Düşüncə Jurnalı

header photo

Körpəmə dünyanı necə göstərim?

Sensor inkişaf - bu körpənin ətraf aləmi hissiyyat orqanları vasitəsilə qavraması deməkdir. Görmə, eşitmə, iy duyma, toxunma hissi – bunlar uşaq üçün ətraf mühitin öyrənilməsində ən yaxşı köməkçiləridir.
Sensor tərbiyənin üç yaşa qədər uşaqların inkişafında böyük əhəmiyyəti var. Çünki uşaq bu yaşda ətraf aləmlə hissiyyat orqanları vasitəsilə tanış olur. Uşağın estetik inkişafı da onun hissiyyat orqanlarından asılıdır.
Sensor inkişaf üçün oyunlar
Uşaqların sensor inkişafı üçün nəzərdə tutulan xüsusi oyunlar mövcuddur. Bu oyunlar müxtəlif əşyalar vasitəsilə oynanılır. Xüsusi oyunlar uşaq üçün faydalı olmaqla yanaşı onunla birgə maraqlı və faydalı vaxt keçirməyinizə kömək edəcək.
Körpələrin sensor inkişafı üçün oyunlar.
Aşağıda göstərilən oyunların köməyi ilə uşaqların sensor qabiliyyətlərini inkişaf etdirmək olar:

1.Konusvari piramida Konusvari piramida körpədə əşyaları ölçulərinə görə mənimsəməsini inkişaf etdirir. Uşağa piramidanın halqalarını onların ölçüsündən asılı olaraq düzüldüyünü göstərmək lazımdır.

2.Toxunma hissini inkişaf etdirmək Belə tapşırığı körpənin əli ilə müxtəlif əşyalara toxunmaqla keçirmək lazımdır: oyuncaq, qələm, əlcək və s. Sonra körpənin gözünü bağlayaraq toxunmalarını təkrarlayın. Körpənin vəzifəsi həmin əşyalara toxunmaqla onları xatırlamaqdır.

3.Rəngli kubiklər Kubikləri rənglərə görə ayırmaq – bu uşaq üçün çox faydalı bir tapşırıqdır. Bunun üçün iki yaşlı uşağa çoxlu sayda eyni ölçüdə müxtəlif rəngdə kubiklər vermək və rənglərə görə ayırmağı tapşırmaq lazımdır. Oyunu rəngləri artırmaqla bir az da çətinləşdirmək olar.

4.Meyvə və tərəvəzlərlə oyun Parçadan tikilmiş torbaya müxtəlif tərəvəzləri - pomidor, xiyar, kartof, kök və s. qoyuruq. Həmçinin meyvələrdən də istifadə etmək olar. Məsələn: alma, armud, alça, gavalı, portağal və s. Körpə əlini torbaya salaraq, onlara toxunmaqla tərəvəz və ya meyvəni tapmalıdır. Hətta tapşırığı çətinləşdirmək üçün həmin meyvənin hansı rəngdə olması və forması barədə məlumat verməsini təklif etmək olar.

5.Yamsılamaq oyunu Körpəyə müxtəlif mimikalar göstəririk, məsələn, qaşqabağımızı tökürük, gülümsəyirik, gözümüzü bərəldirik, dişlərimizi ağardırıq və s. Qoy uşaq da size təkrarlasın. Əl və ayaqların iştirakını da daxil etməklə hərəkətləri daha da çoxaltmaq olar. Onda uşaq daha çox razı qalacaq. Bundan başqa bu hərəkətlər həm də kiçik gimnastikadır.

Sizə və körpənizə xoş sensor oyunlar arzulayırıq!

“NARINC” UŞAQ PSİXOLOGİYA
MƏRKƏZİ-nin psixoloqu
Sevda Mustafazadə

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.