Düşüncə Jurnalı

header photo

Dentofobiya

“Doktor, dişim çox ağrıyırdı, amma həkimin yanına girən kimi ağrısı keçdi” ifadəsinin birbaşa səbəbi stomatoloq qorxusudur. Buna tibdə dentofobiya deyilir. Dentofobiya adi həkim qorxusundan həyəcanın, qorxunun daha kəskin olması ilə fərqlənir. Statistik rəqəmlər göstərir ki, dünya əhalisinin təxminən 14 %-i dentofobiyadan əziyyət çəkir. Əgər aşağıda qeyd olunanlardan ən azı 4-ü sizdə varsa, bu, dentofobiyanızın olma ehtimalını yaradır.

– Dişiniz çox ağrısa belə, həkimə getməməkdə inad edirsinizmi? 
– Klinikadan gələn spesifik qoxu qorxunuzu artırırmı?
– Tibbi cihazların səsi sizdə əlavə həyəcan yaradırmı? 
– İynədən qorxursunuzmu? 
– “Keyləşmə” birdən açılmaz düşüncəsi olurmu? 
– Hepatit, QİÇS infeksiyasına tutulmaq qorxusuna qapılırsınızmı? 
– Ağrıya dözməyib həkimə məcbur getdiyiniz halda ürək çırpıntısı, mədə bulantısı, soyuq tər basması kimi əlamətlər olurmu? 

Diş həkimindən niyə qorxuruq?
Bütün digər fobiyalar kimi, diş həkimi fobiyasının da kökündə məntiqə sığmayan uydurulmuş düşüncələr dayanır. Yəni şəxs əslində bunun qorxulu olmadığını dərk etsə də, beynindən bu düşüncəni heç cür uzaqlaşdıra bilmir. Bu düşüncələrə səbəb isə əvvəllər yaşanmış xoşagəlməyən vəziyyətlərdir. Ola bilər, bu qorxulu hal ya öz başına gəlmiş, ya da bununla bağlı xoş olmayan bir xatirəni kimsə danışmışdır. 

Bu qorxunun öhdəsindən necə gələ bilərik?
Bu qorxuya qalib gəlmək üçün həkimin və pasiyentin üzərinə düşən bəzi şərtlər var. İlk olaraq həkimin üzərinə düşəcək şərtləri sadalayaq: 
1. Pasiyentə tam güvən hiss aşılanmalı 
2. Müalicə planı pasiyentlə müzakirə olunmalı, ona izah olunmalıdır. 
3. Tam keyimə olmadan heç bir prosedurun tətbiq edilməyəcəyinə inandırmaq lazımdır. 
4. Ən kiçik ağrı zamanı sizi xəbərdar etməsini deyin və belə olan halda proseduru saxlayacağınız güvənini verin. 
5. Tibbi alətlərin çıxardığı səslərdən qorxuya düşənlər üçün xüsusi qulaqcıqlarla rahatladıcı musiqi dinlətmək mümkündür.
6. Çox həyəcanlı şəxslərdə kürək və çiyin masajı, isidici yastıqlar istifadə etmək olar.

Pasiyentlərə qorxunun öhdəsindən gəlmək üçün bəzi tövsiyələr: 
– Ətrafınızda olan insanlarla bunu müzakirə etməyin
– Müayinədən əvvəl qəhvə, enerji içkiləri və ya qazlı su içməyin. Bu içkilər həyəcanın artmasına səbəb ola bilər 
– Müayinəyə gedərkən sürətli yeriməyin, avtomobili sürətlə idarə etməyin 
– Həkiminizə qorxunuz barədə məlumat verin 
– Müayinə zamanı mobil telefonunuz və ya digər elektron cihazlarda sakitləşdirici musiqilər dinləyə bilərsiniz.

Orxan Fərəcli
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, 
həkim-psixiatr 

Kayzen.az

Go Back

Sorğu göndər