Yay mövsümü gələr-gəlməz qadınların dəri rəngində ani dəyişimlər meydana gəlir. Dünən sarışın gördüyümüz insanlar bu gün qara olaraq qarşımıza çıxır. Havaların günəşli- buludlu olması insanların dəri rənginin bu qədər tez yanıb dəyişməsinə səbəb olmayacağından qadınlar süni yollarla qaralmağa çalışırlar.
Təbii ki, süni yolla qaralmanın müsbət tərəfləri qədər fəsadları da az deyil. 3 gün ərzində yanaraq dərinin rənginin kəskin dəyişilməsi dəri sağlamlığı üçün olduqca təlükəlidir. Mütəxəssislərin heyvanlar üzərində apardıqları araşdırmalar zamanı məlum olub ki, solyarinin təsiri şişlər üçün münbit şərait yaradır. Son illər Azərbaycanda da bu avadanlıqların geniş istifadəsinə başlanılıb. Xanımlarımızın əksəriyyəti dərilərində hansı problemin olduğunu bilmədən, araşdırmadan solyari salonlarına üz tuturlar. Sonradan yaranan fəsadları aradan qaldırmaq isə bəzən mümkünsüz olur.
Son illər hətta Avropa ölkələri süni qaralmadan imtina edir. 2004-cü ildən solyariyə marağın artdığını və artıq azyaşlıların da bundan geniş istifadə etdiyini görən ABŞ 20 yaşına qədər müştərilərin bundan istifadəsinə qadağa qoyub. Almaniya parlamenti isə 18 yaşından kiçik şəxslərin solyari qəbul etməsinə icazə vermir.
Mütəxəssislərin apardığı araşdırmalara görə, bütün dünyada hər il 140 min nəfər solyari istifadəçisi dəri xərçənginə tutulur. İngiltərədə isə hər il 100 nəfər solyari istifadəçisi həyatını itirir. Britaniyalı alimlərin araşdırmaları nəticəsində məlum olub ki, Avropada dəb düşmüş və şərqdə də yayılmaqda olan solyari qurğularında qaralma dəri xərçəngi ehtimalını 75% artırır. Ümumiyyətlə, günəş vannasında da xərçəngə yoluxma ehtimalı çoxdur. Azərbaycanda isə buna yaş məhdudiyyəti qoyulmur. 12 yaşdan yuxarı solyarinin qəbulu sərbəstdir.
Dermatoloq Sahib Rzayevin sözlərinə görə, Azərbaycanda solyarinin yaş həddinin bu qədər aşağı olması təhlükənin reallığını göstərir. Acınacaqlı isə odur ki, bu gün valideynlər özləri qızlarını solyariyə aparırlar: "Solyari süni mühitdir. Orqanizmin bioloji parametrləri buna cavab vermir. Dərini yandırıb qaraltma dəri təbəqəsinin zədələnməsinə səbəb olur. Normal günəş vannası qəbul edərək qaralmaq üçün 1 həftə gündə 7 saatdan artıq günəşdə olmaq lazımdır ki, bu belə dəri üçün təhlükəlidir. Solyaridə isə 3 günə 5 dəqiqəlik seans kifayət edir. İndi insan özü düşünməlidir ki, dəri hansı zədələnmələr ilə üz-üzə qalır".
Həmsöhbətimiz deyir ki, solyari vannası qəbul edən zaman eynilə günəşdəki kimi qoruyucu losyon və kremlərdən istifadə olunmalıdır. Bu, dərinin yanmasının qarşısını az da olsa alır. "Amma bu da qiymətə daxil olduğundan, eyni zamanda qaralmanı gecikdirdiyindən bu xidmətə pul ödəmək istəmirlər. Əvəzində isə 1 ay gözəl görünəcək dərini 1 il geri salırlar".
Bakıda fəaliyyət göstərən solyari salonlarından birinin adminstratoru Ülviyyə Baxşıyevanın sözlərinə görə, müraciət edən gənclərin yaş həddi ilə mütləq maraqlanılır. Bəzən azyaşlılar anaları ilə birlikdə gəlir. "Amma biz solyari qəbuluna 18 yaşdan yuxarı gəncləri qəbul edirik. Bu yaşdan aşağı olan qızlarımızdan valideyn icazəsi tələb edirik".
Müsahibimiz deyir ki, son vaxtlar kişilər də solyariyə müraciət edirlər: "Axşam saat 5-dən sonra kişi müştərilər üçün solyari salonu fəaliyyət göstərir. Bəzən qadınlar öz həyat yoldaşları ilə gəlib onların qaralmasını gözləyirlər".
Terapevt Xatirə İsayeva solyarinin qış aylarında xeyirli olduğunu bildirib. Dediyinə görə, dəqiqəsini artırmadan az-az solyari qəbul etmək damarların genişlənməsinin qarşısını alır, saçları töküməyə qoymur, bədəni möhkəmləndirir. Dozası az olduğundan xərçəngin yaranmasını da ləngidir. Lakin yay aylarında alınan yüksək doza bu xeyirləri ziyana çevirir: "Solyari osteoporoza tutulma riskini xeyli dərəcədə azaldır. Orqanizmin yüzdən çox funksiyası günəş şüasının təsirindən asılıdır. Bu funksiyalardan biri vitamin D-nin ifrazıdır. Bu vitamin osteoporoz zamanı çox olan kalsiumun bərpasına kömək edir. Yapon mütəxəssislərinin son araşdırmalarına görə, solyari xərçəng xəstəliyinin yaranmasını xəbərdar edir, psoriaz, saç tökülmənin qarşısını alır. Bunun üçün qış mövsümündə 20 dəqiqəlik seanslar gərəkdir. İfrata varmaq sağlamlıq üçün risklidir" deyən həkim yay aylarında qaralıb dərini qışa hazırlamağı məsləhət görür. "Dəb üçün qaralmaq sağlamlığa ziyan vurmaq deməkdir. Hətta təbii günəş şüalarını da normadan artıq qəbul etmək, günəşdə çox qalmaq ziyan verir. Bu səbəbdən istər solyari, istərsə də təbii qaralma zamanı ifrata varmamaq lazımdır".
ekspress.az