İnsan ruhunun ən az səbr etdiyi xoşbəxtlikdi. Balaca düşünsək açıq şəkildə görə bilərik ki, kədəri uzun müddət sanki bizə xoş təsir bağışlayırmış kimi çiyinlərimizdə daşıya bilirik, nifrəti, kini hətta illərlə zehnimizin dərinliyində saxlaya bilirik, yoxsulluğa, amansız zərbələrə səbr edirik, hətta məyus halda saatlarla tək qalıb özümüzə qapana bilirik. Bəs xoşbəxt anlara necə? Bu qədər vaxt sərf edirikmi? Əlbəttə ki, yox. Ona səbrimiz çatmır. Elə bir anlıq gəlir və keçib gedir.
Baxırsan ki, insanlar daima elə nəsə axtarırlar. Maşın, ev, uşaq, iş, dost, şan, şöhrət, sevgi və ya sevgili… Maraqlı olan isə, insanların əksəriyyətinin bütün bu özəlliklərə sahib olmasıdır, amma gəl ki, xoşbəxt deyillər. Çünki illər boyu beynimizdə mühitin təsirilə bir proqram qurulur. Və bu proqramın sonu xoşbəxtliklə nəticələnir. Proqramı reallaşdırmağa gəldikdə isə heç də gözlənildiyi kimi olmur. İstədiklərimizi zaman-zaman əldə edərik, əldə etdikcə də gözümüzdə dəyəri azalır. O, maşını, evi, sevgilini tapdıqdan sonra insanlar xoşbəxt olacaqlarına inandırır özlərini. Evə sahib olmaq nəticədir. Zaman isə evə sahib olmaq üçün keçirilən hər an, hər addımdır. Yəni xoşbəxtlik əslində çatdığımız yer deyil, elə getdiyimiz yolun özüdür.
Nəyisə gizlətmək istəyəndə göz önünə qoymaq lazımdır, deyirlər. Çünki insanların ən az baxdığı yer göz önündə olanlardı. Çətin, labirint yollarla axtarmağa çalışdığımız xoşbəxtlik də elə məhz əlimizin altında bizi sevindirə biləcəyi o xoşbəxt anı gözləyir.
Balaca uşaqların gizlənpaç oyununu xatırlayaq. Ən əsas da 3-4 yaşında olan uşaqlar bu oyunu oynayarkən gizləndikləri yerlərdə bütün bədənlərini gizlətməzlər. Gizləndikləri yerdən görünərlər, gözünü yuman qaçıb onu tapar və birlikdə böyük həyəcanla qışqıraraq digər gizlənənlərin dalınca qaçarlar. Əslində sevinc, xoşbəxtlik də bu uşaqlar qədər saf və təmizdir.
Əgər xoşbəxtlik həyatımızın hədəfi yox, elə özü olsaydı, sahib olduğumuzu axtarmaq məcburiyyə-tində qalmazdıq.