Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Uşağa qulluq"

Uşaqlarda HƏRARƏTİN ölçülməsi. Anaların bilmədiyi incəliklər

Hərarətin ölçülməsi ən sadə tibbi manipulyasiya olsa da bir çox valideynlər bunu düzgün etmir.

Tanınmış ukraynalı pediatr Evgeniy Komarovskiy öz verlişlərinin birində bu haqda çox geniş məlumat verib. Saglamolun.az sizə həkiminin tövsiyələri ilə sizi tanış edir:

- Hansı nahiyədə ölçmək daha yaxşıdır – qoltuq altında, duz bağırsaqda, dəridə, qulaqda? Qoltuğaltı nahiyəsində ölçmək daha yaxşıdır.

 

- Hansı termometr daha dəqiqdir? Belə hesab olunur ki, civəli termometr ən dəqiqdir. Lakin bütün dünya civəli termometrlərdən imtina edir. Bunun səbəbi onun içində olan civədir. Ümumdünya Səhiyyə Təşkilatı civəni insan sağlamlığı üçün 10 ən ziyanlı kimyəvi maddələrdən biri hesab edir. Bu səbəbdən elektron termometrlərə üstünlük verilməlidir. Termometrin batareyalarını vaxtında dəyişmək lazımdır, əks halda düzgün nəticə olmayacaq.

- İnfraqırmızı termometrlər hərarəti qulağın içində, alında və ya gicqahda ölçür. Onlar kifayət qədər bahalıdır və ölçülmə zamanı xətalar verə bilir. Əmzik-termometr də xətalar verir. Ən dəqiq olmayan termometr-zolaqdır. Onlar yalnız yüksək hərarətin olub-olmadığını təyin edə bilər.

- Hərarəti ölçəndə eyni termometrdən istifadə edin və hər dəfə eyni yerdə ölçün. (Məsələn, birinci dəfə civəli termometrlə qoltuq altında ölçmüsünüzsə, təkrar ölçəndə yenə də bu termometrdən istifadə edin və yenə də qoltuq altında ölçün.)

- Hərarəti ən azı 5 dəqiqə ərzində ölçün.

- Hərarəti ölçəndən əvvəl uşaq bir neçə dəqiqə ərzində sakit oturmalıdır. Hərarət ölçülən yer quru olmalıdır, bu səbəbdən uşaq tərləyibsə əvvəl tərini silin, sonra termometr qoyun.

- Termometr bədənə kip yapışmalıdır. Əks halda nəticə düzgün olmayacaq.

- Elektron termometri siqnal verəndən dərhal sonra çıxartmayın, 3-5 dəqiqə gözləyin.

- Hərarəti ölçəndə göstəriciləri qeyd edin. Söhbət civəli termometrdən gedir, müasir termometrlərdə yaddaş var.    

Go Back

Yeni doğulmuş uşağın hiss üzvləri

 

Hiss üzvləri hələ uşaq anadan olanda işləyir, lakin tam yox.
Gözlər
Uşaq anadan olanda ilk saatlar onun gözləri hələ tərpənmir. Bir neçə saatdan sonra gözlər birgə tərpənir, lakin uşaq hələ baxmır. Parlaq işıq mane olur, onu qıcıqlandırır və o özünü narahat hiss edir. Buna görə də yeni doğulmuş uşağın olduğu otaqda çox parlaq işıq olmamalıdır. Adətən yeni doğulmuş uşağın gözləri mavi olur. Mavi gözlü uşaqların bir qisminin gözlərində. iki yaşına qədər piqment toplanır və bunlar tündləşib qonur olur, sonralar daha da tündləşə bilər, lakin təzədən mavi olmur.
Uşaq anadan olan kimi həkim yaxud mama uşağın gözlərinə dərman tökür. Bunu uşaq doğuş yollarından keçərkən gözlərinə anadan mikrob düşməsi ehtimalına qarşı edirlər, mikrob düşmüş olsa, gözlərdə iltihab baş verə bilər yaxud uşaq kor olar.Dərman tökməklə bunun qarşısı alınır.
Uşaq anadan olandan sonra bir neçə gün gözlərinin künclərindən çoxlu ifrazat gəlir. Göz qapaqları şişməyibsə və göz almasında qızartı yoxsa, təşvişə düşmək lazım deyil, bu təzə hazırlanmış çobanyastığı dəmləməsinə batırılmış steril pambıqla gündə bir neçə dəfə silməklə keçib gedir. Pambıq əvəzinə təzə yuyulub ütülənmiş ağ parçadan da istifadə etmək olar, lakin eyni pambıq və ya parçadan iki dəfə istifadə etmək olmaz.
Gözlərə yaxşı qulluq etdikdə bir neçə gündən sonra ifrazat kəsilir.

Qulaqlar
Yeni doğulmuş uşağın qulaqları eşidir. İlk günlər uşaq telefon zənginə yaxud asta danışana hələ əhəmiyyət vermir, lakin qapını bərk örtdükdə yaxud küçədən yük maşını keçdikdə səksənir, bəzən səs-küy və bərk səs olduqda ağlayır. Uşağı bərk səsdən və səs-küydən qorumaq lazımdır.
Vaxtında doğulmuş uşağın qulaq seyvanı tam inkişaf etmiş olur, lakin çox vaxt uşaqlar anadan olanda qulaqları şiş olur. Bəzən uşaq başını daha çox çevirdiyi tərəfdə qulaq seyvanı bir qədər yastı olur. Sonralar uşaq hər iki tərəfdə yatdıqda qulaq seyvanı normal vəziyyət alır.
Uşağın şəlpəqulaq olmasını uşaq yatanda başın düz qoyulmaması ilə izah etmək düzgün deyil. Buna görə də qulağa yapışqanlı plastır qoymağın əhəmiyyəti yoxdur, çünki bunu çıxardıqda (hətta o çox qalmış olsa belə) qulaq seyvanı əvvəlki vəziyyətini alır. Bu inkişaf qüsurunu ancaq cavan yaşında cərrahi əməliyyatla düzəltmək mümkündür.
Dadbilmə hissiyyatı
Yeni doğulmuş uşaq dad bilir. Belə ki, bəzi uşaqlar çay şirin olmadıqda içmirlər. Birinci həftədə uşağın üzü qırışır, duzlu və ya acı yemək verdikdə uşaq üzünü turşudur və yeməyi ağzından çıxarır. Südəmər uşaq şirin yeməyi həvəslə yeyir, turş və ya acı yeməyi isə ağzına almaq istəmir. Doğrudur, yeni doğulmuş bəzi uşaqlar şirin olmayan çayı həvəslə içirlər yaxud nadir hallarda bir neçə damcı limon şirəsi tökülmüş çayı da içirlər.

Kayzen.az

Dəri
Uşaq anadan olanda dərisinin üzərində sarımtıl-ağ rəngli, kəsmiyəbənzər maddə olur, bunun tərkibində uşağın inkişafına lazım olan çoxlu miqdarda vitamin və hormon olur. Bir neçə saatda bu maddə sorulur. Bundan sonra uşağın dərisi çəhrayı rəng alır, məxmər kimi hamar və yumşaq olur. Sonralar südəmər uşağın dərisi quruyur, qabıq verir və bəzən kiçik yaralar əmələ gəlir. Uşağın dərisinə yaxşı qulluq etməklə bunun qarşısını almaq mümkündür. 
Bəzən sağlam uşağın dərisi 1-2 gün göyümtül olur. Belə halda uşağı mütləq həkimə göstərmək lazımdır, çünki dərinin göyərməsi ürək qüsuru ilə əlaqədar ola bilər. Bəzən dərinin rəngi birdən-birə dəyişir. Bu həmişə qorxulu əlamətdir, belə uşağa dərhal həkim yardımı lazımdır. Dərinin rəngi qan dövranı və ya tənəffüs pozulduqda dəyişir lakin uşaq üşüdükdə də dəyişə bilər, lakin bu, birdən-bir olmur.
Döş vəzisinin şişməsi. Yeni doğulmuş bəzi uşaqlarda, həm qızlarda, həm də oğlanlarda, 5-6-cı gün süd vəzisi şişir, bəzən məmədən südəbənzər maddə ifraz olunur. Bu xəstəlik deyildir. Doğuş vaxtı ananın qanında süd ifrazına kömək edən maddələr (hormonlar) dövr edir. Bu maddələrin bir hissəsi uşağın qanına keçir ki, bu da sonradan onun məməsindən qısa müddət ifrazat gəlməsinə səbəb olur. Bu hal heç bir müalicəsiz bir neçə gündən sonra keçib gedir. Uşağın süd vəzilərini sıxmaq qətiyyən olmaz, çünki bu, onların ağır iltihabına səbəb ola bilər.
Damarların genişlənməsi. Çox vaxt yeni doğulmuş uşağın iki qaşı arasında və ənsəsində tək-tək və ya bir-birilə birləşən qırmızı ləkələr olur. Bunlar genəlmiş qan damarlarıdır. Adətən bir yaşına qədər bu ləkələr itib gedir və dəri normal rəng alır. Bu ləkələrə fikir vermək lazımdır, bunlar artarsa, həkimə müraciət edin.
Dəri hissiyyatı. Uşaq anadan olandan başlayaraq ona əl vurulmasına çox həssas olur, onunla necə rəftar edilməsini hiss edir. Uşaq qolaylı, sakit adamın əllərində özünü sakit aparır. Naqolay adamın əllərində isə narahat olur və ağlamağa başlayır.
Uşağı kobud tutduqda əzələlər qıc olmuş kimi yığılır, o diksinib ağlayır. Uşağı incə, ehtiyatla tutduqda isə o əzələlərini boşaldır və özünü sakit aparır.
Birinci gündən uşaq istini, soyuğu və ağrını hiss edir. Uşağın kəskin isti-soyuğa düşməsinə yol vermək olmaz, hər cür ağrılardan qorumaq lazımdır.
Müvazinət hissi 
Südəmər uşaq bədənin vəziyyətinin dəyişməsini hiss   edir.   Uşağı   ələ götürəndə yaxud onu yatırdanda, ilk aylar onun başını tutmaq lazımdır, çünki o özü başını saxlaya bilmir. Uşağın arxası və çiyin qurşağı ananın qolları üzərində sərbəst olduqda və ana onu azca özünə qısdıqda uşaq özünü yaxşı hiss edir. Ana o biri əli ilə uşağı altdan tutur.
Uşağı nəinki birinci aylar, hətta özü oturana qədər məhz bu cür götürmək və qucaqda gəzdirmək lazımdır.
Südəmər uşaq tez-tez diksinir. O nəinki parlaq işıqdan, qəflətən olan və ya güclü səsdən, həm də yuxudan ayılanda, qusanda yaxud siyiyəndə diksinir; onun yerini birdən-birə dəyişəndə, xüsusən ilk həftələr, diksinir. Bu, əsəb pozğunluğunu göstərmir.
Daha həssas bəzi südəmər uşaqlar sonralar da diksinirlər. Rahat, sakit şəraitdə bu cür yüksək həssaslıq tədricən keçib gedir.

Kayzen.az

Go Back

Uşağın normal boyu və çəkisi necə hesablanır? Pediatrdan ətraflı izah

Bu gün dünyada artıq çəki ilə yanaşı çəkisizlik də böyük problemə çevrilib. Bu problem xüsusən də uşaqlar arasında geniş yayılıb. Maraqlıdır, bəs, buna səbəb olan amillər hansılardır?

Bu barədə Sputnik Azərbaycan-a danışan pediatr Aytən İsmayılzadə uşaqların çəkisizliyinə səbəb olan amilləri sadalayıb: "Çəkisizlik normal olsaydı, o zaman "az çəkili" "fiziki inkişaf geriliyi”, "hipotrofiya" kimi sözlərdən istifadə edilməzdi. Təəssüflər olsun ki, bu gün kimlərsə qablara palma yağı doldurub uşaqlara sırıyır, kimisi azyaşlılara siqaret satır, hansısa həkim isə uşaq inkişafına nəzarətə laqeyd yanaşaraq başından edir. Bələliklə də nəslimiz cılızlaşır”.

“Uşağınızın çəkisi az, boyu alçaqdırsa, "düzələr" deyib, gözləməyin. Səbəbini araşdırın. Çünki ola bilər ki, övladınız kistoz-fibroz xəstəsidir. Biz valideyndən uşağın necə olduğunu soruşduqda, o əlbəttə ki, ya yaxşıdır, ya da pisdir, deyə cavab verəcək. Valideyn deməyəcək ki, övladım artıq çəkilidir, yaxud da, inkişaf geriliyi var. Valideynlər bu məsələləri yalnız həkimlərlə görüşdə müzakirə edirlər. O səbəbdən də sahə həkimləri ilə görüşləri təxirə salmamaq lazımdır. Çünki “o savadlı həkimdir”, “bu uzman həkimdir” deyib axtarışa çıxınca övladınız ortalıqda qalır. Hər ay özəl klinikaya yoxlanışa gedə bilmirsizsə, qeydiyyatda olduğunuz poliklinikaya gedin. Əgər həkim uşağınızın çəkisinin hər ay eyni qaldığını, gerilədiyini müşahidə edəcəksə, bunun üçün mütləq tədbir görəcək” – deyə pediatr əlavə edib.

 

Aytən İsmayılzadə müxtəlif aylara və yaşlara görə çəki norması haqda da məlumat verib: “Bir yaşadək olan körpələrin çəkisi ilk üç ayda 800 qram, 4-6 ayda 600-700 qram, 7-9 ayda 400 qram, 10-12 ayda 320 qram, 13-18 ayda 250 qram, 19-24 ayda 200 qram artır. Bu hesabla deyə bilərik ki, 5 yaşlı uşağın çəki norması 18-20 kiloqram olmalıdır. Yaşı 5-dən yuxarı olan uşaqların çəkisi isə hər il 2-3 kiloqram artmalıdır”.

A.İsmayılzadə uşaqların boy artımından da danışıb: “Boy artımı ən çox ana bətnində ikən sürətlə artır – hər ay 5 sm. Doğuşdan sonrakı boy artımı isə ləng gedir. Bir yaşa qədər olan ilk üç ayda boy artımı 9-10 sm, sonrakı üç ayda 6-7 sm, növbəti üç ayda isə 4-5 sm olur. Sonuncu üç ayda isə bu artım 3-4 sm olur. Körpələr üçün 1 yaşa olan orta boy 75 sm-dir. Uşaqların boyunun hər üç aydan bir yoxlanılması məqsədəuyğundur. Sonrakı illərdə, yəni 1-2 yaşda uşaqların boyu 12 sm, 2-3 yaşda 10 sm, 3-4 yaşda 7 sm, 5 yaşdan sonra isə 5 sm olmaqla artır”.

A.İsmayılzadə qeyd edir ki, valideynlər övladlarının boyunun gələcəkdə nə qədər olmasını isə təxmini düsturla hesablaya bilərlər. Pediatr həmin düsturla bağlı da danışıb: “Övladınız oğlansa, o zaman ata və ananın boyunun ümumi rəqəmi cəmlənir. Əldə edilən nəticənin üzərinə 13 rəqəmi əlavə olunur və ikiyə bölünür. Övladınızı qızsa, o zaman ümumi nəticədən 13 rəqəmi çıxılır. Daha sonra isə əldə olunan rəqəm ikiyə bölünür. Əlbəttə bu şərtidir. Çünki bəzən müxtəlif təsirlərdən boy qısa qala bilər. Boy qısalığına təsir edən amillərdən biri də şüalanmadır. O səbəbdən də yatarkən telefonu övladınızın baş nahiyəsinə yaxın bir yerə qoymayın. Bundan başqa, uşaqda cinsi inkişaf da tez baş verərsə, bu zaman da boy alçaq qalır. Amma narahat olmayın, əlbəttə ki, bunun da müalicəsi var”.

Saglamolun.az

Go Back

Uşaqların böyrəyini qorumaq üçün valideynlərə 10 QIZIL MƏSLƏHƏT

 

 

Tez-tez tualetə getmə, ürəkbulanma, qusma kimi şikayətlərlə uşaqlarda özünü göstərə bilən böyrək xəstəlikləri bəzən heç bir əlamət göstərmədən üzə çıxır.

Uşaqlarda böyüdükcə böyrək çatışmazlığına qədər gedib çıxa bilən ciddi böyrək problemlərinin qarşısını almaq üçün valideynlərin erkən dövrdə qoruyucu tədbirlər görməsi vacibdir. Lent.az uşaq xəstəlikləri üzrə mütəxəssis, nefroloq Mahmut Çivilibalın uşaqlarda böyrək sağlamlığını qorumağın 10 yolu barədə məsləhətlərini diqqətinizə çatdırır.

1. Bol su içməsinə diqqət edin

 

Bəzən valideynlər uşaqlarının su içməsinə elə də fikir vermir. Buna görə də uşaqlar kifayət qədər maye içmir. Su qidaları və oksigeni orqanlara daşıyır, bədən temperaturunu balanslaşdırır, metabolizmanı tənzimləyir, bədəndəki toksik maddələrin atılmasını təmin edir və infeksiyalarla savaşmağa kömək edir. Uşaqlara qatı qidalara başlanılan 6 aydan etibarən hər yemək sonrası 30-100 ml arası su içirdilməlidir. 1-5 yaş arasında da bu alışqanlığa davam edilməli, həmçinin mövsüm şərtləri və uşağın hərəkət qrafikinə görə yeməkdən əlavə saatlarda da su içirilməlidir. Uşağınızın kifayət qədər su istifadə edib-etmədiyini anlamağın ən asan yolu tualetə getmə sıxlığını təqib etməkdir. Uşaqlar ortalama 2-3 saatda bir tualetə getməlidirlər.

2. Duz istifadəsini məhdudlaşdırın

Həddindən çox duz istifadəsi, hipertenziya və ürək-damar xəstəlikləri başda olmaqla bir çox xəstəliyə səbəb ola bilər. Həddindən çox istifadə edilən duz müəyyən bir iş yükü yaradaraq, böyrəklərə zərər verir. Hər hansı bir böyrək xəstəliyində isə xəstəliyin daha da irəliləməsinə səbəb olur. Buna görə uşaqların bir yaşından öncə duz ilə tanış olmaması, 1-18 yaş arasında gündəlik istifadə edilən duz miqdarının 2-3 qramı (yarım çay qaşığı) keçməməsi məsləhətdir. Duz istifadəsi ilə bağlı məlumat uşaqlıq dövründən etibarən qazandırılmalı, valideynlər uşaqlarına nümunə olmalı və yemək masasına duzluq qoyulmaması bir yaşam formasına çevrilməlidir.

3. Doğru və balanslı qidalandırın

Valideynlərin qidalanma ilə bağlı yanlış davranışları və uşaqların hərəkətsiz həyat tərzləri piylənmənin şişmanlığın ən əhəmiyyətli səbəbləridir. Uşaqların gün boyu məktəbdə olmaları, məktəbdən sonra adətən evdə dörd divar arasında olub kompüter və ya televizor başında oturaraq daim nəsə yemələri piylənmənin gedərək artmasına səbəb olur. Normaldan artıq çəkili olmaq böyrək sağlamlığı baxımından önəmli risk daşıyır. Şişmanlığın ürək və damarlara olan mənfi təsirləri, böyrək toxuması və damarları baxımından da bənzər narahatlıqlar doğurur. Xüsusən ayaqüstü qidalanma (pizza, hamburqer və s) vərdişi və qida qoruyucuları tərkibli işlənmiş qıdalar (çips, kolbasa, sosiska, turşu, tomat, konserv) istifadəsi məhdudlaşdırılmalıdır.

4. Məlumatsız dərman istifadəsindən uzaq durun

Dərmanlar kimyəvi maddələrdir. Ağrıkəsicilər başda olmaqla böyrəklə atılan dərmanların həkim nəzarəti olmadan istifadəsi ciddi problemlərə səbəb ola bilər. Uzun müddətli dərman istifadəsi uşaqlarda xroniki böyrək xəstəliklərinə səbəb ola bilər.

5. Böyrəklərdə daş yaradan vasitələrdən uzaq durmağa çalışın

Böyrək daşları daha çox yaşlı insanlarda rast gəlinməsinə rəğmən, uşaqlıq dövrü daxil bütün uşaqlarda rastlanan və görülmə sıxlığı gedərək artan bir xəstəlikdir. Böyrək daşlarının yaranmasının qarşısını almaq üçün bol su içilməli və duz istifadəsi azaldılmalı, uşaqların televizor və kompüter önündə uzun zaman keçirərək hərəkətsiz qalmalarının qarşısı alınmalıdır. Potasium tərkibli tərəvəz və meyvə istifadə edilməli, həddindən çox heyvani proteinin alınmamasına diqqət edilməli və vitamin dərmanları nəzarətsiz içilməməlidir.

6. Mütəmadi qan təzyiqini ölçdürün

Sağlıqsız qidalanma, stress və piylənmə uşaqlarda yüksək təzyiqə səbəb olur. Böyüklərdə olduğu kimi, baş ağrısı ilə bərabər özünü göstərə bilən bir xəstəlikdir, xüsusilə kiçikyaşlı uşaqlarda heç bir əlamətlə özünü büruzə vermir. Anidən ortaya çıxır və çox zaman sakitcə irəliləyir. Müalicə edilmədiyi təqdirdə böyrək çatışmazlığı ilə görmə itkisi və beyin qanamasına gətirib çıxaran nəticələr yarada bilər. Heç bir narahatlığı olmayan uşaqların tibbi yoxlamalarında üç yaşından etibarən bütün müayinələrdə təzyiq ölçülməlidir.

7. Uşağınıza düzənli tualet alışqanlığı qazandırın

Uşaqların başı oyuna qarışanda və ya oyunu yarımçıq qoymaq istəmədiklərindən tualetə getməyi ertələyə bilər. Xüsusilə də bağça yaşındakı uşaqlar bir çox səbəblə orada tualetə getməyə çəkinir, sidiklərini saxlayırlar. Bu da sidik yolu infeksiyalarına yol açır. Məktəbdən əvvəl uşaqların sidiyə getməyi vərdiş halına gətirə bilməsi üçün evdə və məktəbdə 2-3 saat aralıqlarla tualetə aparılması lazımdır.

8. Genital gigiyenanı uşağınıza öyrədin

Uşaqların dərisi böyüklərə nisbətən daha nazik və həssasdır. Dəri səthini örtən qoruyucu təbəqə hələ inkişaf etməyib. Yanlış və yarımçıq həyata keçirilən alt təmizliyi uşaqlarda və azyaşlılarda sidik yolu infeksiyalarına və sağalmayan səpkilərə səbəb olur. Bu üzdən uşaqların alt təmizliyində normal pambıq və su istifadə olunmalı, məcburiyyət olmadıqda sabun, şampun və yaş salfetlər istifadə olunmamalıdır. Bu cür məhsullar ağır metal və kimyəvi maddələrlə zəngin olması səbəbi ilə genital bölgənin ph tarazlığını pozur. Ph tarazlığının pozulması bu nahiyədəki faydalı bakteriyaların azalıb, zərərli bakteriyaların çoxalmasına səbəb olur. Uşaqlarda genital bölgə təmizliyi yuxarıdan aşağı (genital bölgədən anusa) doğru və çox basmadan edilməlidir.

9. Ailədə böyrək xəstəliyi tarixi varsa, uşağınızı daim müayinələrdən keçirin

Böyrək çatışmazlığı erkən dövrlərdə hər hansı bir formada özünü göstərməyə bilər. Bunun üçün xəstəliyi aşkar etməyin ən asan yolu qan və sidik analizlərinin müəyyən zaman aralarında aparılmasıdır. Erkən diaqnozla böyrək çatışmazlığını yavaşlatmaq və müalicə etmək mümkündür. Diabet, yüksək təzyiq, çox arıqlama, ana, ata, ya da yaxın qohumlarda böyrək çatışmazlığı kimi risk faktorlarından biri və ya bir neçəsi varsa, böyrək funksiyaları 6-12 aydan bir yoxlanmalıdır.

10. Mütəmadi idman etsin

İdman insanlara daha sağlam bir həyat verir. Xüsusilə böyrək xəstəliyində ürək sağlamlığını qorumaq və xəstəlik riskini azaltmaq üçün məşq çox əhəmiyyətlidir. İdman etmək, eyni zamanda, depressiyaya müsbət təsir edir və adamı xoşbəxt hiss etdirir. Ömür boyu davam edən hərəkətli yaşam tərzi uşaq yaşlarında başlayan nizamlı məşqlərlə mümkündür. Buna görə uşağın bütün orqanizm sağlamlığı ilə yanaşı böyrək sağlamlığının qorunması məqsədi ilə daim məşq etməsi önəmlidir.

Go Back

Yeməkləri seçən uşaqlar

Uşaqlar böyüdükcə onların dad hissiyatı da inkişaf edir, buna görə də artıq iməkləməyə başlayan uşaqların hər veriləni yeməsi normal haldır. Bir müddət keçdikdən sonra uşaqlar yeməkləri seçməyə başlayır. Bu dövrdə uşaqların yeməyi istədikləri şeylər daha azkən, yeməyi istəmədikləri şeylər daha çox ola bilər. Xüsusən, anaların uşaqlara yemək mövzusunda təzyiq göstərməsi zaman keçdikcə əks reaksiyaya səbəb ola bilər. Əziz analar, övladınız qabındakı son tikəni bitirənə qədər masadan qalxmasına qadağa qoymağınız heç də yaxşı bir fikir deyil. Yemək üçün məcbur etmək uşaqlarda stress yaradır və valideynlərinə qarşı mənfi bir fikir formalaşdırır. 

Yemək seçimini artırın
Əgər övladınız yemək mövzusunda sizi incidirsə, onu məcbur etmədən yeni ləzzətləri sınaqdan keçirməsini tövsiyə edə bilərsiniz. Özünüz də bu işdə iştirak etsəniz, övladınız üçün yemək yeməyi əyləncəli bir hala gətirəcəksiniz! Ailəniz üçün sınanması gərəkən yeni yeməklərin siyahısını tərtib edin və bunu bir oyun halına gətirin. Bu gün axşam yeməyində hansı ləzzəti sınaqdan keçirdək? Hətta ‘'Yemək Lotereyası'' adında bir oyun belə uydura bilərsiniz. Uşağınızın daha əvvəl sınadığı amma sevmədiyi bir yeməyi ikinci dəfə sınamağını təmin edə bilərsiniz. Bəzən birinci dəfə bəyənilməyən bir yemək ya da yeni bir resept, ikinci sınaqda ləzzətli gələ bilər. Bunu özünüz də uşağınızın qarşısında edərək nümunə ola bilərsiniz. Keçmişdə yediyiniz və sevmədiyiniz bir yeməyi təkrar yeyin və ona ikinci bir şans verdiyinizi, çünki insanların dad hissiyatının dəyişə biləcəyini izah edin. Digər bir unikal yol isə tərəvəzləri ya da yeməyi rədd etdiyi yeməyi sevdiyi bir yeməyin içinə qatmaqdır. Məsələn, övladınız ispanaq yemirsə, sevdiyi bir yeməyin tərkibinə az miqdarda ispanaq əlavə edə bilərsiniz. Burada diqqətli olub, yeni əlavə olunan ədviyyatın miqdarını düzgün nizamlamaq lazımdır. Əks halda övladınızın sevdiyi yeməyi də sevməməyinə səbəb ola bilərsiniz. Tərəvəzləri püre halına gətirib təqdim etmək və ya toyuq, ət yeməklərinin içinə qatmaq daha effektivdir.

Hər şeyin bir həddi vardır...
Uşaqlar axşam yeməyini bəyənmədiyi zaman bir çox valideynlər başqa bir şey hazırlamağa özünü məcbur hiss edir. Bu doğru bir davranış deyil. Burada bir məqama diqqət yetirmək lazımdır: ana övladın gözündə aşbaza çevrilməməlidir. Uşağınız hər yeməyi bəyənmədiyində ona fərqli bir yemək hazırlamağa cəhd etməyin. Bunun yerinə başqa variantlar ola biləcəyini də unutmayın, məsələn sürətli hazırlanan bir salat və ya bir kasa qatıq ilə çörək. Bu üsulla həm valideynlərin üzərindəki təzyiq qalxır həm də yemək seçən uşaq istəmədiyi bir şeyi yemək məcburiyyətində qalmır. Bundan əlavə, əgər yedikləri yeməyin içində sevmədikləri bir şey varsa, "o yeməyi yemək olmaz" düşüncəsindən də uşaqları uzaqlaşdırmaq lazımdır. 

Birlikdə yemək hazırlayın 
Yeməyi birlikdə hazırlamaq yemək mövzusunda seçiçi davranan uşaqlar üçün faydalı olacaq. Məsələn, uşağınızı dükana apara bilər və tərəvəzləri ondan seçməsini istəyə bilərsiniz. Müxtəlif yeməkləri uşağınızla birlikdə dadın. Uşağınız öz dad duyğusundakı müəyyən yenilikləri kəşf edə bilər! Məsələn, turş alma yerinə, şirin alma sevdiyini. Birlikdə yemək bişirmək uşaqların yeni bir yeməyi sevmələri üçün ən effektiv üsullardan biridir. Uşağınızla birlikdə xüsusilə uşaqlar üçün nəzərdə tutulmuş reseptləri sınayın. Birlikdə yeməyi seçdikdən sonra, ondan müəyyən yardımlar alın, məsələn yeməyi onun qarışdırmasını istəyin. Mətbəxdə övladınıza nəzarət edərək ondan hər zaman yardım ala bilərsiniz. Uşaqlar valideynlərinə kömək etdikdə və bir işi bacardıqlarını hiss etdikdə çox xoşbəxt olurlar. Nəticədə birlikdə bişirdiyiniz yeməyi sizdən daha çox və həvəslə yemək istəyəcək.

"Övladım ət yemir, nə edə bilərəm?" 
Ət uşaqların inkişafı üçün olduqca əhəmiyyətlidir. Bəzi uşaqlar əti sərt və ya qoxulu olduğu üçün sevmirlər və yeməkdən imtina edirlər.

Əti sərtliyindən ötəri yeməkdə çətinlik çəkirsə, küftə halında təqdim edə bilərsiniz.
Qoxusundan narahat olduğunu söyləyirsə, xoş qoxulu ədviyyatlarla bişirə bilər və ya quzu ətinə görə bir az daha yüngül iy verən dana ətini seçə bilərsiniz.
Heç bir şəkildə ət yemək istəməyən uşaqlara başda mərci olmaqla paxlalı bitkilərlə zəngin bir yemək verə bilərsiniz.
Hər səhər yumurta yemək, az ət yeyən uşaqların zülal ehtiyacını qarşılamaq üçün əhəmiyyətlidir.
Makaron kimi sevdiyi bir yeməyin içinə az miqdarda ət qatıb yeməsini təmin edə bilərsiniz.

babyplanet.az

Go Back

Uşaqlara tualet vərdişini necə öyrədək?

Yeni doğulmuş uşaqlarda sidik kisəsini əhatə edən əzələlər qeyri-iradi olur. Yəni uşaqlar sidik ifrazını böyüklər kimi nəzarətdə saxlaya bilmir. Lakin bir yaş yarımdan sonra uşaqlar artıq tualet vərdişınə yiyələnməyə hazır olurlar. Daha dəqiq desək, qızlar 29 ayından, oğlanlar 30 aylığından etibarən bu vərdişə yiyələnə bilərlər. Bu yaşdan əvvəl uşağınıza tualet vərdişi öyrətməyə tələsməyin. Əvvəlcə istərdim onu qeyd edim ki, tualet vərdişinə başlamaq vaxtını necə müəyyən edə bilərsiniz:
• Fikir verin, uşağınız gündüz vaxdı sərbəst şəkildə ən azı 2 saat altını quru saxlaya bilirsə
• Uşağınız böyük tualetə gizli gedir və sonradan sizə xəbər verirsə
• Tualetini etdiyini hərəkətləri və mimikaları ilə sizə başa salmağa çalışırsa
• Günorta yuxusundan artıq altını islatmadan qalxırsa
• Dediyiniz bəsit və asan tapşırıqları yerinə yetirirsə
Əgər sizin də övladınız yuxarıda sadaladığım hərəkətləri edirsə, deməli, onu artıq sərbəst şəkildə tualet vərdişinə öyrədə bilərsiniz. Vacib məqamlar:
1. Vaxtı uzatmayın (qonaq gedəcəm, qonaq gələcək, rayona gedəciyik və s. bu kimi bəhanələrdən uzaq olun).
2. Uşağınıza münasib güvəc ("qarşok”) alın. Uşaqlar yeriməyi təzə öyrəndikləri üçün xoşlayırlar ki, ayaqları yerə dəysin. Güvəci evin hər yerində gəzdirməyin. Onu hamama, uşağın öz otağına, ən son olaraq koridora qoya bilərsiniz. Uşağınız tualetini edəndə onu alqışlayıb sevinməyin. Çünki uşaq normal bir şey etdiyini başa düşməlidir. Uşağınızı o vaxt mükafatlandıra bilərsiniz ki, məsələn, deyin bu gün tualetin gələndə mənə de gedək tualetimizi edək. Günün sonuna kimi siz dediyinizə əməl etsə, onda onu sevdiyi bir şeylə mükafatlandırın. Bu, şiriniyyat ola bilər. Əgər uşaq oturmaq istəmirsə, onu güclə otuzdurmayın.
3. Uşağınıza oyuncaqlar vasitəsilə tualet vərdişini öyrədin. Məsələn, oyuncaqları düzün - kimisi tualetə getsin, güvəcə otursun və s.
4. Uşağınız tualetini edib qurtardıqdan sonra bir yerdə gedib təmizliyinə komək etməsinə icazə verin. Məsələn, siz güvəci boşaldın, o isə unitazın sifonunu çəksin.
5. Qətiyyən uşaqlarınıza tualetlərini etdiyi zaman qışqırmayın, acılamayın, əsəbləşməyin. Maksimum sakit və anlayışlı olun. Çünki bizim əsas məqsədimiz uşaqlara tualet vərdişinin normal bir proses olduğunu öyrətməkdir. Əgər bu mərhələdə uşaqlara travma versəniz, bu, onun gələcək həyatına mənfi təsir edəcək.

yeniqadin.biz

Go Back

Körpələr bütün gecəni yatmalıdırmı?

Yəqin ki, bütün dünyada yeni doğulmuş körpələrin ailəsini və valideynlərini narahat edən ikinci ən vacib məsələ körpənin yuxusudur. Birinci narahatlıq əlbəttə ki, körpənin ana südü ilə doyub-doymamasıdır. Yeni valideynlərin ən çox eşitdikləri suallar isə “ Uşaq gecəni necə yatır?”, “Uşaq gecə neçə dəfə oyanır?” “Uşağın yuxusu necədir?” suallarıdır. Cavablardan asılı olmayaraq valideynlik kimi ağır məsuliyyəti boynuna yenicə götürmüş valideynlər “məsləhətlər” atəşinə tutulur. Xoşməramlı məsləhətçilərin bir qisminin məsləhəti “Qoy özü yatsın! Uşaqdır! Ağlayıb-ağlayıb yatacaqdır!”, “Uşağı bərk bələ, öz istisinə buğlanıb yatsın”, digər qisminin isə məsləhəti “Gecə əmizdirmə ki, bütün gecəni oyanmadan yatsın!”, “Yatmamışdan əvvəl bir şüşə süni qida ver ki, gecə oyanıb döş istəməsin!” olur. 
Valideynlərə verilən bu məsləhətlərin öz-özlüyündə yalnış olmaqlarına aydınlıq gətirmədən, sadə bir sualan nəzər yetirək- “Həqiqətənmi, uşaqlar körpə yaşlarından bütün gecəni yatmalıdırlar?” Valideynlərə cavab qısaca olaraq, “Xeyr”-dir. Elmi araşdırmalar göstərir ki, gecələri dəfələrlə oyanaraq yatmaq uşaqlar üçün kifayət qədər normaldır. Müşahidələrə əsasən uşaqlar həyatlarının ilk ilində ən azı 1-2 dəfə gecə oyanırlar. 3 ayından kiçik olan körpələr isə hər 2 saatdan bir oyanmaları qeydə alınmışdır. Bu halların baş verməsi nəinki normaldır hətta, körpələrin sağlamlığı üçün önəmlidir. Valideynlərin nəzərinə çatdıraq ki, körpələrin mədəsi çox kiçikdir- yenicə doğulmuşun mədəsinin ölçüsü iri qoz ölçüsündə, 1 aylığın isə yumurta boydadır. Bu o deməkdir ki, tez bir müddət ərzində acdıqlarında onların tez-tez əmizdirilməyə və ya valideyn tərəfindən yedizdirilməyə ehtiyacları var.
Yuxudan tez-tez oyanmaq körpələrin təhlükəsizliyini təmin edir. Müəyyən araşdırmalara əsasən aydın olmuşdur ki, uzun və dərin yuxu yatan körpələrin “beşik ölüm” və ya Qəfil Körpə Ölüm Sindromu riski daha çoxdur. Körpələri qalın və sıx bələmək, onları başqa otaqda tək yatdırmaq valideynlərə qəti məsləhət deyil.
Başqa bir araşdırmalara əsasən məlum olmuşdur ki, uşaqların gecələri valideynlərinə, xüsusən analarına yaxın yatmaq istəkləri fitri bir ehtiyacdır. Bu onlara mühafizə, əminlik və rahatlıq hissi verir. Bəzi valideynlik ədəbiyyatlarının validyenlərə verilən uşaq ağlamasına fikir verməmək məsləhətlərinə rəğmən, bütün deyilənlərdən son nəticə olaraq, valideynlər körpənin gecə oyanmalarına və ağlamalarına mütləq şəkildə cavab verilməlidir. Çünki, körpələr özləri öz ehtiyaclarını ödəmək qabiliyyətinə qadir deyillər. 

Əgər onlar oyanırlarsa demək buna səbəblər var:

  • Körpəyə isti və ya soyuqdur.
  • Körpə acdır.
  • Körpənin bezi dəyişdirilməlidir.
  • Körpə sadəcə olaraq qucaq nəvazişi almaq istəyir.
  • Körpənin ağlamasına və oyanmasına böyüklərin fikir verməməsi körpələrdə ciddi stresə səbəb olur ki, bu da onların beyin inkişafına mane olur.

O ki, qaldı süni qida ilə qidalanandırılan körpələrin daha uzun və dərin yuxuya malik olmalarına, cavab çox sadədir: Süni qida kiçik körpə mədəsinin həzmi üçün ağır olan qidadır. Lakin valideynlər həmçinin unutmamalıdırlar ki, süni qida ilə bəslənilən körpələr ana südü ilə bəslənilənlərə nisbətdə daha çox qazlılıq, mədə sancıları və həzm problemləri yaşayırlar ki, bu da onların gecə şirin yuxularına mane olur. Üstəlik araşdırmalar göstərir ki, daha böyük olan uşaqlara süni qida artıq uzun və dərin yuxu təmin etmir.
Swansea Universitetində Dr. Amy Brown tərəfindən 700-dən artıq 6-12 aylıq uşaqların müşahidəsi əsasında tətqiqatlar aparılmışdır. Məlum olmuşdur ki, onların 78%-i gecələri bir neçə dəfə oyanması hətta bu aylarda da tamamilə normaldır. Müşahidə olunan uşaqların yalnız 20%-i bütün gecəni yatırlar. Həmçinin süni qida alan uşaqlar eyni ilə ana südü ilə qidalananlar kimi gecələri oyanırlar. Hətta əlavə bərk qida qəbul edən uşaqların da yuxusunda heç bir dəyişiklik qeydə alınmamışdır. Bəzən uşaqlar lap böyüklər kimi səbəbsiz olaraq da, oyana bilirlər. Bunu aclıq ilə uzlaşdırmaq düzgün deyil.
Sonda valideynlərə uşaqlarına və onların istəklərinə qarşı həssas və diqqətli olmağa çağırırıq. Əgər körpə kürlük edir və ya ağlayırsa demək buna səbəblər var. Əksər hallarda bu səbəblər kifayət qədər vacib və ciddidir. 

 

Müəllif: Səltənət Zülfüqarova
Əmizdirmə məsləhətçisi

Go Back

Körpənin az çəki yığmasının 7 səbəbi

Bəzən, südəmər körpənin çəkisinə təsir edən səbəbləri tapmaq olmur. Xüsusilə əgər ana körpəni tələbinə müvafiq əmizdirir, əlavə qida və əmzik vermirsə. Lakin, körpənin çəkisi dəyişmir və ya çox az artır. Gəlin həyatının ilk həftəsində körpənin çəkisinə nələrin təsir etdiyini öyrənək: 
1. Doğum evində əmizdirmənin “pis başlanğıcı”
Bura nəticə etibarilə körpənin çəkisinin artmasına təsir edən bir çox meyarları aid etmək olar. Doğuş zamanı istifadə olunmuş dərmanlar, qeysəriyyə əməliyyatı, doğuşsonrası güclü qanaxma (məsələn, Şihan sindromu), uşaqlıqda ciftin qalıqlarının qalması, körpəni döşə aqressiv qoyma və ya ağız boşluğundan seliyin sorulması, körpənin anasından ayrılması. Bunlardan yayınmaq üçün hamiləlik dövründə əmizdirməyə müvəffəqiyyətli başlamaq barədə oxuyun. 

2. Körpəni döşə düzgün qoymamaq 
Körpəni döşə düzgün qoymamaq, körpənin əmdiyi südün miqdarını azalda, döş gilələrində ağrıya səbəb ola bilər. Bəzən isə elə olur ki, uşaq sözün hərfi mənasında döşdən saatlarla “asılı qalır”, tez-tez sidiyə gedir (sutkada 15 dəfədən çox), lakin gec-gec və az miqdarda nəcisə gedir (3 dəfədən az və ya çox, lakin çox az miqdarda) – bu, körpənin döşü dərin götürməməsindən və yalnız ön südü əmərək “arxa” südə çatmamasından xəbər verə bilər. 
Körpəni döşə qoymaq barədə məqalələr oxuyun, bu barədə və əsas əmizdirmə pozaları barədə video və şəkillərə baxın. Əgər özünüz bacarmırsınızsa, şəhərinizdəki əmizdirmə üzrə məsləhətçiyə müraciət edin. Həmişə yadda saxlayın ki, körpənin döşə düzgün qoyulması – əmizdirmənin uğurunun təminatçısıdır! 
3. Körpəni az əmizdirmək 
Həmçinin körpəni rejimlə qidalandırmaq, əmzikdən, döş gilələri üçün qoruyuculardan istifadə etmək, körpəyə uşaq çayı vermək döşün stimulyasiyası və boşalmasına mənfi təsir göstərir, bu isə öz növbəsində südün azalmasına gətirib çıxarır. 
4. Körpənin ümumi vəziyyəti
Yuxulu və ya zəifləmiş körpə, yarımçıq doğulmuş körpə, sarılıq keçirən, ürək qüsuru, mukovissidoz və ya maddələr mübadiləsi ilə bağlı digər problemlərdən əziyyət çəkən körpələr.
5. Körpənin səhhətinin fizioloji və anatomik xüsusiyyətləri 
Məsələn, dilin birləşdirici pərdəsinin (dilatlı bağın) qısa olması, dodağında və damağında çat, boyun əyriliyi, hipo- və ya hipertonus, başın hematoması, respirator problemlər (stridor, tez-tez boğulma), virus və ya bakterial infeksiyalar.
6. Əmizdirən ananın sağlamlığının xüsusiyyətləri 
Süd vəzi toxumasının inkişafdan qalması, döşün əməliyyat olunması, döş giləsinin qeyri-adi forması, piylənmə, hormonal problemlər, xüsusilə qalxanvari vəzin problemləri, yumurtalıqların polikistoz sindromu, süd ifrazını azaldan dərmanların və ya otların qəbulu (dostineks, romokriptin, Pseudoephedrine/Sudafed, adaçayı, nanə, cəfəri). 
7. Ananın/və ya körpənin psixoloji və ya fiziki stres keçirməsi
Əgər ana südünün az olduğuna və ya keyfiyyətinə şübhə edirsə, adətən körpənin çəkisini əmizdirmədən əvvəl və sonra çəkir, bu südün ifrazına və körpənin çəkisinə təsir edə bilər. Əgər ana daim stres keçirirsə və ya depressiyadadırsa və ya körpə daim hər hansısa prosedurlara və ya stresə məruz qalırsa (ailədə tez-tez baş verən davalar, köçmə, ambulator müalicə, tez-tez həkimə baş çəkmək, körpənin enerjisini çox aparan, ağlaması və ya əsəbi gülüşü ilə müşaiyət olunan müalicəvi massaj, dinamik gimnastika və ya üzgüçülük və s.) – bütün bunlar körpənin çəkisinə təsir edə bilər.* Bu, körpənizin çəkisinin az artması ilə nəticələ bilən əsas səbəblərdir. Gördüyünüz kimi, bu səbəblər kifayət qədər çoxdur və sizə kömək etmək, fikirləşməyinizə səbəb olmaq üçün burada toplanıb. Əgər körpə, doğum evindən çıxdıqdan sonra sutkada 8-12 dəfədən az sidiyə gedirsə və 2 həftəlik ikən doğulduğu çəkini yığmırsa, dərhal onun çəkisinə nəzarət etmək və lazım gələrsə əlavə olaraq sağılmış süd və ya süni qida ilə qidalandırmaq lazımdır. 

 

Müəllif: Natalya Razaxatskaya 
əmizdirmə məsləhətçisi (İBCLC), slinqo-məsləhətçi 
Tərcümə edən: Xumar Ərşadlı

Go Back

Uşaq əmizdirən ana

Uşaq əmizdirən ananın həyat tərzi
Ananın həyat tərzi süd ifrazına təsir edir. Uşaq əmizdirən ana sağlam həyat tərzi keçirirsə, onun südü çox olur. Uşaq əmizdirən ana lazımınca dincəlməlidir. İşləyən analara doğuşdan sonra pullu məzuniyyət verilir. Uşaq əmizdirən ana imkan varsa doğuşdan sonra 2 həftə bütün gün dincəlməlidir. Belə etdikdə onun qüvvəsi və əmək qabiliyyəti daha tez bərpa olunacaq, süd ifrazı artacaqdır. Bundan sonrakı 4 həftədə də ana çox dincəlməli, ancaq uşağın qayğısına qalmalı və heç bir ağır iş görməməlidir. Ana xəstə deyilsə, doğuşdan sonra 7-ci həftədən başlayıbadi ev işlərini görə bilər, lakin onda da ağır, üzücü iş görmək məsləhət görülmür.
Yuxu
Uşaq əmizdirən ana yaxşı yatmalıdır. Yuxunu elə təşkil etmək lazımdır ki, uşaq əmizdirən vaxt itirilmiş yuxunun əvəzi çıxsın. Hamiləlik, doğuş və uşaq əmizdirmək ananı əldən salır, buna görə də o, çox dincəlməlidir. Ana yorğun olduqda südü az olur. Məzuniyyət vaxtı qurtarandan sonra da ana uşağı döşdən ayırana qədər çox yatmağa çalışmalıdır.

Təzə hava
Uşaq əmizdirən ana tez-tez təmiz havada olmalıdır (qışda 1-2 saat, yayda isə bundan çox). Gündə
qaralmaq da xeyirlidir. Müəyyən edilmişdir ki, günəş şüaları süd ifrazını artırır. Gündə qaralan vaxt döşü açmaq, məmənin və məmə ətrafının üstünü örtmək lazımdır, çünki bunların dərisi çox zərifdir.Döş vəzilərinə ultrabənövşəyi şüalar da (kvars lampası) yaxşı təsir edir, bu şüalar süd ifrazını artırır. Kvars lampası qəbul etdikdə də döş gilələrini örtmək lazımdır.
Uşaq əmizdirən ana və idman.
Uşaq əmizdirən ana idmanla rahat məşğul ola bilər; aydındır ki, o, yorulmamalıdır. Üzmək çox faydalıdır, lakin üzməmişdən əvvəl və sonra çoxlu çay və ya su içmək lazımdır ki, üzən vaxt əl-qolu hərəkət etdirdikdə və tərlədikdə itirilən suyun yeri dolsun. Şəxsi gigiyenaya ciddi əməl etmək lazımdır. Suda üzəndən sonra döş vəziləri sabunla və təmiz su ilə yaxşı-yaxşı yuyulur. Məmələri sürtməməsi üçün çimmə kostyumuna yumşaq parçadan astar tikilsə yaxşı olar.
Uşaq əmizdirən ana nə yeməlidir? 
Əvvəllər yediyi və mədəsinə zərər yetirməyən şeyləri. O, kələm, noxud, duzlu xiyar və istiot xoşlayırsa, yeyə bilər. Anaya zərərli olmayan şey uşağa da zərərli deyildir. Uşaq əmizdirən ana istədiyi qədər yeyə bilər. Suyu azaltmaq olmaz, həmçinin çox içmək də olmaz. Çoxlu çiy və ya suda bişmiş tərəvəz və meyvə yeməlidir. Ana süd xoşlayırsa, gündə 1 l-ə qədər süd içə bilər, həmçinin süd məhsulları: qaymaq, kəsmik, pendir, kefir və s. də yeyə bilər. Uşaq əmizdirən ana süd məhsulları xoşlamırsa, çoxlu ət və yumurta yeyə bilər. Ana nə qədər yaxşı yesə, südü bir o qədər çox olar. Adət etmədiyi şeylər yedikdə ola bilsin ki, kökəlsin, yaxud qarnı işləsin, hər iki halda onun südü azalacaqdır.
Uşaq əmizdirən ana kökəlməməyə çalışmalıdır, ona görə də o çörəyi, xəmir xörəklərini, şirniyyatı və yağı azaltmalıdır.
Uşaq əmizdirən ananın bədəninə çoxlu maye lazımdır, buna görə. də o çoxlu maye içməlidir. Meyvə şirəsi, təzə meyvə yeməlidir, su və ya açıq çay içə bilər, hər dəfə uşağı əmizdirməzdən əvvəl bir stəkan çay və ya şirə içmək məsləhət görülür. Lakin bu bulyon olmamalıdır, çünki bulyon onun iştahasını poza bilər. Mayeni də ana yemək kimi, istədiyi qədər içə bilər. Həddindən çox içmək qadının orqanizminə zərərdir.
Papirosu tərgidə bilməyən ana gündə 2-3 siqaretdən artıq çəkməməlidir, çünki nikotin südlə çıxır. Uşağı döşdən ayırana qədər papirosu tərgitmək məsləhət görülür.

Dərman Uşaq əmizdirən bəzi analar süd ifrazına müsbət təsir edən cürbəcür dərman içirlər. Mövcud dərmanların heç biri lazımi nəticəni vermir.
Uşaq əmizdirən ana həkimlə məsləhətləşmədən heç bir dərman içməməlidir. Bu dərmanın müntəzəm, uzun müddət içilməsinə də aiddir. Dərmanların bir hissəsi südlə çıxır və uşağa zərər yetirə bilər. Uşaq əmizdirən ana bir həb ağrıkəsici dərman (məsələn, diş ağrısında) içsə, bu, uşağa zərər yetirməz, lakin müntəzəm olaraq müxtəlif dərmanlar qəbul edilməsi (sakitləşdirici, yuxugətirici və s.) uşağın sağlamlığı üçün qorxuludur.
İşlətmə dərmanını ancaq həkim təyin etdikdə qəbul etmək olar, işlətmə dərmanları bədənin çox su itirməsinə səbəb olur ki, bunun nəticəsində də süd ifrazı azalır. Uşaq əmizdirən ana sağlam həyat tərzi keçirirsə və düzgün qidalanırsa, işlətmə dərmanı qəbul etməsinə ehtiyac yoxdur. Tez-tez qəbiz olursa, imalə qoymaq daha yaxşıdır. Qəbiz olduqda vazelin yağı içmək məsləhət görülür. Bu mineral yağ bağırsaqlardan sorulmayıb nəcisi ancaq yumşaldır və bağırsaqların boşalmasına kömək edir.

Süd ifrazı
Süd döş vəzilərində əmələ gəlir, hamiləlik vaxtı bu vəzilər bərkiyir və şişir. Məmə və məmənin ətrafı da bir qədər böyüyür. Hamiləliyin ikinci yarısında döş vəzisində maye əmələ gəlir, döş vəzisini sıxdıqda, o gilədən çıxır. Bu, doğuş vaxtı və doğuşdan sonra ilk günlər döş vəzisində olan ağuz südüdür.
Süd 3-4-cü gün gəlir, bəzən də doğuşdan sonra 5-6-cı günlər gəlir. Süd vəzidən süd gəlməmişdən əvvəl qadın süd dolub şişmiş döş vəzilərində bərk ağrı hiss edir.
Az yeyən anaların südü az olsa da, südün miqdarının yeməkdən asılı olduğunu düşünmək səhvdir.
Süd vəzilərinin müntəzəm və tam boşalması sayəsində süd ifraz olunur. Başqa sözlə, uşaq yaxşı, fəal əmərsə və ana döşünü sağarsa, uşaq məməni, pis, süst əmdikdə və ana döşünü sağmadıqda olduğuna nisbətən süd çox olacaqdır. Beləliklə, süd ifrazı azalır, ana uşağı ümumiyyətlə, əmizdirmirsə süd tamam kəsiləcəkdir.
Bəzi anaların südü çox, bəzilərinki az olur. Bu irsidir. Lakin südü çox az olan analar da südü artıra bilərlər. Uşağına ancaq döş vermək istəyən hər bir ana ilk günlər döşündən hətta bir neçə damcı ağuz südü və ya əsil süd gəldikdə belə, birinci həftələr uşağın inkişafını təmin edəcək qədər südünü artıra bilər. Əksinə, bəzi qaydalara əməl etmədikdə, hətta südü lap çox olan anaların da döşü "quruyacaqdır".
Süd ifrazını artırmaq üçün ən yaxşı yol uşağı müntəzəm əmizdirməkdir. Birinci günlər uşaq hələ zəif olub yaxşı əmə bilmədiyi üçün, ana döşdə qalan südü sağmalıdır. Süd nə qədər çox sağılsa, bir o qədər çox əmələ gəlir, döş vəzisində süd nə qədər çox olsa, uşağa əmmək bir o qədər asan olur.

Döşü sağmaq
Döşü əllə və ya südsoran alətlə sağmaq olar.
Əllə sağmaq. Döşün birini ələ götürüb yüngülcə masaj edin (südü sağmamışdan əvvəl əlləri yaxşıca yuyun). Süd vəzisini dörd barmaqla altdan tutub baş barmaqla kənardan məməyə doğru basın. Süd əvvəlcə damcı-damcı, sonra çox gəlir. Südü sağdıqda süd vəzisini ağrıyana qədər sıxmaq olmaz. Süd vəzisində əsas dörd süd kanalı vardır, buna görə də məmədən süd eyni vaxtda dörd yerdən gəlir. Döşü uşaq əmirmiş kimi ahəngdar hərəkətlərlə sağın.
Bir çox analar südü bir əllə sağır, o biri əldə isə butulkanı və ya stəkanı tuturlar. Bəzi hallarda döşü iki əllə sağmaq, stəkanı isə padnosa qoyub döşə yaxın tutmaq daha yaxşıdır. Südü butulkaya yığdıqda butulkanın ağzına qıf qoymaq lazımdır.
Döşü aptekdə satılan südsoranla da sağmaq olar. Döşü əvvəlcə əllə sağıb sonra qalan südü südsoranla çəkmək daha yaxşıdır.
Ananın döşündən süd gəlməyə başlayan gündən onu sağmaq lazımdır, bunu uşaq çəkidə bir bərabərdə artmağa başlayana qədər davam etdirin. Uşaq pis və ya süst əmirsə, yaxud döşdən süd çətin gəlirsə, ananın südü azdırsa, döşdə qalan südü mütləq sağmaq lazımdır. Sağılmış südün hər damcısı belə ertəsi gün südün artmasına səbəb olur, nəticədə də uşaq yaxşı əmir.
Həkim təyin etməmişsə, uşağa sağılmış süd verməyin. Südəmər uşaqların çoxuna sağılmış süd verməyə ehtiyac olmur. Uşaq əmizdirən ana südünü müntəzəm və yaxşı sağırsa, uşaq gündən-günə yaxşı əmir və adətən 6-8 həftədən sonra döşü daha sağmaq lazım gəlmir.
Hər hansı bir səbəb üzündən uşaq döş əmə bilmədikdə (məsələn, yarımçıq uşaqlar döş əmə bilmirlər, yaxud uşaq xəstə olduqda, müvəqqəti döş verilmədikdə və s.) döşü sağmaq süd vəzilərinin müntəzəm və tam boşalmasını təmin edir.
Ananın südü çox olduqda da süd sağılmalıdır, sağıldıqda vəzidə süd durğunluğu əmələ gəlmir. Süd vəzilərində süd durğunluğu olduqda döşdə ağrılı düyünlər əmələ gəlir. Südü çox olan analarda adətən ağrılı düyünlər doğuşdan 3-4 gün sonra əmələ gəlir, lakin bu o demək deyildir ki, südü dərhal sağmaq lazımdır. Süd vəzisi zərifdir, ana uşağı müntəzəm əmizdirirsə, ağrılı düyünlər heç bir müalicəsiz 1-2 gündən sonra keçib gedir. Ağrılı şişkinlik keçib getmirsə, bu, süd durğunluğunu göstərir və onda döşü sağmağa başlamaq lazımdır. Südü çox olan əksər analarda gec-tez mütləq yuxarıda təsvir edilmiş ağrılı düyünlər əmələ gəlir. Uşağı əmizdirdikdən sonra döş yumşalır, düyünlər keçib gedir, süd vəzisinə basdıqda ağrımır. Uşağı əmizdirəndən sonra da ağrılı düyünlər qalarsa, mütləq südü sağmaq lazımdır, yoxsa döş vəzisinin iltihabı (mastit) baş verir.
Süd durğunluğu ilə əlaqədar ağrını ananın bəzən hər gün hiss etdiyi sancı ilə qarışdırmaq olmaz, bu sancı çox tez keçib gedir.
Süd vəzisinin iltihabı zamanı da südü sağmaq lazımdır. Bu zaman ağrılı düyünlər əvvəlcə şişir, sonra isə irinləyir.
Çox vaxt iltihaba səbəb gigiyenik qaydalara əməl edilməməsi yaxud süd durğunluğudur. Xəstəlik zamanı temperatur qalxır və xəstə titrədir.
Uşaq əmizdirən ana bilməlidir ki, döşü sağmaq süd vəzisinin iltihabının qarşısını almaq və onu müalicə etmək üçün mühüm şərtdir.
Süd vəzisinin iltihabından şübhələnməyə əsas verən ilk əlamətlər olduqda həkimə müraciət etmək lazımdır. Hazırda elə təsirli dərmanlar vardır ki, bunların köməyi ilə xəstəlik başlayan kimi onu dayandırmaq mümkündür. Dərmandan başqa, döşə kompres qoyulur, yataq rejimi təyin edilir. Kompres qoyduqda məməni və məmənin ətrafını quru saxlamaq lazımdır ki, çatlaqlar əmələ gəlməsin. Süd vəzisinin iltihabı zamanı döşü tənziflə bağlamaq lazımdır.
Süd vəzisinin iltihabını tamam və tez sağaltmaq üçün döş əmizdirməyə ara verməyin və südü müntəzəm sağın. Xəstə döşü də əmizdirmək olar, lakin ondan irin və ya qan gələrsə, bu döşü uşağa vermək olmaz, onu ancaq sağmal olar.
Südü bir də ona görə sağmaq lazımdır ki, o, heç südü olmayan anaların uşaqların, yaxud anaları ölmüş uşaqlara verilsin.
Bir çox anaların südü o qədər çox olur ki, eyni vaxtda 2-3 uşağı əmizdirə bilir. Bu cür qadınlar müayinə keçdikdən sonra artıq südünü uşaq məsləhətxanasına yaxud ana südü təhvil verilən məntəqəyə verə bilərlər, bununla da onlar südü az olan analara kömək etmiş olurlar.

Südü nə vaxt sağmalı? 
Uşağın əmdiyi döş vəzisini dərhal sağmaq lazımdır. Uşaq hər iki döşü əmibsə əvvəlcə uşağın birinci dəfə götürdüyü döşü sağmalı. Hər dəfə südün sağılması azı 20-25 dəqiqə çəkməlidir. Birinci dəqiqələr südün damcı-damcı gəldiyini görüb döşün sağılmasını kəsmək olmaz. Yadda saxlamaq lazımdır ki, bəzən süd 10-15 dəqiqədən sonra gəlməyə başlayır.
Südü nə vaxta qədər sağmalı? Bu, həmişə südün nə üçün sağıl maşından asılıdır. Südü çoxaltmaq məqsədilə sağılırsa, ən çoxu 6-8 həftə sağmaq olar(uşaq sağlamdırsa). Bu müddətdə uşaq bədəncə möhkəmlənir və döşdəki südün hamısını özü sora bilir.
Uşaq vaxtından əvvəl doğulubsa və ya anadan olanda hər hansı qüsur olubsa, çox zəifdirsə, yaxud xəstədirsə uşaq döşü özü yaxşı əmənə qədər südü sağmaq lazımdır. Uşaq hər hansı səbəbdən (məsələn, xəstədirsə) döşü müvəqqəti pis əmirsə, yaxud ananın südü müvəqqəti azalıbsa, uşaq təzədən yaxşı əmənə qədər südü sağmaq lazımdır. Ana işləyirsə və bir dəfə əmizdirməni sağılmış südlə əvəz edirsə, uşağı döşdən ayırana qədər südü sağmaq lazımdır.
Ananın südü çox olduqda uşaqdan artıq qalan süd döşdə ağrılı düyünlər əmələ gətirməsin deyə sağılırsa, onda ana yüngülləşənə qədər sağmaq lazımdır, həddindən çox sağmaq onsuz da çox olan süd ifrazını artırır.
Çox vaxt ananın südü axır. Uşaq bir döşü əmən müddətdə o biri döşündən süd tökülür. Bundan başqa, ilk həftələr əmizdirmələr arasında hər iki döşdən süd axa bilər. Buna baxmayaraq, hər iki süd vəzisini müntəzəm sağmaq lazımdır. Ana həm uşağına döş verirsə, həm də sağırsa, bir neçə həftədən sonra daha döşdən süd axmır.
Döşdən süd axması ananı narahat edir: köynəyi, paltarı islanır, məmənin ətrafının dərisi qızarır, bəzən məmə çatlayır. Bəzi analar döşdən süd töküldüyün gördükdə uşağa süd çatmaya çağından qorxub daha döşü sağmırlar. Bu, yanlış fikirdir.
Əvvəla, döşdən çox az süd tökülür, ikincisi isə döşü müntəzəm sağdıqda süd ifrazı artır və itmiş südün yeri dolur.

Uşaq əmizdirən ananın şikayətləri 
Uşaq əmizdirən analar çox vaxt belinin ağrımasında şikayətlənirlər; onlar bunu hər hansı  bir xəstəlik əlaməti hesab edib hətta uşağa döş vermirlər.
Ola bilsin ki, ana həqiqətən də xəstədir, buna görə də belə hallarda həkimə müraciət etmək lazımdır. Lakin çox vaxt belin ağrımasına səbəb xəstəlik yox, əmizdirən vaxt ananın düzgün oturmamasıdır, bəzən də uşağı tez-tez və ya çox əmizdirməsidir. Ana uşağı əmizdirən vaxt qabağa əyilib stulun kənarında oturubsa və uşaq sallanıbsa, ananın beli ağrıyacaqdır. Süddən şişmiş iri döş vəziləri sallanır, buna görə də qadın bədəninə düzgün vəziyyət vermir, bu da belin ağrımasına səbəb olur. Döşü bintlə bağladıqda yaxud lifçik geydikdə beldə ağrılar daha olmur.
Aydındır ki, uşaq əmizdirən ananın qorxması və ya əsəbiləşməsi südün miqdarına təsir edir. Bəzi hallarda süd tamam kəsilə bilər. Ana nə qədər sakit olsa, uşaq bir o qədər yaxşı əmir. lakin ananı hər cür həyəcandan, təşvişdən qorumaq da mümkün deyil. Ana hər hansı bir həyəcan keçirdikdə südü azalsa da keyfiyyəti qətiyyən dəyişmir. Belə hallarda süd çatışmadığına görə yaxud ananın əsəbiliyi uşağa keçdiyi üçün o da əsəbiləşir. Süd müvəqqəti çatışmadıqda uşağa əlavə süd vermək lazımdır.
Bəzi analarda belə bir yanlış fikir var ki, guya uşaq əmizdirmək ananı kökəldir, buna görə də onlar "yaxşı qaməti saxlamaq" üçün uşağı əmizdirmək istəmirlər. Uşaq əmizdirən ana əmizdirmə rejiminə əməl edərsə və özünə fikir verərsə, kökəlməz. Adətən uşağı döşdən ayırandan sonra ananın əvvəlki qaməti bərpa olunur.

Aybaşı
Qadınların çoxunda uşaq əmizdirən dövrdə aybaşı olmur, lakin bəzilərində olur. Yanlış bir fikir vardır ki, qadında aybaşı başladıqda uşağı döşdən ayırmaq lazımdır. Aybaşıya görə uşağı döşdən ayırmaq düzgün deyil. Aybaşı başladıqda bəzi analarda süd ifrazı azalır və uşaq özünü narahat aparır, lakin bu 1-2 gündən sonra keçib gedir. Ana uşağı müntəzəm əmizdirərsə, süd ifrazı da qaydaya düşər.

Yorğunluq
Uşaq əmizdirən ana sağlam həyat tərzi keçirməli, işləməli, lakin özünü yormamalıdır, o təmiz ha­vada çox olmalı və yuxudan doymalıdır. Əksər hallarda yorğunluğa səbəb uşaq əmizdirmə yox, düzgün həyat tərzi keçirməmək yaxud əmizdirmə rejiminə əməl etməməkdir. Bəzi analar belə şikayətlənirlər: "Daha dözə bilmirəm, uşaq nə gündüz, nə gecə döşü buraxmır, buna görə də onu döşdən ayırmaq istəyirəm". Bu, uşağı düzgün tərbiyə etməməyin nəticəsidir ki, bunun da günahı ananın özündədir. Həqiqətən də o çox yorulur. Belə hallarda uşağı döşdən ayırmaq olmaz, xəstələnə bilər, lakin əmizdirməni qaydaya salmaq lazımdır.
Uşaq əmizdirən analar döş gilələrinin ağrımasından şikayətlənirlər. Adətən buna səbəb uşağın uzun müddət döşü əmməsi və ya ananın eyni döşü dalbadal əmizdirməsidir, bəzən ana məməni uşağın ağzına düzgün salmır. Çox vaxt döş gilələrinin ağrımasına səbəb süd vəzilərinə lazımınca qulluq edilməməsidir, xüsusən döşündən süd tökülən qadınlarda.

Döş gilələrində yara açılmasının qarşısını necə almalı
Döşə müntəzəm və yaxşı qulluq etmək lazımdır. Hələ hamiləlik dövründə döş gilələrinə qulluq etmək çox vacibdir. Hər gün döşü sabunla yumaq, döş gilələrini və bunların ətrafını təmiz dəsmalla silmək lazımdır. Bu, həm də yüngül masaj olub, məməni yumşaq saxlayır və çatlamağa qoymur.
Qadının məmələri çatlayıbsa yaxud yara açılıbsa həkimə müraciət etmək lazımdır. Həkimin təyin etdiyi müalicədən sonra da sağalmırsa, bir neçə gün südü sağmaq və döşü tamam sağalandan sonra uşağa vermək lazımdır. Belə hallarda südü tamam sağmaq lazımdır, çünki süd vəzisi tamam boşalmayanda süd ifrazı kəsilə bilər.

Uşağı döşdən ayırmaq
Uşaq döşü nə qədər yaxşı əmsə də, əvvəl-axır onu döşdən ayırmaq və yemək yeməyi öyrətmək lazım gəlir. Döşü yaxşı əmən uşaq döşdən ayrılmaq istəmir, buna görə də onu döşdən birdən-birə yox, tədricən ayırmaq lazımdır.
Uşağı döşdən nə vaxt ayırmağa başlamalı və bunu nə vaxt qurtarmalı? Uşağı döşdən ayırmağa başlamaq üçün əvvəlcə bir əmizdirməni başqa bir şeylə əvəz etmək lazımdır. Uşaq daha döş əmmirsə, deməli o döşdən ayrılmışdır. Uşağı birdən-birə yox, tədricən döşdən ayırmaq həm ana, həm də uşaq üçün yaxşıdır.
Uşağı 5-5.5 aylıqdan, yəni ona tərəvəz və meyvə verməyə başladıqdan sonra döşdən ayırmağa başlamaq, 10-12 aylıqda qurtarmaq lazımdır. 4-6 həftədən sonra bir əmizdirmə əvəzinə başqa yemək vermək lazımdır.
Uşağı döşdən tədricən ayırdıqda o süd əvəzinə aldığı başqa yeməyə alışır və döşdən asan ayrılır.
Bəzən uşaq döşü ananın nəzərdə tutduğundan tez atır, çünki elə yaxşı yeyir ki, daha onun döş əmməyə ehtiyacı olmur. Uşağı mümkünsə bir yaşına qədər döşdən ayırmayın. Uşaq döşdən nə qədər tez ayrılsa, bir o qədər qorxuludur. Yayda yoluxucu xəstəliklər çox baş verir, südəmər uşaq istiyə dözə bilmir, onun orqanizminin müqavimət qabiliyyəti azalır. Buna görə də uşağı döşdən kəsmək yaya düşdükdə, onu döşdən 2-3 ay gec kəsmək lazımdır.
Uşağı bir yaşı bitəndə döşdən tamam kəsmək olar. Bir yaşdan yuxarı böyük sağlam uşağa döş vermək lazım deyil, onun buna ehtiyacı yoxdur, çünki müxtəlif yeməklə­rin yaxşı yeyir və onun orqanizminin müqavimət qabiliyyəti artmış olur. Bir yaşdan yuxarı uşağa döş vermək tərbiyəvi nöqteyi-nəzərdən də düzgün deyil, belə vaxt o döşdən heç ayrıla bilmir.
Uşağı döşdən tədricən ayırmaq lazımdır. Əvvəlcə hər gün gündüz bir əmizdirməni buraxır, sonra axşam əmizdirir və axırda səhər əmizdirməni tərgidirlər. Nəticədə nəinki sutkalıq süd ifrazı azalır, həm də hər əmizdirmədəki südün miqdarı da azalır. Uşaq təkcə səhər əmdikdə, ananın südü azalır, bu vaxt uşağa əlavə yemək verilir və bir qədərdən sonra uşaq özü döşü daha götürmür.
Uşaq müntəzəm yedizdirilmişsə, onu boş döşü uzun-uzadı sormağa qoymamışlarsa, onun döşdən kəsilməsi səlamət keçir; döşdən ayırma müddətində döş əmizdirməni başqa yeməklə növbələmək lazımdır.
Uşağı heç bir hazırlıq görmədən birdən-birə döşdən ayırmaq pisdir (keçmişdə çox vaxt belə edirdilər, indi də bəzi qadınlar belə edirlər). Uşağı döşdən birdən-birə ayırdıqda uşaq təzə yemək qaydasına qəti etiraz edir, yeməyi ağzına almaq istəmir. Vaxtilə belə hallarda ana ac uşağın qışqırığını eşitməmək üçün evdən çıxıb gedirdi, yaxud uşağı müvəqqəti olaraq qohumlara verirdi ki, o tanış olmayan yerdə "sözə baxar" və təzə yemək qaydasına tez alışar. Bu cür üsullar uşağın sağlamlığına və əsəblərinə çox zərərdir.
Çox vaxt analar deyirlər ki, uşaq döşdən ayrılana qədər sakit idi, döşdən ayrılandan sonra isə ağlağan olmuşdur və yuxuya çətin gedir.
Uşağı döşdən birdən-birə ayırmaq ana üçün də zərərdir. Belə ki, döşdə süd durğunluğu çox vaxt isə süd vəzisinin iltihabı baş verir. Uşağı tədricən ayırdıqda bütün bu xoşagəlməz hallar baş vermir. Uşağı hətta tədricən ayırdıqda da axırıncı əmizdirmədən sonra bəzən ananın döş vəziləri şişib ağrıyır. Belə halda südü sağmaq olmaz, ana bir neçə gün duru yeməkləri: çayı, suyu azaltmalıdır. Döşə kompres qoymaq və işlətmə dərmanı (məsələn, ingilis duzu) içmək yaxşı təsir edir.

Yeni yeməkləri tətbiq etmək qaydası
Həkim icazə verdikdən sonra 4-5 aylıqdan uşağa azca duru kartof püresi vermək olar. Kartof püresinə hər cür tərəvəz (ispanaq, yerkökü, çuğundur, cəfəri və s.) qatmaq olar. Həmçinin uşağa göynoxudu, kələm, gül kələm də vermək olar, lakin bunların uşağın qarnında köp və sancı əmələ gətirib-gətirməməsinə fikir vermək lazımdır, uşağa xoşlamadığı, köp və ya ishal törədən tərəvəz verilməsini müvəqqəti dayandırmaq lazımdır. Birinci dəfə uşağa ancaq 1/2 çay qaşığı duru kartof püresi vermək lazımdır, əgər bu yemək onun xoşuna gələrsə, tədricən artırmaq olar. Uşaq gündə 80-100 q kartof püresi (yaxud başqa tərəvəz püresi) yeyirsə, bir əmizdirməni, tərəvəz və ya meyvə sıyığı ilə əvəz etmək olar, onda uşağa bir dəfəyə 50 ml meyvə şirəsi də vermək olar. Bu yaşda uşağa gilas, albalı, qırmızı qarağat, üzüm şirəsi və ya püresi yaxşıdır. Uşağa eyni gündə bir neçə meyvə vermək olmaz, alma püresi və başqa meyvələrin şirəsini vermək olar.
Uşaq kartof püresini və tərəvəz sıyığını iştaha ilə yeyirsə, həkimlə məsləhətləşib püreni su əvəzinə inək südü ilə bişirmək olar: sonralar uşağın yeməyinə hər gün bir çay qaşığı kərə yağı və ya bitki yağı qatmaq olar.
6-7 aylıq uşağa gündə 2 dəfə tərəvəz, habelə hər dəfədə 50 ml olmaqla gündə 2 dəfə meyvə şirəsi vermək və gündə 3 dəfə döş əmizdirmək olar. Bu vaxt uşağa 1/2 yumurta sarısı, yağsız ət bulyonu verilir.
Uşaq gündə təkcə 3 dəfə əmirsə, hər dəfə ona iki döşü də vermək lazımdır. Uşaq yaxşı inkişaf edirsə, gündə 5 dəfə əmizdirmək kifayətdir.
Döş əmizdirmə ilə əlavə yeməyi növbələmək lazımdır. Bu uşağın xoşuna gəlmirsə, ona 2 dəfə dalbadal əlavə yemək vermək olar. Fikir vermək lazımdır ki, uşaq susuzluq çəkməsin, hər dəfə əlavə yemək verdikdə çay da vermək lazımdır.
8-9 aylıqda daha bir əmizdirməni süddə bişirilmiş manna sıyığı (150-200 q) ilə yaxud həmin miqdarda inək südü və ya kefirlə əvəz etmək olar. Bu yaşda uşağa kəsmik, ət və balıq qiyməsi, sup, suxarı, gündə 1-2 dəfə - səhər və axşam yaxud yalnız səhərlər döş verilir.
10-12 aylıqda axırıncı səhər əmizdirməsi də kəsilir. Bu vaxt döş vəzisində süd az olur, uşaq yaxşı əmə bilmir və bir müddətdən sonra döşü atır. O döşdən tamam ayrılır. Uşaq müxtəlif cür və tam səmərəli qida alır. Yadda saxlamaq lazımdır ki, uşağa əlavə yeməyi və yeni yeməkləri uşaq məsləhətxanasının həkiminin nəzarəti altında vermək lazımdır.

Mənbə: Ananın məlumat kitabı
Müəllif: Laslo Maqda,Peterno Pikler Emmi

Go Back

Uşaqları peyvənd etdirək, ya yox? - Həkim məsləhəti

 

“Uşaqların peyvənd olunması çox vacibdir. İlk növbədə immunoprofilaktika yoluxucu xəstəliklərin qarşısının alınması, məhdudlaşdırılması və ləğvində çox mühüm rol oynayır”.

 

Aile.lent.az-ın məlumatına görə, bunu APA TV-nin “Sosium” proqramının qonağı, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva deyib. Onun sözlərinə görə, yoluxucu xəstəliklər və onların fəsadlarını aradan qaldırmaq müəyyən zaman tələb edir: “Məhz buna görə, valideynlərdən xahiş edirəm ki, uşaqlarını bu peyvəndlərdən kənarda qoymasınlar. Bir iynənin, vaksinin vurulması ilə uşaqların ağlamasına fikir verilməməlidir. Bir iynənin vurulmasından uşaqların ağlamasından narahat olmayın. Yoluxucu xəstəliklərə yoluxmaq və onun ağır nəticələri ilə üzləşməkdənsə, peyvəndin vurulması daha yaxşıdır. Yoluxucu xəstəliklər uşaqların orqanizminə mənfi təsir edir və bu fəsadların aradan qaldırılması bütün valideynlərə mənəvi və maddi cəhətdən zərbə vurur. Məhz buna görə də, bütün uşaqlar Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndlə əhatə olunmalıdır”.

 

G.Azadəliyeva bildirib ki, ölkəyə 9 adda vaksin gətirilir ki, bu vaksinlər 11 adda xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır. “Azərbaycanda uşaqlar doğum evində ilk 12 saat ərzində Hepatit B-yə qarşı peyvənd alır. Doğuşdan 3-7 gün ərzində uşaqlara vərəmə qarşı BSJ, uşaq iflicinə qarşı polimelilit peyvəndi vurulur. 2 aylığında göy öskürək, tetanus, difteriya qarşı HİP, pnevmoniya əleyhinə pnevmokok vaksini alır. Pnevmokok vaksini uşaqları pnevmoniyadan, meningitlərdən, artiritlərdən qoruyur. Bu ilin fevralın 15-dən 6 aylıq uşaqlara İPV vaksinini tətbiq edirik. Bununla yanaşı, pnevmokokun 3-cü vaksinini edirik. Bundan başqa, polimelitetə qarşı iynə şəklində vaksinasiyadan istifadə olunur. Bu polimelit viruslarından qoruyur. Bundan başqa, 1 yaşında uşaqlara qızılca, məxmərək, paratit vaksinasiyasını aparırıq. Bu vaksinasiyalar aparılması, uşaqlar bu xəstəlikləri ağır keçirdir. Uşaqlara təqvimə uyğun peyvəndlər vurulsa, onlar xəstəliklərə yoluxmaz və ya daha yüngül keçirər. Qızılca xəstəliyinə qarşı peyvənd olunan uşaq heç vaxt bu xəstəliyi keçirmir. Amma peyvənd almayan uşaqlarda bəzi hallarda bu xəstəlik nəticəsində şikəstlik əmələ gələ bilər və ya digər ağırlaşmalar baş verə bilər. 1 yaş 6 aylığında 5 komponentli HİP-in yerinə göy öskürək, tetanus, difteriya qarşı revaksinasiyası dediyimiz AKDS adlanan vaksindən istifadə edirik. Bununla yanaşı, polimelit revaksinasiyası aparılır. 6 yaş tamamında qızılca, məxmərəyə, difteriya, tetanusa qarşı peyvənd vurulur. Bu peyvəndləri zəncirvari tətbiq etməkdə məqsədimiz odur ki, müəyyən dövrlərdə vaksinasiyadan kənar qalan uşaqlar revaksinasiyalar nəticəsində immunitet qazansın və yoluxucu xəstəliklərə yoluxmasın”.

 

Onun sözlərinə görə, sağlam uşaqlar mütləq peyvənd olunmalıdır. Müəyyən xəstəlik keçirən uşaqlara isə yalnız sağaldıqdan sonra peyvənd vurulmalıdır: “Uşaqların yalnız  pediatr yoxlamasından keçəndən sonra peyvənd olunmasına icazə verilir. Amma müəyyən xəstəliklər var ki, məsələn qan xəstəlikləri olan uşaqlara peyvənd vurulmamalıdır”.

 

G.Azadəliyeva qeyd edib ki, peyvənd vurulandan sonra müəyyən reaksiyaların olması valideynlərdə narahatlıq yaratmamalıdır: “Peyvənd vurulan zaman orqanizmə yad cisimlər daxil olur. Vaksinlər vurulan zaman orqanizmdə antitellər əmələ gəlir. Buna görə də bu reaksiyalar olmalıdır. İstər istəməz, bəzi vaksinlərdə 10-15% müəyyən reaksiyalar olur. Bu reaksiyalar, temperaturun yüksəlməsi, ağrı, şişkinlik müşahidə edilirsə, bu o deməkdir ki, orqanizm bu xəstəliklərə qarşı immunitet yaranır. Bütün peyvəndlərdə ayrı-ayrı ağırlaşmalar var. Məsələn, müəyyən səbəblərdən 5 komponentli HİP-də temperaturun yüksəlməsi, anafilaktik şok, ensefalopatiya kimi ağırlaşmalar olur. Ancaq bu milyonda bir müşahidə edilir. Bununla bağlı statistik rəqəmlər var. Bizdə peyvəndlərdən sonra ağır ağırlaşmalar qeydə alınmayıb. Həmin statistik göstəricilər təhlil olunur və sonra vaksindən istifadə ilə bağlı qərar verilir. Bütün dünyada bu vaksinlərdən istifadə edir”.

 

Həkim Hindistanda və bəzi ölkələrdə istehsal olunan peyvəndlərin keyfiyyətsiz olması ilə bağlı fikrilərlə razılaşmır. Onun sözlərinə görə, ölkəyə gətirilən bütün peyvəndlər yoxlamadan keçir.

 

Vaksinasiyadan ağır hallar, ölüm hadisələrinin baş vermədiyini əsas gətirən G.Azadəliyeva valideynlərə müraciət edərək yoluxucu xəstəliyin fəsadları ilə üzləşməmək üçün övladlarına peyvəndin vurulmasını məsləhət görür.

aile.lent.az

Go Back

Südəmər uşağın inkişafı

Yeni doğulmuş uşaqlar anadan olan kimi çəkidə artmırlar. Birinci 3-4 gün onların çəkisi bir qədər azalır. Sonra bir neçə gün çəki gah artır, gah azalır və adətən iki həftəliyində uşaqlar anadan olandakı çəkiyə çatırlar, sonralar isə onların çəkisi müntəzəm artmağa başlayır.

Südəmər uşağın çəkisi müntəzəm artmalıdır.
Südəmər uşağın çəkisi nə qədər artmalıdır? Ayda orta hesabla 0,5 kq. Lakin bu hələ təxmini rəqəmdir. Adətən 2 aylığından 6 aylığa qədər onların çəkisi daha çox artır, 6 aylığından başlayaraq uşaqların çəkisi bir qədər az artır. Məsələn, 5-6 aylığında uşaqların çəkisi anadan olandakı çəkidən təxminən iki dəfə çox olub 6 kq-a qədər olur; 12 aylığında doğulandakı çəki təxminən 3 dəfə artır və 9-10 kq-a qədər olur.
Sonralar uşağın çəkisi ildə orta hesabla 2 kq-a qədər artır. Beləliklə, uşaq bir yaşa qədər daha sürətlə böyüyür. Bir çox analar elə bilirlər ki, uşaq iki yaşına girdikdə çəkidə birinci ildəki kimi sürətlə artacaqdır. Bəzi analar isə elə bilirlər ki, uşaq nə qədər iri olsa, çəkidə də bir o qədər çox artmalıdır. Uşağın çəkisi hər il 6 kq artsaydı, o eybəcər bir adam olardı.
Bütün uşaqlar bir yaşında 9 kq gəlmir. Bədən quruluşu zəif uşaqların çəkisi 1 yaşında 8 kq-dan çox olmur. Halbuki onlar normal inkişaf edirlər. Onların valideynlərinin çəkisi də südəmər vaxtı yaşıdlarından az olmuşdur, Südəmər uşaqlar 10-11 kq da gələ bilər.

Uşağın anadan olduğu vaxt və sonralar çəkisi
Uşağın sonrakı inkişafı anadan doğulandakı çəkidən asılı deyil. Bir çox bədəncə iri adamlar anadan olanda xırda olublar və əksinə, bədəncə zəif bəzi valideynlər anadan olanda iri olublar. Anadan olanda çəkisi az olan sağlam uşaqların çəkisi normal çəkiyə çatana qədər müntəzəm artır və onlar tez böyüyürlər. Belə ki, anadan olanda 2-2,5 kq gələn uşaqların çoxunun çəkisi 3 kq gələn uşaqlardan tez artır. 12 aylığında belə uşaqların çəkisi 7,5 kq yox, 8-8,5 kq, bəzən də 9 kq olacaqdır. Lakin anadan olanda 4 kq gələn uşağın çəkisi bir yaşında üç dəfə artmayıb, yalnız 8,5-9 kq olarsa, bu o deməkdir ki, uşaq yaxşı inkişaf etsə də, çəkidə az artır. Bəzi uşaqlarda çəki artımı həmişəkindən bir qədər gec başlaya bilər.

Uşağın çəkisinin normal artması üçün nə etməli?
Birinci növbədə düzgün əmizdirməli! Lakin bununla iş bitmir. Çəkinin normal artması üçün təmiz havanın, müvafiq hərəkətlərin, uşağın yaxşı əhvali-ruhiyyəsinin və s. Də böyük əhəmiyyəti vardır. Uşaq pis artırsa, bunun səbəbini tapmaq lazımdır. Ola bilsin ki, uşağın yeməyi onun yaşına uyğun deyil, yaxud uşağa təmiz hava çatmır. Bəzən uşağın çəkisinin pis artmasına səbəb onun əhvali-ruhiyyəsini pis olmasıdır, lakin ola bilər ki, xəstədir və buna görə də pis artır.
Çəkinin artması uşağın inkişafının bir hissəsidir. Uşağın ümumi inkişafı üçün bütün şərait yaradılmış olsa çəki bir bərabərdə və normal artacaqdır. Diqqət: ən kök uşaqla daha çox inkişaf etmiş uşaqlar deyildir və çəkidə tez artan uşaqlar ən sağlam uşaqlar deyildir. Bəzi uşaqlar düzgün qidalanmadıqda çəkidə tez arta bilərlər, lakin bu artım sümük skeletinin, əzələlərin və üzvlərin hesabına yox, çay, su çox içilməsi hesabına olur; onların bədəninin müqavimət qabiliyyəti az olur, buna görə də tez-tez xəstələnirlər.

Bədənin uzunluğu
Vaxtında doğulmuş uşağın boyu təxminən 50 sm olur; bir yaşında bədənin uzunluğu adətən 75 sm-ə çatır. Sonralar uşaqların boyu ildə 6-8 sm artır; 4 yaşında uşağın boyu təqribən 1 m olur. Adətən oğlanların boyu qızlardan hündür olur.

Südəmər uşağın bədəninin proporsiyası
Südəmər uşağın bədəninin proporsiyası böyük adamdan fərqlənir. Bədənə görə baş böyük, qıçlar gödək olur. Anadan olanda uşaqların birinin bədəni uzun, o birisinin gödək olur, sonralar gec boy artırlar,yaxud sürətlə boy atırlar. Ayrı-ayrı əlamətlərə görə uşağın ucaboy yaxud alçaqboy olacağını, nə vaxt yetkin yaşa çatacağını qabaqcadan təyin etmək mümkün deyil. Bunu ancaq cinsi yetişkənlik dövründə bilmək olar.

Mənbə: Ananın məlumat kitabı
Müəllif: Laslo Maqda,Peterno Pikler Emmi

Go Back

Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri tövsiyə edirlər ki, həm təbii (ana südü ilə), həm də süni qida (süni süd qarışıqları) qəbul edən uşaqların rasionuna əlavə qidaları (sıyıqlar, şirə, püre və s.) 6 aydan başlayaraq daxil etmək olar.

Çünki bu dövrədək körpə orqanizmi yeni qidanı həzm etməyə hazır olmur. 5-6 ayına qədər əlavə qidaları qəbul etməyə başlayan uşaqlarda allergiyalara və mədə-bağırsaq pozulmalarına daha tez-tez hallarda təsadüf edilir.

Əlavə qidaya tədriclə, kiçik dozalarla başlayın. Əsas qidalanmadan sonra yeni qidanı körpənin ağzına damızdırmaq və ya çay qaşığının ucunda vərmək lazımdır. Günbəgün əlavə qidanın miqdarını artırın.

Yeni qidanın ilk dozası nə qədər az olarsa və gec artırılarsa, atopik dermatitlərin (diatez) baş vermə ehtimalı bir o qədər azalar.

Hər yeni qida əsas qidadan sonra və ya mümkün olarsa, əsas qidaya qatılaraq verilir. Körpənin qida rasionuna 7-10 gün ərzində 1 növdən artıq əlavə qida daxil etməyin. Çünki körpənin yeni qidaya alışması üçün ən azı 7 gün tələb olunur.

Edilməli olan peyvəndə 3 gün qalmış və peyvənd edildikdən 3 gün sonra, dişlər çıxan zaman ilk 1 həftə ərzində, tənəffüs yollarının virus infeksiyaları və digər kəskin xəstəliklər zamanı da körpələrin qida rasionuna yeni qida məhsulunun əlavə edilməsi məsləhət olunmur.

Nəzərə almaq lazımdır ki, bəzən yeni qidanın tamı körpənin xoşuna gəlməyə bilər. Bu halda o, yeni qidanı tüpürəcək və ya ondan imtina edəcək. Bu halda həmin qidanı təkrarən bir neçə dəfə ona yedizdirməyə çalışın, ancaq körpəni zorla yeməyə vadar etməyin.

6 ayından sonra uşaq orqanizmində müəyyən mikroelementlərin (xüsusən dəmirin və sinkin) defisiti yaranın ki, bu mikroelementləri mütləq bərpa etmək lazımdır. Beləliklə, hansı əlavə qidalarından başlamaq lazımdır?

6 ayından başlayaraq körpələrə əvvəl sıyıqlar vermək lazımdır. Hipoallergen sıyıqlardan başlayın -  düyü, qarabaşaq (“qreçka”), qarğıdalı. Bu yarmalarda uşaqlarda tez-tez allergik reaksiyalara səbəb olan bitki mənşəli zülal "qluten" yoxdur. Daha sonra manna (bu yarmanı tez-tez vermək olmaz), yulaf və s. yarmalarından hazırlanan sıyıqları vermək olar. Sıyıqları verməyə başladıqda uşaqlar üçün olan hazır sıyıqlara üstünlük verin (sıyıq uşağın yaşına uyğun olmalı və tanınmış istehsalçı tərəfindən istehsal olunmalıdır). Ev şəraitində hazırlanan sıyıqlarla müqayisədə hazır sıyıqlara körpə daha asan uyğunlaşır, bu sıyıqlara allergik və s. reaksiyalar daha az-az hallarda olur.

Əvvəl südsüz sıyıqlardan başlayın, daha sonra sıyıqlara uşaqlar üçün xüsusi buraxılan quru süd, ana südü və ya süni süd əlavə etmək olar (və ya hazır südlü sıyıqları almaq olar). Nəzərinizə çatdıraq ki, inək (və ya keçi) südü uşağın pəhrizinə yalnız 1 yaşından (bəzi pediatrların fikirinə görə, 2 yaşından) sonra daxil etmək olar.

6-aylıq körpə gün ərzində adətən 5 dəfə qida qəbul edir (1 dəfə sıyıq, 4 dəfə ana südü və ya süni süd).

2-ci əlavə qida kimi körpələrin menyusuna meyvə və tərəvəzlər daxil olunmalıdır. İlk növbədə gül kələmi, kartof, yunan qadağından (meyvələrdən - alma və banandan) başlamaq olar. Əvvəl bir növ tərəvəz və ya meyvədən başlamaq lazımdır (məsələn, kartof püresi). Sonra isə püreyə tədricən bir neçə digər tərəvəz daxil etmək olar (məsələn, kartof + gül kələmi, sonra kartof + gül kələmi + kök və s.). Daha sonra uşağın pəhrizinə kök, balqabaq, pomidor, noxud, lobya, ispanaq və s. əlavə olunur.

Bir çox hallarda uşaqlar tərəvəzlərə qarşı ehtiyatlı olurlar. Tez bir zamanda siz də uşağınızın hansısa bir neçə tərəvəzi “sevmədiyini” aşkar edə biləcəksiniz. Onlara bu tərəvəzləri məcburi olaraq yedirtməyin, ancaq hər ay onlara təklif edin. Bir çox uşaqlar, tərəvəzlər azca (!) duzlanmış olduqda onları daha yaxşı yeyirlər. Tərəvəz pürelərinə az miqdarda bitki yağı (xüsusən zeytun yağı) əlavə etmək olar.

Tərəvəzlərin miqdarını artırmağa tələsməyin, uşağın mədə-bağırsaq sisteminin onlara uyğunlaşmasına vaxt verin. Əgər tərəvəzin qəbulundan sonra uşağın nəcisi sulu şəkildə olarsa, onlara bu tərəvəzləri verməyin, bir aydan sonra isə kiçik paylarla olmaqla yenidən verin. Çuğundur uşağın nəcisini və sidiyini qırmızı rəngə boyayır. Uşağa çuğundur yedirtməyinizi yadınızda saxlayın ki, sonra bunun səbəbinin "qan qarışığı"  olmasını düşünərək təşvişə düşməyəsiniz.
Meyvə və tərəvəzlər mütləq mövsümi olmalıdır (yəni qışda ərik, şaftalı, badımcan və s. vermək olmaz). Tərəvəzləri az miqdarda suda və ya buğda bişirmək və sonra blenderdə əzmək lazımdır.

Daha sonra püreni sürtgəcdən keçirməklə və ya çəngəllə əzməklə də vermək olar. Belə qida dərhal udulmur, müəyyən bir müddət ərzində ağızda saxlanılaraq çeynəmə refleksinin formalaşmasına kömək edir. Belə qidanın verilməsi 7 ayına qədər baş verməzsə, gələcəkdə uşağın çeynəməsində və bərk qidanı udmasında müəyyən problemlər yarana bilər və o belə qidanı qəbul edəndə boğula bilər və ya qidanı qusa bilər.

Uşaq bərk qidanın qəbul edilməsinə hazır olduqda (lazım olan reflekslər, həmçinin çeynəmə refleksi formalaşdıqda; qida fermentləri aktiv olduqda; dişlər çıxdıqda) – bu, uşağın 8-9-cu aylarına təsadüf edir – onun qidasına tikə-tikə olan yeməklər də əlavə oluna bilər. Bu zaman uşağa qabığı soyulmuş çiy armud, alma, kök, çörək və ya peçenye tikəsi də vermək olar. Uşagın dişlərinin sayı 6-8-ə çatdıqda ona daha uzun müddət çeynənmə tələb edən qidalar da vermək olar.

Uşağın ilk 6-8 aylığında bütün meyvələr (banandan savayı) suda bişmiş şəkildə verilir. Meyvəni az miqdarda suda bişirmək, sonra az miqdarda şəkər tozu əlavə edərək blenderdə əzmək  lazımdır. Adətən, uşaqlara alma, şaftalı, armud, ərik, qara gavalı və s. meyvələr verilir. Uşağın iştahasından və mənimsəməsindən asılı olaraq, meyvələri uşağa istənilən qidalandırılma zamanı (meyvə püresinə uşaq üçün olan xüsusi peçenye və ya suxarı əlavə etmək olar), hətta gün ərzində iki dəfə də vermək olar.

Uşaqlar üçün olan hazır meyvə və tərəvəzlər konservlərindən istifadə edilməsi (xüsusən yeni qidalara uşaq təzəcə öyrəşdikdə) daha yaxşıdır.

Müxtəlif meyvə şirələrini uşağın pəhrizinə meyvələri daxil etdikdən sonra daxil etmək  olar. 1 yaşlı uşağa təxminən 70-100 ml şirə vermək olar. Şirəni şürəçəkəndə yox, əl ilə çəkmək daha yaxşıdır ki, bu halda meyvədə olan bütün xeyirli maddələr saxlanılır. Şirəni çəkdikdən sonra dərhal uşağa vermək lazımdır.

Hər bir meyvəyə öyrəşmək üçün uşağa müəyyən bir vaxt vermək lazımdır. Bir çox uşaqlara bir dəfəyə 50-60 qr meyvə verilməsi kifayət edir.

Meyvələr, xüsusən də qara gavalı uşağın nəcis ifrazının tənzimlənməsinə çox yaxşı kömək edir. Qara gavalı yüngül işlədici təsirə malikdir, ona görə də xroniki qəbizliyi olan uşaqlar üçün o, ikiqat qiymətli hesab olunur. Belə uşaqlara gün ərzində bir qidalanma zamanı sürtgəcdən keçirilmiş qara gavalı, digər qidalanma zamanı isə hər hansı digər meyvələr vermək olar.

Əksinə, əgər sizin uşağınızda tez-tez ishal olursa, meyvələri ona gün ərzində yalnız bir dəfə vermək, qara gavalını isə onun qida rasionundan, ümumiyyətlə, çıxarmaq lazımdır.

6-7 aylığından başlayaraq (ailə üzvlərində irsi olaraq allergiya olarsa, bu halda 8 aylığından etibarən) uşağa yumurta sarısı verməyə başlamaq olar. Yumurta sarısını suda bərk halda olmaqla bişirdikdən sonra (20 dəqiqə ərzində) vermək olar, çünki istənilən qida məhsulu nə qədər çox bişirilərsə, allergiyanın baş vermə ehtimalı o qədər azalmış olur. Yumurta sarısını sıyıq və ya tərəvəz püresi ilə qarışdırmaq olar. Uşağın qida rasionuna ət daxil etdikdə isə, yumurta sarısını səhər və ya axşam yeməyinə, əti isə onun günorta yeməyinə salmaq olar. 1 yaşına qədər uşağa həftədə 2-3 dəfə olmaqla 1/2 yumurta sarısı vermək olar.

3-cü əlavə qida kimi uşağın pəhrizinə (uşağın 8 ayından başlayaraq) ət əlavə olunur. Ət uşaqlar üçün çox xeyirli olan bir qida məhsuludur. Həftə ərzində 2-3 dəfə ət vermək olar (müxtəlif tərəvəzlər əlavə olunmuş suplar şəklində). Bunu yağsız mal ətindən başlamaq, sonra isə ona dana, qoyun, toyuq əti, qara ciyər də vermək olar.

9 ayından sonra uşağın qida rasionuna yağlı olmayan ağ balıq (xanı balığı, treska, kambala) əlavə etməyə icazə verilir (balıq az suda bişirilir və ya buğda hazırlanıb püre şəklində uşağa verilir). Təəssüflər osun ki, bir çox uşaqlar balıq yeməyi sevmirlər. Bu halda onları balıq yeməyə məcbur etməyin. Lakin bu zaman uşaqda allergik reaksiyaların (səpgilər, nəcisin dəyişilməsi və s.) olub-olmamasına fikir vermək lazımdır (balıq allergik xüsusiyyətlərinə malikdir).

8 aylığında uşaq 4-5 dəfə qida qəbul edir. 3-4 dəfə əlavə qidalar (sıyıq, meyvə, tərəvəz, ət, süd məhsulları - xüsusi uşaq üçün olan kəsmik, yoqurt, kefir), 1-2 dəfə isə ana südü və ya süni süd verilə bilər.

Bundan əlavə uşağa xüsusi uşaq üçün buraxılan suxarı (tərəvəz pürelərinə və suplara əlavə etmək olar), peçenye (meyvə pürelərinə əlavə etmək olar) və çörək vermək olar.

Bir yaşına kimi uşağa bal, suda bişmiş ilıq yumurta, yağlı, duzlu, qızarmış yeməklər, şəkər, qazlı sular vermək olmaz.

Beləliklə, 6 aylığından etibarən sizin uşağınızın qida rasionuna sıyıqlar, yumurta sarısı, meyvələr, tərəvəzlər və ət kimi qida məhsulları daxil edilir. Adətən, onların uşağa verilməsi aşağıdakı kimi paylaşdırılır: sıyıq və yumurta sarısı səhər yeməyində, ət və tərəvəzlər nahar zamanı, sıyıq və meyvələr axşam yeməyində. Ancaq bunu dəyişilməz qayda kimi də qəbul etmək lazım deyil. Uşağınızı sizə və ona rahat olan kimi də qidalandıra bilərsiniz. Əgər uşağın nəcisi bərkdirsə, hər axşam yeməyi zamanı ona sıyıq və qara gavalı, səhər yeməyinə isə əlavə olaraq digər meyvələr vermək olar.

Bəzi hallarda (uşaqda raxit, dəmirdefisitli anemiya, həzm sistemi pozulmaları olduqda  və s.) uşağın rasionuna əlavə qidaların daxil olunması digər sxem üzrə həyata keçirilə bilər. Bu halda həkim belə uşaq üçün xüsusi sxem hazırlaya bilər.

saglamolun.az

Go Back

Uşağı güvəcə öyrəşdiririk

Bir çox valideynlər üçün bu böyük problemə çevrilir. Xüsusilə də bu prosesə analar, qaynanalar, qonşular və s. qoşulduqda. 

Cavan ana hər gün onlarla bu kimi əfsanələrə qulaq asmalı olur: "Mənim uşağım 1 yaşına çatmamış özü güvecə gedirdi" və ya "Uşaq 1 yaşında özü başa salmalıdır ki, o güvəcə istəyir" və ya "Sən uşağı vaxtında güvəcə öyrəşdirməsən, o xəstə olacaq" və s. Nəticədə cavan ana stres vəziyyətinə düşür, özünü "günahkar" hesab edir, uşağı zorla tez bir zamanda güvəcə öyrəşdirməyə çalışır (bu isə, təbii ki, lazım olan nəticə vermir).

Əslində isə burada heç bir ciddi problem yoxdur. Bütün sağlam uşaqlar təxminən 3 yaşına kimi "güvəc" elmini tam və uğurla mənimsəyir və daha sonra heç vaxt "unutmur".

Qızlar oğlanlarla müqayisədə, sakit uşaqlar isə əsəbi uşaqlarla müqayisədə  güvəcə daha tez öyrəşir.

İlk növbədə demək lazımdır ki, həkimlərin müşahidələrinə görə, uşaq yalnız 1,5-1,8 yaşında öz təbii təlabatlarını qismən kontrol etməyi bacarır - sidiyini və nəcisini bir müddət saxlaya bilir. O vaxta kimi hər şey qeyri-iradi şəkildə baş verir - dolmuş sidik kisəsi və bağırsaqlar uşağın istəyi olmadan özü özündən reflektiv olaraq boşalır.

Beləliklə, 1,5-1,8 yaşına kimi uşağı güvəcə öyrəşdirmək praktik olaraq mümkün deyil. Əgər siz eşitsəniz ki, hər hansı uşaq 1 yaşında "sərbəst güvəcə gedirdi", bu sadəcə o deməkdir ki, onun anası müəyyən əlamətlərdən onun istəyini başa düşür və vaxtında uşağı güvəcə oturdurdu. Burada uşaq tərəfindən dərk edilmiş hərəkətdən söhbət gedə bilməz.

Uşağı güvəcə öyrəşdirməyə qərar vermisinizsə, çox səbirli olun. Ola bilsin ki, bunun üçün sizə aylar lazım olacaq. Uşağı cəzalandırmayın, qorxuzmayın, döyməyin. Bu sizin işinizi daha da çətinləşdirəcək. Uşağın psixikasına isə çox mənfi təsir edəcək.

Uşağa rahat, rəngli və keyfiyyətli güvəc alın. Qızlar üçün yumuru, oğlanlar üçün isə oval  formasında güvəc uyğun gəlir.

Hal hazırda satışda müxtəlif səs və işıqlarla "təchiz edilmiş" güvəclər var. Lakin həkimlər onlardan istifadə etməyi tövsiyə etmir. Məsələ burasındadır ki, uşaqlar belə güvəcləri oyuncaq kimi qəbul edir (düymələrə basır, içinə oyuncaqlar yığır və s.) və bu onlara yalnız mane olur.

Güvəc aldıqdan sonra uşağa onun "təyinatını" (uşaq dilində!) başa salın. Uşağı güvəcə otuzdurun. Lazım olan nəticə əldə edilməsə də, uşağı 5 dəqiqədən artıq güvəcdə saxlamayın ki, güvəcdə oturmaq uşaq üçün oyuna çevrilməsin. Uşaq istəmədikdə, onu zorla güvəcdə saxlamayın.

Güvəci tualet otağında və ya hamamda saxlayın. Hər istifadədən sonra gigiyenik vasitələrin köməyi ilə əsaslı surətdə yuyun. Uşağa güvəclə oynamağa icazə verməyin.

Səhər və günorta yuxudan oyandıqdan sonra, yeməkdən, gəzməkdən gəldikdən sonra uşağı güvəcə otuzdurun. Lazım olan "nəticə" əldə olunubsa, uşağı mütləq tərifləyin.

Bəzən valideynlər maraqlanır ki, uşağı güvəcə öyrəşdikdə "pampers"lərdən istifadə etmək olarmı? Həkimlərin müşahidələrinə görə, "pampers" güvəcə öyrəşməsinə mane olmur. "Pampers" saxlamaq olar. Hal hazırda "tuman" şəklində "pampers"lər buraxılır. Güvəcə oturduqda uşaq onları aşağı salır (tuman kimi) sonra da geyinir.

Gün ərzində uşaqdan tez-tez soruşun: "Güvəcə istəmirsən?".

Öyrənmənin əvvəlində uşaq tez-tez "səhvlər" edəcək. Vaxt keçdikcə "səhvlərin" sayı azalacaq. Səbirli olun.

Təxminən 2 yaşında uşaq öz bağırsaqlarını, 3 yaşında isə sidik kisəsini kontrol etməyə bacarır. Lakin bəzən hətta 2,5-3 yaşında olan uşaq yorulduqda və ya başı oynamağa qarışdıqda sizə xoşagəlməz "sürpriz" edə bilər. Bu halda da uşağı cəzalandırmayın.

4 yaşında uşaqların bir çox hissəsi gecə saatlarında sidik ifraz etmək üçün oyanır. Əgər 4 yaşından sonra uşaq gecə saatlarında sidik ifraz etmək üçün oyanmır və yataq yerini isladırsa, mütləq bu haqda pediatrla məsləhətləşin. Lazım olduqda pediatr uşağı digər mütəxəssislərə göstərməyi tövsiyə edəcək.

Əgər uşaq bütün sizin cəhdlərinizə baxmayaraq, güvəcdən istifadə etmək istəmir, ağlayır, isterikaya düşür və s. bu haqda nevropatoloq və uşaq psixoloqu ilə məsləhətləşin.

 

Mənbə: http://lib.komarovskiy.net, rebenok16.ru

Saglamolun.Az

Go Back

Uşaq peyvənd olunubsa, bunlara riayət edin - 5 QAYDA

Son zamanlar bəzi valideynlər uşaqlara peyvəndlərin vurulmasından imtina edir. Bu, çox təhlükəli haldır. Bununla valideyn tək öz uşağını deyil, digər uşaqları da təhlükə altına salır.

İmtinaya səbəb kimi valideynlər peyvənddən sonrakı "reaksiya"lardan qorxduğunu göstərirlər. Lakin statistika göstərir ki, 99,9% hallarda peyvənddən sonra mümkün olan fəsadların səbəbi peyvənd yox, uşaq orqanizminin xüsusiyyətləri və bir çox hallarda uşağa düzgün olmayan baxımdır.

Peyvəndlərdən sonra mümkün olan fəsadları minimuma çatdırmaq üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır. Aile.lent.az saglamolun.az-a istinadən həmin qaydaları təqdim edir.

1. İlk növbədə yalnız tam sağlam uşaq peyvənd oluna bilər. Əgər uşaq vaksinasiyaya yaxın 1 ay ərzində heç bir ciddi xəstəlik keçirməyibsə, vaksinasiya günü uşaqda hər hansı xəstəlik, zökəm, öskürək, səpgilər, hərarət, ishal, qəbizlik yoxdursa, uşaq peyvənd oluna bilər. Lakin hər halda peyvənddən əvvəl uşaq mütləq həkim tərəfindən müayinə olunmalıdır.

Soyuqdəymə, qripp, digər infeksion xəstəliklikdən sonra 1 ay gözləmək lazımdır. Daha tez vurulan peyvənd müxtəlif ağırlaşmaların inkişafına səbəb ola bilər.

2. Peyvənddən 1 gün əvvəl, peyvənd günü və peyvənddən 1 gün sonra uşağı həddindən artıq yedizdirməyin. Bağırsaq nə qədər az yüklənərsə, o qədər yaxşıdır. Uşağa kifayət qədər maye verin.

Peyvənddən 1 gün əvvəl, peyvənd günü və bir neçə gün sonra (1 həftəyə qədər) uşağa yüksək allergiya xüsusiyyətlərinə malik olan qida məhsulları (yumurta, balıq, sitrus meyvələri, qoz-fındıq, şokolad, konservləşdirilmiş məhsullar, yağlı bulyonlar və s.) vermək olmaz.

Körpə uşaqların qidalanmasına peyvənddən 1 gün əvvəl, peyvənd günü və peyvənddən təxminən 1 həftə sonra yeni qidaları daxil etmək olmaz.

3. Peyvənd olunduqdan sonra uşağı soyuqdəymədən, infeksiyalardan qorumaq, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq lazımdır. Bu məqsədlə uşağı dükana, uşaq bağçasına, teatra və s. yerlərə aparmayın.

4. Bütün peyvəndlər üçün müəyyən əks göstərişlər mövcuddur: əvvəlki peyvəndə qarşı güclü reaksiya və ya postvaksinal fəsadlar, ilkin immunodefisitlər, onkoloji, autoimmun, proqressivləşən sinir sistemi xəstəlikləri, allerqik xəstəliklər. Bunu mütləq nəzərə almaq lazımdır.

5. Valideynlər həkimdən peyvənddən sonra uşaqda baş verə biləcək fəsadlar haqqında ətraflı məlumat almalı və lazım olduqda dərhal həkimə müraciət etməlidir.

olaylar.az

Go Back

Körpə nəcisə gedə bilmirsə nə etməli

Bir əmizdirmə məsləhətçisi kimi tez-tez  anaların narahatlığını müşahidə edirəm. Narahatlığa əsas səbəblərdən biri 2-6 ay arası çağa və körpə uşaqların qeyri-mütəmadi və gec-gec (3-4 gündə bir dəfə) nəcisə getməkləridir.

Bu hal ilə üzləşən analar  müxtəlif vasitələrə (imalə, pipetka, termometr, sabun və s.) əl ataraq uşağa bayıra çıxmağa kömək etmək istəyirlər. Bu üsullar nənə-baba və digər qohumların tövsiyələrindən və ya sadəcə ananın məlumatsızlığından irəli gəlir.  Analar uşaqlarında qəbizliyin yaranmasından qorxaraq dərhal sadalanan vasitələrə əl atırlar. Digərləri isə bunu uşağın ana südü ilə doymaması və ya ana südünün yetməməsi ilə uzlaşdırırlar. Təbii ki, körpə gec-gec nəcisə getdiyi zaman, anaların narahatlıqlarını anlamaq olar. Bu səbəbdən qaranlıq qalan məsələlərə müəyyən aydanlıq gətirmək gərəkdir.

İlk öncə  defekasiya (nəciz ifrazı) prosesinin necə baş verdiyinə diqqət verək. Bu məsələ bioloji əhəmiyyətə malik olduğundan, bu proses haqqında biliklərimiz də vacibdir. Nəcis vasitəsilə bir qayda olaraq, bədənimiz həzm edə bilmədiyi ərzaq qalıqlarının aradan azad olur və nəcis ifrazı yemək qəbul etmək kimi fiziki bir adətə çevrilir. Körpənin bu gündəlik adətinə alışan analar birdən onun gec nəcisə getməyinə görə qorxaraq  həmən müəyyən tədbirlər keçirməyə tələsirlər. Sağlam insan nəcisə neçə dəfə çıxmalıdır sualına Professor, Doktor Korhan Taviloğlu bu cür cavab verir: “Bir çox insan sağlam nəcisin gündə bir dəfə olduğunu düşünür. Ancaq, gündə üç dəfə normal konsistensiyada və ya eyni şəkildə həftədə üç dəfə nəcisin edilməsi da normal olaraq qəbul edilir. Ancaq, həftədə üç dəfədən az nəcisin edilməsi ” qəbizlik”olaraq adlandırılmaqdadır”.

Məsələn, insanlar tərəvəz, meyvə, taxıl yedikləri zaman onların tərkibindəki sellülozanın çox hissəsi parçalanmır və çıxarılması tələb olunan ballasta çevrilir. Beləliklə, sellüloza, həzm olunmayan qalıqlar, bakteriyalar, selik və s. ilə bağırsaqda hərəkət edən nəcisi təşkil edir. Amma insan  bütün bunlardan  dərhal azad olmur, qalıqlar tədricən anbar kimi xidmət göstərən siqmoid və düz bağırsaqda yığılır. Bədəndən nəcisin çıxarılması bu qalıqların  düz bağırsağın reseptorlarını qıcıqlandırılması üçün kifayət qədər olduğu zaman baş verir və bu qıcıqlandırma nəticəsində defekasiya refleksi işə düşür.

İnsanlarda belə həzm prosesi, xüsusi ilə, nəcisin düz bağırsaqda yığılması olmasa idi, biz quşlar kimi olardıq. Onlarda düz bağırsaq olmadığı üçün həzm olunmayan qalıqlar kloakaya daxil olur və dərhal bədəndən xaric olunur (əslində bu mexanizmin olması onlara rahat uçmağa kömək edir və bədənlərini idarə etməyə imkan verir). Biz insanlar isə ictimai bir varlıq olduğumuza görə bu hal (yeməkdən dərhal sonra tualetə getmək) əlavə rahatsızlığa səbəb ola bilərdi.

İndi isə gəlin körpələrdə defekasiyanın (nəciz ifrazı) gec olma səbəblərini araşdıraq. Bu hal adətən körpələrin 2-3 ayından sonra beş gün, hətta bir həftə belə nəcisə getməmək ilə səciyyələnə bilər. Nə baş verir? Amerika Pediatriya Akamediyasına əsasən yalnız ana südü ilə qidalanan uşaqların mədə-bağırsaq sistemi ana südünə tədricən alışır və bu səbəbdən tamamilə onu parçalayaraq, həzm edir. Həzm olunmayan qalıqlar çox az olur və nəticə etibarilə defekasiya refleksini işə salmaq üçün kifayət olmur. Bunu zibil vedrəsi nümunəsində daha rahat anlamaq olar: bir balaca atılan zibilə görə, siz vedrəni boşaltmayacasınız, siz onun dolmasını gözləyəcəsiniz və belə bir halda təbii ki, körpənin düz bağırsağının dolması bir neçə gün tələb edə bilər və beləliklə, defekasiya heç bir müdaxilə olmadan baş tutacaqdır.

Müasir pediatriya kitablarına nəzər salsaq, orada ana südündə olan körpə uşaqların nadir nəcis ifrazı normal bir hal kimi qəbul olunur və əksər hallarda heç bir müdaxilə tələb etmir.

Əgər uşaq özünü yaxşı hiss edirsə, normal çəki artımı varsa, körpə  rahat sidiyə gedirsə, nəcisin konsistensiyası – yumşaq (sıyıqvari, və ya daha sulu) şəkildədisə, nəcis ifrazı uşağı rahatsız etmirsə, nəcisə getmək qışqırıq halları ilə müşayiət olunmursa, körpə bir həftə belə nəcisə çıxmasa, demək bu qəbzlik əlamətləri deyil.

Beləliklə, əziz analarımız uşaqda nəcis ifrazının müəyyən bir müddət olmamasını və qəbizliyin yaranmasını fərqləndirməyi öyrənməlidirlər. Bu biliklər uşaq üzərində mənasız prosedurların aparılmasının qarşısını alaraq, uşağın daha rahat böyüməsinə imkan yaradacaqdır.

Həqiqi qəbizliyin əlamətləri südəmər körpələrdə nadir hallarda rast gəlinir və normal hallarla müqayisədə nəcisin çox bərk olması, defekasiya aktı zamanı körpənin ağlayaraq və qışqıraraq güc verməsi və nəcis ifrazının gec-gec olmasına baxmayaq hər dəfə bu xoşagəlməz əlamətlərlə müşahidə olmasıdır. Bu cür simptomlar körpədə patologiyanın (mədə-bağırsaq problemlərinin) olması haqda xəbər verir. Təbii ki, bu cür hallar təcili olaraq həkim məsləhəti tələb edir.

O ki, qaldı anaların müxtəlif  mexaniki üsullardan istifadə etməsinə, bu lazımsız və hardasa uşaq sağlamlığına təhlükə yarada bilər.  Analar, “bəs onda niyə nəcis çox çıxdı” sualı verirlər. Təbii ki, mikroklizma zamanı körpənin bağırsaqları yuyulur və bu halda nəinki öz növbəsini gözləyən, eyni zamanda da hələ bağırsaqda hərəkət edən yeni qida qalıqları da əlavə olunur.

Əgər analar uşağın nəcisinin yumşaq olduğu təqdirdə, körpənin əziyyət çəkdiyini görürlərsə, bu cür hallarda  uşağın qarnını masaj etmək, ayaqlarını hərəkət  elətdirmək, qarnı üzərinə uzandırmaq, isti vanna qəbul etmək məsləhət görülür. Körpələrin öz əzələlərini hələ yaxşı idarə edə bilmədiklərini unutmayaq. Bu səbəbdən onların əzələlərini inkişaf etdirmək daha məqsədəuyğundur, nəinki onları tənbəl böyüdərək hər dəfə mexaniki üsullara əl atmaq.

Bir neçə gün nəcisə çıxmayan körpələr öz tələblərinə görə getdikləri zaman nəcisə çox miqdarda və ya bir neçə gün defekasiya aktı olmaması səbəbilə, bir neçə gün dalbadal gedə bilərlər.  Bu proseslər uşaqdan-uşağa fərqlənə bilər. Ona görə, analara tövsiyə olaraq, öz körpələrini digəriləri ilə müqayisə etməməsidir.

Nəzərə alınmalıdır ki, uşaqlar 6 aydan sonra əlavə yeməklərə keçirlər və yuxarıdakı qaydalar yalnız ana südü əmən uşaqlara aiddir.

Beləliklə, La Leche League beynəlxalq təşkilatın verdiyi geniş məlumatı nəzərə alaraq, aşağıdakı əsas məqamları vurğulayaq:

- Əgər körpə özünü rahat və gümrah hiss edirsə,

- Əgər körpənin nəcisi yumşaqdırda,

- Əgər uşağın çəki artımı norma  daxilindədirsə,

- Əgər uşaq rahat və normal sidiyə gedirsə,

- Əgər həkim müayinəsi heç bir patologiya müşahidə etməyibsə,

demək, ana südü əmən uşağın 3-5-7  gün nəcisə getməməsi qəbizlik əlaməti deyil və heç bir xarici müdaxilələrə  ehtiyac yoxdur.

Müəllif: Gülarə Rüstəmova,

Uşaq psixoloqu, əmizdirmə məsləhətçisi.

Vib.az

Go Back

Yenidoğulmuşlarda sarılıq. Narahatçılıq üçün səbəb varmı

Yenidoğulmuşların əksər hissəsi doğulduqda 2-3 gün keçdikdən sonra saralır - onların dərisi, selikli qişaları, gözləri sarı rəng alır.

Cavan anaları bu dəyişikliklər qorxuzur və onlar körpələrində olan hər hansı təhlükəli xəstəliklərdən şübhələnməyə başlayırlar. Lakin əksər hallarda narahatçılıq üçün heç bir ciddi səbəb olmur. Belə sarılıq fizioloji prosesdir, yəni bu heç bir xəstəliyin və ya pozulmanın əlaməti deyil.

Bu prosesin mexanizmini izah edək. Ana bətnində olan körpə müstəqil şəkildə nəfəs ala bilmir və öz inkişafı üçün lazım olan oksigeni cift vasitəsilə ananın qanından alır. Bu səbəbdən dölün qanında xüsusi hemoqlobin - fetal hemoqlobin hazırlanır. Bu hemoqlobin oksigeni özünə daha rahat birləşdirir.

Doğulduqdan sonra körpə müstəqil şəkildə nəfəs almağa başlayır və nəticədə onun qanında olan fetal hemoqlobin "böyüklərin" hemoqlobini ilə əvəz olunmağa başlayır. Hemoqlobin eritrositlərin (qırmızı qan hüceyrələri) tərkibinə daxildir. "Köhnə"  hemoqlobinlə olan eritrositlər dağılır və "təzə" hemoqlobinlə olan eritrositlərlə əvəz olunur. Köhnə eritrositlərin parçalanması ilə insan orqanizmində qara ciyər məşğul olur. Böyüklərdə hər 120 gündən bir köhnə eritrositlər təzələri ilə əvəz olunur. Hemoqlobinin parçalanması nəticəsində digər maddə - bilirubin əmələ gəlir.Bilirubin orqanizm üçün ziyanlıdır. Lakin bizim qara ciyərimiz onu əsaslı şəkildə zərərsizləşdirir və ziyansız  maddəyə çevirir. Zərərsizləşdirilmiş bilirubin nəcis və sidiklə orqanizmdən xaric olunur. Böyüklərdə normada bu proses belə baş verir.

Lakin yenidoğulmuşlarda qara ciyər hələ ki tam gücü ilə işləyə bilmir. Zərərsizləşdirilməmiş bilirubin körpənin orqanizmində toplanmağa başlayır. Bilirubin sarı piqmentdir. Məhz bu səbəbdən orqanizmdə artıq bilirubin toplandıqda dəri və selikli qişalar sarı rəng alır. 1-2 həftədən sonra körpənin qara ciyəri normal işləməyə başlayır və sarılıq tədricən keçir. Normada bu belə olmalıdır.

Fizioliji sarılıq heç bir xüsusi müalicə tələb etmir. Onun ən yaxşı müalicəsi - ana südüdür (xüsusilə ananın ilkin südü). Məhz bu səbəbdən körpənin ilkin əmizdirilməsi (doğuş zalında) və daha sonra yalnız ana südü ilə qidalandırılması çox vacibdir.

Nadir hallarda fizioloji sarılıq zamanı (körpənin qanında bilirubinin səviyyəsi 200 mkmol/l-dən yuxarı qalxdıqda, sarılıq uzun müddət ərzində keçmədikdə) körpəyə müalicə təyin oluna bilər. Bu zaman ona adətən 5%-li qlyükoza, ödqovucu preparatlar və fototerapiya (işıqla müalicə) təyin olunur. Bütün bu vasitələr körpənin qara ciyərinə artıq bilirubinlə mübarizə aparmaqda kömək edir. Körpənin anadan olduğu ilk həftələrində pediatr onun vəziyyətinə ciddi şəkildə nəzarət etməli və lazım olduqda sarılığa görə müalicə təyin etməlidir.

Fizoloji sarılıqdan fərqli olaraq patoloji sarılıq körpələrdə mütləq və təcili olaraq müalicə olunmalıdır. Əks halda uşağın baş beynində və sinir sistemində geriyədönməz ağır dəyişikliklər baş verəcək.

Patolojı sarılıq uşaq doğulduqdan dərhal sonra inkişaf edir, bilirubinin səviyyəsi körpənin qanında çox tez qalxır, qara ciyər, dalaq böyüyür, sidik tündləşir, nəcis rəngsizləşir, hemoqlobinin səviyyəsi çox aşağı olur və s. Belə sarılıq forması kifayyət qədər nadir hallarda inkişaf edir və onun əsas səbəbləri ana ilə körpənin rezus-uyğunsuzluğu  (anada qanın rezus-faktoru mənfi, körpədə müsbət olduqda), qara ciyərin bətndaxili zədələnməsi, bəzi genetik patologiyalar və s. Patoloji sarılığın yüngül formalarında körpəyə qlyükoza, ödqovucular və işıqla müalicə təyin olunur. Daha ağır formalarında qan köçürülməsindən istifadə olunur.

Mənbə: www.novorozhdenny.ru

Go Back

Körpəni bələmək zərəlidirmi? - MARAQLI

Hər iki halda nələr baş verə bilər?

Son zamanlar bu mövzuyla bağlı mübahisələrə tez –tez rast gəlirik.  Yaşlı nəslin nümayındələrı,  yəni nənələrimiz, hətta analarımız körpələrin bələnməsinı zəruri sayır. Təbii ki, onlar bunun fəsadlarından xəbərsizdir. Yoxsa heç kim, xüsusi ilə nənələr nəvələrinin telinə belə zərər gəlməsini istəməz. Amma ola bilsin ki, bax elə bu dəqiqə, hansısa ucqar dağ kəndlərindən birində yaşayıb bizə baxan bir nənə, təbəssümlə başını bullayıb- “Ay bala, BƏLƏKLƏ 10 uşaq böyütmüşəm, hamısı da buz baltası kimi” deyib, bizi məzəmmət eləyir... O da özlüyündə haqlı deyilmi? Bəziləri bunu, o dövrün reallıqları ilə izah edir. O reallığları isə ekoloji təmizlik və qidalar şərtləndirir. Mövcud durumda isə ən xırda çatışmazlıqlar belə körpənin immunitetinə təsir edə bilir...

Beləliklə, əziz nənələr, gəlin mütəxəssisimizi dinləyək:

Körpələr sıx bələndiyi zaman, onların tənəfüsündə də müəyyən problemlər yarana bilər. Bununla yanaşı bələnmələr, sümük, oynaq  və ürək qan damar sistemlərinə mənfi təsir göstərir.  Ömrünün 35 ilini yenı doğulan körpələrə həsr eləyən Mahirə həkim hesab edir ki, bu adət heç vaxt özünü doğrultmayıb və artıq çoxdan geridə qalıb. O kı, qaldı  “körpəni bələməsən ayaqları əyri olar” məntiqinə...

İstənilən halda körpələrinizi qoruyun. Onların rahatlığı bizim ən böyük məhsuliyyətimiz, sağlamlığı ən böyük naliyyətimiz, təbəsümü ən böyük sevincimizdir.

News.atv.az

Go Back

Azyaşlı uşağı olan hər kəs oxusun

Havalar isindisə, uşaqları evdə saxlamaq çətin olur. Həyətə, parka, çimərliyə, piknikə can atırlar. Bayırda daha çox vaxt keçirən uşaqların harada və necə oynadığına diqqət etməliyik. Milli.Az lent.az-a istinadən günəş şüalarının uşaqlar üzərində təsirləri və valideynlərin diqqət etməli olduqları məqamları təqdim edir. 
 
10:00-16:00 arası saatlarda bayıra çıxmaq olmaz. Günəş şüalarının yerə dik istiqamətdə düşdüyü bu saatlarda bayıra çıxmaq uşaqlar üçün təhlükəlidir. 
 
Uşaqların dərisi nazik olduğundan günəşə qarşı daha həssas olur. Uşaqları bayıra çıxararkən mütləq günəş kremi vurun. Günəş kremi seçərkən mineral tərkibli olmasına və allergiya verməyəcəyinə diqqət edin.
 
1 yaşdan kiçik uşaqların dəriləri daha həssas olduğundan günəş kremi seçimində həkimlə məsləhətləşin. Uşağınızı bayıra çıxarmadan 15-20 dəqiqə əvvəl günəş kremi vurun. Çox açıq dərili, rəngli gözlü uşaqlar və 1 yaşdan kiçik körpələr üçün 50 və daha yüksək SPF faktorlu günəş kremi seçilməlidir. Bu günəş kremlərinin qoruma müddəti 3-4 saatdır. Uşaq yarım saatdan çox bayırda qalarsa, günəş kreminin yenilənməsi vacibdir. 
 
Günəş kreminin allergiya verib-verməyəcəyini yoxlamaq üçün bayıra çıxmadan bir gün əvvəl uşağın qolunun bir balaca hissəsinə vurub yara bantı il bağlayın, ertəsi gün bayıra çıxanda açın. Əgər 15 dəqiqədə o hissədə şişkinlik, qızartı, qaşıntı olmursa, bu günəş kremini istifadə edə bilərsiz. 
 
1 yaşdan kiçik uşaqlar daha çox baş bölgəsindən tərlədiyi üçün qalın yox, pambıq papaqlar taxın. 
 
Yay aylarında günəşin altında çox qalan uşaqlarda halsızlıq və qızdırmanın yüksəlməsi halları ola bilər. Gün vurma hallarında bol su içirtməlisiniz. 
 
Günəş yanıqları xərçəngə zəmin hazırlayır 
 
Dəri xərçənginin ən əsas səbəblərindən biri də uşaq yaşlarında baş verən günəş yanıqlarıdır. İçinə su toplanmış günəş yanığı olan uşağın dəri xərçənginə yaxalanma riski daha yüksəkdir.
Hər yanıqla bu risk ikiqat artır. Dəri xərçəngindən qorunmanın ən yaxşı yolu dəri yanıqlarının qarşısını almaqdır. Əgər uşaqda günəş yanığı oldusa, soyuq duş qəbul etdirin. Yanmış yerlər gündə bir neçə dəfə soyuq su ilə isladılmış steril parçayla silinə bilər. Çoxlu su içirin. Nəmləndirici krem vurun. Dəriyə su toplanıb partlayarsa, üzərindəki ölü dərini təmiz, kiçik bir qayçı ilə kəsin. Sonra da antibiotik krem vurun. 
 
Yayda uşaqların sevimli məkanı olan hovuzdan yoluxula biləcək infeksiyalara qarşı diqqətli olun. Bu infeksiyalar ilk olaraq göz və dəriyə təsir edir. Gözdə qaşıntı, sulanma olur. Bunun üçün antibiotik tərkibli göz damcıları tökün. Su eynəklərindən istifadə edin.
 
Hovuzda yoluxula biləcək digər infeksiya göbələk infeksiyasıdır. Buna qarşı qorunmaq üçün hovuza girmədən əvvəl göbələk əleyhinə xüsusi solisiumdan istifadə edin.

 
milli.az

Go Back

Uşaqlara dərman verərkən diqqətli olun

İstənilən dərmanlar istənilən insanda allergik reaksiyanın inkişafına səbəb ola bilər.

Heç bir insan belə allergik reaksiyadan sığortalanmayıb. "Məndə heç nəyə allergiya yoxdur" kimi dəlil burada işləmir.

Reaksiyanın gücü müxtəlif ola bilər - yüngül səpgilərdən başlayaraq ağır anafilaktik şokun inkişafına kimi (anafilaktik şok insanın həlak olmasına səbəb ola bilər).

Həkimlərin müşahidələrinə görə, uşaqlarda və yaşlı insanlarda dərmanlara qarşı allergik reaksiyalarına daha az rast gəlinir. Bunun səbəbi bu qrup insanlarda immun sisteminin daha zəif olmasıdır.

Lakin uşaqlarda allergik reaksiya daha sürətli gedir və daha tez-tez hallarda ağır fəsadlara səbəb olur. Bunun səbəbi uşaq orqanizmində bütün fizioloji proseslərin daha sürətli getməsidir.

Əksər hallarda ağır allergik reaksiyaların səbəbi hər hansı dərman preparatının qəbulu olur. Bu səbəbdən uşağa bu və ya digər dərman preparatını verdikdə çox diqqətli olun.

Bəzi dərman preparatları allergik reaksiyalara daha tez-tez səbəb olur. Allergik reaksiyaların inkişafına ən tez-tez səbəb olan preparatlar penisillin və sefalosporin qrupuna aid olan antibakterial preparatlardır ("antibiotik"lər). Sulfanilamid preparatları, vərəm əleyhinə preparatlar, aspirin, yuxu gətirici, qıcolma qarşı preparatlar, anestetiklər (ağrısızlaşdıran) və bəzi digər preparatların istifadəsi allergik reaksiyanın riskini artırır.

 

Nəzərinizə çatdıraq ki, allergik reaksiya yalnız hər hansı allergenlə (o cümlədən, dərmanla) təkrar (!) kontakt zamanı inkişaf edə bilər. Bu o deməkdir ki, əgər insan, məsələn, bundan əvvəl heç zaman ampisillin qəbul etməyibsə, ampisillinin ilk qəbulu bu insanda allergik reaksiyanın inkişafına səbəb olmayacaq.

Lakin ilk qəbuldan sonra orqanizmdə hələ ki, tibbə məlum olmayan proses işə salınır ki, immun sistemi bu maddəyə qarşı xüsusi həssas olur. Bu proses "sensibilizasiya" adlandırılır. Məhz bu sensibilizasiya gələcəkdə bu dərmanın təkrar qəbulu nəticəsində allergik reaksiyaya səbəb olur.

Bunu misal çəkərək izah edək. Məsələn, uşaqda otit (orta qulağın iltihabı) inkişaf etmişdir. Həkim uşağa "ampisillin" təyin edib. 3 aydan sonra bu uşaq bronxit xəstəliyinə tutulub və ana uşağa müstəqil şəkildə ampisillin "təyin etməyə" qərar verib (axı keçən dəfə ampisillin uşağa kömək edib!). Nəticədə uşaqda allergik reaksiya baş verib.

Dərmanın qəbul forması da sensibilizasiyanın və allergik reaksiyanın inkişafında böyük rol oynayır. Belə ki, dərmanın peroral (həb, suspensiya və s.) qəbulu zamanı sensubilizasiya və allergik reaksiyanın riski daha az, parenteral (inyeksiyalar şəklində) qəbulu zamanı isə daha çox olur. Məhz bu səbəbdən həkimlər uşaqlara dərmanları əksər hallarda həb və ya suspensiya şəklində təyin edirlər.

Əgər ana hamiləlik zamanı hər hansı dərman qəbul edibsə, bu o deməkdir ki, uşaq bu dərmana sensibilizasiya alıb və doğulduqdan sonra bu dərmanın qəbulu uşaqda allergik reaksiyaya səbəb ola bilər.

Bu səbəbdən hamiləlik zamanı ana yalnız həkim tərəfindən təyin olunan dərmanları qəbul etməli və bu dərmanların adlarını yazıb saxlamalıdır. Əgər körpə doğulduqdan sonra ona hər hansı müalicə təyin olunarsa, ana mütləq hamiləlik zamanı istifadə etdiyi dərmanlar haqqında həkimə məlumat verrməlidir. Bu uşaqda ağır allergik reaksiyaların baş verməsinin qarşısını alacaq.

Həmçinin əmizdirmə zamanı ana tərəfindən qəbul olunan dərmanlar da uşaqda sensibilizasiyaya səbəb olur. Bunu da nəzərə almaq lazımdır.

Valideynlərdə hər hansı dərman preparatına qarşı allergik reaksiya olduqda bu uşaqda bu dərmana qarşı reaksiya riskini artırır.

Əgər uşaqda bu və ya digər dərman preparatına qarşı allergik reaksiya olubsa, bu o deməkdir ki, növbəti dəfə bu preparatın qəbulu daha ağır reaksiyaya səbəb olacaq.

Qara ciyər və böyrək xəstəlikləri allergik reaksiyaların riskini artırır.

Beləliklə, uşağı ağır allergik reaksiyalardan qorumaq istəyirsinizsə, bu qaydalara əməl edin:

- heç bir halda müstəqil şəkildə (həkimlə məsləhətləşmədən) uşağa heç bir dərman preparatını verməyin;

- uşağa verilən bütün dərman preparatların adını və verilmə tarixini yazıb saxlayın və uşağa hər hansı dərman təyin olunduqda bu siyahını həkimə göstərin;

- əgər uşaqda hər hansı dərmana qarşı allergik reaksiya olubsa, bu dərmanın adını yazıb saxlayın;

- heç bir halda inyeksiya şəklində istifadə üçün nəzərdə tutulmuş dərmanları yerli vasitə kimi istifadə etməyin (bəzi analar uşaqda boğaz xəstəlikləri zamanı şprisə penisillin yığıb uşağın boğazını yuyurlar - bu yolverilməzdir!).

 

saglamolun.az

Go Back

İlk həftələrdə körpənin əmizdirilməsi

İlk həftələr analar və körpələr üçün çox problemli olur. Bu problemlərin həll etməsində sizə mütəxəssislərin məsləhətləri kömək edəcək.
 
Birinci həftə
 
Körpəni neçə dəfə əmizdirmək lazımdır?
 
Körpənin tez-tez əmizdirilməsi yaxşı süd artımını dəstəkləyir və döş vəzilərinin şişməsini azaldır. Körpəni gündə (24 saatda) ən azı 10-12 dəfə əmizdirməyi nəzərdə tutun.
 
İlk aclıq əlamətlərini (narahat olma, döşü axtarma, əlləri ağıza salma) gördükdə körpəni əmizdirin – körpənin ağlamasını gözləməyin. Körpə fəal əmdikcə onu vaxt məhdudiyyəti olmadan döşdə saxlayın, daha sonra ikinci döşü təklif edin. Bəzi yeni doğulmuş körpələr əvvəlcə həddindən artıq yatağan olurlar – 2 saat (gündüz) və ya 4 saat (gecə) əmizdirmədən keçibsə körpəni oyandırın.
 
Körpə kifayət qədər süd alırmı?
 
Çəki artımı: Normal yeni doğulmuş körpələr ilk bir neçə gündə doğulduqları çəkinin 7%-ə qədərini itirə bilər. Ana südü gəldikdən sonra əmizdirilən körpənin çəkisi orta hesabla 170 q/həftə artır. İlk həftənin sonunda və ya ikinci həftənin başlanğıcında körpəni çəkisini yoxlamağa aparın. Körpə çəkisini gözlənildiyi kimi artırmırsa uşaq həkimi və ya əmizdirmə üzrə məsləhətçinizlə məsləhətləşin.
 
Çirkli bezlər: İlk günlərdə körpə səciyyəvi olaraq həyatının hər günü üçün bir çirkli (nəcisli) bez çıxaracaq (birinci gün 1, ikinci gün 2 …). 4-cü gündən sonra nəcis sarı rəngdə olmalıdır və körpə gündə 2.5 sm və ya daha böyük ölçüdə 3-4 dəfə nəcisə getməlidir. Bəzi körpələr hər əmizdirmə zamanı və ya daha tez-tez nəcisə gedir – bu da həmçinin normal haldır. Döşlə əmizdirilən körpənin normal nəcisi yumşaqdır (yumşaq formadan maye formasına qədər) və dənəvər və ya çürümüş vəziyyətdə ola bilər.
 
Yaş bezlər: İlk günlərdə körpə səciyyəvi olaraq həyatının hər günü üçün bir çirkli yaş çıxaracaq (birinci gün 1, ikinci gün 2 …). Ana südü gəldikdən sonra hər 24 saatda 5-6+ yaş bezin çıxmasını gözləyin. Kifayət qədər yaş bezin nəyə bənzədiyini bilmək üçün 3 çay qaşığı (15 ml) suyu təmiz bezə tökün. Birdəfəlik bezin içinə qoyulan nazik parça bezin yaş olmasını müəyyən etmənizə kömək edəcək.
 
Döşdə dəyişikliklər
 
Sizin südünüz 2 və 5-ci günlər arasında gələcək (miqdarın artması və ağuz südündən yetkin südə çevrilməsi prosesi baş verəcəkdir). Süd vəzilərinin şişməsinin qarşısını almaq üçün: körpəni tez-tez əmizdirin, əmizdirmə vaxtlarını qaçırmayın (hətta gecə), körpənin döşü yaxşı tutmasını / əmizdirmə mövqeyinin düzgün olmasını təmin edin, və digər döşü təklif etməzdən əvvəl körpənin birinci döşü tam əmməsinə imkan verin. Süd vəzilərinin şişməsindən yaranan narahatlığı azaltmaq üçün əmizdirmələr arasında soyuq kompres və / və ya kələm yarpağı kompresindən istifadə edin. Süd vəzilərinin şişməsinə görə körpə döşü tutmaqda çətinlik çəkirsə, areolanın təzyiqlə yumşaldılması və ya döşün ucu yumşalana qədər südün sağılmasını həyata keçirin, daha sonra körpənin döşü yenidən tutmasına çalışın.
 
Aşağıdakı hallarda həkiminiz, mama və/və ya əmizdirmə üzrə məsləhətçi ilə əlaqə saxlayın:
 
- Körpə heç bir yaş və ya çirkli bez çıxarmır
- 3 gündən sonra körpənin sidiyi tünd rəngdədir (normalda sidiyin rəngi solğun sarıdan şəffaf rəngə qədər olmalıdır)
- 4 gündən sonra körpənin nəcisi tünd rəngdədir (normalda nəcisin rəngi xardal sarısı rəngində olmalı, heç bir mekoniy olmamalıdır)
- Körpə daha az yaş / çirkli bez çıxarır və ya burada göstərilən hədəfdən daha az tezlikdə döş əmir
- Anada mastit xəstəliyinin simptomları var (qızdırma ilə həssas döşlər, titrəmə, qripə bənzər xəstələnmə)
 
İkinci həftədən altıncı həftəyə qədər
 
Körpəni neçə dəfə əmizdirmək lazımdır?
 
Erkən həftələrdə körpənin tez-tez əmizdirilməsi yaxşı süd artımını əmələ gətirmək üçün vacibdir. Yeni doğulmuşların çoxunu gündə (24 saatda) 8 – 12+ dəfə əmizdirmək lazımdır.
 
İlk aclıq əlamətlərini (narahat olma, döşü axtarma, əlləri ağıza salma) gördükdə körpəni əmizdirin – körpənin ağlamasını gözləməyin. Körpə fəal əmdikcə onu vaxt məhdudiyyəti olmadan döşdə saxlayın, daha sonra ikinci döşü təklif edin. Bəzi yeni doğulmuş körpələr əvvəlcə həddindən artıq yatağan olurlar – 2 saat (gündüz) və ya 4 saat (gecə) əmizdirmədən keçibsə körpəni oyandırın. Körpə yaxşı çəki artımını nümayiş etdirirsə, körpəni artıq oyatmayın və yalnız körpənin çağırışı zamanı əmizdirin.
 
Aşağıdakılar normal hesab edilir:
 
- Tez-tez və/və ya uzun müddətli əmizdirilmə.
- Gündən günə dəyişən əmizdirmə qaydaları.
- Hər gün – adətən axşamlar bir neçə saat ərzində əmizdirmənin birləşdirilməsi (çox tez-tez əmizdirmədən davamlı əmizdirməyə). Bu, bir çox körpələrin erkən aylarda keçirdiyi “narahat vaxtla” üst-üstə düşə bilər.
- İnkişaf sıçrayışı zaman körpənin bir neçə gün ərzində həmişəkindən daha tez-tez əmizdirilməsi və çox narahat olması müşahidə olunur. Erkən həftələrdə inkişaf sıçrayışı xəstəxanadan çıxandan sonra evdə ilk bir neçə gün, 7-10-cu günlər, 2-3-cü və 4-6-cı həftələr.
 
Körpə kifayət qədər süd alırmı?
 
Çəki artımı: Əmizdirilən körpənin çəkisi orta hesabla 170 q/həftə artır. Körpə çəkisini gözlənildiyi kimi artırmırsa uşaq həkimi və ya əmizdirmə üzrə məsləhətçinizlə məsləhətləşin.
Çirkli bezlər: Körpə gündə 2.5 sm və ya daha böyük ölçüdə 3-4 dəfə nəcisə getməlidir. Bəzi körpələr hər əmizdirmə zamanı və ya daha tez-tez nəcisə gedir – bu da həmçinin normal haldır. Döşlə əmizdirilən körpənin normal nəcisi sarıdır və yumşaqdır (yumşaq formadan maye formasına qədər) və dənəvər və ya çürümüş vəziyyətdə ola bilər. 4 – 6 həftədən sonra bəzi körpələr nəcisə getmə tezliyini azaldır, bu 7-10 gündə 1 dəfə nəcisə getmə kimi tez-tez olmaya bilər. Uşaq çəkisini yaxşı artırırsa bu normaldır.
Yaş bezlər: Hər 24 saatda 5-6+ yaş bezin çıxmasını gözləyin. Kifayət qədər yaş bezin nəyə bənzədiyini bilmək üçün 3 xörək qaşığı (45 ml) suyu təmiz bezə tökün. Birdəfəlik bezin içinə qoyulan nazik parça bezin yaş olmasını müəyyən etmənizə kömək edəcək. 6 həftədən sonra yaş bezlərin sayı sutkada 4-5 qədər olmaqla azala bilər, lakin körpənin sidik kisəsinin həcmi artdığından sidiyin miqdarı 4-6+ xörək qaşığına (60-90+ mL) qədər arta bilər.
 
Südün miqdarı?
 
Bəzi analar südün miqdarı ilə bağlı narahat olur. Körpə yalnız ana südü ilə qidalanmaqla çəkisini yaxşı artırırsa, o zaman südün miqdarı kifayət qədərdir. Çəki yoxlamaları arasında yaş və çirkli bezlərin sayının kifayət qədər olması körpənin kifayət qədər süd aldığını göstərəcəkdir.
 
vib.az

Go Back

20 nəticə göstərilir