Böyük insan olan kainat...Və kiçik kainat olan insan...
Kainatda olan hər bir şeyin kiçik bir nümunəsi insanin mahiyətində dərc edilmişdir.
Böyük aləm və o aləmin içində insanlar ədədincə kiçik aləmlər...
Hər insanın düşüncələriylə, xəyallarıyla, qorxularıyla, istəkləriylə, arzularıya formalaşdırdığı bir aləmi var. Bu kainatda insanlar ədədincə bir-biri ilə əlaqəli, iç-içə girmiş aləmlər var. Hər insanın qurduğu aləmin dirəyi isə onun həyatıdır. Həyat dirəyi qırılan kimi aləmi də başına yıxılır.
İnsan içtimai varlıqdır. Həyatını təmin etmək üçün digər insanların köməyinə ehtiyacı var. Eyni zamanda, kimi danışdırırsan ətrafındakı insanların çoxundan narazıdır. İşçilər müdirdən, qonşu qonşudan, kimisi qohum-əqrəbadan, gəlin qaynanadan… Əksər insanlar başqalarının onun həyatına qarışmasından şikayətçidir. Bəziləri isə canlı-cansız hər şeyi həyatına təcavüz edə biləcək potensial düşmən olaraq görür. Zərrədən səyyarəyə kimi hər bir şeydən qorxub dəhşət alan, eyni zamanda bütün varlığı ilə səadət və rahatlıq axtarışında olan insan bu dəhşətli vəziyətində axtardığını tapa bilərmi? Bəs nə edək? Ruhumuz “SƏADƏT” deyə bağırırkən, şərait və səbəblər səsimizi içimizdəcə boğur.
Hər şeyi başıboş və özünə düşmən görən insanlıq, zirehini taxır, silahını alır, kölgədən qorxan uşaq kimi vahimələnib bütün dünyaya hücum vəziyətini alır. Ondan da zülm doğur, müharibələr doğur, insanın gözləriylə bərabər qəlbini də ağladacaq necə çirkin davranışlar meydana gəlir. Halbuki bəzən biz gözlərini bağlıyıb, xəyalında kiminsə hücumunu təsəvvür edən birisi kimi əsassız olaraq bağırıb- çığırırıq. Öz aləmimizin təmirini buraxıb başqalarına təcavüzlə məşqul oluruq...Boş yerə deməyiblər ki, “qorxaq təcavüzkar olar.”
Bəs bu qədər qorxuları dəf edib, milyon illərdi axtardığımız səadəti necə tapaq?
Maddənin şüuru və iradəsi yoxdur. Amma insan şüurlu və iradəli varlıqdır. Kainatda saysız- hesabsız şüursuz maddi varlıqlar var ki, mükəmməl dərəcədə nizamlı, intizamlıdırlar- zərrələrdən ulduzlara kimi. Hər addımda bir ölçü, bir nizam, bir şüurlu hərəkət gözə çarpır. İnsanlar arasında isə milyon illərdir ki bir nizamsızlıq, bir qarışıqlıq, bir ədavət var… Görəsən bu şüursuz maddələrin şüurlu hərəkətinin və şüurlu insanların şüursuz davranışlarının səbəbi nədir?
Şüur sahibi olan insan şüursuz varlıqların şüurlu hərəkətindən dərs almalıdır. Kainatda hər bir şeydə bir yardımlaşma görünür. Bulud torpağın, bitkilər heyvanların, hətta qida zərrələri hüceyrələrimizin köməyinə çatır. Çünki hər şey bir sistemə tabe olaraq çalışır, hər məhsul bir əldən çıxır, hər şey birinin əmriylə hərəkət edir, birinin iradəsinə və idarəsinə tabedir. Əmr edənlər çoxaldırqca ixtilaf çıxar, qarışıqlıq düşər, nizam pozular...
İnsan kiçik bir kainatdır, kainat isə böyük bir insan...Düşünən insan üstündür. Ağlıyla, qəlbiylə, ruhuyla düşünən, kainatdakı mükəmməl fəaliyyəti təfəkkür edən, böyük qardaşı olan kainatdan dərs alan insan həqiqi insanlıq mərtəbəsinə yüksələ bilər. Kainat böyük bir dərs kitabıdır. Bu kitabda biz insanlar üçün necə örnəklər var… Yetər ki oxumağı bacaraq. Əgər hələ də həqiqi səadəti tapa bilməmişiksə, demək ki, doğru- dürüst oxumağı bacarmırıq. Kim bilir bəlkə də kainat kitabının əlifbasını, bəlkə də bu əlifbanın əlifini belə öyrənə bilmədik...
“Yaradan Rəbbinin adı ilə oxu” Ələq Surəsi, Birinci Ayə (Bu ayə, Quran-ı Kərimi'n ilk nazil olmuş ayəsidir)
kayzen.az