Düşüncə Jurnalı

header photo

Uşaq əmizdirən ana

Uşaq əmizdirən ananın həyat tərzi
Ananın həyat tərzi süd ifrazına təsir edir. Uşaq əmizdirən ana sağlam həyat tərzi keçirirsə, onun südü çox olur. Uşaq əmizdirən ana lazımınca dincəlməlidir. İşləyən analara doğuşdan sonra pullu məzuniyyət verilir. Uşaq əmizdirən ana imkan varsa doğuşdan sonra 2 həftə bütün gün dincəlməlidir. Belə etdikdə onun qüvvəsi və əmək qabiliyyəti daha tez bərpa olunacaq, süd ifrazı artacaqdır. Bundan sonrakı 4 həftədə də ana çox dincəlməli, ancaq uşağın qayğısına qalmalı və heç bir ağır iş görməməlidir. Ana xəstə deyilsə, doğuşdan sonra 7-ci həftədən başlayıbadi ev işlərini görə bilər, lakin onda da ağır, üzücü iş görmək məsləhət görülmür.
Yuxu
Uşaq əmizdirən ana yaxşı yatmalıdır. Yuxunu elə təşkil etmək lazımdır ki, uşaq əmizdirən vaxt itirilmiş yuxunun əvəzi çıxsın. Hamiləlik, doğuş və uşaq əmizdirmək ananı əldən salır, buna görə də o, çox dincəlməlidir. Ana yorğun olduqda südü az olur. Məzuniyyət vaxtı qurtarandan sonra da ana uşağı döşdən ayırana qədər çox yatmağa çalışmalıdır.

Təzə hava
Uşaq əmizdirən ana tez-tez təmiz havada olmalıdır (qışda 1-2 saat, yayda isə bundan çox). Gündə
qaralmaq da xeyirlidir. Müəyyən edilmişdir ki, günəş şüaları süd ifrazını artırır. Gündə qaralan vaxt döşü açmaq, məmənin və məmə ətrafının üstünü örtmək lazımdır, çünki bunların dərisi çox zərifdir.Döş vəzilərinə ultrabənövşəyi şüalar da (kvars lampası) yaxşı təsir edir, bu şüalar süd ifrazını artırır. Kvars lampası qəbul etdikdə də döş gilələrini örtmək lazımdır.
Uşaq əmizdirən ana və idman.
Uşaq əmizdirən ana idmanla rahat məşğul ola bilər; aydındır ki, o, yorulmamalıdır. Üzmək çox faydalıdır, lakin üzməmişdən əvvəl və sonra çoxlu çay və ya su içmək lazımdır ki, üzən vaxt əl-qolu hərəkət etdirdikdə və tərlədikdə itirilən suyun yeri dolsun. Şəxsi gigiyenaya ciddi əməl etmək lazımdır. Suda üzəndən sonra döş vəziləri sabunla və təmiz su ilə yaxşı-yaxşı yuyulur. Məmələri sürtməməsi üçün çimmə kostyumuna yumşaq parçadan astar tikilsə yaxşı olar.
Uşaq əmizdirən ana nə yeməlidir? 
Əvvəllər yediyi və mədəsinə zərər yetirməyən şeyləri. O, kələm, noxud, duzlu xiyar və istiot xoşlayırsa, yeyə bilər. Anaya zərərli olmayan şey uşağa da zərərli deyildir. Uşaq əmizdirən ana istədiyi qədər yeyə bilər. Suyu azaltmaq olmaz, həmçinin çox içmək də olmaz. Çoxlu çiy və ya suda bişmiş tərəvəz və meyvə yeməlidir. Ana süd xoşlayırsa, gündə 1 l-ə qədər süd içə bilər, həmçinin süd məhsulları: qaymaq, kəsmik, pendir, kefir və s. də yeyə bilər. Uşaq əmizdirən ana süd məhsulları xoşlamırsa, çoxlu ət və yumurta yeyə bilər. Ana nə qədər yaxşı yesə, südü bir o qədər çox olar. Adət etmədiyi şeylər yedikdə ola bilsin ki, kökəlsin, yaxud qarnı işləsin, hər iki halda onun südü azalacaqdır.
Uşaq əmizdirən ana kökəlməməyə çalışmalıdır, ona görə də o çörəyi, xəmir xörəklərini, şirniyyatı və yağı azaltmalıdır.
Uşaq əmizdirən ananın bədəninə çoxlu maye lazımdır, buna görə. də o çoxlu maye içməlidir. Meyvə şirəsi, təzə meyvə yeməlidir, su və ya açıq çay içə bilər, hər dəfə uşağı əmizdirməzdən əvvəl bir stəkan çay və ya şirə içmək məsləhət görülür. Lakin bu bulyon olmamalıdır, çünki bulyon onun iştahasını poza bilər. Mayeni də ana yemək kimi, istədiyi qədər içə bilər. Həddindən çox içmək qadının orqanizminə zərərdir.
Papirosu tərgidə bilməyən ana gündə 2-3 siqaretdən artıq çəkməməlidir, çünki nikotin südlə çıxır. Uşağı döşdən ayırana qədər papirosu tərgitmək məsləhət görülür.

Dərman Uşaq əmizdirən bəzi analar süd ifrazına müsbət təsir edən cürbəcür dərman içirlər. Mövcud dərmanların heç biri lazımi nəticəni vermir.
Uşaq əmizdirən ana həkimlə məsləhətləşmədən heç bir dərman içməməlidir. Bu dərmanın müntəzəm, uzun müddət içilməsinə də aiddir. Dərmanların bir hissəsi südlə çıxır və uşağa zərər yetirə bilər. Uşaq əmizdirən ana bir həb ağrıkəsici dərman (məsələn, diş ağrısında) içsə, bu, uşağa zərər yetirməz, lakin müntəzəm olaraq müxtəlif dərmanlar qəbul edilməsi (sakitləşdirici, yuxugətirici və s.) uşağın sağlamlığı üçün qorxuludur.
İşlətmə dərmanını ancaq həkim təyin etdikdə qəbul etmək olar, işlətmə dərmanları bədənin çox su itirməsinə səbəb olur ki, bunun nəticəsində də süd ifrazı azalır. Uşaq əmizdirən ana sağlam həyat tərzi keçirirsə və düzgün qidalanırsa, işlətmə dərmanı qəbul etməsinə ehtiyac yoxdur. Tez-tez qəbiz olursa, imalə qoymaq daha yaxşıdır. Qəbiz olduqda vazelin yağı içmək məsləhət görülür. Bu mineral yağ bağırsaqlardan sorulmayıb nəcisi ancaq yumşaldır və bağırsaqların boşalmasına kömək edir.

Süd ifrazı
Süd döş vəzilərində əmələ gəlir, hamiləlik vaxtı bu vəzilər bərkiyir və şişir. Məmə və məmənin ətrafı da bir qədər böyüyür. Hamiləliyin ikinci yarısında döş vəzisində maye əmələ gəlir, döş vəzisini sıxdıqda, o gilədən çıxır. Bu, doğuş vaxtı və doğuşdan sonra ilk günlər döş vəzisində olan ağuz südüdür.
Süd 3-4-cü gün gəlir, bəzən də doğuşdan sonra 5-6-cı günlər gəlir. Süd vəzidən süd gəlməmişdən əvvəl qadın süd dolub şişmiş döş vəzilərində bərk ağrı hiss edir.
Az yeyən anaların südü az olsa da, südün miqdarının yeməkdən asılı olduğunu düşünmək səhvdir.
Süd vəzilərinin müntəzəm və tam boşalması sayəsində süd ifraz olunur. Başqa sözlə, uşaq yaxşı, fəal əmərsə və ana döşünü sağarsa, uşaq məməni, pis, süst əmdikdə və ana döşünü sağmadıqda olduğuna nisbətən süd çox olacaqdır. Beləliklə, süd ifrazı azalır, ana uşağı ümumiyyətlə, əmizdirmirsə süd tamam kəsiləcəkdir.
Bəzi anaların südü çox, bəzilərinki az olur. Bu irsidir. Lakin südü çox az olan analar da südü artıra bilərlər. Uşağına ancaq döş vermək istəyən hər bir ana ilk günlər döşündən hətta bir neçə damcı ağuz südü və ya əsil süd gəldikdə belə, birinci həftələr uşağın inkişafını təmin edəcək qədər südünü artıra bilər. Əksinə, bəzi qaydalara əməl etmədikdə, hətta südü lap çox olan anaların da döşü "quruyacaqdır".
Süd ifrazını artırmaq üçün ən yaxşı yol uşağı müntəzəm əmizdirməkdir. Birinci günlər uşaq hələ zəif olub yaxşı əmə bilmədiyi üçün, ana döşdə qalan südü sağmalıdır. Süd nə qədər çox sağılsa, bir o qədər çox əmələ gəlir, döş vəzisində süd nə qədər çox olsa, uşağa əmmək bir o qədər asan olur.

Döşü sağmaq
Döşü əllə və ya südsoran alətlə sağmaq olar.
Əllə sağmaq. Döşün birini ələ götürüb yüngülcə masaj edin (südü sağmamışdan əvvəl əlləri yaxşıca yuyun). Süd vəzisini dörd barmaqla altdan tutub baş barmaqla kənardan məməyə doğru basın. Süd əvvəlcə damcı-damcı, sonra çox gəlir. Südü sağdıqda süd vəzisini ağrıyana qədər sıxmaq olmaz. Süd vəzisində əsas dörd süd kanalı vardır, buna görə də məmədən süd eyni vaxtda dörd yerdən gəlir. Döşü uşaq əmirmiş kimi ahəngdar hərəkətlərlə sağın.
Bir çox analar südü bir əllə sağır, o biri əldə isə butulkanı və ya stəkanı tuturlar. Bəzi hallarda döşü iki əllə sağmaq, stəkanı isə padnosa qoyub döşə yaxın tutmaq daha yaxşıdır. Südü butulkaya yığdıqda butulkanın ağzına qıf qoymaq lazımdır.
Döşü aptekdə satılan südsoranla da sağmaq olar. Döşü əvvəlcə əllə sağıb sonra qalan südü südsoranla çəkmək daha yaxşıdır.
Ananın döşündən süd gəlməyə başlayan gündən onu sağmaq lazımdır, bunu uşaq çəkidə bir bərabərdə artmağa başlayana qədər davam etdirin. Uşaq pis və ya süst əmirsə, yaxud döşdən süd çətin gəlirsə, ananın südü azdırsa, döşdə qalan südü mütləq sağmaq lazımdır. Sağılmış südün hər damcısı belə ertəsi gün südün artmasına səbəb olur, nəticədə də uşaq yaxşı əmir.
Həkim təyin etməmişsə, uşağa sağılmış süd verməyin. Südəmər uşaqların çoxuna sağılmış süd verməyə ehtiyac olmur. Uşaq əmizdirən ana südünü müntəzəm və yaxşı sağırsa, uşaq gündən-günə yaxşı əmir və adətən 6-8 həftədən sonra döşü daha sağmaq lazım gəlmir.
Hər hansı bir səbəb üzündən uşaq döş əmə bilmədikdə (məsələn, yarımçıq uşaqlar döş əmə bilmirlər, yaxud uşaq xəstə olduqda, müvəqqəti döş verilmədikdə və s.) döşü sağmaq süd vəzilərinin müntəzəm və tam boşalmasını təmin edir.
Ananın südü çox olduqda da süd sağılmalıdır, sağıldıqda vəzidə süd durğunluğu əmələ gəlmir. Süd vəzilərində süd durğunluğu olduqda döşdə ağrılı düyünlər əmələ gəlir. Südü çox olan analarda adətən ağrılı düyünlər doğuşdan 3-4 gün sonra əmələ gəlir, lakin bu o demək deyildir ki, südü dərhal sağmaq lazımdır. Süd vəzisi zərifdir, ana uşağı müntəzəm əmizdirirsə, ağrılı düyünlər heç bir müalicəsiz 1-2 gündən sonra keçib gedir. Ağrılı şişkinlik keçib getmirsə, bu, süd durğunluğunu göstərir və onda döşü sağmağa başlamaq lazımdır. Südü çox olan əksər analarda gec-tez mütləq yuxarıda təsvir edilmiş ağrılı düyünlər əmələ gəlir. Uşağı əmizdirdikdən sonra döş yumşalır, düyünlər keçib gedir, süd vəzisinə basdıqda ağrımır. Uşağı əmizdirəndən sonra da ağrılı düyünlər qalarsa, mütləq südü sağmaq lazımdır, yoxsa döş vəzisinin iltihabı (mastit) baş verir.
Süd durğunluğu ilə əlaqədar ağrını ananın bəzən hər gün hiss etdiyi sancı ilə qarışdırmaq olmaz, bu sancı çox tez keçib gedir.
Süd vəzisinin iltihabı zamanı da südü sağmaq lazımdır. Bu zaman ağrılı düyünlər əvvəlcə şişir, sonra isə irinləyir.
Çox vaxt iltihaba səbəb gigiyenik qaydalara əməl edilməməsi yaxud süd durğunluğudur. Xəstəlik zamanı temperatur qalxır və xəstə titrədir.
Uşaq əmizdirən ana bilməlidir ki, döşü sağmaq süd vəzisinin iltihabının qarşısını almaq və onu müalicə etmək üçün mühüm şərtdir.
Süd vəzisinin iltihabından şübhələnməyə əsas verən ilk əlamətlər olduqda həkimə müraciət etmək lazımdır. Hazırda elə təsirli dərmanlar vardır ki, bunların köməyi ilə xəstəlik başlayan kimi onu dayandırmaq mümkündür. Dərmandan başqa, döşə kompres qoyulur, yataq rejimi təyin edilir. Kompres qoyduqda məməni və məmənin ətrafını quru saxlamaq lazımdır ki, çatlaqlar əmələ gəlməsin. Süd vəzisinin iltihabı zamanı döşü tənziflə bağlamaq lazımdır.
Süd vəzisinin iltihabını tamam və tez sağaltmaq üçün döş əmizdirməyə ara verməyin və südü müntəzəm sağın. Xəstə döşü də əmizdirmək olar, lakin ondan irin və ya qan gələrsə, bu döşü uşağa vermək olmaz, onu ancaq sağmal olar.
Südü bir də ona görə sağmaq lazımdır ki, o, heç südü olmayan anaların uşaqların, yaxud anaları ölmüş uşaqlara verilsin.
Bir çox anaların südü o qədər çox olur ki, eyni vaxtda 2-3 uşağı əmizdirə bilir. Bu cür qadınlar müayinə keçdikdən sonra artıq südünü uşaq məsləhətxanasına yaxud ana südü təhvil verilən məntəqəyə verə bilərlər, bununla da onlar südü az olan analara kömək etmiş olurlar.

Südü nə vaxt sağmalı? 
Uşağın əmdiyi döş vəzisini dərhal sağmaq lazımdır. Uşaq hər iki döşü əmibsə əvvəlcə uşağın birinci dəfə götürdüyü döşü sağmalı. Hər dəfə südün sağılması azı 20-25 dəqiqə çəkməlidir. Birinci dəqiqələr südün damcı-damcı gəldiyini görüb döşün sağılmasını kəsmək olmaz. Yadda saxlamaq lazımdır ki, bəzən süd 10-15 dəqiqədən sonra gəlməyə başlayır.
Südü nə vaxta qədər sağmalı? Bu, həmişə südün nə üçün sağıl maşından asılıdır. Südü çoxaltmaq məqsədilə sağılırsa, ən çoxu 6-8 həftə sağmaq olar(uşaq sağlamdırsa). Bu müddətdə uşaq bədəncə möhkəmlənir və döşdəki südün hamısını özü sora bilir.
Uşaq vaxtından əvvəl doğulubsa və ya anadan olanda hər hansı qüsur olubsa, çox zəifdirsə, yaxud xəstədirsə uşaq döşü özü yaxşı əmənə qədər südü sağmaq lazımdır. Uşaq hər hansı səbəbdən (məsələn, xəstədirsə) döşü müvəqqəti pis əmirsə, yaxud ananın südü müvəqqəti azalıbsa, uşaq təzədən yaxşı əmənə qədər südü sağmaq lazımdır. Ana işləyirsə və bir dəfə əmizdirməni sağılmış südlə əvəz edirsə, uşağı döşdən ayırana qədər südü sağmaq lazımdır.
Ananın südü çox olduqda uşaqdan artıq qalan süd döşdə ağrılı düyünlər əmələ gətirməsin deyə sağılırsa, onda ana yüngülləşənə qədər sağmaq lazımdır, həddindən çox sağmaq onsuz da çox olan süd ifrazını artırır.
Çox vaxt ananın südü axır. Uşaq bir döşü əmən müddətdə o biri döşündən süd tökülür. Bundan başqa, ilk həftələr əmizdirmələr arasında hər iki döşdən süd axa bilər. Buna baxmayaraq, hər iki süd vəzisini müntəzəm sağmaq lazımdır. Ana həm uşağına döş verirsə, həm də sağırsa, bir neçə həftədən sonra daha döşdən süd axmır.
Döşdən süd axması ananı narahat edir: köynəyi, paltarı islanır, məmənin ətrafının dərisi qızarır, bəzən məmə çatlayır. Bəzi analar döşdən süd töküldüyün gördükdə uşağa süd çatmaya çağından qorxub daha döşü sağmırlar. Bu, yanlış fikirdir.
Əvvəla, döşdən çox az süd tökülür, ikincisi isə döşü müntəzəm sağdıqda süd ifrazı artır və itmiş südün yeri dolur.

Uşaq əmizdirən ananın şikayətləri 
Uşaq əmizdirən analar çox vaxt belinin ağrımasında şikayətlənirlər; onlar bunu hər hansı  bir xəstəlik əlaməti hesab edib hətta uşağa döş vermirlər.
Ola bilsin ki, ana həqiqətən də xəstədir, buna görə də belə hallarda həkimə müraciət etmək lazımdır. Lakin çox vaxt belin ağrımasına səbəb xəstəlik yox, əmizdirən vaxt ananın düzgün oturmamasıdır, bəzən də uşağı tez-tez və ya çox əmizdirməsidir. Ana uşağı əmizdirən vaxt qabağa əyilib stulun kənarında oturubsa və uşaq sallanıbsa, ananın beli ağrıyacaqdır. Süddən şişmiş iri döş vəziləri sallanır, buna görə də qadın bədəninə düzgün vəziyyət vermir, bu da belin ağrımasına səbəb olur. Döşü bintlə bağladıqda yaxud lifçik geydikdə beldə ağrılar daha olmur.
Aydındır ki, uşaq əmizdirən ananın qorxması və ya əsəbiləşməsi südün miqdarına təsir edir. Bəzi hallarda süd tamam kəsilə bilər. Ana nə qədər sakit olsa, uşaq bir o qədər yaxşı əmir. lakin ananı hər cür həyəcandan, təşvişdən qorumaq da mümkün deyil. Ana hər hansı bir həyəcan keçirdikdə südü azalsa da keyfiyyəti qətiyyən dəyişmir. Belə hallarda süd çatışmadığına görə yaxud ananın əsəbiliyi uşağa keçdiyi üçün o da əsəbiləşir. Süd müvəqqəti çatışmadıqda uşağa əlavə süd vermək lazımdır.
Bəzi analarda belə bir yanlış fikir var ki, guya uşaq əmizdirmək ananı kökəldir, buna görə də onlar "yaxşı qaməti saxlamaq" üçün uşağı əmizdirmək istəmirlər. Uşaq əmizdirən ana əmizdirmə rejiminə əməl edərsə və özünə fikir verərsə, kökəlməz. Adətən uşağı döşdən ayırandan sonra ananın əvvəlki qaməti bərpa olunur.

Aybaşı
Qadınların çoxunda uşaq əmizdirən dövrdə aybaşı olmur, lakin bəzilərində olur. Yanlış bir fikir vardır ki, qadında aybaşı başladıqda uşağı döşdən ayırmaq lazımdır. Aybaşıya görə uşağı döşdən ayırmaq düzgün deyil. Aybaşı başladıqda bəzi analarda süd ifrazı azalır və uşaq özünü narahat aparır, lakin bu 1-2 gündən sonra keçib gedir. Ana uşağı müntəzəm əmizdirərsə, süd ifrazı da qaydaya düşər.

Yorğunluq
Uşaq əmizdirən ana sağlam həyat tərzi keçirməli, işləməli, lakin özünü yormamalıdır, o təmiz ha­vada çox olmalı və yuxudan doymalıdır. Əksər hallarda yorğunluğa səbəb uşaq əmizdirmə yox, düzgün həyat tərzi keçirməmək yaxud əmizdirmə rejiminə əməl etməməkdir. Bəzi analar belə şikayətlənirlər: "Daha dözə bilmirəm, uşaq nə gündüz, nə gecə döşü buraxmır, buna görə də onu döşdən ayırmaq istəyirəm". Bu, uşağı düzgün tərbiyə etməməyin nəticəsidir ki, bunun da günahı ananın özündədir. Həqiqətən də o çox yorulur. Belə hallarda uşağı döşdən ayırmaq olmaz, xəstələnə bilər, lakin əmizdirməni qaydaya salmaq lazımdır.
Uşaq əmizdirən analar döş gilələrinin ağrımasından şikayətlənirlər. Adətən buna səbəb uşağın uzun müddət döşü əmməsi və ya ananın eyni döşü dalbadal əmizdirməsidir, bəzən ana məməni uşağın ağzına düzgün salmır. Çox vaxt döş gilələrinin ağrımasına səbəb süd vəzilərinə lazımınca qulluq edilməməsidir, xüsusən döşündən süd tökülən qadınlarda.

Döş gilələrində yara açılmasının qarşısını necə almalı
Döşə müntəzəm və yaxşı qulluq etmək lazımdır. Hələ hamiləlik dövründə döş gilələrinə qulluq etmək çox vacibdir. Hər gün döşü sabunla yumaq, döş gilələrini və bunların ətrafını təmiz dəsmalla silmək lazımdır. Bu, həm də yüngül masaj olub, məməni yumşaq saxlayır və çatlamağa qoymur.
Qadının məmələri çatlayıbsa yaxud yara açılıbsa həkimə müraciət etmək lazımdır. Həkimin təyin etdiyi müalicədən sonra da sağalmırsa, bir neçə gün südü sağmaq və döşü tamam sağalandan sonra uşağa vermək lazımdır. Belə hallarda südü tamam sağmaq lazımdır, çünki süd vəzisi tamam boşalmayanda süd ifrazı kəsilə bilər.

Uşağı döşdən ayırmaq
Uşaq döşü nə qədər yaxşı əmsə də, əvvəl-axır onu döşdən ayırmaq və yemək yeməyi öyrətmək lazım gəlir. Döşü yaxşı əmən uşaq döşdən ayrılmaq istəmir, buna görə də onu döşdən birdən-birə yox, tədricən ayırmaq lazımdır.
Uşağı döşdən nə vaxt ayırmağa başlamalı və bunu nə vaxt qurtarmalı? Uşağı döşdən ayırmağa başlamaq üçün əvvəlcə bir əmizdirməni başqa bir şeylə əvəz etmək lazımdır. Uşaq daha döş əmmirsə, deməli o döşdən ayrılmışdır. Uşağı birdən-birə yox, tədricən döşdən ayırmaq həm ana, həm də uşaq üçün yaxşıdır.
Uşağı 5-5.5 aylıqdan, yəni ona tərəvəz və meyvə verməyə başladıqdan sonra döşdən ayırmağa başlamaq, 10-12 aylıqda qurtarmaq lazımdır. 4-6 həftədən sonra bir əmizdirmə əvəzinə başqa yemək vermək lazımdır.
Uşağı döşdən tədricən ayırdıqda o süd əvəzinə aldığı başqa yeməyə alışır və döşdən asan ayrılır.
Bəzən uşaq döşü ananın nəzərdə tutduğundan tez atır, çünki elə yaxşı yeyir ki, daha onun döş əmməyə ehtiyacı olmur. Uşağı mümkünsə bir yaşına qədər döşdən ayırmayın. Uşaq döşdən nə qədər tez ayrılsa, bir o qədər qorxuludur. Yayda yoluxucu xəstəliklər çox baş verir, südəmər uşaq istiyə dözə bilmir, onun orqanizminin müqavimət qabiliyyəti azalır. Buna görə də uşağı döşdən kəsmək yaya düşdükdə, onu döşdən 2-3 ay gec kəsmək lazımdır.
Uşağı bir yaşı bitəndə döşdən tamam kəsmək olar. Bir yaşdan yuxarı böyük sağlam uşağa döş vermək lazım deyil, onun buna ehtiyacı yoxdur, çünki müxtəlif yeməklə­rin yaxşı yeyir və onun orqanizminin müqavimət qabiliyyəti artmış olur. Bir yaşdan yuxarı uşağa döş vermək tərbiyəvi nöqteyi-nəzərdən də düzgün deyil, belə vaxt o döşdən heç ayrıla bilmir.
Uşağı döşdən tədricən ayırmaq lazımdır. Əvvəlcə hər gün gündüz bir əmizdirməni buraxır, sonra axşam əmizdirir və axırda səhər əmizdirməni tərgidirlər. Nəticədə nəinki sutkalıq süd ifrazı azalır, həm də hər əmizdirmədəki südün miqdarı da azalır. Uşaq təkcə səhər əmdikdə, ananın südü azalır, bu vaxt uşağa əlavə yemək verilir və bir qədərdən sonra uşaq özü döşü daha götürmür.
Uşaq müntəzəm yedizdirilmişsə, onu boş döşü uzun-uzadı sormağa qoymamışlarsa, onun döşdən kəsilməsi səlamət keçir; döşdən ayırma müddətində döş əmizdirməni başqa yeməklə növbələmək lazımdır.
Uşağı heç bir hazırlıq görmədən birdən-birə döşdən ayırmaq pisdir (keçmişdə çox vaxt belə edirdilər, indi də bəzi qadınlar belə edirlər). Uşağı döşdən birdən-birə ayırdıqda uşaq təzə yemək qaydasına qəti etiraz edir, yeməyi ağzına almaq istəmir. Vaxtilə belə hallarda ana ac uşağın qışqırığını eşitməmək üçün evdən çıxıb gedirdi, yaxud uşağı müvəqqəti olaraq qohumlara verirdi ki, o tanış olmayan yerdə "sözə baxar" və təzə yemək qaydasına tez alışar. Bu cür üsullar uşağın sağlamlığına və əsəblərinə çox zərərdir.
Çox vaxt analar deyirlər ki, uşaq döşdən ayrılana qədər sakit idi, döşdən ayrılandan sonra isə ağlağan olmuşdur və yuxuya çətin gedir.
Uşağı döşdən birdən-birə ayırmaq ana üçün də zərərdir. Belə ki, döşdə süd durğunluğu çox vaxt isə süd vəzisinin iltihabı baş verir. Uşağı tədricən ayırdıqda bütün bu xoşagəlməz hallar baş vermir. Uşağı hətta tədricən ayırdıqda da axırıncı əmizdirmədən sonra bəzən ananın döş vəziləri şişib ağrıyır. Belə halda südü sağmaq olmaz, ana bir neçə gün duru yeməkləri: çayı, suyu azaltmalıdır. Döşə kompres qoymaq və işlətmə dərmanı (məsələn, ingilis duzu) içmək yaxşı təsir edir.

Yeni yeməkləri tətbiq etmək qaydası
Həkim icazə verdikdən sonra 4-5 aylıqdan uşağa azca duru kartof püresi vermək olar. Kartof püresinə hər cür tərəvəz (ispanaq, yerkökü, çuğundur, cəfəri və s.) qatmaq olar. Həmçinin uşağa göynoxudu, kələm, gül kələm də vermək olar, lakin bunların uşağın qarnında köp və sancı əmələ gətirib-gətirməməsinə fikir vermək lazımdır, uşağa xoşlamadığı, köp və ya ishal törədən tərəvəz verilməsini müvəqqəti dayandırmaq lazımdır. Birinci dəfə uşağa ancaq 1/2 çay qaşığı duru kartof püresi vermək lazımdır, əgər bu yemək onun xoşuna gələrsə, tədricən artırmaq olar. Uşaq gündə 80-100 q kartof püresi (yaxud başqa tərəvəz püresi) yeyirsə, bir əmizdirməni, tərəvəz və ya meyvə sıyığı ilə əvəz etmək olar, onda uşağa bir dəfəyə 50 ml meyvə şirəsi də vermək olar. Bu yaşda uşağa gilas, albalı, qırmızı qarağat, üzüm şirəsi və ya püresi yaxşıdır. Uşağa eyni gündə bir neçə meyvə vermək olmaz, alma püresi və başqa meyvələrin şirəsini vermək olar.
Uşaq kartof püresini və tərəvəz sıyığını iştaha ilə yeyirsə, həkimlə məsləhətləşib püreni su əvəzinə inək südü ilə bişirmək olar: sonralar uşağın yeməyinə hər gün bir çay qaşığı kərə yağı və ya bitki yağı qatmaq olar.
6-7 aylıq uşağa gündə 2 dəfə tərəvəz, habelə hər dəfədə 50 ml olmaqla gündə 2 dəfə meyvə şirəsi vermək və gündə 3 dəfə döş əmizdirmək olar. Bu vaxt uşağa 1/2 yumurta sarısı, yağsız ət bulyonu verilir.
Uşaq gündə təkcə 3 dəfə əmirsə, hər dəfə ona iki döşü də vermək lazımdır. Uşaq yaxşı inkişaf edirsə, gündə 5 dəfə əmizdirmək kifayətdir.
Döş əmizdirmə ilə əlavə yeməyi növbələmək lazımdır. Bu uşağın xoşuna gəlmirsə, ona 2 dəfə dalbadal əlavə yemək vermək olar. Fikir vermək lazımdır ki, uşaq susuzluq çəkməsin, hər dəfə əlavə yemək verdikdə çay da vermək lazımdır.
8-9 aylıqda daha bir əmizdirməni süddə bişirilmiş manna sıyığı (150-200 q) ilə yaxud həmin miqdarda inək südü və ya kefirlə əvəz etmək olar. Bu yaşda uşağa kəsmik, ət və balıq qiyməsi, sup, suxarı, gündə 1-2 dəfə - səhər və axşam yaxud yalnız səhərlər döş verilir.
10-12 aylıqda axırıncı səhər əmizdirməsi də kəsilir. Bu vaxt döş vəzisində süd az olur, uşaq yaxşı əmə bilmir və bir müddətdən sonra döşü atır. O döşdən tamam ayrılır. Uşaq müxtəlif cür və tam səmərəli qida alır. Yadda saxlamaq lazımdır ki, uşağa əlavə yeməyi və yeni yeməkləri uşaq məsləhətxanasının həkiminin nəzarəti altında vermək lazımdır.

Mənbə: Ananın məlumat kitabı
Müəllif: Laslo Maqda,Peterno Pikler Emmi

Go Back

Sorğu göndər