseksuallığa meyllidir. Nəzərə almaq lazımdır ki, uşağın ən çox meylli olduğu, ən çox vaxt keçirdiyi insan anasıdır və makiyaj ləvazimatları, ananın əşyaları da onun üçün kifayət qədər maraqlı , rəngarəng və diqqətçəkicidir. Siz bunun əksi olan proseslə, yəni qız uşaqlarının atasının əşyalarına maraq göstərməsinə nadir hallarda rast gələ bilərsiniz, çünki bu onlar üçün maraqsızdır. Belə bir hadisə olduqda uşağı təhqir etmək və qışqırmaq lazım deyil. Sadəcə evdə ata statusunu bir qədər qabartmaq, ata ilə uşağın birlikdə maraqlı vaxt keçirməsini təmin etmək lazımdır. O zaman problem də öz-özünə aradan qalxmış olacaq.

-  Son olaraq valideynlərə nə tövsiyyə edərdiniz?

-  Uşaqlarını sevsinlər, onlara hörmətlə yanaşsınlar. Suallarına kifayət qədər ciddi yanaşıb, səmimi və həqiqətəuyğun şəkildə cavablandırsınlar. Çünki, biz uşaqlar üçün hər şeyi ideallaşdırdığımız zaman, uşaq reallıqlarla qarşılaşdıqda xəyal qırıqlığına uğraya bilir. Odur ki, reallığı təhrif etmədən yaşının izn verdiyi dillə onunla hər şeyi paylaşa bilərsiniz.

Fəridə Qasımova

 

Go Back

20 nəticə göstərilir