Düşüncə Jurnalı

header photo

Psixoloq Narınc Rüstəmova: "Uşaqlarda bağça qorxusu"

Uşaqlarda 3 -6 yaş arası dövrdə öz yaşıdlarına daha çox maraq yaranır.  Öncəki illərdə valideynlərinə və ətrafındakı böyüklərə qarşı meyil zamanla yerini öz yaşıdlarına verir. Bu dönəmdə uşağın yaşıdları ilə təması vacibdir. “ Evdəyəm, niyə bağçaya getsin, elə özüm baxaram” deyə,düşünən analar bəzən bu gözəl fürsəti onların əlindən almış olurlar. Bağça- çalışan valideynlərin uşaqlarına baxım göstərmək üçün deyil, uşaqların sosiallaşması, ələlxüsus psixo - motor nitq inkişafında əvəzsiz rolu olan qurumdur.

Valideyn uşağı ilk gün bağçaya apararkən uşağın ağlaması səbəbindən ( bu bəzən 1 həftə və daha çox davam edə bilir) nə etməli olduğunu bilməyərək , ya bağçadan imtina edir, ya da hər dəfə ağlaya- ağlaya bağçaya aparıb bir gün öyrəşəcək ümidi ilə günləri sayır. Belə bir çıxılmaz vəziyyətdə hər uşağın stressə davamlılıq qabiliyyəti fərqli olduğu üçün çox zaman ağlayaraq bağçaya məcbur aparılan uşaqlarda  “ağlayır, fikir verməyin, qoyub gedin” tövsiyyəsi ilə ağır alt islatma, kəkələmə, yuxu pozuntusu, davranış pozuntusu kimi fəsadlara gətirib çıxarır. Hər uşağın bu şəkildə alışması metodu heç də ideal deyildir. Hər uşaq fərqlidir və fərdi yanaşılmalıdır.

İlk öncə bu 3 suala aydınlıq gətirək.

1. Hansı uşaqlarda daha çox bağça qorxusu müşahidə edilir?

2. Bağçadan qorxan uşaqlara bağçada necə davranmalı?

3. Ən vacibi isə ailə uşağa bu halda necə rəftar etməlidir?

1. Gec uşaq sahibi olan ailələrin uşaqlarında, nənə- baba ilə birlikdə yaşayan, ana və ya atasında həyəcan- təşviş, hədsiz həssaslıq olan ailələrin uşaqlarında bağça qorxusu daha çox müşahidə edilir. Bu tip həssas valideynlər hər xırda detalda qüsur axtaraq bağçanı dəyişərək çarə tapmağa çalışırlar. Bunu unutmamalıyıq ki, biz övladlarımızı hər zaman qoruya bilmərik, cəmiyyətdə hər psixikaya malik uşaq və böyüklər var. Hər kəs bizim dəyərlərimizə uyğun gələ bilməz. Buna qarşı immuniteti formalaşan uşaqlar zamanla daha idarəedici, daha davamlı şəxsiyyətə çevrilirlər. Biz onları hər cür situasiyaya hazırlıqlı etməliyik. Qoruyucu və mükəmməliyyətçi valideynin yanında uşağa məsliyyət verilmədən qurulan rahat sistemi zamanla cəmiyyətdən bunu görməyincə, uşaq özünü evdə - valideynlərinin, nənə- babalarının yanında daha  güvəndə hiss edirlər. Əllərindən sanki krallıq alınacaq deyə müqavimət göstərərək taxtı uğrunda mübarizəyə başlayırlar. Yas və ya sevdiyi yaxınlarının xəstələnməsi, uzaq səfərə çıxmasında travma alan özgüvənsiz, stressədavamsız uşaqlarda da baxça qorxusu hədsiz müşahidə olunur.

2. Xüsusilə bu anda pedaqoqun doğru rəftarı, ailə ilə sıx təması vacibdir. Nəzərə alınmalıdır ki, 3- 4 yaşına kimi hər gün və hər anı bir yerdə keçən, xüsusən həssas valideynlərdə uşaqları ilə simbioz münasibət yaranır. Onu heç kimlə paylaşmaq istəmirlər. Pedaqoqlar bu zaman “biz övladınızı çox sevirik, Bizim yanımızda güvənlidir” mesajını uşağa ağlayan anda hədsiz qayğı göstərərək yalnış ötürə bilir ki, bu da valideynlərdə özlərinə qarşı bilmədən də qısqanclıq yaradır. Belə olan halda uşağın doğmaları şüuraltı müdafiə olunaraq qarşı tərəfdə qüsur taparaq konflikdə girməyə çalışacaqdır. Bu zaman pedaqoqlar daha təmkinli davranmaqla, ailəni məlumatlandıraraq təşvişə düşməməlidirlər. Adaptasiya gec gedən uşaqlara 2 ay valideynləri ilə təmasa, bağçada ilkin olaraq az saat vaxt keçirməyə, psixoloq dəstəyi almağa şərait yaradılmalıdır.

 3. Biz bir problemi ideal surətdə həll etməliyik ki, problem gələcəkdə qarşımıza daha başqa aqreqat halında çıxmasın. Valideyn ilk öncə evdə öz övladını müşahidə etməlidir. Uşaq səhər açılanda və ya gecə yatmağa hazırlaşanda sabah bağçaya gedəcəyi barəsində təşviş yaşayırmı, hansısa orqanik reaksiya baş qaldırıbmı?  (ürək bulanma, qarın ağrıma, qusma hissi, nahiyyələrdə ağrılar, xəfif temperatur, halsızlıq)  Bu hallar adətən uşaq bağçada 10 dəqiqə qalandan sonra tam unudulur. Heç nə olmamış kimi bağçada aqressivlik və ya özünəqapanma sərgiləməyərək rahat uyğunlaşırsa, öncə ağlayaraq ayrılmaq istəmədiyi doğmaları heç yadına düşmürsə, deməli, uşaqda bunlar sadəcə kapriz fonunda davranış pozuntusudur. Bu zaman valideyn həmin krizis anında daha təmkinli davranmalı , onunla göz kontaktı qurmayaraq bağçaya qoymalı, uşağın belə davranaraq onu utandırdığını, hətta evə gələndə ona kiçik sevdiyi şeylərdən məhrum edərək, və ya çox utandırdığı üçün bu gün onunla danışmaq istəmədiyini söyləyərək sabaha qədər danışmamalıdır. Bununla uşağın krallığının artıq sona yetdiyini, qaydaların həm evdə, həm də bağçada olduğunu göstərərək, evi çölə uyğunlaşdırmaq lazımdır. Uşaq hər dəfəsində özünü daha yaxşı apararsa həftə sonu onu mükafatlandıraraq sevimli oyun parkına, gəzintiyə aparmaq gərəklidir.

Yox əgər, uşaq bağçaya gedir, sona qədər ağlayaraq doğmalarının gəlməsini istəyirsə, deməli məsələ artıq bağça fobiası şəklindədir ki, psixoloq dəstəyi bir mənalı alınmalıdır. Altşüurda daha dərin itirmə qorxusu fonunda yas və ya hər hansı ciddi travma faktorları araşdırılmalıdır.

Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz valideynlər, zamanla övladlarımız böyüdükcə bizimlə keçirəcəyi zaman bölünərək bağçaya, məktəbə, hazırlıqlara, dostları ilə görüşə sərf olunacaqdır. Bu azalan zaman, azalan məhəbbətin göstəricisi deyildir. Onların sosial həyatını dəstəkləmək daha uğurlu şəxsiyyətə çevrilmələrini və bizim fəxrimiz olmalarına gətirib çıxarır.

 Hər birimizə başımızı uca tutacaq övlad arzu edirəm. Bunun üçün səbr və zəhmət kifayətdir!!!

 Narınc Rüstəmova

NARINC UPM-nin rəhbəri, uşaq psixoloqu 

Go Back

Sorğu göndər