Düşüncə Jurnalı

header photo

Mən Autizmə qalib gələcəm

xalide3-4 yaşlı uşaqlar ətrafda qaçır, kimi maşınla, kimi kukla və ya digər oyuncaqlarla oynayır. Kənardan izləyənlər maraqlı məqamlarda gülür, uşaqların inkişafındakı irəliləyişlər haqqında danışırdılar. O isə kənarda dayanan oğlunu və onun necə fərqləndiyini izləyir. Əlindəki maşını bərk qucaqlayıb yerində yellənən, bir nöqtəyə baxan oğlunun həyatında heç eşitmədiyi, məlumatı olmadığı bir dünyada yaşadığını qəbul edib. Amma ananın gözlərinə baxa bilməyi bacarsanız, o uşaqlardan biri kimi olmağı, ona “ana”  deməsi, oyun oynaması, qucağına gəlməyə can atması üçün hər şeyi verəcəyini görərdiniz.

Bir anlıq uşaq olduğunuzu düşünün. Eşitmə probleminiz olmadığı halda ətrafdan sizi çağıranların səsini eşitmir, anlamır, kimin çağırdığını ayırd edə bilmirsiniz. Heç kəsin duymadığı ən xırda mexaniki səsləri, addımları, qoxuları duyursunuz. Özünüzə zərər verirsiniz, başınızı çırpır, özünüzü dişləyir, cırmaqlayır, amma ağrı hiss etmirsiniz. Ətrafda hər kəs ünsiyyət qurur, amma siz bunu necə edəcəyinizi anlamırsınız. Oyuncaqlarla necə davranacağınızı bilmirsiniz. Ətrafda baş verənləri, insanların nə etdiyini, danışdığını dərk etmirsiniz…

Və ya məhz bu cəhətlərdə bir övladınız olduğunu düşünün. Böyük ehtimal qulağınızı çəkdiniz. Amma nəsə demək lazım olduğu zaman “min dərdə dərman” məsləhətlər verərik. İzlədiyimiz filmlər, həyat təcrübəmiz bizə “bol və faydalı”  bir nitq səsləndirməyimizə imkan verər. Heç vaxt o ananın nə hiss etdiyi haqqında anlayışımız olmaz. Dinləməyə vaxt olmaz, dinləsəniz isə yazığınız gələcək. Onun nə hiss etdiyini, nə istədiyini anlamayacaqsınız. O, həmişə təmkinini qoruyacaq. Ona balaca “müəllimi” öyrədib səbr etməyi. Siz onu baxışlarınızla süzərkən, yanınızdakı ilə müzakirəyə başlarkən o, yenə də təmkinli davranacaq. Görəcək, hiss edəcək, inciyəcək. Amma onun məqsədi, sevgisi üçün maneə olmayacaq. Bəlkə də bu yolda onu balacadan çox ətraf yoracaq. Qohum, qonşu, tanımadığı imsanların müzakirəsi, mühakiməsi… Öz əsəblərini dəmirdən qəfəsə qoyub övladını cəmiyyətə qazandırmağa çalışacaq. Səbəbsiz yerə qışqıran, ağlayan uşağın anasını “Apar bunu. Qorxudur uşaqları. Səsi başıma düşür” deyən baxışlar izləyəcək…parklarda, avtobusda, metroda, həyətdə…

Künclərə sığınmağı seçən övladına qovuşmaq üçün çırpınar ömür boyu. Onu tanımaq, anlamaq, nə düşündüyünü dərk etmək tək məqsədə çevrilir. Artıq həyatı boyu övladının fərqliliyini öz dünyasına uyğunlaşdımağa çalışır. Hər gördüyü ixtisasçıdan “Autizm nədir?”, “ Sizcə mənim övladım necədir, necə olacaq?”, “Gələcəkdə müstəqil həyata davam edə bilər mi?” kimi suallara cavab axtaracaq. Və getdikcə özü ixtisaslaşacaq. Yeni insanlar tanıyacaq və bu insanlar mütəxəssis və ya bu fərqliliklə həyata davam edən ailələr olacaq. Gənc və Autizmdən anlayışı olmayan analar tanıyacaq. Onlara məsləhətlər verəcək. Bəlkə də ilk məsləhəti “Heç bir baxışa və mühakiməyə fikir vermə” olacaq. Çünki, onun qədər heç kəs yaxşı bilmir o “baxış” yaralarını. Və ən əsası, “Ruhdan düşmə, sən nə qədər güclü olsan övladın bir o qədər yaxşılaşacaq” deyəcək.

Əlbət ki, özünün ruhdan düşdüyü anlar, ümidsiz və yorğun ruhla oyandığı səhərlər olub. Tək arzusu övladının azadlığını, rahatlığını yaşadığı müddətcə təmin etmək… Tək məqsədi ona qeyri-şərtsiz sevməyi öyrədən “müəllim”ini qorumaq və heç kəsin ondan üstün olmadığını anlatmaq… Tək şüarı “Mən Autizmə qalib gələcəm” olub…

Müəllif: Xalidə Həsənova

gsr.fm

 

Go Back

Sorğu göndər