Düşüncə Jurnalı

header photo

O və Mən ya da Onsuz Mən

        

 Rejissorlar filmlərdə çox şişirdirlər. Həyatda hər şey daha sadədir. Həyatda nə musiqi çalınır fonda, nə də külək əsir. Həyatda sadəcə görürsən və sevirsən. Bizdə də belə olmuşdu. Biz onunla başqa dünyalarda doğulmuş, başqa insanlardan tərbiyə görmüş və fərqli dünya görüşlərinə sahib olmuşduq. Mən çox kitab oxuyurdum o isə bir kitabı bir ilə zorla qurtarırdı. Mən susqun idim o şən və optimist. Mən oyun oynamağı sevirdim o isə oynamağı sevirdi.  Mən onu gördüyüm günü xatırlayıram. Belə götürəndə heç vaxt xəyalımdan itmədi ki.... O sakitcə bir qıraqda oturmuşdu. Hürkək nəzərləri hələdə xatirimdədir. Və mən..... özümü kitab oxuyurmuşam kimi göstərirdim amma əslində gözümün hansısa xırda bir nöqtəsi ilə onu seyr edirdim. Və hiss elədim. O da mənə baxırdı. Sonra hadisələr çox tez cərəyan etdi. Biz tanış olduq yaxın olduq və çox yaxın olduq. Biz bir-birimizi sevdik, bir-birimizə bağlandıq. Biz xəyallar qurmağa başladıq və hər gecə arzular dənizində üzdük. İndi – üstündən o qədər il keçəndən sonra fikirləşirəm bəlkə də biz həddindən artıq sadəlövh idik, bəlkə də həyat qəddar idi. Bəlkə də hər ikisi birdən. Bəlkə də.... eh nəysə. Nə olmağından asılı olmayaraq biz çox xoşbəxt idik. Həm də lap çox. Və bu yazını yazmağımın da bir səbəbi var. Əgər hələdə yaşayırsansa, əgər birdən bu yazı sənin əlinə düşərsə oxu. Oxu və anla ki, mən səni hələdə sevirəm. Və hələdə o günə lənət oxuyuram. Məni maşın vurmuşdu. Yadındadırsa maşın sənin üstünə gəlirdi sadəcə mən səni kənara itələmək üçün irəli atıldım. Səni kənara itələyə bildim. Amma özüm...... deyirlər ki, maşın məni iki metr sürüyübmüş. Mən xəstəxanadan çıxanda axsayırdım. Üzüm eybəcərləşmişdi. Ah. Mən həmin ki, yaraşıqlı oğlan deyildim. Bilirsənmi, xəstəxanadan çıxdıqdan sonra ilk görüşümüzdəcə anlamışdım sənin mənə olan münasibətinin dəyişməsini. Təbii ki, səndə anlamışdın. Anlamışdın ki, bu eybəcər oğlanı sevə bilməyəcəksən.

Sonra bir gün eşitdim ki, sevgilim nişanlanıb başqası ilə. İnanmadım. Amma illərlə sevdiyim qız mənim gözlərimin içinə baxıb məni sevmədiyini deyənə qədər. Yıxıldı dünyam. Ah o an əsl cəhənnəmi yaşadım mən. Deyəsən sonra gedib sevgilimin nişanlandığı oğlanı pis döymüşdüm. Nəysə. Fikirləşmək istəmirəm bu haqda. Amma bir mənzərə var ki, heç cür gözümün önündən getmir. O ağ gəlin paltarında yad bir oğlanın yanında əyləşmişdi. Mən uzaqdan onlara baxırdım və görürdüm ki, o çox xoşbəxtdir. Ordan uzaqlaşdım. Tənha bir yerə çəkilib ağladım. Ağladıqca ağladım. Bacardıqca ağladım.

Rejissorlar həqiqətəndə filmlərdə çox şişirdirlər. Nə matəm mahnısı çalındı fonda nə də külək xəzəlləri göyə qaldırdı. Sadəcə biz ayrıldıq. Sadəcə mən onu bir daha görmədim.

Fuad Əsədov

BDU, Sosial Elmlər və Psixologiya fakultəsi, I k

Go Back

Sorğu göndər