Düşüncə Jurnalı

header photo

Aqşin Evrən: Atamın köynəklərini bacım ütüləməyə başladı ailəmiz dağılanda

 

 

 

 

 

 

 

              

 

“Üç keçi” nağılı  “üçbaşlı əjdaha”ya çevrildi ailəmiz dağılanda

Gecə məni “Bayu-bayu” ilə yatırıb
səhər anamın yoxluğu ilə oyatdılar
Anasının narıncı koftasını iyləyib yatan bu uşağı
birdən “narıncı inqilablar”ın qucağına atdılar

Sonra həyat məhkəmə çəkici ilə döydü sinəmi
Ürəyimi açıb içimdən çıxıb getdi uşaqlığım
Son dəfə dolmuş gözlərlə
boş ömrümə baxıb getdi uşaqlığım
 

Qapının ağzında ayaqqabının biri azaldı

Atam  “əcəb evimiz genişləndi e” deyib təsəlli doldurdu cibimizə
Anam evdən getdiyi gün bizi atıb çölə çıxdı ev,
həsrət qaldıq evimizə

Hələ bu zəhrimar ayrılıq qapımıza gəlməmişdi
Hələ Bənazir Bhutto ölməmişdi – Şərq anasız qalmamışdı
mən anasız qalanda
Dominodan qurduğumuz evlər dağılanda ağlayan uşaqlar idik
Bəs görəsən, niyə susduq ailəmiz dağılanda?

“Ananı çox sevirsən, ya atanı?” sualını verənlər
“Ananla qalırsan, ya atanla?” sualı ilə üstümə gəldilər
Qışqırıb “Bu dünyada anasızlıqdan böyük atasızlıq yoxdu” dedim
Bacım ağlamağımı eşitməsin deyə,

gecələr anamın paltarını dişləyib hönkürdüm,
hər gecə onun narıncı koftasını güvə kimi dişimə sıxıb yedim

Yamaqlı şalvarımı tikdikcə qırış düşdü anamın əllərinə:
söküldü əlinin dərisi
Ayaqlarının şişmiş yaşıl damarında öldü bütün flora
Qapımızın ağzında canını tapşırdı fauna
Atam siqaretin tüstüsüylə öyrətdi bizə gələcəyin dumanlı olacağını

Sən gedəndən sonra qapımızı açan olmadı deyə
o xəstə “bobik” də ağzını açıb bir kəlmə hürmədi
Ana, mən Səddamın edamını gördüm
Hrant Dinkin başından girib çəkməsindən çıxan gülləni gördüm
Bircə qardaşımın nə vaxt böyüyüb bu yaşa çatdığını görmədim.
 Ailəmiz dağılanda öyrəndim ki,

burnunda ana qoxusu,
gözlərində ana yuxusu gəzdirən qızlar
mətbəxi əzbər bilirlər
Öyrəndim ki, anasının ömründə yıxılan kişilər
sevgini əzbər ölürlər.

 Atamın köynəklərini bacım ütüləməyə başladı ailəmiz dağılanda

Beləcə, bacım “üçbucaq teoremi”ni ütüdən
“Çevrənin raduisu”nu qazandan
Nidanı atamın çəliyindən
Nöqtəni də anamın yoxluğundan öyrəndi.
 

kult.az

Go Back

Sorğu göndər