Düşüncə Jurnalı

header photo

İnam və uğur

“Ümid insanın özünü tanımasıdır” – bu sözlər  ümidin çox  dəqiq və konkret tərifidir.  Çünki saatlarla müzakirə ediləcək mövzu dörd sözlə ifadə edilmişdir. 
Özünü tanıyan insan  heç vaxt ümidsizliyə qapılmaz. Əgər ümidsizliyə düşübsə, deməli o özünü tanımır, daxilindəki gücə  bələd deyil. İnsan daxilindəki müsbət xarakterləri kəşf etdikcə özünü təkmilləşdirir, mənfi cəhətlərini aradan qaldırmaq üçün daha çox çalışmağa başlayır. Ömür boyu özü ilə birlikdə yaşayan, amma özünü tanımayan  insan isə hər bir uğursuz cəhddən sonra özünə olan inamını və ümidini itirir. Ümidini itirən insanın isə artıq itirəcək başqa bir şeyi qalmır.

Daxili inam 
İnsanın özünə olan inamını daxili inam adlandırmaq olar. Daxili inam insanın öz gücünə inanmasıdır, başqa sözlə, özündə olan müsbət xüsusiyyətləri həyata keçirmək üçün inamlı olmasıdır.

Özünəhörmət
Özünəhörmət insanın müsbət və mənfi cəhətlərini qəbul etməsidir.  Yəni özünü olduğu kimi görməsi, həddini bilməsidir. Məşhur şəxsiyyətlərdən biri deyir ki, “xoşbəxt olmaq istəyirsənsə, öz sərhədini bil və qəbul et”. 
Daxili inam fərdi və kollektiv surətdə çalışanlara müəyyən mənada kifayət etsə də, uğurlarımızı ard-arda sıralamaq və qəlbən rahat yaşamamız üçün özünəhörmət vacib şərtlərdən biridir.

Öyrəşdiyimiz ümidsizlik
Bəzi şəxslər gündəlik həyatda və ya işlərində baş vermiş hər hansı uğursuzluğa aid pessimist düşüncələrini digər fəaliyyətlərinə də “yoluxduraraq”, uğur qazana biləcəkləri bir yerdə passivləşir və depressiyaya düşürlər. 
Canımıza hopmuş ümidsizlik xofundan qurtulmaq, gələcəkdə uğur qazanmaq üçün daim gərgin və səmərəli  işləmək lazımdır. Bu isə fərdin əzmi ilə bağlıdır. O, iradəsini yoxlamaq üçün  özünü məcbur etməlidir ki, əvvəlki uğursuzluqları yenidən yaşamasın, qarşıdakı problemləri müvəffəqiyyətlə həll etsin. Çünki o yalnız qətiyyəti ilə ümidsizlik bəlasından qurtula bilər.
Problemsiz bir həyat absurddur. İş olan yerdə mütləq problem vardır. Problemin olmadığı yerdə ya ümumiyyətlə iş görülmür, ya da problemlər ört-basdır edilir. Problemi həyatın gerçəkliyi kimi qəbul edən insan gözlənilməz hadisələrə qarşı da həmişə hazır olur və ümidsizliyə qapılmır. 
Ümidsizlik, bədbinlik və ya pessimizm çox təhlükəli bir xəstəlik olub, insanın  məruz qala biləcəyi ən dəhşətli müsibət kimi qəbul edilməlidir.

Həyatı iztirabla keçən istiqlal şairi Mehmet Akif Ərsoy Türkiyənin çox çətin vəziyyətdə olduğu anda belə ümidsizliyə üsyan etmişdir: 
Ümidsizlik elə bataqlıqdır ki, düşsən, boğularsan,
İradəndən möhkəm yapış, bax gör nə olarsan!

Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR

Go Back

Sorğu göndər