Düşüncə Jurnalı

header photo

İlk gözəllik salonu necə yaranıb

 

ilk gozəllik salonu

İndiki dövrümüzdə bütün dünyada gözəllik salonları çoxluq təşkil edir və günbəgün də artmaqdadır. Müasir dövrdə elə adam tapılmaz ki, bu salonların xidmətindən istifadə etməmiş olsun.

Çoxumuz elə bilirik ki,  bu gözəllik salonları ilk dəfə dəblər mərkəzi sayılan Avropada istifadəyə verilmişdir. Amma bu heç də belə deyil. Qeyd etmək lazımdır ki, ilk gözəllik salonu Avropada deyil, uzaq Avstraliyada- Melburnda yaradılmışdır. Bu  salon ilk fəaliyyətinə bir banka üz kremi ilə başlamışdır...

 XIX əsrin sonlarında əslən Polşanın Krakov şəhərindən olan Tibb Universitetinin tələbəsi olmuş Yelena Rubinşteyn ölkəsini tərk edərək Avstraliyaya yollanır. Yola düşməzdən əvvəl anası özünə hədiyyə edilmiş bir banka üz kremini də qızının çantasına qoyur…

 Yelena Melburna yola düşür. Melburna çatan kimi yerli əhalinin günəşdən yanıb bozarmış və codlaşmış saçları və üzləri onun diqqətini çəkir. Onun fikirinə anasının ona qoyduğu üz kremindən səmərəli istifadə etmək ideyası gəlir.

 Yelena Melburnun mərkəzindəki restoranda ofisiant işləməyə başlayır. Restorana gələn müştərilərə, əsasən də, tanınmış, imkanlı qadınlara yeməklərlə bərabər özü ilə gətirdiyi üz kremini də təklif etməyə başlayır və onlara kremdən istifadə qaydalarını da başa salır.

 Yelenanın “krem müştəriləri” o qədər çoxalır ki, o, Melburnun mərkəzində iri bir zalı icarəyə götürərək ayrıca bir gözəllik salonu açmaq qərarına gəlir. Belə olan halda, Yelena Polşadan Avstraliyaya böyük miqdarda krem sifariş edir. O, Melburnun mərkəzində “Yelena Rubinşteyn: Kosmetika salonu” adlı bir salon açır və fəaliyyətə başlayır. Müştərilərinin hədsiz dərəcədə çoxaldığını görən Yelena özünə gigiyena və massajdan başı çıxan iki işçı götürür və Sidney şəhərində özünün  2-ci  salonunu açır.


 XX əsrin əvvələrində Yelena Avropanın ən yaxşı məktəblərində və klinikalarında dermatologiyanın, plastik əməliyyatın, dietologiyanın, gigiyenanın, dişlərin ağardılması, bərbər sənətinin və s. sirlərinə dərindən yiyələnəndən sonra Avropanın bir çox yerlərində universal kosmetika salonları açmaq qərarına gəlir.

 Helena Rubinstein kremi1908-ci ildə Yelena Londonda  kosmetika salonu açır və salon çox tez bir müddətdə populyarlıq qazanır.  Daha sonra o, Parisdə “Yelena Rubenşteyn” adlı bir universal kosmetika salonu açır. 1915-ci ildən başlayaraq, Yelenanın “kosmetika salonu” biznesi Yeni Dünyaya – Amerikaya da “ayaq açır.”  Nyu-Yorkda “ Kosmetika sarayı” adlı salon fəaliyyətə başlayır. Bu salonun 1 saatı müştəriyə 17-18 dollara başa gəlirdi. 8 saatlıq seans 150 dollara idi. Həmin vaxtlarda bu məbləğ — böyük bir məbləğ idi. Burada kosmetik massaj, duş qəbulu, müalicəvi vannaların qəbulu, fiziki qimnastika (aerobika) xidmətləri göstərilirdi və sonda bərbərlər tərəfindən müştərilərin saçlarını son dəbdə düzəldərək yola salırdılar. Bu salonda bir dəfə olan hər kəs daimi müştəriyə çevrilirdi. Tez bir müddətdə populyarlaşan kosmetika salonu Amerikanın digər şəhərlərində də fəaliyyət göstərməyə başlayır. Yelena tezliklə Bostonda, Filadelfiyada, Çikaqoda, San-Fransiskoda, Vaşinqtonda da salonlar açır...

 Yelena Rubinşteyn ömrünün sonunadək kosmetologiya sahəsində çox böyük işlər görmüş, kosmetologiyaya bir çox yeniliklər gətirmiş və böyük töhfələr vermişdir. Onun adını daşıyan “Helena Rubinşteyn” kremləri kosmetologiyada ən populyar kremlərdəndir...

 Avtraliyanın Melburn və Sidney şəhərlərində fəaliyyət göstərən kosmetika salonlarının əksəriyyəti Yelena Rubinşteynin adını daşıyır.

kayzen.az

Go Back

Sorğu göndər