Düşüncə Jurnalı

header photo

Mən sizi eşitmirəm, sizi görürəm

Belə bir vəziyyəti gözümüzün qabağına gətirək: Vağzaldır. Vaqonların pəncərəsindən bayıra baxan insanlar onları yola salanlara ya başını yellədir, ya əl edir, ya da əl hərəkətləri ilə nə isə başa salmağa çalışırlar. Bu situasiya ilə onlar qarşısındakı insanı “Mən səni eşitmirəm, yalnız görürəm. Əllərimə diqqətlə bax” deməyə çalışaraq “Məni başa düş” oyununa dəvət edir. Beləliklə, onlar istər-istəməz jest dünyasına ayaq qoyurlar.
Uşaqlıqdan biz özümüz də hiss etmədən jestlərdən istifadə etmişik. Məsələn, yoldaşlarımızla küsülüyüksə, çilə barmağımızı uzadarkən qarşı tərəf barışmaq istədiyimizi başa düşərdi. Digər bir misal, dişimiz ağrıdıqda həç kəsə cavab verməyib, dişimizi göstərib jest və üzümüzün mimikası ilə ağrıdığını bildiririk. Və ya körpə uşağa “Xalanla sağollaş” deyə əlini qaldırıb yelləyirik. Turş bir şey yeyəndə, sevinəndə, qəmlənəndə, fikirli olanda və ya xəyala dalanda mütləq üzümüzün mimikası ilə bunu bildiririk.
Lakin mən sizə kədərləndirən bir misal çəkmək istəyirəm. Kənardan iki cavanın bir-birinə sevgi dolu baxışlarla baxdığını görürük. Birdən onların səslərindən deyil, əllərindən istifadə edərək havada nə isə cızdıqlarının, əl hərəkətləri ilə fiqurların dəyişdiyinin şahidi oluruq. Bununla yanaşı onların üzlərindəki müxtəlif emosiyalar: sevinc, hirs, qorxu görünür.

Onların əlləri ilə nəsə göstərərək bir-birini aydın başa düşməsi ətrafdakılar üçün qəribə görünür. Bəli! Jest dili onların ana dilləridir... Zahirən adi olan bu insanları bizdən yalnız eşitməmələri ayırır. Digərləri kimi onlar da dərsə gedir, oxuyur, işləyir, cəmiyyətdə özlərinə lazımlı yer tutur, vaxtı gəldikdə ailə və uşaq sahibi olurlar.
Jest dili maraqlı, qəribə, rəngarəng və variantlıdır. Eşitmə problemi olan hər bir qrupun, cəmiyyətin özünün jest dili var. Bu dil demək olar ki, fokusa oxşayır. O çıxış edən insanın emosiyasından, temperamentindən, fiziki göstəricilərindən asılıdır. Eyni bir jest müxtəlif insanlarda müxtəlif cür görünə bilər.

Bu jest dünyasının yollarında sizə uğurlar arzulayıram!

“NARINC” UŞAQ
PSİXOLOGİYA MƏRKƏZİnin
defektoloq, loqoped
Sevda Rzayeva

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.