Düşüncə Jurnalı

header photo

PSİXOLOQ: "Qadınların narkotikə meyli ailədən irəli gəlir" - MÜSAHİBƏ

Vəfa Rəşidova: «Kişilər narkotik əldə bilməyəndə depressiyaya düşürlər, qadınlar isə depressiyaya düşəndə narkomaniyaya meyl edirlər»

 Mehriban Zeynalova: «Narkotik asılılıqdan qurtulmaq üçün pulsuz və effektiv reabilitasiya mərkəzləri mövcud deyil»

 Azərbaycanda narkomaniya bəlasına düçar olmuş qadınların sayı kişilərə nisbətən az olsa da, onların sayı ildən-ilə artır. 2012-ci ildə narkomaniyaya düçar olan qadınların ümumi sayı 528, 2013-cü ildə isə 539 nəfər təşkil edib. Qadın narkomanların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir. 2012-ci ildə belə narkoman qadınların sayı 379 olduğu halda, 2013-cü ildə onların sayı 393-ə çatıb.

Psixoloq Vəfa Rəşidova «Üç nöqtə»yə bildirdi ki, son illər xanımlarda narkomaniyaya meyl daha da çoxalır, nəinki kişilərdə: “Qadınlar kişilərə nisbətən narkotik vasitələrdən asılı vəziyyətə daha tez düşürlər. Bunun bir səbəbi odur ki, qadınlar stress, depressiya vəziyyətlərində narkotiklərə meyl edirlər. Onlara elə gəlir ki, bununla vəziyyətdən daha tez çıxacaqlar. Depressiyaya düşən xanım oturuşmuş yaş dövründədirsə, o narkomaniyaya meyl etməyəcək. Narkomaniyaya meyllənən xanımlar xüsusən həssas yaş dövrlərində bu yola əl atırlar. Qadınların narkotikə meyl etməsi ailədaxili münasibətlərdən irəli gəlir. Kişilər narkomaniyaya qurşanıb, o maddəni əldə edə bilməyəndə depressiyaya düşürlər, qadınlar isə depressiya yaşayanda narkomaniyaya meyllənirlər».

 Psixoloq deyir ki, qadınlar narkotiklərə tez aludə olsalar da, kişilərə nisbətən çox gec bu asılılıqdan qurtara bilirlər: “Kişilərdə məqsəd daha möhkəm olur. Bəzən olur ki, bir müddət istifadə etmirlər. Sonradan istifadə edənlər də olur. Amma xanımlar narkotik istifadə etməklə həm də özlərinə qeyri-adi həyat düzəldirlər, sanki bundan xoşlanırlar deyə, oradan çıxmaq istəmirlər. Guya o həyat onlar üçün o qədər rahat olur ki, orada özlərini istədikləri kimi təsdiq edirlər. Ona görə qadınlar narkotik asılılıqdan gec qurtarırlar”.

Vəfa Rəşidovanın sözlərinə görə, qadınları bu bəladan tənqidlə yox, sevgi ilə xilas etmək olar: “Xanımlar tərk edilməkdən, sevgi doyumsuzluğundan, ailədə aşağılanmaqdan belə yolu seçirlər. Əgər bir narkoman xanıma desən ki, bunu bir daha etmə. O yenə də buna davam edəcək. Bu cür xanımlara dəyərli, önəmli olduqlarını hiss etdirmək, sevgi ilə əhatə etmək lazımdır. O zaman bu bəladan qurtuluş ola bilər».

                       Mehriban Zeynalova

 «Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə bildirdi ki, narkoman qadınları aşkarlamaq çətin olur: “Digər hədəf qruplarından fərqli olaraq onlar çətin üzə çıxırlar. Çünki narkoman qadına bu gün cəmiyyətdə normal yanaşılmır. Onların cəmiyyətdən tədric olunmuş, atılmış, lazımsız biri olduğunu düşünürlər. Bəzən ər narkoman olduğu üçün arvadını da bu yola təhrik edir ki, onu qınamasın. Bu, bütün dünyada baş verən prosesdir. Bəzən isə qadın depressiyada olanda hansısa çevrəsi onu narkotik aludəçisi olmağa təhrik edir. Qadının əhvalı pis olanda bir neçə dəfə pulsuz təklif edirlər ki, kefin düzələcək. Qadında narkotikə tələbat yarananda isə «yoxdur» deyib gedib almalı olduğunu bildirirlər. Bu, narkodilerlərin metodlarından biridir. Hansı ki, bundan istifadə edib pul qazanırlar. Bir də müxtəlif çevrələr olur ki, qadınlar orada narkotiki bir dəfə təklif edirlər. O da fikirləşir ki, «bir dəfə ilə heç nə olmaz, amma əhvalım yaxşı olacaq». Bu və ya müxtəlif yollarla qadınlar narkotik istifadəçisinə çevrilirlər”.

M.Zeynalova deyir ki, narkotik asılılıqdan qurtulmaq üçün reabilitasiya mərkəzləri olmalıdır: “Azərbaycanda belə reabilitasiya mərkəzləri demək olar ki yoxdur. Bir-iki belə özəl mərkəzlər var. Ümumilikdə narkotik asılılıqdan qurtarmaq üçün pulsuz, nəticə etibarilə effektiv olan reabilitasiya mərkəzləri mövcud deyil. Müzakirələr gedir ki, belə reabilitasiya mərkəzləri açılsın. Amma şəxsin özünün prosesə qoşulması və bu məsələyə müqavimət göstərməsi çox vacibdir. Əgər asılılıqdan xilas olmaq istəyirlərsə, mühit dəyişməlidir. Narkotik asılılığı olan şəxsi bu asılılıqdan qurtarıb olduğu mühitdə saxlayacaqsansa, effektiv olmayacaq. Həmin mühitə qayıdacaqsa, yenidən istifadə edə bilər”.

 

Aygün Asimqızı

 //ucnoqta.az/

Go Back



Sorğu göndər