Düşüncə Jurnalı

header photo

Doğulacaq uşağın oğlan olmasını istəyən kişilər hökmən oxusun

Yaxın dövrlərə qədər insanlar uşağın cinsiyyətinin ananın hüceyrələri tərəfindən müəyyən edildiyini düşünürdülər və ya ana ilə atadan gələn hüceyrələrin birlikdə cinsiyyəti müəyyən etdiklərini zənn edirdilər. Ancaq Quranda bu barədə fərqli məlumat verilmiş və erkəklik-dişiliyin “bətnə tökülən nütfədən” yaradıldığı bildirilmişdir: “Hər bir cütü erkək və dişi yaradan Odur - nütfədən (döl yatağına) axıb tökülərkən...” (Nəcm surəsi, 45-46)

Allahın Quranda verdiyi bu məlumatın doğruluğu genetika və mikrobiologiya kimi elmlərin inkişafı ilə elmi tərəfdən də sübut edildi. Cinsiyyətin tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rol daşımadığı məlum oldu.

Gələcək valideynlər çox vaxt körpənin cinsiyyətinin əvvəlcədən planlanmasını istəyirlər. Bu məsələ hələ də aktual olaraq qalır. Amma bunu da bilmək lazımdır ki, gələcək körpənin cinsinin əvvəlcədən müəyyənləşdirilməsinin 100%-li metodu yoxdur.

Cinsiyyətin müəyyən edilməsində əsas amil xromosomlardır. İnsan quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomu adlanır. Bu iki xromosom kişidə XY, qadında isə XX kimidir. Bunun səbəbi xromosomların bu hərflərə bənzədilməsidir. Y xromosomu kişi, X xromosomu isə qadın genlərini daşıyır.

Bir insanın əmələ gəlməsi kişi və qadında cütlər halında yerləşən bu xromosomlardan bir dənəsinin birləşməsilə başlayır. Qadında yumurtalığın mayalanması ərəfəsində iki yerə bölünən hüceyrənin hər iki hissəsi də X xromosomunu daşıyır. Kişidə iki yerə ayrılan hüceyrə X və Y xromosomları daşıyan iki fərqli sperma əmələ gətirir. Əgər qadındakı X xromosomu kişidəki X xromosomu daşıyan sperma ilə birləşərsə, doğulacaq uşaq qız olacaqdır. Əgər Y xromosomu daşıyan sperma ilə birləşsə, onda doğulacaq uşaq oğlan olacaq.

Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomların hansının qadının yumurtası ilə birləşəcəyindən asılıdır.

Şübhəsiz, genetika elmi meydana gələnədək, yəni XX əsrə qədər bunların heç biri məlum deyildi. Bir çox ölkələrdə, bir çox xalqlar arasında hətta belə bir yanlış inanc geniş yayılmışdı ki, uşağın cinsiyyətini guya qadın müəyyən edir, yəni körpənin qız yaxud oğlan olması guya anadan asılıdır. Qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması məhz bu yanlış təsəvvürlərdən irəli gəlirdi.

Halbuki Quranda insanlara genlərin kəşfindən 14 əsr əvvəl bu batil inancı təkzib edən bir məlumat verilib, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilir.

Yuxarıda da qeyd etdiyimiz kimi, uşağın oğlan və ya qız olmasını əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Amma bu yöndə aparılmış araşdırmalar göstərir ki, bəzi addımlar atmaqla bu istəyə doğru addımlamaq olar. Bu addımların atılması isə yenə də kişilərdən asılıdır, qadınlar heç bir rola malik deyillər.

Qadınlarda yumurta hüceyrəsinin yaranma dövrü menstruasiya (aybaşı) günündən sonra 12-16-cı günlərdə olur. Yəni menstruasiya dövrünün 14-cü günündə toxum hüceyrəsi yetkinləşir və mayalanmaya hazır olur, yumurtalıqdan çıxır, uşaqlıq yoluna (fallopian) düşür. Burada isə 24 saata qədər aktivliyini qoruyur. Bu zaman ərzində heç bir mayalanma yaranmasa, hüceyrə həyat qabiliyyətini itirir və uşaqlıq ifrazatı ilə xaric olur.

Kişi-qadın yaxınlığı zamanı qadının uşaqlıq yoluna 400 milyona yaxın spermatazoid ifraz edilir. Onun qadın orqanizmində qalan hissəsi uşaqlıq yolu ilə uşaqlıq boşluğuna, oradan isə fallopian yollarından birinə daxil olur. Onların da həyat qabiliyyəti 48 saat olur.

Qadınlarda yumurta hüceyrəsinin yaranma dövrü bədən temperaturunun izlənməsi, UZİ ilə yumurtalıqlara baxma və Luteinize Edici Hormon (LH) yüksəlməsi ilə müəyyən edilir. Yumurta hüceyrəsinin yaranma dövrünün ilk 14 günündə bədən temperaturu 36-37 dərəcədir. Hüceyrənin yaranma zamanından sonrakı günlərdə isə bədən temperaturu 37 dərəcədən artıq olur.

Araşdırma zamanı müəyyən edilib ki, oğlan uşağı istəyən cütlər yumurta hüceyrəsinin yaranma gününə yaxın və yumurta hüceyrəsinin yaranma günlərində cinsi əlaqəyə girməlidirlər. Qız uşağı istəyənlər isə yumurta hüceyrəsinin yaranma günündən 3-4 gün əvvəl cinsi əlaqədə olmalıdırlar.

Bu müddətlər ərzində isə oğlan uşağı istəyən kişilər kalium və natriumla zəngin qidalar (banan, quru lobya, noxud, mərcimək, ərik, ananas, qırmızı və ağ ət və.s), qız uşağı istəyənlər isə kalsium və maqneziumla zəngin qidalar (süd və süd məhsulları, yumurta, kartof, xəmir məmulatları, südlü şirniyyatlar və.s) yeməlidirlər. Birinci qidaların yeyilməsi zamanı kişilərdə “Y”, ikincilərdə isə “X” xromosomlarının gücü daha artıq olur. Amma yenə qeyd edirik ki, bu, 100%-lik nəticə deyil.

Nigar Kazımlı 

faktxeber.com

Go Back

Sorğu göndər