Düşüncə Jurnalı

header photo

ERİX FROMM (1900-1980)

Erix Fromm görkəmli alman sosioloqu, filosofu, sosial psixoloqu, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi və neofreydizmin yaradıcılarından biridir. O, Almaniyanın Frankfurt na-Mayne şəhərində ortodoksal yəhudi ailəsində anadan olmuşdur. Erix Fromm 1925-ci ildə psixoanalitik hazırlığını başa çatdıraraq praktik psixoanalitik kimi fəaliyyətə başlamışdır. 
Hələ 12 yaşında olarkən, atasının ölümündən dərhal sonra intihar etmiş gənc rəssam qızın həyatı və onun atasının yanında dəfn edilməsi vəsiyyəti Erix Frommda dərin təəssürat yaratmışdır. O, anlaya bilmirdi ki, atası gənc rəssam qıza necə güclü təsir göstərmişdir ki, həmin qız həyat sevincini yaşamaqdan imtina edərək intihar yolunu seçmişdir. I Dünya Müharibəsi illərində baş verən hadisələr insanların bir-birinə nifrəti, millətçilik hisslərinin güclənməsi onu insanların bir-birini öldürməsinin səbəblərini öyrənməyə istiqamətləndirmişdir. Sonralar Erix Fromm Freydin psixoanalizi ilə yaxından tanış olmuş, lakin onun bioloji baxışlarını qəbul etməmiş və “Humanistik psixoanaliz” adlanan öz təlimini yaratmışdır. O, yazırdı ki, insanın inkişafının mühüm amillərindən biri onun ikili təbiətindən irəli gələn ziddiyyətlərlə bağlıdır. İnsan təbiətin bir hissəsidir. Onun qanunlarına tabedir, eyni zamanda düşüncəyə malik olan subyekt və sosial varlıqıdr. Bu ziddiyyəti o, “ekzistensial dixotomiya” adlandırmışdı. O, yazırdı ki, heyvanlarda yaşamağa kömək edən güclü instinktlər, insanlarda isə qərar qəbul etməyə imkan verən şüur mövcuddur. 
1941-ci ildə yazdığı “Azadlıqdan qaçış” adlı əsərində azadlığı “neqativ azadlıq” və “müsbət azadlıq” – deyə iki yerə ayırmışdır. O, həmçinin bu əsərdə “sosial xarakter” anlayışını elmi dövriyyəyə gətirmişdir. Psixoloqun özünə görə, “sosial xarakter” anlayışı ictimai proseslərin anlaşılması üçün açardır. 
Erix Fromm sonuncu “Freydin nəzəriyyəsinin böyüklüyü və məhdudluğu” adlı əsərində yazmışdır: “Freyd dahi ideyalar irəli sürmüşdür. Onun təfəkkürü paradiqmal təsirə malik olmuş, yəni insanların şüurunda inqilab yaratmışdır. Lakin Freydin baxışları insanın sosial təbiətini kölgədə qoyur və onun mahiyyətini analitik düşüncə mövqeyindən tam izah edə bilmir.”

 
- Mənbə: N.Z. Çələbiyev. Dünyanın məhşur və tanınmış psixoloqları. Bakı-2017. Səh: 123-126.

 Hazırladı : Sevinc Abuşova.
 

Go Back

Comment