Düşüncə Jurnalı

header photo

Samir İmanov: SONUNCU VƏ BİRİNCİ AD GÜNÜM

 

Fiziki problemlərin yaratdığı çətinliklər səbəbiylə həyatda çox şeydən məhrum olan əngəlli insanlar cəhd etdikləri hər bir işdə uğursuzluğa düçar olduqca özlərinə inamları itir və daha da passivləşirlər. Bu cür insanlar hər zaman, heç nəyə nail ola bilməyəcəklərini düşünərək öz vəziyyətləri ilə barışırlar və mübarizədən imtina edirlər. Lakin, istənilən fiziki çatışmamazlıqlarla, hətda maddi cəhətdən zəif və təhsilsiz olsa belə, müəyyən bacarıqlara yiyələnib, nailiyyət qazanmaq olar. Lakin elə əngəlli insanlar var ki, əlilliyi bəhanə edərək heç bir iş görmək istəmirlər. Bu cür insanlar bilməlidirlər ki, hər hansısa fiziki problemlərinin olması onlara, kiməsə yük olmaq haqqı qazandırmır. Təəssüf ki, bu gün bir-çox əlil insanlarımızda vəziyyət bu cürdür. Bir çoxları tənbəlliyin ucbatından, bəziləri ruh düşgünlüyünə görə, bir çoxları da məlumatsızlıq üzündən-yəni ki nə edəcəklərini bilmədiklərindən bu vəziyyətdə yaşayırlar. Belə bir yaşayış tərzi isə onların onsuz da dar çərçivədə olan həyatlarını daha da məhdudlaşdırır və onları digər insanlardan daha çox asılı vəziyətə salır. Əziz dostlar, bilirəm ki həyatınızda bir-çox işlər qaydasında getmir. Ancaq bu sizə həyatdan tamamilə imtina edərək özünüzə qapılmağa əsas vermir. İlk növbədə, çalışın heç vaxt ruhdan düşməyin. Yadınızda saxlayın, “Ümidini itirməyən adamı məğlub hesab etmək olmaz” Tənbəlliyin daşını atıb, öz üzərinizdə işləməyə başlayın. Öz üzərinizdə nə qədər çox işləsəniz, həyatda bir o qədər çox uğur əldə edəcəksiniz. Siz inkşaf etmək üçün sadəcə cəhd edin, uğur özü gəlib sizi tapacaq. Əgər valideynlərinizin gəliri, ömrünüzün sonunadək sizə bəs edəcək qədər pul yığmaq üçün kifayət etmirsə, demək gələcək haqda fikirləşməyə dəyər. Gələcəkdə kimdənsə asılı vəziyyətdə yaşamamaq üçün indidən tədbir görməlisiniz. Elə indi bütün qüvvənizi toplayıb həyatla mübarizəyə başlayın və qalib gələcəyinizdən heç bir şübhəniz olmasın. Bu günədək qarşılaşdığınız uğursuzluqları unudun. Keçmiş uğursuzluqların xatirələri ilə yaşamaq sizə fayda verməz. Artıq yeni planlar ətrafında köklənib, qarşıya baxmaq lazımdır. Öyrənməyə davam etmək, işinin ən yaxşısı olmaq üçün çalışmaq lazımdır.

Bir zamanlar mən də ümidsiz bir halda, passiv həyat tərzi keçirdirdim. Qarşılaşdığım hər bir çətinliyi əlilliyin üzərinə yıxırdım. Öz gələcəyimi düşünmədən, niyə bu vəzəyyətdə olduğumu fikirləşmədən həyatımı davam etdirirdim. Düşdüyüm vəziyyətdən çıxmaq barədə ümumiyyətlə maraqlanmırdım. 27 yaşımı qeyd edərkən, ad günümdə mənə verilən adi bir sual bütün həyatımı dəyişdi və mən indiki səviyyəyə gəlib çatdım.  Əziz dostlar, doğum günümdə baş verənləri və növbəti bir il ərzində gördüyüm işləri sizlərə təqdim edirəm. Ümid edirəm işinizə yarayacaq…

“2008 – ci il, avqustun 27 – si. Bu gün yuxudan digər günlərə nisbətən daha tez oyanmışam. Bu gün doğum günümdür. Elə düşünürəm ki, mənim ən xoşbəxt günüm məhz, bu gündür.

Xalamgil bu günü mənimlə birgə qeyd etmək üçün bizə gəliblər. Aldığım hədiyyələr, təbrik məqsədi ilə deyilən xoş sözlər və göstərilən xüsusu diqqət sanki məni buludların üzərinə qaldırmışdı. Şad günümün şərəfinə açılan stolun baş tərəfində otuzdurmuşdular məni. Doğum günü şən gülüşlər, söhbətlər içində axıb gedirdi.
Axşam düşmüşdü. Saatın on olmasına saniyələr qalırdı. Bəli, gün mənim istədiyim kimi bitəcəkdi. Necə ki, keçən il bu cür bitmişdi. Necə ki, son on il belə bitirdi mənim üçün avqustun 27 – si. Bir azdan qonaqlar gedəcək və mən süfrə axrasında yediyim ləzzətli təamları həzm edə – edə, məmnunluqla hədiyyələrə baxacaqdım. Sonda isə günboyu yüksək əhval – ruhiyyənin verdiyi xoş ovqatın təsirindən şirin – şirin yatacaqdım. Bu gün məhz, belə bitəcəkdi. Lakin…
Ziyafətin bitməsinə az qalmış xalam oğlu üzünü mənə çevirib soruşdu. Sadəcə soruşdu. Marağa düşdüyündənmi, yoxsa təəccübləndiyindənmi, bilmirəm. Amma soruşdu:


- Samir, nə əcəb dostlarından heç kimi ad gününə dəvət etməmisən?
Donub qaldım. Xalam oğlu tutulduğumu hiss etsə də, üstünü vurmadı. Artıq masanın ətrafında baş verənləri və danışıqları dərk etmirdim. Bütün varlığımla düşüncəyə dalmışdım. “Bu gün 27 yaşım tamam olurdu və mənim bir dostum belə yox idi. Tək dostmu? Yox. Tək problemim dostumun yoxluğu olsaydı, dərd yarı idi. Mənim həyatım başdan – ayağadək boşluqlarla dolu imiş. Ailə üzvlərimdən və televizorumdan başqa heç kimim və heç nəyim yox imiş. Aman Allah, bu nə həyat idi mən yaşayırmışam ?! Bu necə ola bilər axı ? Necə olub ki, bu illər ərzində heç bir şeyin fərqinə varmadan belə boşluqlarla və məhdudiyyətlərlə yaşamışam?”
Özümün özümə acığım da tutdu. Hər il bu gündə tək şikayətləndiyim ünsür zaman idi. “İldə bir dəfə olan şeydi də, niyə axı bu vaxt belə tez keçir? Bir də ad günümü bir il gözləməliyəm” deyərək, hər doğum günümdə deyinirdim öz – özümə. Ancaq indi gözümü saata dikərək, məclisin tezliklə bitməsini və tək qalmağı arzulayırdım. Bu günədək elə düşünürdüm ki əgər əliləmsə, deməli heç bir iş görməməliyəm. Əgər bu gün heç bir iş görməyib, günümü yalnız boş istirahətlə keçirdirəmsə deməli buna haqqım var idi. Axı mən əliləm. Bu günədək düşüncəm məhs bu cür idi. “Mən əlil bir insanam. Mən nə bacarıram ki ? Mən nə edə bilərəm ki ?”. Hər şeyi əlilliyin üzərinə yıxırdım. Fikirləşirdim ki, bu həyatda mənim üzərimdə heç bir məsuliyyət yoxdur. Gördüyüm hər bir işdə kənar şəxsin köməyinə ehtiyac duyurdum. Aylarla evdən bayıra çıxmırdım. Və, daha neçə-neçə problemlər.

Hər bir şeyin sonu olduğu kimi, burada da hamı dağılışandan sonra anamla bacım süfrənin yığışdırmaqla məşğul olmağa başladılar. Atam isə televizora baxırdı. Öz otağıma çəkilib çarpayıda oturdum. Hədiyyələr çarpayının üstündə, düz mənim qarşımda idi. Bir neçə dəqiqə hədiyyə paketlərinə tamaşa edəndən sonra 12 vərəqli dama – dama dəftərlə qələm götürüb həyatımdakı çatışmamazlıqların və problemlərin siyahısını tutmağa başladım. Siyahı hazır olduqdan sonra hər şeyi yazdığıma əmin olmaq üçün səssizcə oxudum:


1. Maddi çətinlik
2. Fiziki zəiflik
3. Mənə etibar edən və yaxın münasibətdə olmaq istəyən insanların yoxluğu
4. Normal təhsilimin olmaması
5. Dünyagörüşümün aşağı olması
6. Peşə bacarığımın yoxluğu
7. Həyatda heç bir şeyə nail olmamam


Oxuyub bitirdikdən sonra bunları yaradan səbəbləri yazmağa başladım. Hər bir problemin əsas səbəbi I qrup əlillik olsa da, kağız üzərində bir neçə qeyd apardım. Bunu da tamamladıqan sonra hər bir problem üçün ayrı – ayrılıqa bir illik plan tutdum. Növbəti bir il ərzində bu problemləri həll edərək, həyatımda olan boşluqları doldurmalı idim. Axı mən ölməmişdim, sadəcə keçirdiyim iflic nəticəsində əl və ayaqlarımın iş qabiliyyətini 50 faiz itirmişdim. Bu isə mənə həyatdan tamamlə imtina etməyə əsas vermirdi. İşlərimi tamamladıqdan sonra dəftəri döşəyin altında gizlətdim.


İndi bu həyatda mənə hər şeydən vacib və əziz bu dəftər idi. Hədiyyələri otağın bir küncünə yığaraq çarpayıya uzanıb bir il sonrakı vəziyyətimi xəyalımda canlandırmağa çalışdım. Xəyal qurmağın insanın inkşafında çox böyük stimul olduğunu eşitmişdim, ancaq heç vaxt yoxlamamışdım. Bir az xəyallar dünyasında o baş – bu başa süzdükdən sonra öz – özümə söz verdim: “Samir, bu doğum günü sənin üçün məhdudiyyət, boşluq və problem dolu bir yaşantı ilə keçirtdiyin sonuncu doğum günü olacaq! Növbəti doğum gününü tamam başqa bir yaşam tərzi ilə qeyd edəcəksən!”


Səhər yuxudan ayılan kimi planların icrasına başladım. İlk olaraq, fiziki gücün artması və sağlam bir bədənə sahib olmaq üçün işlərdən başladım. Plan qurarkən mənə hansı idman növünün daha yararlı ola biləcəyi haqda xeyli düşünmüşdüm və bodibildinq üzərində dayanmışdım. Bu idman növünü ona görə seçməmişdim ki, əzələlərimi hamıya nümayiş etdirim. Sadəcə idmanın heç bir döyüş növüylə məğul ola bilməyəcəyimi və idman zallarına gedə bilməməyimi nəzərə alıb, ev şəraitində fiziki gücümü artırmaq üçün yalnız bunun ən gözəl variant olduğunu qərara aldım. Bodibildinqə aid bir neçə kitab – jurnal alaraq, bu idman növü barədə bilik toplayıb, çox gözəl bir məşq cədvəli qurdum. Məşqə davam edə – edə bilik toplamaq istiqamətində işlərə başladım. Qonşumuzda ali məktəbə sənəd vemək istəyən bir oğlanı yanıma çağıraraq ona ingilis dili fənnindən repetitor pulunu yarıbayarı ödəmək təklifini etdim. Əvəzində isə o, ingilis dili müəllimindən öyrənəcəklərini gəlib mənə də öyrətməliydi. Qonşum isə “öyrəndiklərimi sənə öyrədərkən özüm də bir daha təkrar etmiş olaram” dedi və biz razılaşdıq. Hər gün məşqdən sonra ingilis dili ilə bahəm fərdi olaraq, digər fənn kitablarını da oxuyurdum. Təkcə fənn kitabları ilə kifayətlənməyərək, bədii əsərlər də mütaliə edirdim və telekanallarda gedən bütün intellektual yarışma proqramlarına baxırdım. Verilişlərdə səslənən sualladan çoxuna cavab tapa bilməsəm belə, xeyli bilik toplamış olurdum. Bunlar mənim söz ehtiyatımı artırmağa, məlumat bazamı zənginləşdirməyə çox kömək olurdu. Ən böyük təsiri təbii ki, kompyuter göstərdi ki, bunun da haqqında bir az sonra danışacağam.
Zehinsəl və fiziki inkşafla bərabər, maddi qazanc mənbəyi tapmaq da həll olunası vacib məsələlərdən idi. Axı mən nə iş görə bilərdim? Plan tərtib edərkən bu sual ətrafında xeyli düşünmüşdüm. Yadıma düşən bütün peşə sahələrinin adını bir vərəqə yazaraq, hər birini saf – çürük etmişdim. Aşbazdan tutmuş saatsaza qədər, rəssamlıqdan tutmuş heykəltaraşlığa qədər bir xeyli peşəni beynimdə süzgəcdən keçirtdikdən sonra, kompyuter mühəndisi olmağa qərar vermişdim. Niyə məhz kompyuter mühəndisi? Kompyuter mənə hava – su kimi lazım idi. Kompyüter mənim üçün ətraf aləmə çıxış, ətraf aləmlə tək ünsiyyət vasitəsi demək idi. Mən həm onu öyrənərək sənət sahibi olacaqdım, həm də internetin imkanlarından istifadə edərək biliyimi və dünyagörüşümü artıracaqdım. Zaman keçdikcə kompyuter barəsində olan seçimimdə yanılmadığımı gördüm. İngilis dilindən biliyimi daha da artırmaq üçün internet üzərindən ingilis dilli qazetləri oxuyur və ingilis dilində olan filmlərə baxırdım ( Hətta fərdi olaraq ispan dilini də öyrənirdim). İnternetin imkanlarından istifadə etdikcə dünya görüşümün nə qədər aşağı olduğunu dərk edirdim. Ən sevimli saytım google idi. Ağlıma nə gəlirdisə, yazıb axtarışa verirdim. Qarxşıma çıxan saytlardakı məlumatları öyrəndikcə vaxtilə insanlardan nə qədər geri qaldığımı anlayırdım. İlk dostlarımı da sosial şəbəkələr vasitəsiylə qazanmışdım. Fiziki gücümün get – gedə artması fonunda, evdən bayıra tez – tez çıxmağımı da bura əlavə etsəm, deyə bilərəm ki, artıq əhatə dairəmi xeyli genişləndirmişdim və insanlarla daha çox ünsiyyətdə olurdum.
Bir il tamam oldu. 2009-cu il avqustun 27-si idi və yuxudan tez oyanmışdım. Axı, bu gün doğum günüm idi. Dönüb geriyə baxanda bir xeyli yol qət etdiyimi gördüm. Artıq tamam başqa bir insana çevrilmişdim. Artıq o sadəlöhv, hər sözə inanan, yazıq, zəif Samirin yerinə fiziki cəhətdən güclü, intellektual, dünyagörüşlü, hörmətli və bir çoxları üçün lazımlı Samir gəlmişdi. Bu qədər uğur mənə asan başa gəlməmişdi. Məşq vaxtı ciddi zədə də aldım. Kompyuterim xarab olduğuna görə işləri iki aylıq təxirə də saldım. Səhhətimlə əlaqədar bir neçə dəfə xəstələnib yatağa da düşdüm. Ailəmizin maddi vəziyətinin aşağı olması da mənə böyük maneə yaradırdı. Bəzən bezirdim, bəzən də çox yorulurdum. Elə anlar olurdu ki, “əşşi bu qədəri də mənə bəsdir” deyərək, əldə etdiklərimlə kifayətlənib işləri yarımçıq saxlamaq istəyirdim. Ancaq heç nəyə baxmayaraq, yoluma davam edirdim. İnadla, səbrlə, mətnlə davam edirdim. Fiziki məhdudiyyətli olmağımın mənə yaratdığı bir çox çətinliklərə baxmayaraq davam edirdim. Çünki özümə söz vermişdim. Məni yolumdan dönməyə qoymayan ən vacib amil məhz bu idi. Mən heç bir vaxt özümə verdiyim vədə xilaf çıxmıram.
Bəli, bu gün doğum günümdür. Xalamgil də bizə gələcək, dostlarımı da çağırmışam. Bu gün özümü daha çox xoşbəxt hiss edirəm. Çünki bu gün həyatda normal bir fərd kimi formalaşdıqdan sonra keçirtdiyim birinci doğum günümdür. 
DOĞUM GÜNÜM MÜBARƏK !!!”


P.S. İradə nümayiş etdirərək, həyatımı yoluna qoyduqdan sonra, uğurdan-uğura gedirəm. Şəxsi işim və çox gözəl ailəm var, 2 kitab müəllifiyəm, dəfələrlə diplom və fəxri fərmanlarla təltif olunmuşam. Cəmi bir il ərzində çəkdiyim zəhmətin bəhrəsini hələ uzun illər görəcəyimə və bu uğurlarımın davam edəcəyinə isə heç bir şübhəm yoxdur.

 

 Samir İmanov

pcc.az

 

 

 

 

 

 

 

Go Back

Sorğu göndər