Düşüncə Jurnalı

header photo

Və gəlin boynumuza alaq ki, onları mükəmməl edən də budur - TURAL ƏZİMZADƏ

   Öz kişi ağlımla yanaşsam da qadın olmağın bir qədər  (hətta, çox) çətin bir şey olduğunu dərk eləyə bilirəm. Qadın olmaq çox vaxt bağışlamaqdır. Bəzən səbəbsiz yerə sevməkdir, bəzən durduq yerə ağlamaqdır. Qadın olmaq çox vaxt fədakarlıq edə bilməkdir. Qadın olmaq bəzən ayağının altına cənnətləri sərən bir Tanrının hədiyyəsi olduğunu dərk edə bilməkdir. Qadınlar haqqında oxuduqlarımız onları təsvir etməyə bir qram da kömək eləməz. Mən bu yazıda qadınların fədakarlığından danışmaq istərdim. Bu fədakarlığı dahi Viktor Hüqonun “Səfillər” əsərindəki Fantinanın timsalında çatdırmağa çalışacağam sizə.

   Fantina əsərin başlanğıcında sarı saçları kürəyinin ortasına qədər tökülən, ətli dodaqları və inci kimi dişləri olan şux bir qız kimi təsvir edilir. O qədər saf və təmiz birinə çevrilir ki,  hamiləykən tərk edən bir şəxsə isə əsərin sonuna qədər nifrət bəsləmir. Çünki, ona Kozetta kimi şirin bir qız qoyub gedir. Fantina Kozettanı saxlamaq üçün müxtəlif yollardan istifadə etməyə məcbr olur. Mənimçün  1283 səhiflik əsərin ən dəhşətli və tükürpədən səhnəsini sizinlə paylaşıram. Məncə bir qadının hissə-hissə ölməsini, yaşayarkən ölməsini, ölərkən bir “canı” yaşatmasının təsvirini belə dahiliklə göstərə bilməkdir Hüqonu digərlərindən fərqləndirən. Fantina qızını saxlamaq üçün təsadüfən bir ailə tapır. O ailəyə hər ay pul göndərir. Amma, bir müddət sonra pulu qurtarır və sahib olduğu şeyləri satmağa başlayır. Kozettaya öncə saçlarını qurban verir Fantina. Bir müddət sonra ailənin yenə də pul istədiklərini görən Fantina bu dəfə heç tərəddüd etmədən dişlərini(!) satır. Bu mənimçün əsərin kluminasiya nöqtəsi oldu. Sanki, Tanrı bir qadın yaratdı və o mükəmməllikdə qadını həyat hissə-hissə öldürdü. Ölümü hiss edərək öldü Fantina. Amma, onun etdiyi bu fədakarlıqlar ümumilikdə qadınların sahib oduğu o geniş ürəklərini,verdikləri qurbanları və bağışladıqları günahlarımızı bizə bir daha xatırladır.

   Bununla belə, bu məqaləni feminist bir məqalə olaraq görməməyiniz üçün daha bir hekayəyə keçmək pis olmazdı. Bu hekayə Hüqonun deyil, mənim öz qələmimin məhsuludur. Hekayə “Yelləncək” adlanır.  Hekayəmdə 3 nəfərlik bir ailə təsvir olunur. Kiçik bir qız, ana və ata. Ata bir gün həyətdə yelləncək quraşdırrı və o gündən sonra işdən gələn kimi qızını da götürüb birbaş yelləncəyə tərəf qaçır. Və bir gün evə gələrkən dəhşətli bir mənzərə ilə qarşılaşır: Ana kiçik qızı yelləncəyin asıldığı ağacdan asıb, onun paltarlarına bənzəyən paltarlar geyinib və atasını(ərini) gözləyir. Ər dəhşətli səhnəyə baxarkən qadından belə bir sual gəlir:

  • Bəs indi məni qızımızdan daha çox sevəcəksən, atacan?

 Gördüyümüz kimi, hər nə qədər dəhşətli görünsə də bu baş verməsi mümkün olan hadisələrdən sadəcə biridir. Bu hekayələr  bizə qadın xislətinin nə qədər fərqli və dramatik, eyni zamanda qarışıq olduğunu, bununla belə, onların eyni zamanda həm qayğıkeş ana, həm də övladını qorumaq üçün hər bir vəhşiliyi törədə biləcək varlıq olduğunu anlamaq çox da çətin deyil. Bu yazı onların sevgiyə möhtac kiçik bir qız olduqları qədər sizi bircə anın içində tərk edə biləcək ruhsuz varlıqlar ola biləcəklərini göstərməkçün yazılıb. Və gəlin boynumuza alaq  ki,  onları mükəmməl edən də budur.

Tural Əzimzadə

Go Back

Sorğu göndər