Düşüncə Jurnalı

header photo

Uşaqlarda əməliyyat öncəsi və sonrası psixoloji dəstək necə olmalı?-PSİXOLOQ RƏYİ

Bu mövzunu yazmağa vadar edən bir çox səbəblər çıxdı qarşıma. Uşaqlardan daha çox əməliyyat öncəsi psixoloji dəstək, valideynlərə gərəklidir qənaətinə gəldim. İstər böyüklüyündən, istər kiçikliyindən asılı olmayaraq əməliyyat hər bir insan üçün stress faktorudur. Stressədavamlılığı yüksək olan insanlar bu dönəmi rahat keçirə, əməliyyat sonrası həyatına tez uyğunlaşa bilir. Təsəvvür edin bu əməliyyatı böyük insan deyil, azyaşılı uşaq keçirir...

 Bəzən valideynlər əməliyyat sonrası uşaqda özünəqapanma, aqressiya, səbəbsiz ağlamalar, yuxu pozğunluğu, qorxular və s. müşahidə edib təlaşa düşüb psixoloji dəstək almaq qərarına gəlirlər. Təsəvvür edin zəncirdən çıxmış halqaları sırasına uyğun düzmək daha çətindir ki, nəinki zədə öncəsi bu zəncirin halqalarının yerini bərkidib zədəyə qarşı davamlılğını artırmaq. İlk öncə əməliyyat hazırlığı nəinki uşağa evdə yaşayan bütün sakinlərə- ailə üzvlərinə gərəklidir. Ailə bu vəziyyətdə necə mövqeədə olması, uşağa necə davranmağını bilməsi çox vacibdir.

Əgər xüsusi göstəriş yoxdursa, əməliyyat 5 yaşında daha tez məsləhət deyil. Bu dönəmlər eqosentrik dövrə təsadüf edir ki, uşağın bir parçasına toxunmaq onu götürmək, kəsmək düşüncəsi özgüvənini zədələyir. 5 yaş aşağı uşaqlarda özgüvənsizlikdən doğan əməliyyat sonrası qorxular və ətrafındakı doğmalarına qarşı güvənsizlik hissi aqressiya kimi özünü göstərir. Təbii ki, əməliyyat qaçınılmazsa ailə ən azı 1-2 ay öncə psixoloji hazırlıq görməlidir. Qızıl qaydalardan biri də validenlər bilməlidir ki, əməliyyat hər şeyin sonu deyil və övladınız heç də əskik deyil. Çünki valideyndə yaranan yazıqlıq duyğusu uşağa qarşı diqqəti artırır ki, bu da irəlidə davranış pozuntularına gətiririb çıxarır. “Mən xəstə olanda ana- ata, nənə- baba və s. məni çox sevir. İstədiyimi edə bilirəm” fikri uşaqda kaprizlər formalaşdırır. Bu haldan narahat olan valideyn həkimlər gəzməyə, bezən isə uşağın üstünə gəlməyə başlayır. Birinci hal kaprizləri ikinci hal isə qorxuları artırır. Hətta uşaq süni şəkildə müəyyən nahiyyələrində- başım ağrıyır, qarnım ağrıyır, ayaqlarım gizildəyir və s. kimi ipoxondrik sayıqlamalar da yaşayır. Belə hallarda ona qarşı münasibətimiz necə olmalı? Əməliyyatı mütləq oyun şəklində uşaqla oynamalı əməliyyat prosesini ona yaşatmalıyıq. Buna evindəki sevimli oyuncaqlarla başlaya bilərik. Belə ssenari uşaqda komfort zona formalaşdırır ki, əməliyyat otağına gələndə ona yeni- nabələd məkan kimi gəlib tələşlanıb qorxuya düşməsin. Həkimiylə danışıb uşağı onunla dostlaşdırmaq, icazə alıb əməliyyat otağıyla, qalacağı otağıyla tanış etmək məqsədəuyğundur. Bu zaman uşaq bu prosesin dönən olduğunu anlayır. Yəni “əməliyyat olunub evimə gedəcəyəm burda qalmayacağam” düşüncəsi qorxusunu azaldır. Bir neçə dəfə gedib xəstəxanayla tanış olub evə dönmək lazımdır. Əməliyyat vaxtı isə son vəda kimi davranmamalı, çoxlu öpmək və ya ağlamaq uşağı pis bir şey baş verəcək fikrinə salır. Nə qədər əməliyyat öncəsi hazırlığı yaxşı etsək bir o qədər əməliyyat sonrası uyğunlaşma dönəmi rahat keçəcəkdir. Əməliyyat sonrası ilk günlərini, xüsusən bir həftə ərzində ağrılar olan zaman xüsusi diqqət göstərməliyik. Çünki ağrı yaşaması onda emosional sferanı zədələyir ki, hər xırda bir situasiyaya səbəbsiz ağlaya bilər. Lakin bir həftədən gec olmamaq şərti ilə həyatına necə deyərlər qaldığı yerdən davam etməlidir. Evdəki bacı-qardaşına xəstədir deyə danlamaq, ona xüsusi qayğını davam etdirmək ailə içində digər uşaqlarda da aqressiyanı artırıb qısqanclığa və xəstə olmaq arzusuna gətirib çıxara bilər. Uşaq səhv edərsə ona cəza verməkdən qorxmamalı və ya gəzməyə gedərkən onuda birlikdə getməyi unutmamalıyıq. Sonda isə onu qeyd etmək istəyirəm ki, sevgi bütün yaraların tez sağalmasına yardımçı olur. Sevgi uşaqları anlamaqda bizə yardımçı olan əsas vasitədir. Bəzən onlar razılaşmasalar da onları özlərindən çox sevən Biz valideynlər daha təmkinliolmalı, onların irəli həyatında daha sağlam bədənə və psixikaya sahib olmaları üçün əlimizdən gələni etməyə çalışmalıyıq. Bu həssas dönəmdə psixoloji işin psixoloq tərəfindən aparılması ailə modelinə və uşağın xarakterinə uyğun istiqamətləndirməsi daha məqsədə uyğundur.

Narınc Rüstəmova

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin rəhbəri, klinik psixoloq

 

Go Back



Sorğu göndər