Əlverişsiz ətraf mühitin (külək, aşağı temperatur, atmosferin tərkibində olan zərərli maddələrin təsiri) təsirinə üz dərisi daha tez və daha çox məruz qalır. Eyni zamanda, üz insanın keçirdiyi bütün emosiyaları əks etdirən bir ekran rolunu oynayır. Mimiki əzələlərin təkrar yığılıb boşalması müvafiq dəri zonalarının genişlənməsinə səbəb olur ki, bu da qırışların yaranmasına gətirib çıxarır. Yaş ötdükcə dərinin elastikliyi azalır, estetik xüsusiyyətləri pisləşir, hiperfunksional üz qırışları və ya qısa desək üzdə bütün qadınların nifrət etdiyi qırışlar yaranır. Əsasən bu proses dörd sahəni əhatə edir: alın, göz ətrafındakı sahə, burun-dodaq qırışları, boyun.
Hər gün, hər saat, hər saniyə gözəlləşmək istəyən qadınlar qırışlardan xilas olmaq üçün hər üsula əl atırlar. Müasir dövrdə qırışları aradan qaldırmaq üçün bir çox metodlar təklif olunur. Lakin dünya ulduzlarının və qeyri-peşəkar tərəfindən edilən proseduraların pis nəticələri xanımları qorxuya salır.
Estetik və plastik cərrahiyyə mütəxəssisi Mustafa Qaraca xanımları botoks və dolğu haqqında maraqlandıran bir çox sualları cavablandırıb. O, botoks haqqında yanlış məlumatlara aydınlıq gətirib.
Son illərin bəlkə də ən möcüzəli kəşflərindən biri kimi qəbul edilən botoks və dolğu haqqında bəzən lazımsız olaraq qorxuya düşürük. Xüsusilə haqqında yayılan yalan, ya da yanlış məlumatlar botoks və estetik dolğu maddələri haqqında şübhələr doğurur. Halbuki bu iki estetik əməliyyat peşəkar tərəfindən edildikdə, inanılmaz möcüzələr yaradır. Həm də illərə meydan oxumağın ən asan yoludur.
Botoks əvvəl xəstəliklərə çarə olsa da, günümüzdə yaşlılıq əlamətləri olan qırışlarla mübarizə aparmaq üçün ən güclü silah kimi qəbul edilir. Xırda qırışları və digər qırışlar üzərindəki təsirini danmaq olmaz.
Dolğu maddəsinin tətbiqi də son illərdə ən çox müraciət olunan estetik əməliyyatlardan biridir. Dodaq dolğusu xüsusilə incə dodaqlara sahib qadınların xilaskarı kimi qəbul edilir.
Bu üsullar haqqında düzgün məlumata malik olmayanlar, onu yanlış tətbiq edən qeyri-peşəkarların nəticəsini görənlər botoks və dolğunun əleyhinə çıxırlar. Bəs bu iki üsul haqqındakı miflər nə qədər doğrudur?
- Botoks nədir?
- Bu gün müasir kosmetologiya üz üçün bir neçə cavanlaşdırıcı proseduralar təklif edir. Ən tanınmış qeyri-cərrahiyyə cavanlaşdırıcı üsul botoks (disport) inyeksiyalarıdır. Botoks inyeksiyaları - ən populyar və tələb olunan kosmetoloji prosesdir. Botoks – clostridium botulinum adlı mikroorqanizmin ifraz etdiyi A tipli neyrotoksinin preparatıdır. İstifadədən qabaq neyrotoksin xüsusi təmizləmədən keçir və albuminlərlə bağlanır. Belə əlaqə toksini daha davamlı edir, onun bioloji aktivliyini qoruyur, preparatın təsirini təmin edir. Onun təsiri sinir impulslarının ötürülməsini blokada etməkdir ki, bu da əzələlərin boşalmasına gətirib çıxarır. Nəticədə mimiki aktivlik azalır, qırış və qatlar itir, dəri hamarlaşır. Botoks preparatı vərdişlik yaratmır və ciddi yaş məhdudiyyətləri yoxdur.
Son iyirmi ildə nevropatoloqlar ondan göz qırpmaları və göz səyirmələri kimi problemlərdə istifadə edirlər. Botoksun vurulduğu yerin parlaq, şəffaf və hamar olduğunu görəndən sonra zamanla botoksdan göz ətrafı qırışların aradan qaldırılmasında istifadə edilməyə başlanılıb. Hazırda Avropanın bir çox ölkələrində botoksdan əzələ-sinir ağrılarında və miqren xəstəliklərində istifadə edilir. Botoksdan ildə iki dəfə istifadə etmək olar. Onun fəsadı yalnız qeyri-peşəkarlar tərəfindən düzgün vurulmadıqda ola bilər.
- Botoks dəriyə yeridildikdən sonra qırışlar daha da artırmı?
- Bu, tamamilə yanlış məlumatdır, hətta əksinə botoks mimik qırışların yaranmasını dayandırır. Yəni, botoks vurulduğu müddətdə üzdəki mimikalarla bağlı qırışlar yaranmır. Təbii ki, yer çəkiminə və dərinin qocalmasına ilə bağlı qırışlar əmələ gəlir, amma mimik qırışlar botoks sayəsində yaranmır. Botoksun təsiri keçdikdə isə qırışların daha da çoxalması və pisləşməsi mümkün deyil. Əksinə, uzun müddət botoks etdirən insanların üz əzələləri əvvəlki qədər güclü olmur və bu da botoksun təsiri tamamilə keçəndən sonra əvvəlkindən daha az dartılması deməkdir.
- Botoks etdirmək üçün üzdə hər hansı qırışın olması mütləqdirmi? Heç bir qırış olmadığı halda etdirə bilərikmi?
- Əslində, botoksu heç bir qırış olmadığı halda etdirmək daha faydalıdır. Çünki bir qırış üzdə tamamilə oturduqdan sonra, yəni, dəriyə çox ziyan verib, dərin bir qırış halına gəldikdən sonra onu botoksla belə tamamilə aradan qaldırmaq mümkün olmaya bilər. Amma siz üz əzələlərini çox hərəkət etdirən bir insansınızsa, qırışın daha üzdə oturmadan, qırış sizi daha çox narahat etmədən botoksla əngəlləyə bilərsiniz. Bu səbəblə üzdə mimik qırışlar tam oturmadan botoks edirməyə, başlasalar daha yaxşı nəticə verər.
- Botoks etdirən bir çox məşhurların üz ifadəsi dəyişmir. Botoksdan sonra üzdə çaşqın bir ifadə yaranırmı? Niyə botoks etdirən hər kəsin üzü eyni cür görünür?
- Bu məlumatlar tamamilə yalandır. Botoks müvafiq dozalarda və uyğun anatomik nöqtələrə edildikdə mimikaları tamamilə itirmədən üz ifadəsi insanın duyğularını göstərəcək qədər dəyişir. Yəni, təkcə qırışların qarşısını alacaq qədər yüngül mimika itkisi ilə botoks etdirmək olar.
Bu da nəticədə daha təbii, botoksun hiss edilməyəcək dərəcədə tətbiq edilməsi deməkdir. Bir sözlə, qorxmağa ehtiyac yoxdur, tamamilə ifadəsiz olmaq, çaşqın ifadə və hər kəsin bir-birinə bənzəməsi ancaq qeyri-peşəkar tərəfindən vurulduğu və dozası artıq olduğu təqdirdə mümkündür.
- Botoksdan sonra qadınların simasının dəyişməsinin və şeytan qaş forması almasının səbəbləri nələrdir?
- Dediyim kimi botoks tamamilə səhv dozalarda və səhv anatomik nöqtələrə vurulduqda bu, baş verə bilər. Bir də botoksun ilk vaxtlar tətbiq olunduğu zaman belə bir dəb var idi. Yəni, insanlar “şeytan qaş” formasını sevirdilər. Artıq hər şeydə təbiilik trend olduğu üçün estetik gözəllikdə də təbiilik ön plandadır. Hər kəs təbii görünmək istəyir və bu məsələdə çox haqlıdırlar. “Şeytan qaş” bizim işimizdə yad bir üsuldur. “Şeytan qaşlar” alnın orta hissəsinin botoksla bloka alınması, yan hissələrinin tamamilə buraxılmasından dolayı, qaşların orta hissələrinin aşağı enib, yan hissələrinin hədsiz dərəcədə yuxarı qalxmasıdır. Hazırda botoks üsulunda dozalar çox az istifadə edilərək qaşların təbii səviyyədə qalmasını təmin edilir.
- Botoksun əks təsirləri varmı?
- Botoksun çox nadir müşahidə edilən allergik reaksiyalar xaricində heç bir təsiri yoxdur. Bu risk hər dərmanda, hətta bir çox dərmanda rast gəlinir. Bunlar xaricində doğru anatomik nöqtələrə tətbiq olunduqda heç bir əks göstəricisi olmur.
- Botoks nə qədər müddətdən sonra öz təsirini itirir?
- Botoks - ilk dəfə 4 aydan bir, təkrar edilərsə, 6 aydan bir, ardıcıl əməliyyatlardan sonra ildə bir dəfə vurulur. Daha böyük üz əzələlərinə malik olan xəstələrdə (kişilər kimi) və ya üz əzələlərini daha çox istifadə edən, mimika ilə çox danışan insanlarda müalicənin daha tez-tez fasilələrlə həyata keçirilə bilər. Bir müddət sonra üz cizgilərini rahatlaşdırmaq üçün daha az botoks istifadə etmək yetərli olur.
Dolğu haqqında tez-tez verilən suallar
- Ördək dodaq olmamaq üçün dodaq quruluşu necə olmalıdır?
- Normalda gözəl qəbul edilən profil budur: Bir qadına yan tərəfdən baxdıqda üst dodaq alt dodaqdan 2 mm. öndə, alt dodaq çənənin çıxıq nöqtəsindən 2 mm. irəlidə dayanır. İnsan beyni bu profilə uyğun görüntüləri gözəl hesab edir. Bu profildən nə qədər uzaqlaşsa, dodaqlar gözəlliyini bir o qədər itirmiş olur. Ördək dodaq: üst dodağın önə doğru çıxıntısının həddindən artıq artmasıdır. Bunu həkimin yanlışı kimi düşünməmək, dolğu vurduran adamın istəyi kimi düşünmək lazımdır. Çünki insan özü şişirdilmiş dodaqlar istəmədiyi halda bizim dodaqları şişirtməyimiz mümkün deyil. Çox az, təbii, kimsənin hiss etməyəcəyi şəkildə kiçik dəyişiklik etməyimiz də mümkündür. Cəmiyyətdə daha çox şişirdilmiş dodaqlar dəbdə olduğu üçün insanlar bunu görürlər. Bundan sonra dodaqlarını daha dolğun və həcmli etdirmək istəyirlər. Əslində isə çox sayda dolğu vurduran, amma bəlli olmayan tanınmış xanımlar da var.
- Doğlu vurduran qadınlar dodaqlarında hissiyyatı itirir?
- Xeyr, dodaq hissiyyatını itirmir. Dolğuların içində adətən lidokain adlı bir keyləşdirici maddə var. İlk dəfə edildikdə ağrının daha az hiss olunsun deyə qoyulur, bəlkə bir neçə saatlığa dodaq hissiyatını itirə bilər, amma daha sonra dodaq öz hissyyatını bərpa edir.
- Göyərmə olur?
- Göyərmə çox nadir hallarda ola bilər. Əgər iynənin ucu çox incə bir damara vurularsa, göyərmə ola bilər. Onun da qarşısını almaq üçün xüsusi uclu injektorlar var, bunlardan istifadə edirik. Bunlarla göyərmə ehtimalı normaldan çox daha az faizə düşür. Dodaqlar təcrübəli bir estetik mütəxəssisi tərəfindən doğru texnika ilə vurularsa, nəticə planlaşdırıldığı kimi olur.
- Dolğu qalıcı maddədirmi?
- Dodaqları həcmləndirmək məqsədilə istifadə edilən dolğu qalıcı deyil. Bu dolğular bədən tərəfindən zamanla əmilir. Adamın həyat tərzi və fiziki quruluşu, xarici şərtlər dodaq dolğusunun müddətini müəyyənləşdirir.
- Dodaqlar çox həssasdır. Bu baxımdan dodaqlara dolğu vurdurmağı çox riskli və təhlükəli hesab etmək olar?
- Dolğu əməliyyatı tətbiq olunan fərdlərin fizioloji fərqliliklərinə görə yüngül şişlik, qızartı və ya göyərmə kimi təsir yaratsa da, aşılanan maddə, onsuz da bədəndə dəri altında olan hyaluron turşusu ehtiva etdiyi üçün hər hansı bir əhəmiyyətli risk yaratmır. Dolğu vurulandan sonra əlamətlər yalnız bir neçə gün davam edir. Sonra isə hər hansı bir narahatlıq meydana gəlmir. Son yenilik olan "Vycross" texnologiyası ilə inkişaf etdirilmiş məhsullar göyərmə və şiş kimi əks təsirləri minimuma endirir.
- Dodaq dolğusunu yalnız qadınlar etdirə bilər?
- Qadınlar da, kişilər də yaşa dolduqca dəri altındakı "Hyaluron" turşusunun azalması nəticəsində dəri elastikliyini itirərlər. Bu itki dodaqların sallanmasına və uzanmasına gətirə çıxara bilər. Hər iki cins də dodaq dolğusu etdirə bilər.
- Bəs botoksla dolğunun nə kimi fərqi var?
- Botoksla dolğunu qarışıqdırmaq olmaz. Botoks əzələlərin hərəkətini və mimikaları dayandıran bir üsuldur. Müvəqqəti olaraq əzələnin işləməsi əngəllənir. Botoksla dolğu bir-birini tamamlayan, amma ayrı funksiyaları olan əməliyyatlardır. Üzdə xırda qırış, yaxud gözün kənarında qaz ayağı deyilən qırışlar varsa, onlara dolğu vurulmur və botoks edilir. Estetik dolğu və botoks funksiyaları və quruluşları tamamilə fərqli olan iki prosesdir.
Botoks ancaq qırışlarda tətbiq olunur. Botoksun dodaqda və ağız ətrafında istifadə edilməsi düzgün deyil. Bu nahiyyələrdə yalnız qialeron asid dolğusundan istifadə etmək olar. Tərkibində aktiv komponent olan qialeron asiddən istifadə etmək daha məqsədə uyğundur. Bu komponent təbii olduğu üçün zamanla dəri tərəfindən əmilir. Süni dolğulardan istifadə çox təhlükəlidir. Sintetik komponent olan biopolimer dəridə yad cisim kimi qalır və əmilmir.
tabloid.az