Düşüncə Jurnalı

header photo

Hansı yaşda valideyn olmaq daha yaxşıdır

Dölyaratma prosesi üçün optimal yaş - hər iki valideyn üçün 20-29 yaş həddidir.

Yeniyetmə qız uşaqları ilk menstruasiya aktından sonra hamilə ola bilsələr də, onların orqanizmi hələ yaxın 5 il ərzində hamiləliyin başa çatdırılmasına və doğuşa hazır olmur.

Ana olmaq üçün icazə verilən aşağı yaş həddi - ilk menstruasiyanın olduğu yaş + 5 il olmaqla hesablanır. Məsələn, 13 yaş + 5 yaş = 18 yaş,14 yaş + 5 yaş = 19 yaş.

Erkən (16-19 yaş) və orta (30-dan artıq) yaşlar qadınlar üçün risk faktorları hesab olunur. Bu yaş qrupuna daxil olan qadınlarda optimal yaş qrupuna (20-29 yaş) daxil olan qadınlardan nisbətən ağır formalı hamiləlik toksikozları, patoloji doğuşlar, həmçinin dölün və doğulmuş uşağın yaşamaq qabiliyyətinin aşağı olması daha çox hallarda təsadüf edilir.

30 yaşından sonra qadınlarda adətən bir sıra xəstəliklərə rast gəlmək olar ki, bu da ananın və doğulacaq körpənin saqlamlığına mənfi təsir göstərə bilər. Adətən hamiləliyə qədər aşkar olunmamış xəstəliklər məhz yaşlı dövrdəki hamiləlik zamanı özünü büruzə verir. Qadının yaşı artdıqca daxili cinsiyyət orqanlarında da dəyişikliklər baş verir. Cavan qadınlarda daxili cinsiyyət orqanlarının elastikliyi daha çox olur. Yaş artdıqca bu elastiklik azalır, bu da dölsalma riskini artırır.

40 yaşından yuxarı qadınlarda 30 yaşınadək olanlara nisbətən 3 dəfə artıq sayda hamiləlik diabeti inkişaf edir.

Qadın nə qədər yaşlı olarsa, o qədər də çoxdöllü hamiləlik ehtimalı artır. Bu da yaşlı qadın üçün daha çox təhlükə yaradır. 35-39 yaş çoxdöllü hamiləliyin ən zirvə dövrüdür. Yaşlı qadınlarda doğuş zəifləməsi, toxumaların elastikliyinin pozulması nəticəsində doğuş yollarının cırılması, qanaxma kimi hallar daha çox baş verə bilər. Bu səbəbdən 35 yaşdan yuxarı qadınlara həkimlər Keysər kəsiyi əməliyyatını tövsiyə edirlər. Lakin yaş dövründən başqa digər göstəricilər (çanaq ölçüləri, arterial təzyiq göstəriciləri, analizlər, ürək döyüntüləri, tənəffüs tezliyi) norma daxilindədirsə, təbii doguşa daha çox üstünlük verilməlidir.

Atalıq üçün 40-dan yuxarı yaş dövrləri isə daha yüksək risk faktoru kimi qəbul olunur.

Yaşlı dövrdə hamiləlik zamanı dölün genetik patologiyaları ehtimalını müəyyən etmək üçün əksər hallarda anaya qanın muayinəsinin aparılması məsləhət görülür. Ümumiyyətlə bu müayinələrdən qadınların bütün yaş dövrlərində keçməsi məsləhətdir. Əgər bu müayinələr nəticəsində hər hansı şübhə yaranarsa, əlavə müayinə metodları da aparıla bilər.

Hamiləliyin 7-9 həftəsində xorionun biopsiyası (gələcəkdə ciftə cevriləcək olan toxuma hissəciyin müayinəsi), 16-20 həftələrində amniosentez (dölyanı suların müayinəsi), 23-25 həftələrindəkordosentez müayinəsi aparılır (göbək ciyəsi damarlarından dölün qanı götürülür). Bu müayinələrin nəticəsi qənaətbəxşdirsə, körpədə genetik qüsurlara görə narahat olmağa dəyməz.

 

Go Back

Sorğu göndər